525.Az

"Fazil Hüsnü Dağlarca dühasının tənhalığı" təqdim olundu (Fotolar)


 

"Fazil Hüsnü Dağlarca dühasının tənhalığı" təqdim olundu <b style="color:red">(Fotolar)</b>

"TOFİQ MƏLİKLİNİN BU TƏDQİQATINDA HƏM ELMİLİK, HƏM PUBLİSİSTİKA, HƏM EMOSİYA ÖZ ƏKSİNİ TAPIB"

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) ədəbiyyatşünas alim Tofiq Məliklinin rus dilində qələmə aldığı "Fazil Hüsnü Dağlarca dühasının tənhalığı" kitabının təqdimatı keçirilib. Tədbiri açan AYB-nin sədri, Xalq yazıçısı Anar Fazil Hüsnü Dağlarca haqqında fikirlərini bölüşüb: "Fazil Hüsnü Dağlarca çox orijinal, özünəməxsus həyat yaradıcılıq xətti olan çox gözəl bir sənətkardır. Mən onu tanıyırdım. Bakıda mənim evimdə qonaq olub, Türkiyədə dəfələrlə görüşmüşük. Ömrünün son illərində onunla görüşdüm, Türkiyədə Atatürk mərkəzində onun 90 illiyini qeyd edirdilər. Şairi əlil arabasında səhnəyə qaldırdılar. O özü şeirlərini oxumurdu, ora toplaşanlar onun şeirlərini oxuyurdular, onun yaradıcılığını hamı bilirdi sevirdi. Mən axırda səhnəyə qalxdım, soruşdum, ustad məni tanıyırsız? Dedi, Anar deyilsən? Məni tanıdığına təəccübləndim. Çingiz Bektaşla danışdıq, onun evinə getdik. O demişdi ki, saat 4-ə qədər gəlin, çünki ona həmin saata qədər bir qadın xidmət edirdi, dörddən sonra qadın çıxıb gedirdi, o isə  qapını bağlayır evdən heç hara getmirdi. Atatürk Mərkəzindəki təntənədən sonra o tənhalıq mənə çox acı təsir bağışladı. Tofiq isə onu məndən qat-qat yaxından daha çox tanıyırdı. Həmişə Türkiyəyə gedəndə birinci zəng elədiyi Fazil Hüsnü Dağlarca idi. Azərbaycana gələndə bir yerdə səyahət eləmişdilər, rəhmətlik atam, Tofiq, Həmid Araslı Fazil Hüsnü Dağlarca Gəncəyə, Göyçaya getmişdilər. Yəni, bu şəxsi ünsiyyətin ona olan vurğunluğun nəticəsində belə bir kitab ərsəyə gəlib. Dağlarcanın üslubu, fəlsəfəsi orada çox geniş şərh olunub. Fazil Hüsnü Dağlarcanın danışığını başa düşmək olmurdu. Türk yazıçılarına deyirdim ki, mən Fazil Hüsnü Dağlarcanın danışığının 50 faizini başa düşmürəm. Dedilər ki, sən qoçaqsan ki, 50 faizini başa düşürsən, o danışanda biz heç bir faizini başa düşmürük. Fazil Hüsnü məşhur Asu haqqında danışanda deyidi ki, Asu özləmdir, ümiddir, insandır, həm insan deyil. Tofiqin kitabında oxudum ki, Asunu bir az Dağlarcanın sözlərindən, bir az da öz yanaşmasından izah edir. Yenə Asunun olduğunu tam başa düşmədim. Bu fövqəlbəşərdi, insandı, həm insan deyil, nəsə başqa bir dünyanın varlığıdı.  Dağlarcanın yaradıcılığında mistik motivlər , lirik motivlər çox güclüdür. Bütün bunların təhlilil çox ətraflı gözəl şəkildə Tofiqin kitabında öz əksini tapıb".

AYB-nin sədr müavini Nazim İbrahimov Tofiq Məliklinin 25 ildən bəri Moskvada "Ocaq" cəmiyyətinə sədrlik etməsini vurğulayaraq bu cəmiyyətin mədəniyyətimizin təbliği istiqamətindəki böyük xidmətlərini vurğulayıb. Tofiq Məliklinin sadə dillə yazılmış bu kitabında isə Fazil Hüsnü Dağlarca haqqında çox maraqlı fikirlər var. Tofiq müəllim 1969-cu ildən Dağlarca ilə şəxsən ünsiyyətdə olub. Bu da kitabın daha canlı oxunaqlı olmasına öz təsirini göstərib".

Professor Vaqif Sultanlı Fazil Hüsnü Dağlarcanın yaradıcılığını çox bəyəndiyini dilə gətirib: "Fazil Hüsnü Dağlarcanın yaradıcılığı ilə çoxdan tanışam. Onun şeirlərində sözlərin sıralanması qeyri-adidir. Şeirlərinin qısalığı, gözlənilməzliyi natamamlığın yaratdığı bütövlük hissi , həzinlik həmişə oxucunun diqqətini çəkib. Tofiq Məliklinin tədqiqatı çox orijinal tədqiqatdı. Müasir dövrün problemlərindən biri elmin emosiyalardan məhrum edilməsidir. Ancaq Tofiq Məliklinin sözügedən tədqiqatında həm elmilik, həm publisistika, həm emosiya öz əksini tapıb".  V. Sultanlı kitab müəllifinin insani keyfiyətlərindən söz açaraq onun lazımi məqamlarda vətəndaşlıq mövqeyi ortaya qoymasını yüksək qiymətləndirib: "Tofiq əqidə adamıdır, yeri gələndə cəsarət nümayiş etdirir. Bu gün Rusiyanın dünyanın əsəbləri ilə oynadığı bir vaxtda Tofiq Məlikli Putinin siyasətini sərt tənqid edib. Biz həmişə bu cür ziyalılardan öyrənməli, bəhrələnməliyik".

