525.Az

Hacı Zeynalabdin Tağıyev nümunəsi: Xeyriyyəçilik missiyası


 

Hacı Zeynalabdin Tağıyev nümunəsi:   <b style="color:red">Xeyriyyəçilik missiyası</b>

Müstəqilliyimizi bərpa etdikdən sonra xeyriyyəçilikdən danışarkən, bu adı tez-tez xatırlayır, yada salırıq. UNESCO xeyriyyəçilik fəaliyyətinə görə, 2022-ci ildə onun adını xeyirxah insanlar kimi əbədiləşdirib. Anadan olmasının 200 illiyi ilə əlaqədar geniş miqyasda qeyd olunması gözlənilir.

1920-ci ilin Aprel çevrilişindən sonra, 70 ilə yaxın bir müddətdə varlı olduğuna, zəngin yaşadığına görə qınanılan Hacı Zeynalabdin Tağıyev kim idi? Torpağından neft çıxdığına görə birdən-birə varlanmış kasıb bir azərbaycanlı! O, bu sərvətə görə nə kimlərisə istismar etmiş, nə də dövlətın əmlakına kəm baxmışdı. Əksinə, əlinə düşən bu sərvətdən xalqına gün ağlamış, savadsız həmvətənlərini maarifləndirib, müasir xalqlar sırasına çıxartmaq istəmişdi, onlarla qəzet və jurnalların nəşrini maliyyələşdirmiş, qızlar üçün məktəblər, fabriklər tikdirmişdi.

XX əsrin əvvəllərində 1905-ci ildə Mustafa Bəy Əlibəyovun yazdığı "Abşeron neft cəzirəsi" publisistik əsərində oxuyuruq: "Özgə tayfalardan Bakuyə boş əllə gəlib neft işlərinə qarışmaqdan sahibi-milyon olan çoxdur, lakin müsəlmanlardan və özü də bakılılardan neft işinə qarışıb öz zəhməti ilə dövlət sahibi olanlar ancaq Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Ağamusa Nağıyev və Murtuza Muxtarov cənablarıdır. Bu dörd nəfər adları zikr olunan müsəlmanlar mötəbəratının rəhmətlik ata-babalarından bir dövlət onlara irs qalmadığı halda bu cənablar neft işlərinə qarışıb cəmi qeyri-millətlərin şərakətlərilə, neftçiləri ilə tüfəngsiz, qoçusuz, gecə və gündüz elm və iqtisad və təmini-həyat dəvası edib, nəhayət öz zəhmətlərinin sayəsində milyonlar sahibi olmuşlar. Və öz qazandıqları dövlətdən insaniyyət və islamiyyət aləminə mümkün qədərincə yardımlar etmişlər". Zeynalabdin Tağıyev və digər zənginlərimiz haqqında bu sözlər 1905-ci ildə yazılmışdı.

O, milyonlarını xalqdan gizlədib xarici banklarda saxlamırdı. Hətta, aprel çevrilişindən əvvəl də zəmanənin qarışıq olduğunu görüb vətənini tərk etmək fikrinə düşməmişdi, 101 yaşında doğma torpağında -  Mərdəkandakı bağ evində dünyasını dəyişmişdi. Ancaq onun ağlına belə gəlməzdi ki, neft sərvətindən qazandığı halal pulları səxavətlə, ağılla xalqı ilə bölüşən bir insanın həyat yoldaşını və övladlarını yeni Sovet quruluşu zəlil edib, sözün həqiqi mənasında yollara salacaq. 

Mən 1970-ci illərdə bu mesenatın övladı Sara xanımı işlədiyim "Elm və həyat" jurnalının redaksiyasında bir neçə dəfə görmüşdüm. O zaman redaksiyaya gələn müəlliflərdən nimdaş geyimi, pərişan, ağarmış saçları, əlindəki iri, qara portfeli ilə seçilən bu yaşlı qadını redaksiyamızın yaşlı əməkdaşları, xüsusilə humanitar elmlər şöbəsinin müdiri Zahid Zeynallı, həmişə hörmətlə, ehtiramla qarşılayar, bizlərə onu Hacı Zeynalabdin Tağıyevin qızı kimi təqdim edər və baş redaktorumuz Rza Şahvələdin otağına aparardı.

