525.Az

Uğur qazanmağa çalışanların ilk düşməni - Sərdar Amin yazır


 

Uğur qazanmağa çalışanların ilk düşməni -<b style="color:red"> Sərdar Amin yazır</b>

Atalar-oğullar deyincə ağıla çox-çox mətləblər gəlir və yəqin çoxunuz da bu fikirdəsiniz ki, dünyanın ən qədim problemlərindən olan bu mövzuda yeni estetik dava açmaq havası deyil, lakin bu "olmazsa, olmaz"ın bizə vurmaqda olan zərbələri yeni-yeni yaralar oyduğundan əvvəli sosial, davamı ictimai, sonrası fəlsəfi bir yol göründü.

Sosial hissənin radikal donu yəqin ki, bir çoxunuzu narahat edəcək, ələlxüsus da ataları... Ancaq etiraf edək ki, yaranın iltihabı bitməyincə köz bağlamağı nafilədir.

Azərbaycanda onilliklər boyu səngimək bilməyən nəsillərarası dava indi asta-asta oğulların qələbəsi ilə diqqət çəkir. Bu savaşın ən ürəkdağlayan tərəfi isə odur ki, ata olan kəslər, könül xoşluğu ilə, qürub edən Günəşə əl yelləmək istəmirlər. İmkanın son nöqtəsinəcən vuruşur, təslimiyyətini qürubda dəfn edirlər. Bizdə öz hesabına məşhurluq qazanan oğulların ataları uşaqlarının əli pulla oynayan günə qədər onların ömrünü yeyirlər. Həmin məşhur övladları özlərini sübut edənə, uğur qazanana qədər ən çox ailələrinin, xüsəsən də atalarının təzyiqinə məruz qalırlar. Dəfələrlə təhdid olunur, təklənir, həvəsdən salınır, qəddar münasibətdə gömülürlər. 

Bu ölüm-qalım savaşında iliyi bitki yağıyla möhkəmlənən, doğrusu, möhkəmlənməyən oğullar tale biyabanlığında sərgərdan dolaşırlar.

Qan çanağında canını qurtaran beş-üç oğuldan ataları o zaman əl çəkirlər ki, övladları dediklərini həyata keçirib, özlərini sübut edib, sevdikləri sahədən pul qazanaraq, kontekstə uyğun dillə desək, kişi olduqlarını sübut ediblər. Bu mərhələdən sonra atalar ən yaxşı halda susurlar! Bu susqunluq dövrünü isə övladlarına ən böyük hədiyyə, nailiyyətlərinin hədiyyəsi kimi təqdim edirlər. Hərçənd bu ağır mübarizəni qalib çıxan tərəfin, heç olmasa, bir üzr haqqı var idi...

Problem budur ki, qalib oğullar indən belə atalarını qızıl içində yaşatsalar da, bir gün hər hansı səbəbdən bu məşhurluqda büdrəsələr, uğurlarını itirsələr, həmin atalar övladlarının aldığı bahalı evdə şəstlə qınaq edəcəklər ki, bala, sənə demişdim, bu iş deyil?

Şərq - Qafqaz - Azərbaycan... Elektron xəritəni çimdiyimizlə nə qədər kiçildib böyütsək də, problemlərimiz çox da dəyişmir, ən böyük oxşarlığımız problemlərimizdədir.

Bəs nədən atalar-oğullar problemində Qərblə Şərqin, daha rahat dildə desək, Avropayla Asiyanın yaşantıları fərqli olur?

Deyirlər ki, hazırkı Avropa əhalisinin böyük hissəsi zaman-zaman Şərqdən Qərbə köçmüş, müharibələr zamanı məcburiyət qarşısında Qərbə sığınmış insanlardır. Həmin iddialarda Şərq adamı qalib, Qərbinki isə əzilmiş kimi təqdim olunur. Bu üzdən də qərblilər daha çox yaşama, rahatlığa üstünlük verirlər. 

