525.Az

Ekologiya Nazirliyi Ovçular Cəmiyyətini günahlandırdı


 

Ekologiya Nazirliyi Ovçular Cəmiyyətini günahlandırdı <b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu gün Beyləqan rayonunda brakonyerlərlə Ovçular Cəmiyyəti arasında yaşanmış insidentə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, ötən gecə Beyləqan rayonu ərazisində Ovçular Cəmiyyətinin nümayəndələri ilə ov etmək istəyən bir qrup şəxs arasında ölümlə nəticələnən hadisənin baş verməsi barədə mətbuatda məlumat yayılıb.

Nazirlik ölümlə nəticələnən hadisənin “Azərbaycan Ovçular Cəmiyyəti rəhbərliyinin qanunsuz olaraq həyata keçirdiyi əməllərin nəticəsi” kimi qiymətləndirib: “Belə ki, Ovçular Cəmiyyəti dəfələrlə ölkə ərazisində saxta müfəttiş biletləri paylayıb, saxta müfəttişlər vasitəsilə özbaşına reydlər keçirib, həmçinin heç bir əsas olmadan SSRİ dövründən qalmış mülkiyyətdən, yəni indiki dövlət mülkiyyətindən istifadə etməyə və onu özününküləşdirməyə cəhdlər göstərib. Qeyd edək ki, bütün bunlar Ovçular Cəmiyyətinin özünə aid olmayan səlahiyyətləri mənimsəmək cəhdidir və saxtakarlıq faktıdır”.

Nazirlik açıqlamasında xatırladıb ki, 2004-cü ildə “Ovçuluq haqqında” qanunun qəbul edilməsindən sonra ölkədə ovçuluqun təşkili, ovçuluq fəaliyyətinin tənzimlənməsi, ovçuluq təsərrüfatlarının və mülkiyyətinin idarə olunması kimi səlahiyyətlər ETSN-ə verilib.

Nazirlik sonuncu hadisənin məsuliyyətinin Ovçular Cəmiyyəti rəhbərliyinin üzərinə düşdüyünü də qeyd edib.

Qeyd edək ki, bu gün Beyləqan rayonunda qanunsuz ov edən şəxslər Ovcular Cəmiyyəti Beyləqan rayon şöbəsinin sədrini qətlə yetiriblər. Beyləqan sakini Ruhi Mahmudov dostları ilə birgə rayon ərazisində qadağan olunmuş ərazidə ov edərkən oraya gəlmiş Ovcular Cəmiyyəti Beyləqan rayon şöbəsi əməkdaşlarının ərazini tərk etmək və silahları təhvil vermək tələbinə əməl etməyib. Yaranan mübahisə R. Mahmudovun atəş açması ilə nəticələnib.

Açılan atəş nəticəsində başından güllə yarası alan Ovcular Cəmiyyəti Beyləqan rayon şöbəsinin sədri Allahyar Süleymanov Beyləqan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib. Onun güllə yarası almış digər iki həmkarı isə Bakıya çatdırılıb.

Yerli sakinlərin APA-ya bildirdiyinə görə, brakonyerlər 5 nəfər olublar. Onlardan ikisi Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 





21.10.2012    çap et  çap et