525.Az

Nəcib iş - Mustafa Çəmənli yazır


 

Nəcib iş -<b style="color:red"> Mustafa Çəmənli yazır</b>

Nəşriyyat işi çox gərəkli, ağır zəhmət tələb edən şərəfli bir sahədir. Mövcud nəşriyyatlarda işıq üzü görən çox sayda, məzmunlu, çox çeşidli kitabların sayı-hesabı hüdudsuzdur. Təəssüf ki, hər sahədən yazılır, nəşriyyat işindən, orda çalışan redaktorlardan, naşirlərdən yazılan kitabların sayı isə barmaqhesabı sayıla bilər. Burda "Aləmi bəzər, özü lüt gəzər" atalar sözü çox yerinə düşür. 

Sövet dövründə bolşevik yanaşmasıyla keçmişimizə loyal münasibətdən doğan yanlışlıqlara yol verilirdi. Bəzi üzdəniraq alimlər şahları, xanları bizə geridə qalmış, məhdud dünyagörüşlü şəxslər kimi təqdim edirdilər. Əgər belədirsə, bəs Xaqani Şirvaninin, Nizami Gəncəvinin, Seyid İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin, Şah İsmayıl Xətainin əlyazmaları günümüzə necə gəlib çıxıb. Axı üzü mahir xəttatların əli ilə böyük zəhmətlə köçürülmüş kitab-əlyazmaları saray kitabxanalarında məhz saxlanılaraq gəlib günümüzə çıxmışdır. Orta əsrlərdə saray kitabxanaları vardı. Bu kitabxanalarda xəttatlar, münşilər (gözəl xəttlə yazan), minətürçülər, zərkublar, səhhaflar (karton cild ustası), müzzəhiblər (ornamentçi naxış çəkən zərgər), mücəllidlər (meşin cild ustası), nəqqaşlar və s.  çalışırdılar. Şahların fərmanlarını, söylədiklərini qələmə alan pərvanələr (katiblər) vardı. Bütün bunları unutmaq olmaz. Əlbəttə, çap məhsullarına gəldikdə, bizim kitabçılıq tariximiz çox da qədim deyildir. Mətbəə üsulu ilə çap olunan ən qədim kitabımız dahi Nəsrəddin Tusinin 1504-cü ildə Romada çap olunmuş "Təhriri-Öqlidis" əsəridir. XIX əsrin axırları və XX əsrin əvvəllərində Mir Möhsün Nəvvabın Şuşada, Ömər Faiq Nemanzadə və Mirzə Cəlilin Tiflisdə, Oruc, Qəmbər, Abuzər Orucov qardaşlarının Bakıda açdıqları mətbəələrdə kitablar da çap olunurdu. Bütün bunları təqdir etməklə yanaşı, etiraf edək ki, respublikamızda nəşriyyat işinin əsası XX əsrin iyirminci illərindən başlayır. Tədqiqatçı Hacı Həsənov "Azərbaycan kitabının inkişaf mərhələləri" kitabında qeyd edir ki, 9 iyun 1920-ci ildə mətbuat və dövlət nəşriyyatı şöbəsi "Azərmərkəzimətbuat"ın yaranması haqqında dekret imzalanmışdır. Məhz "Azərbaycan Dövlət Nəşriyyatı" - "Azərnəşr"in yaranma tarixi bu dövrdən başlamışdır. Mən də bu yazımda keçən il "Azərnəşr"in 100 illiyi münasibətilə "Təhsil" nəşriyyatında çap olunmuş nəfis bir kitabdan söz açmaq istəyirəm. Tarix üzrə fəlsəfə doktoru, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi Leyla Abasovanın gərgin zəhmətinin bəhrəsi olan "Azərbaycan Dövlət Nəşriyyatı" - "Azərnəşr"in yaranması və fəaliyyəti" kitabı 100 illik bir dövrü əhatə edir. Kitabın elmi redaktoru və ön sözün müəllifi mərhum professor Bayram Allahverdiyevdir. Leyla Abasovanın bu dəyərli monoqrafiyası üç fəsil və nəticədən ibarətdir. Müəllif birinci fəsildə "Azərbaycan Dövlət Nəşriyyatının yaranması və inkişaf tarixindən" bəhs edərək 1920-1940-cı illəri əhatə edir: "Azərbaycan Dövlət Nəşriyyatının yaranmasına təsir göstərən amillər", "Azərnəşr"in ayrı-ayrı elm sahələri üzrə kitab nəşri sahəsindəki fəaliyyəti", "Tədris kitablarının yaranmasında və inkişafında "Azərnəşr"in rolu", "Azərbaycan kitabının təbliği və yayılmasında "Azərnəşr"in fəaliyyəti" başlıqları altında nəşriyyatın fəaliyyətinin 20 ilini əsaslı şəkildə nəzərdən keçirmişdir. Bu fəsildə biz illər üzrə "Azərnəşr"in poliqrafiya bazasının nəticələrini izləyə bilirik. Məsələn, məlum olur ki, 1933-cü ildə "Azərnəşr"də aşağıdakı şöbələr fəaliyyət göstərmişdir: "Kənd təsərrüfatı ədəbiyyatı şöbəsi", "Uşaq və gənclər ədəbiyyatı şöbəsi", "Bədii ədəbiyyat şöbəsi", "Təsviri sənət ədəbiyyatı şöbəsi", "Elmi texniki ədəbiyyat şöbəsi". Bu şöbələrin adından belə bəlli olur ki, hansı mövzularda kitablar nəşr olunmuşdur. O dövrdə S.M.Qənizadənin "Lüğəti-rusi və türki", B.Çobanzadənin "Türkcə sərf-nəhv", "Türk-tatar lisaniyyətinə mədxəl", Hüseyn Cavidin "İblis", "Şeyda", Nəriman Nərimanovun "Bahadır və Sona" əsərləri işıq üzü görmüşdür. 