Dünyagörmüş Rza Şahvələd isə yazı masasının arxasından qalxıb onu qarşılayar, hörmətlə kabinetdəki iri masanın ətrafındakı stullardan birində əyləşdirərdi. Katibəyə Sara xanım üçün çay gətirməyi tapşırardı. Sara xanımsa bu mehriban münasibətdən qəhərlənər, asta-asta armudu stəkandakı çaydan içəndən sonra, köhnəlmiş qara portfelindən müxtəlif sənədləri masanın üstünə sərgiləyib məlul-məlul baş redaktorumuzun üzünə baxardı. Rza Şahvələd bu sənədlərə diqqətlə baxar, münasibətini bildirərdi. Vəssəlam. 

Axı onda 1960-cı illər, Sara xanım isə məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin az qala səfil həyatı keçirən qızı idi. Atasının əsrin əvvəllərindəki xeyriyyəçilik fəaliyyətini sanki ətrafındakılar tamam unutmuşdular. Sara xanım həmin Zeynalabdin Tağıyevin qızı idi ki, hələ 1872-ci ildə Bakıda çörək qıtlığı zamanı, Bakı çörəksiz qalanda atası Zeynal Tağıyev Bakı qubernatoru M.R.Kolyubakinin yanına gedib Bakıda ucuz qiymətə kasıblara çörək satan dükanların açılmasını təklif etmişdi. Qubernator da onun bu təklifini məmnuniyyətlə qəbul etmişdi. Onun bu xeyriyyəçiliyi haqqında 1872-ci ildə Bakıda nəşr olunan "Bakinski listok" qəzetində oxuyuruq: "Qubernator M.R.Kolyubakinin yanına Bakı sakini, müsəlman Zeynal Tağıyev gəldi və təklif etdi ki, şəhərdə ucuz qiymətə kasıblara çörək satan dükanlar açılsın, təklif əlbəttə ki, qəbul edildi; təcili başqa şəhərlərə çörək almaq üçün adamlar göndərildi. Bakının mərkəzində dükan tikildi... 4 ay - noyabr, dekabr, yanvar, fevral aylarına qədər ucuz çörək satışı davam etdi. Bədbəxtlikdən Bakı qubernatoru xəstələnib öldü və Tağıyevin düşmənlərinin əlinə girəvə düşdü, onlar bu arzuolunmaz rəqiblərinə quyu qazdılar.  Halbuki Tağıyevin aldırdığı çörək (ucuz qiymətə satdırdığı - Ü.H.) elə həmin yerli istehsalçıların anbarlarına yığılıb satılırdı. Söyləyirdilər ki, şəhərdəki yüksək nüfuzlu, sözükeçən müsəlman olmayan birisi Tağıyevin düşmənlərinin tərəfini saxlayıb, hətta, bazarda hamının yanında ona qışqırıb ki, dayan, bambılı, sənin dükanını gör necə dağıdacağıq. Bir tərəfdən minlərlə təhqir, xoşagəlməz hadisələr, digər tərəfdən cəmiyyətin biganəliyi Tağıyevin iradəsini sındırdı, gücünü aldı və o, göz yaşları ilə dükanını dağıtdı. Bizmi onu başlatdığı işi davam etdirib axıra çatdırmağa gücü çatmadığına görə ittiham etməliyik? Ümumi fəlakət zamanı aclığın qarşısını almaq üçün biz nə etdik? Halbuki Zeynal Tağıyev heç yerdə təhsil almayıb, Bakıdan başqa bir yerdə olmayıb, üstəlik də, müsəlmandır".

Daha sonra oxuyuruq: "Bahalıq, aclıq, yanğınlar və digər fəlakətlər zamanı demək olar ki, hər yerdə xalqın, ölkənin bu ağır günlərində dözülməz vəziyyətdən öz mənfəətləri, qazancları üçün istifadə etməyi bacaran insanlar peyda olur, lakin onlarla bərabər həmişə öz canları, qanları ilə xalqı bu fəlakətdən qurtarmağa, yaxud heç olmasa bu dərdi bacardıqları qədər yüngülləşdirməyə cəhd edənlər olur. Qismən inkişaf edən ölkələrdə onlarla belə xeyirxah insanlar vardır, onların şərəfinə bu ölkələrdə abidələr ucaldılır, şöhrətləndirərək müqəddəslər sırasına daxil edirlər".

