525.Az

Səs silaha dönəndə... - Şahanə Müşfiq yazır


 

Səs silaha dönəndə... -<b style="color:red"> Şahanə Müşfiq yazır</b>

2020-ci ilin payızını Azərbaycan tarixinin ən şərəfli səhifələrinə həkk edən 44 günlük Vətən müharibəmiz özüylə birgə Zəfər sevinci, qələbə qüruru gətirdiyi kimi, canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin də hüznünü, ağrı-acısını yaşatdı bu xalqa. Azərbaycan insanı 30 illik Qarabağ həsrətinin bitişinə sevinə-sevinə şəhidinə yas saxladı, şəhid ailəsinin, şəhid anasının dərdini bölüşdü.

Bu ilin payızı isə həm Qarabağ Zəfərimizin birinci ildönümü, həm də şəhidlərimizin ilk anım günü kimi ömrümüzə vərəq-vərəq yazıldı. Sıravi vətəndaşından tutmuş sənət adamlarına, dövlət rəsmilərinə qədər hər kəs bacardıqca şəhidlərimizin anım günlərində iştirak etməyə, əzizlərinin dərdini paylaşıb, qəhrəman şəhidini yad etməyə tələsdi. 

Əlbəttə, bu proses bu ildən başlamamışdı. Bəzi sənət adamları, bir sıra dövlət rəsmilərimiz hələ ötən ildən müharibə ərəfəsi və müharibə dövründə cəbhələrdə əsgərlərimizlə görüşür, onlarda ruh yüksəkliyi yaratmağa, onları qələbəyə inanmağa səsləyir, vətənpərvərlik mövzulu söhbətlər edirdilər. Həmin sənətkarlardan biri də bədii qiraət ustası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Ağalar Bayramovdur. A.Bayramov hələ ötən ilin 5 avqustundan etibarən hərbi hissələrdə əsgərlərimizlə görüşlərə qatılır. Bu şərəfli missiyasını bu günə kimi davam etdirən sənətkar bu bir illik prosesi belə şərh edir:

"Hələ müharibə başlamazdan öncə - 5 avqust 2020-ci ildə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin dəvətiylə onların təqdim etdiyi hərbi formayla Bakıda və bir sıra rayonlardakı hərbi hissələrdə əsgərlərimizdə vətənpərvərlik hisslərini gücləndirmək, döyüş ruhunu yüksəltmək məqsədiylə görüşlərimiz keçirildi. Onda çoxumuz hələ bilmirdik ki, bizi qarşıda Vətən savaşı gözləyir. Nəhayət, 27 sentyabr 2020-ci ildə müharibə başladıqdan sonra yenidən hərbi formayla Beyləqanın Milabad qəsəbəsində, Ağcabədidə, Xocavənddə, Füzulinin Əhmədbəyli kəndində, Bakının bir çox hərbi hissəsində çıxışlar etməyə başladım. Bakının hərbi hissələrində könüllülərimizi cəbhəyə göndərərkən çıxışlarım olurdu. Bu cür görüşlərimiz saysız-hesabsızdır. Noyabrın 8-i Şuşaya bayraq sancılan günün səhəri Bakının Perüküşkül qəsəbəsindəki hərbi hissədə Bayraq Günü münasibətiylə görüşümüz keçirildi. 

Sonradan zəfərimiz münasibətiylə keçirilən tədbirlərə də dəvət olunur, yüksək şəkildə çıxış edirdim. 

Bundan başqa, çox ağrılı haldır ki, biz müharibədə təkcə sevinc, qürur deyil, həm də dərin kədər yaşadıq. Bu kədər şəhidlərimizə görə idi. Mən də, həmçinin, şəhidlərimizin qarşılanma mərasimlərinə ailələrinin istəyi, İcra Hakimiyyətlərinin dəvətiylə qatılırdım. Bakının demək olar ki, bütün kəndlərində bu cür mərasimlərə qatıldım, əlimdən gələn qədər acılı ailələrimizə dəstək olmağa çalışdım. 

Sonradan isə şəhidlərimizin doğum günü, onların adına olan bulaqların açılış mərasimlərində, həmçinin, şəhadətlərinin ildönümündə iştirak etmişəm. Bakının Suraxanı rayonu başda olmaqla, bir çox rayon və kəndlərində, Sumqayıtda, Xocavənddə, Naxçıvanda və başqa rayonlarımızda bu cür mərasimlərə qatılır, həmçinin, Şəhidlər xiyabanında dəfn olunan, əslən fərqli-fərqli rayonlardan olan qəhrəman balalarımızın ildönümlərində onların valideynlərinin, ailələrinin istəyiylə çıxışlar edirdim. Əlbəttə, bu, bir Azərbaycan vətəndaşı, sənət adamı kimi hər birimizin borcudur. Mən də bu ərəfələrdə "Müsəlləh əsgərəm" deyib Allahın mənə verdiyi bu səslə bir növ döyüşə atıldım, əsgərlərimizin yanında oldum, onlara bacardığım qədər mənəvi dəstəyimi əsirgəmədim. 

Həmçinin, çox xoşbəxt insanam ki, azad olunan o torpaqlara getmək də mənə qismət oldu. Üç dəfə Qubadlıda oldum, Ağdam, Şuşa kimi şəhid qanıyla müqəddəslik qazanmış torpaqlarımızı ziyarət etdim. Bu gün də bu əməli işimi davam etdirir, bir aktyor-bədii qiraətçi kimi yenə də ön sıralarda əsgərlərimizlə birlikdəyəm. 

Bu ötən zamanda məhz mənim repertuarım üçün yazılmış şeirlər də oldu. O şeirləri böyük sevinc və qürurla hər yerdə səsləndirirəm. Arzu edirəm ki, Azərbaycanın tarixinə hər zaman belə şanlı günlər yazılsın, biz də bir sənət adamı kimi bu günlərdə səsimizlə, sənətimizlə iştirak edək". 


 

 





07.12.2021    çap et  çap et