Leyla Abasova bu dəyərli monoqrafiyasında çap məhsullarının dinamikası və tirajına qədər diqqət yetirmişdir. Monoqrafiyadan aydın olur ki, "Azərnəşr" ildən-ilə öz şöbələrinin sayını artırmışdır. Bu şöbələrin çoxluğu dövrün müxtəlif illər üzrə çap edilən kitablara tələbatın artmasından irəli gəlirdi. Burada bir neçə şöbələrin adını çəksək yəqin ki, yerinə düşər. Məsələn, "Musiqi not ədəbiyyatı şöbəsi", "Təsviri sənət ədəbiyyatı şöbəsi", "Uşaq və gənclər ədəbiyyatı şöbəsi", "Texniki ədəbiyyat şöbəsi", "Tərcümə ədəbiyyatı şöbəsi", "Tibb ədəbiyyatı şöbəsi", "Bədii ədəbiyyat şöbəsi", "Orta məktəb üçün dərslik şöbəsi", "Ədəbi irs şöbəsi"... Bu şöbələrin adından nəinki görülən işlərin miqyasını, orada çalışanların sayını belə dəqiqləşdirmək mümkündür. 

Müəllif monoqrafiyanın Azərbaycan Dövlət Nəşriyyatının fəaliyyətinin əsas istiqamətləri fəslində 1941-ci ildən 1990-cı ilə qədərki dövrü tədqiqata cəlb edərək aşağıdakı məsələlərə diqqət ayırmışdır: 

"Azərbaycan kitabının sahə quruluşunda "Azərnəşr"in yeri", "Azərnəşr"in seriyalı nəşrlərinin təhlili", "Azərnəşr"in fəaliyyətində direktorların rolu", "Azərbaycan kitabının formalaşmasında və inkişafında "Azərnəşr"in redaktorlarının  fəaliyyəti", "Azərbaycan tərcümə kitabı və Azərnəşr". 