Bu sətirlərin yazıldığı vaxtdan 149 il keçir. Deməli, biz düz 149 ildən sonra, gec də olsa, böyük xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyevin Bakıda abidəsini ucaldaraq, onun qiymətini verir və müasir milyonçularımızın ondan dərs götürmələrini, dağılmış torpaqlarımızın bərpasında yaxından iştirak etmələrini arzulayırıq. Elin gözü tərəzidir. Xeyriyyəçilik heç vaxt unudulmur.

1911-ci ildə Bakıda çıxan ilk qadın qəzeti "İşıq"da Hacı Zeynalabdin Tağıyevlə bağlı Mustafa bəy Əlibəyovun iki yazısını "525-ci qəzet"in oxucularına təqdim edirəm. Qeyd edim ki, zülmət dünyasında doğrudan da parlaq bir işıq şüasına bənzəyən qəzetin baş redaktoru, dövrünün fəal ictimaiyyətçi ziyalısı, alitəhsilli həkim Xədicə Əlibəyovanın da taleyi ürəkaçan olmamış, həyat yoldaşı, hüquqşünas, publisist, dramaturq Mustafa bəy Əlibəyov 1937-ci ildə Azərbaycan SSR-nin yeni konstitusiyası layihəsinin müzakirəsi zamanı Azərbaycanın maraqlarını müdafiə etdiyi üçün həbs edilib, sürgünə göndərilmiş və sürgündə dünyasını dəyişmişdir.

 

Mustafa bəy Əlibəyov

General Hacı Zeynalabdin Tağıyev həzrətlərinin nitqi

Novruz bayramı münasibətilə Rəbiüləvvəl ayının 20-sində təsadüf edən eydi-novruzun (Novruz bayramının) birinci günü Hacı Zeynalabdin Tağıyev həzrətlərinin qız məktəbi imarətində "Bakı cəmiyyəti xeyriyyəsi" və nəşri maarif cəmiyyəti" sədri xadimi-millət və piri mömtəhn (sınanmış təcrübəli ağsaqqal) Hacı Zeynalabdin Tağıyev və qaziyi-velayəti Baku (Bakı vilayət qazisi) Ağa Mirməhəmməd Kərim Hacı Mircəfərzadə həzəratının təhti-riyasətində (rəyasəti altında) mükəmməl bir rəsmi-təbrik (təbrik mərasimi) tərtib olunurdu.

Cəmiyyətin nəfinə (xeyrinə) isə iki min manatdan ziyadə pul cəm olundu.

Rəsmi-məskurda (qeyd olunan mərasimdə) Bakı qorodanaçalniki, qubernatoru, şəhər idarəsi rəisi və İran qonsulu və Bakı şəhərinin əyanı-əşrəfi və ürəfasından (ziyalılarından) daha bir xeyli adam mövcud idi. 

Rəsmi-qəbula təşrif gətirən zəbati-möhtərəmə məktəbin qayət derruba bir surətdə zinətlənmiş və döşənmiş olan salonunda Hacı və qazi həzrətləri tərəfindən kəmalişouğ və məhəbbətlə qəbul olunurdular.

Qaziyi-vilayət Ağa Məhəmməd Kərim həzrətləri məqamına münasib nitq söyləyib imperator və imperatoriça həzəratının əmrlərinə xeyir-dua etdilər.
Vəd hazerin cürbəcür şirniyyat və həlviyyat ilə müzəyyən olunmuş süfrəyə dəvət olundu.

Lakin bu məclisdə insanı ən çox fərəhnak və xoş hal edən orada bir çox darülfünun qurtarmış və mühəndis, təbib və yurist müsəlman cavanlarının mövcud olması idi ki, bu müsəlmanların ümdə xoşbəxt olmağının yeganə səbəbləridir.

Hacı qonaqlar ilə bərabər, vidalaşıb gedərkən birdən-birə dala qayıdıb məclisdə qalan müsəlmanları böyük zala dəvət etdirib orada özünün boyu bərabəri mükəmməl və müzəyyən və çarçabədə əksini göstərib dedi ki;

- Övladlarım! Bu əksimə bir diqqət ilə baxın, görün orada nə görərsiniz?