Son illər insanlar əksər müstəvilərdə Qərb ölkələrindən müsbət nümunə gətirir və bir sıra gözlə görünən, rahat qəbul edilən arqumentlərlə haqlı mövqedə qalırlar. Sosial sferada Qərb insanı çox rahatdır. Əslində, məişət rahatlıq tələb etdiyindən bu işdə onlar çox qazanıblar. Şərq insanı nə qədər sözdə bu dünyanın faniliyini desə də, dini, ruhani olaraq bu dünyadan heç nə apara bilməyəcəyini özünə təlqin etsə də, Qərb adamı genetik olaraq bu dünyadan küskündür, qovulmuşdur, narahatdır. Genetik olaraq bu dünyadan gözləntiləri anidir. O üzdən o, bu dünyanı sufiyanə yaşayır. Mümkün qədər rahatlığını düşünür və bu rahatlıqdan daha çox ətrafdakıları narahat etməkdən qorxur. Çünki çox narahat edilib. 

Şərq insanı isə təkəbbürlüdür, şahdır, əmr edəndir. Əgər bu gün əmr edən deyilsə də, sabahın potensial padşahıdır. Şərqdə hər kəs özünü potensial rəhbər görür. Qərbdə isə iqtisadçı iqtisadiyyatı, energetik enerji potensialını, bioloq canlı təbiətin sabahını düşünür. Şərqdə yüksələn hər kəsin son hədəfi rəhbərlikdir. Bir zootexnik işində çox uğur qazansa, deputat ola bilər. Bu düşüncə insanların içində azından sabahın rəhbərlik iddiasını bəsləyir. Genetik olaraq bu iddia nəsildən nəsilə ötürülür.

Demək, bizə qalibiyyət heç nə vermir, biz yeni nəslə keçə bilmək üçün məğlub olmağı bacarmalıyıq. Artıq qədim savaşların bitdiyini nəzərə alsaq, müharibə meydanı üçün iç platformamızı seçməlyik, öncə özümüzə, övladımıza məğlub olmalıyıq.

Orxan Pamuk "Qırmızı saçlı qadın" romanında iki tarixi mətn - Sofoklun "Edip" əsəri və Firdovsinin "Rüstəm və Söhrab" əhvalatını müqayisə edir. Əsərdən sonra verdiyi müsahibədə isə dolayısı yolla Edip kompleksinin Qərb sivilizasiyasında müstəsna xidməti olduğunu bildirir. 

Edipin atasını öldürüb anası ilə evlənməsi yeniliyin köhnəlik üzərində qələbəsinin simvoludur. Sonralar Freyd tərəfindən yenidən işlənərək psixoanalitikada da istifadə olunan "Edip kompleksi"nin ədəbiyyata, mədəniyyətə daha çox aid olan hissəsi oğulun atanı öldürməsi məsələsidir. Edipin, atasını öldürdükdən sonra, bilmədən anası ilə evlənməsi isə, hətta yeniliyin köhnəlik üzərində qələbəsindən sonra ona məxsus gözəlliklərdən istifadəyə də işarə vurur. Bu kompleksin Freyd tərəfindən daha da incələnən - "oğulların anaya", "qızların ataya olan" genetik meyli isə daha çox psixoanalizə aid hadisədir. 

"Rüstəm və Söhrab" əhvalatında isə "Şah Edip" əsərinin əksinə, ata bilmədən oğlunu öldürür. Pamukun fikrincə, Şərq əhvalatlarında ənənənin yeniliyi məhv etməsi ədəbiyyata, mədəniyyətə ciddi təsir edən amillərdəndir. Yəni Şərqdə ataya, hökmdara qarşı çıxmaq tanrıya qarşı çıxmaq qədər böyük günahdır. Hətta dövlət, ilahi məqsədlər naminə atanın övladı öldürməsi qəbulediləndir, həm də görkdür. Bu məqam Şərqdə ənənənin hələ də yenilik üzərində hökmü kimi qiymətləndirilir. Pamuk bu əsərində dolayısı yolla Edip kompleksinə əməl edir və yəqin ki, bununla da "Edip"ə söykənən ilk Şərq mətni formalaşır.

Orxan Pamukun müsahibəsindən bəlli olur ki, "Rüstəm və Söhrab" Şərqin ənənəyə sadiq qalmasının, yeniliyə qəddarca yanaşmanın simvollarındandır.