Leyla Abasova üçüncü fəsildə "Müstəqillik illərində Azərbaycan Dövlət Nəşriyyatının fəaliyyəti və inkişaf perspektivləri"ndən bəhs edir. Bizim klassik şair və yazıçılarımızın böyük əksəriyyətinin N.Gəncəvinin, X.Şirvaninin, Ş.İ.Xətainin, M.Füzulinin, M.P.Vaqifin, M.V.Vidadinin, M.F.Axundzadənin, S.Ə.Şirvaninin, M.Ə.Sabirin, Ə.B.Haqverdiyevin, N.B.Vəzirovun, N.Nərimanovun, C.Cabbarlının və b. əsərləri məhz "Azərnəşr"də nəşr olunmuşdur. O dövrdə nəşriyyatın tarixi və bədii ədəbiyyat şöbəsi fəaliyyət göstərirdi. Kitabların texniki və bədii tərtibatı bu şöbələrdə verilirdi. Burada sözü Leyla Abasovanın özünə verirəm: 

"Azərnəşr"də çap edilən kitabların gözəl olmasına, yayılmasına təsir göstərən əsas vasitələrdən biri də bədii redaktorların, rəssamların seçilməsi, düzgün yerləşdirilməsi ilə əlaqədardır. Bu mənada "Azərnəşr"in müxtəlif dövrlərdəki fəaliyyətində xüsusi fərqlənən tanınmış rəssamlar: Əmir Hacıyev (Əməkdar rəssam), Oqtay Sadıqzadə (Xalq rəssamı), Elmira Şahtaxtınskaya (Xalq rəssamı), Rəşid Əmirov, Yusif Ağayev və b.; bədii tərtibat redaktorlarından: Məmmədhəsən Quliyev, Muxtar Aslanov, Mikayıl Qasımov, Nəriman Nəsirov və b.; texniki tərtibat redaktorlarından: Rəhman Hüseynov, Məmməd Zeynalzadə, Əhməd Səlim, Məzahir Balakişiyev, Böyükxanım Qurbanova, Solmaz Mirkişiyeva, Sima Bağırova və b. əməyi təqdirəlayiqdir. 

"Azərnəşr" yarandığı gündən, sözün əsl mənasında, mədəniyyət mərkəzinə çevrilmişdi. Burada Azərbaycan ədəbiyyatının, mədəniyyətinin tanınmış simaları çalışmışlar. Biri az, biri çox. Kitabın "Azərnəşr"in fəaliyyətində direktorların rolu bölümündən öyrənirik ki, 1920-1940-cı illərdə Ağababa Yusifzadə, Ruhulla Axundov, Əhməd Pepinov, Ağali Qasımov, Hənəfi Zeynallı, Əhməd Triniç, Məmməd bəy Cuvarlı və b. "Azərnəşr"ə rəhbərlik etmişdir. İkinci Dünya Müharibəsindən sonra "Azərnəşr"ə İsrafil Nəzərov, Adil Əfəndiyev, Nazim Novruzov, Manaf Süleymanov (bu yazıçı Nazim Süleymanov deyildir), Əjdər Xanbabayev, Azər Mustafazadə rəhbərlik etmişlər. 

Kitabda diqqəti cəlb edən cəhətlərdən biri də odur ki, müəllif hər bir direktorun, redaktorun qısa tərcümeyi-hallarını, şəkillərini də monoqrafiyasına əlavə etmişdir. Buna görə də kitabın hər səhifəsində 100 il ərzində "Azərnəşr"də çalışan insanların surətləri gözlərimiz önündə canlanır. Qeyri-təvazökar səslənməsin, bu nəcib işdə kitabın nəşriyyat redaktoru olaraq mənim də xidmətlərim olub. Bu da səbəbsiz deyildir. 1978-ci ilin mart ayından bu günə kimi mən nəşriyyat sistemində çalışıram. O zamandan bu günə kimi "Azərnəşr"də çalışan hər kəsi mən də yaxından tanımışam, onların bir çoxuylə ünsiyyətim olub, bu gün də var. 