Cəmaət sükut ilə təsvirə təmaşə edərkən həşdad sinnində piri-mümtəhən Hacı Həzrətləri buyurdular ki;

- Övladlarım! Görüyorsunuzmu ki, bənim sağ əlim dini-islamın qüknu və mədari-iftixari olan Qurani-əzim oşşənin və mədari-iftixari olan Qurani-əzim oşşənin üstündədir. Və sol əlimdə dutduğum isə qəzetədir. Övladlarım! Bənim sizə axırıncı nəsihətim budur ki, bu Quranı həmişə sağ və qəzetəyi isə sol əlinizdə tutub millətə sadiq sədaqətlə xidmət edəsiniz. Bu əsnada Hacı gözləri yaş ilə dolmuş ikən hazeruna "Xudahafiz" edib məclisdən təşrif apardılar.

Hacı ağanın bu gözəl porməni (mənalı) həkimanə kəlamı bənə o qədər təsir elədi ki, indi o nəsihəti hər an qəlbimdən çıxarda bilmirəm. Oxucularım! Böylə bir nəsihət bir vəqtə qədər heç bir alimin ağzından eşidilməmişdir. Zənnimizcə (fikrimizcə), bu gözəl nitqi tariximizə qızıl mürəkkəb ilə yazıb bir əsərinamə (faydalı əsər) olaraq həmişə mühafizə etməliyik. Çünki bir parə şəxslər Quranı tutanda zəmanənin indiki ağlar halını bilmərrə unudurlar. Qəzetə tərəfdarları olanların bəzisi isə nəinki bir Quranı, hətta bütün islamiyyəti böylə yaddan çıxarırlar.

"İşıq" qəzeti, 1911, № 9

Hacı Zeynalabdin Tağıyev haqqında bu yazı Fərrux Ağasıbəylinin 2001-ci ildə "Xaqani" nəşriyyatında çap olunmuş "O bizə şərəfdir, biz ona övlad" kitabından götürülüb.

Axund Hacı Molla Ruhulla Məmmədzadə həzrətlərinin 62 yaşında qətlə yetirilməsi ilə əlaqədar dəfn mərasimində deyirdi:

"Həzərat, bən əlli ildir ki, dad-fəryad edirəm, cəmaət, oxuyun, balalarınızı oxudun, bu gün böylə müsibətlərə düçar olmayaq. Budur, bu gün haman elmsizliyin nəticəsidir ki, böylə qanlı vəqanı görürük, ancaq bu müsibətə minlərcə kişilər boyunları çiyinlərində ağlayırıq. Ağlamaqla bir əlac olmaz, lakin sizdə də təqsir yoxdur, sizi əvvəldən ağlamağa öyrətmişlərdir. Budur, min ildir ki, iki dünyanın ağası olan İmam Hüseynə ağlayırsınız, nə hasil olur, halbuki o həzrət sizin ağlamağınıza möhtac deyildir. Ağlamaq biz müsəlmanların evini yıxdı, bərbad eylədi, ayaqlar altına saldı, paymal etdi...
Müsəlman qardaşlar, böylə işləri görəndə bən sizi cansız bir heykəl hesab edirəm, çünki siz ağlamaqdan başqa bir şeyi bacarmayırsınız və ağlamaq ilə islamın evini yıxdınız. Ümidim ancaq bu gördüyünüz balaca mütəəllimlərədir. Bunlardan dad olacaqdır". 

"İşıq" qəzeti, 21 yanvar 1912-ci il

Hacı Zeynalabdin Tağıyev sözünün ağası idi. Bakıda ilk dəfə qızlar məktəbi tikdirmiş, onun saxlanılmasına daim kömək etmişdir. Onlarla gənc azərbaycanlını xarici ölkələrdə öz pulu hesabına oxutdurmuş, Bakı Texniki məktəbinin tikilməsinə 150 min manat, Kommersiya məktəbinin inşasına isə 50 000 manat pul vermişdir. Zeynalabdin Tağıyev Bakıda ilk dəfə teatr binası, türmə, bez fabrikləri və s. tikdirmişdi.

Bu gün Müzəffər Ali Baş Komandanımız Birinci vitse-prezidetlə birlikdə vətənimizin işğaldan azad olunmuş rayonlarına tez-tez baş çəkir, yaxın zamanlarda bu ərazilərdə abad, müasir yaşayış məskənlərinin salınacağını həmişə əminliklə vurğulayırlar. Çox istərdik ki, müasirimiz olan imkanlı insanlar da Hacı Zeynalabdin Tağıyev ənənələrinə sadiqlik nümayiş etdirib bu məsələdə Prezidentimizin və Dövlətimizn yanında olsunlar.
 

 





06.12.2021    çap et  çap et