Atalar-oğullar probleminin Qərb-Şərq müqayisəsində həmişə diqqətimi müsbət mənada çəkmiş əsər Çingiz Aytmatovun "Dəniz kənarı ilə qaçan alabaş"ıdır. Mətndə qayıqla uzaq adaya ova gedən baba, 2 oğlu və nəvəsi təsvir olunur. Sözügedən qayığı gözümün önünə gətirdikdə mini bir model görürəm: bir ucunda dayanmadan qəlyan sümürən ağsaqqal, ortada dayanmadan avar çəkən 3 oğul və qayığın o başında dayanmadan bu səfərin sehrində yoğrulan nəvə...

Ov uğurlu alınır, lakin geri dönən yolda səthində kürək çəkdikləri Oxotun üzərini dəniz səfərləri üçün cəhənnəm sayılan ağır duman zəbt edir. Yetərincə dramatik hal alan əsərin digər hissəsində isə yaşlı insanların özlərini bir-bir qurban verərək uşağın xilasına çalışmaqları təsvir olunur. Onlar su qabında qalan suyu içmir, balacaya saxlayırlar. Əmisi susuzluğa dözməyib özünü dənizə atır, su qabını dəniz suyu ilə doldurub ağzının kənarlarından axıda-axıda dəhşətlə içir. Təbii ki, şor dəniz suyu tezliklə onun axırına çıxır. Təmkinli baba isə nəvəsinə, duman çəkilərsə, səmti müəyyən etməyin yollarından danışır. Qütb bayquşunun hərəkət prinsipini, dənizçilərin bundan yararlanma üsullarını öyrədir. Qabda isə hələ də su qalıb...

Beləcə hər gecə uşağı yuxuya verib yaşlılar bir-bir özlərini dumanlı Oxot dənizinə təslim edirlər. Bir gün uşaq oyananda artıq qayıqda heç kəsin qalmadığını görsə də, acından tərpənməyə heyi olmur. Beləcə xeyli müddət keçdikdən sonra günlərin bir günü balacanı gözünə düşən Günəş şəfəqləri oyadır. Az sonra o, arxasında sahilboyu uzanan, dəniz kənarı ilə "qaçan" Alabaş dağlarını görür. Külək onun yöndəmsiz qayığını sahilə, həm də elə yola düşdükləri yerə qaytarır. Təbii ki, özlərini qurban verərək içməli suyu ona saxlayan, dəhşətə gəlməsin deyə o, yuxuda olanda özlərini qayıqdan atan baba, əmi və atası sayəsində.

Çingiz Aytmatovun bütün yaşlıları qurban verərək kiçik Kiriski sağ saxlaması köhnəliyin yeniliyə könüllü qurban getməsinə əsl nümunədir. Şərqin "Edip kompleksi"ndə "Kral Layos" oğlu tərəfindən öldürülmür, o, könüllü özünü yeniliyə qurban verir.

Təbii ki, "Dəniz kənarıyla qaçan alabaş"da intihar edən əmilər, atalar, babaların bu işdə birbaşa məqsədi körpə Kiriski xilas etmək deyildi, onlar həmin hərəkətlə qarşıdan gələn potensial ağrılı ölümü də rahat ölümə dəyişmiş olurdular. Bu prosesin mövzumuza uyğun yönü ondan ibarətdir ki, intiharçıların heç biri qaxaca dönən su qabındakı o anın ən əvəzolunmaz neməti olan suyu içmirdilər, az sonra susuzluqdan gəbərəcəklərini düşünərkən belə sonuncu damla suyu Kiriskə saxlayırdılar. "Dəniz kənarıyla qaçan alabaş"dakı atalar və oğullar problemi məhz bu müstəvidə Şərq modelini təqdim edir: Şərqdə atalar oğulları tərəfindən öldürülmədən özləri könüllü qurban gedə bilər.

Yunanların mifə çevrilməkdə olan yazıçılarının əsərindən, dastanlardan üzü bu yana uzanan bu yoldan çıxan qənaət biz oğulların aydan arı haqqıdır: qədimdən qədim atalarımız, suyumuzu içsəniz belə, qayığımızı müəmmaya sürükləməyin. Sizin şərqli olduğunuzu bildiyimiz qədər biz də şərqliyik, olsun, lap suyumuzu da için, ancaq bizi heç olmasa, balaca Kirisk kimi taleyin ümidinə buraxın.

 





04.12.2021    çap et  çap et