"Azərnəşr"in 100 illik tarixində burada Seyid Hüseyn, Vəli Xuluflu, Ömər Faiq Nemanzadə, Yusif Şirvan, Mikayıl Rəfili, Əliağa Vahid, Abdulla Faruq, Salman Mümtaz, Abdulla Şaiq, Mirmehdi Seyidzadə, Əbdülbaqi Fövzü, Əyyub Abbasov, Orucəli Həsənov, Sara Rəhimova, Əziz Mirəhmədov, Adil Babayev, Əli Tudə, Ələkbər Ziyatay, Şəmsəddin Abbasov, Nağı Nağıyev, Cəlal Məmmədov, Rasim Tağıyev, Zəkiyyə Qiyasbəyli, Səkinə Hüseynova, İsa Hümmətov, Mehdi Mirkişiyev, Məmməd Araz, Elxan İbrahimov, Mustafa İsgəndərzadə, Cəmil Əlibəyov, İsmayıl Vəliyev, Əlfi Qasımov, Mirzə Müştaq və b. Azərbaycan kitabının inkişafında əvəzsiz xidmətləri olub. 

Burada onu da qeyd edim ki, vaxtilə dövrün tələbatına uyğun olaraq yaradılmış "Maarif", "Yazıçı", "Gənclik", "İşıq" kimi nəşriyyatlar məhz "Azərnəşr"in müvafiq şöbələrinin bazası əsasında yaradılmışdır. "Maarif" nəşriyyatı ancaq dərsliklər nəşr edirdi. "Yazıçı" nəşriyyatı bədii ədəbiyyat, "Gənclik" nəşriyyatı uşaqlar və gənclər üçün, "İşıq" nəşriyyatı isə teatr, incəsənət üzrə kitablar çap etməklə məşğul olurdu. 

Bu nəşriyyatlar yarandıqdan sonra "Azərnəşr" əsasən siyasi ədəbiyyat nəşriyyatı kimi fəaliyyət göstərib və bu gün də göstərməkdədir. 

Tarix üzrə fəlsəfə doktoru, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müəllimi Leyla Abasova "Azərnəşr"in 100 illik tarixini araşdırmaqla çox nəcib və əhəmiyyətli tarixi bir iş görmüşdür. Etiraf edək ki, kitab çap etdirməyə can atanlar çox olsa da, nəşriyyatların işindən, orada çalışan insanların taleyindən söz açanlar isə tək-təkdir.

Tarix üzrə fəlsəfə doktoru Leyla Abasovanın bütün elmi fəaliyyəti əsasən nəşriyyatların yaranma tarixi, təşəkkülü və inkişaf mərhələlərini əhatə edir. Onun elmi araşdırmaları elmi məqalələr və monoqrafiyalar şəklində nəşr olunmuşdur. Məsələn "Boz Oğuz" nəşriyyatının yaranması və fəaliyyəti" (monoqrafiya: 2018), "Təhsil" nəşriyyat poliqrafiya müəssisəsində istifadə edilən çap texnologiyaları haqqında" (məqalə: 2018), "Azərbaycan Xalq Cümhuriyyətinin mətbəəçilik və kitab nəşri fəaliyyəti" (tezis: 2019), "Bakı Fəhləsi" kooperativ nəşriyyatının yaranması tarixindən" (tezis: 2020), Nurlan və Elm və Təhsil nəşriyyatının yaranması və fəaliyyəti" (məqalə: 2020), "Azərbaycan Neft ədəbiyyatı nəşriyyatı "Azərneftnəşr"in yaranması və fəaliyyəti" (tezis: 2021), Mütərcim nəşriyyatının yaranması və fəaliyyəti (2001-2005)" (tezis: 2021), "İşıq" nəşriyyatının yaranması və fəaliyyəti (tezis: 2021) və s. 

Leyla xanım Abasova isə nəşriyyat işini ürəkdən sevən və təqdim edən müəlliflərdən biridir. Hələ onun bundan sonra görmək istədiyi işlər çoxdur. Tanrı köməyi olsun.

 





02.12.2021    çap et  çap et