Professor Paşa Qəlbinur Azərbaycanın sərhədlərindən kənarda Tofiq Məlikli kimi Azərbaycan övladlarının daha da çox olmasını arzulayıb. Ölkəmizin mənafeyinin müdafiəsində belə ziyalıların rolunun vacibliyini önə çəkib. 

AYB-nin katibi Rəşad Məcid bildirib ki, təqdim olunan kitab çox rahat oxunan bir əsərdir, dili axıcıdır: "Biz Tofiq müəllimi gənclik illərimizdən tanıyırıq, uzaqdan-uzağa görmüşük, rəğbətimiz olub. Tofiq müəllim Moskvada yaşamasına baxmayaraq, Azərbaycandakı prosesləri yaxından izləyir. Tofiq müəllim bizim Moskvada yaşayan yazıçılarımızla bağlı da həssaslıq nümayiş etdirir. Kiminsə tədbiri olursa, hiss olunur ki, orada Yazıçılar Birliyinin Moskva bürosu olmaqdan əlavə ürəyindən gələn istəklə iştirak edir. Anar müəllimlə Tofiq müəllimin dostluğu örnək olunası dostluqdur. Arzu edirəm ki, Anar müəllimlə birgə 75 illik yubileyinizə gələk ".  

Xalq şairi Fikrət Qoca deyib ki, Tofiq Məlikli böyük alimdir, gözəl şairdir: "Tofiq uzun illər sovet uçurumu üstündən Türkiyəyə açılan bir körpü olub. O uçurum yoxa çıxandan sonra eşqinin sönəcəyini düşünürdüm. Gördüm, yox, illərdir, onun ürəyində gəzdirdiyi çox şeylər var. İnanıram ki, onun belə kitabları hələ çox çıxacaq. Hər şair dünyaya gələn gündən tənhadır. Fazil Hüsnü Dağlarca isə bu tənhalığı nəinki dağıtmaq istəyib, əksinə tənhalığını qoruya-qoruya yaşayıb".

Professor Əsgər Rəsulov təqdim olunan kitabın məziyyətlərindən danışıb, əsəri bədii-publisistik üslubda olsa da, bir monoqrafiya qədər elm verdiyini diqqətə çatdırıb.

Yazıçı Pərvin Nurəliyeva çıxışında Tofiq Məliklini insanı öz düşüncələrilə yoluxduran sənətkar kimi səciyyələndirib: "Düşünürəm ki, yaxşı ki, belə insanlar var biz gənclər onlara baxıb örnək götürə bilirik. Sonralar çox sevdiyim şair Nazim Hikmətin yaradıcılığını Tofiq müəllimin təqdimatında oxuyanda bu şairə , müəllifə marağım xeyli artdı. Biz dünən onunla tədbirdə olanda mən gördüm ki, Tofiq müəllim çıxışa başlayanda hamı necə dəyişdi, bütün insanların onun sözünün sehrinə necə düşdüyünün şahidi oldum qürur duydum. Onun yanaşması əslində nasir yanaşmasıdır, nasir nitqidir. Dünən kitabı oxuyanda da gördüm ki, burada çox sehirli aura, ovqat var ki, adamı buraxmır, kitabı əlindən yerə qoymaq istəmirsən. Tofiq müəllimin şeirləri çox gözəldir. Bu kitabdan sonra mən deyirəm ki, Tofiq müəllim, siz nasirlərə çox ciddi rəqib ola bilərsiz".

Publisist Gülxani Pənah kitabın Azərbaycan dilinə tərcümə olunacağı təqdirdə geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına inamını ifadə edib.

AYB-nin katibi Arif Əmrahoğlu kitabın əsasən üç müsbət keyfiyyətə malik olduğunu vurğulayıb: "Birinci, kitabın Fazil Hüsnü Dağlarcaya həsr olunmasıdır, ikinci Tofiq müəllimin yazmasıdır, üçüncüsü isə, ən başlıcası böyük bir yubileyə hələlik yeganə sanballı bir hədiyyə olmasıdır. Çünki bu il Dağlarcanın 100 illiyidir. Tofiq müəllim bu kitabla  Dağlarcaya bir abidə ucaldıb. Biz Yazıçılar Birliyi olaraq bu il Fazil Hüsnü Dağlarcanın 100 illiyini təntənəli şəkildə qeyd etmək niyyətindəyik".

"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə müəlliflə 50 ildən artıq dostluq etdiyini bildirib, təqdimat mərasimində Tofiq Məlikli haqqında söylənilən fikirlərə görə fəxr etdiyini dilə gətirib.

Şair Azər Abdulla Tofiq Məliklinin yaradıcılığından söz açıb, onun Türkiyə ədəbiyyatının təbliği yönümündəki xidmətlərini önə çəkib.

Sonda Tofiq Məlikli çıxış edərək tədbirin təşkilatçılarına qonaqlara minnətdarlığını bildirib: "Bu cür tədbirlərdə adətən tərifin dozası yuxarı olur. Bu da təbiidir. İstəyirsən ki, təqdimatı keçirilən kitabın müəllifinin ruhu xoş olsun. Bəzən ona dozanı artıraraq yaxşı, gözəl sözlər deyilir. Özüm gözəl bilirəm ki, bu sözlərin hamısı səmimidir, amma verdiyiniz qiymət, əlbəttə, bir az yüksəkdir. Amma ən azından türk şeirinin nəinki Rusiyada,  Sovetlər Birliyində, dünyada tanıdılmasında azacıq rolum olduğuna görə özümü xoşbəxt sayıram".

S.MÜRVƏTQIZI

 





02.05.2014    çap et  çap et