525.Az

Dini tolerantlıq nəyə görə vacibdir? - Natəvan Abdulla yazır


 

DİNİ TOLERANTLIQ, MİLLƏTLƏRARASI MÜNASİBƏTLƏRİN İNKİŞAF ETDİRİLMƏSİ CƏMİYYƏTDƏ SABİTLİYİ QORUYUB SAXLAMAQ BAXIMINDAN ƏN OPTİMAL ÇIXIŞ YOLUDUR

Dini tolerantlıq nəyə görə vacibdir? -<b style="color:red"> Natəvan Abdulla yazır</b>

"İnanc insan üçün yediyi loxmadan daha dəyərlir" - deyir Aleksandr Soljentsın. Dünya üçün din fenomeninin nə qədər mühüm olduğunu bu cür ifadə etmək bəlkə də, əksəriyyətimizə mübaliğəli görünə bilər. Amma reallıq budur ki, yer üzündəki bütün cəmiyyətlərin öz dini inancları var. Yəni dinsiz bir xalq yoxdur. Ən kiçik tayfalardan ən böyük imperiyalara qədər din fenomeninin təsiri hər zaman digər bütün məhfumlardan daha güclü olub. 

Hətta bir vaxtlar kommunist rejimlərin dinsiz bir xalq formalaşdırmaq cəhdləri və bu yolda amansız, sərt qanunlar tətbiq etmələri də kütlələri dindən ayıracaq qədər təsirli olmadı. Xalqlar üçün din və inanc duyğusu bütün dövrlərdə gənc və ölməz bir şəkildə varlığını davam etdirir.

Dinlər bütün dövrlərdə elmlə məşğul olan alimlərin zehnini məşğul edib. Bir çoxları ölənə qədər dinləri absurd, ibtidai təfəkkürün məhsulu sayıb, bəziləri ömürlərinin sonuna yaxın təkallahlı dinlərdən birini qəbul ediblər. 

Maraqlıdır ki, din ümumbəşəri hadisədirmi, yoxsa insan idrakında fitri və zəruri hissdirmi, sualının cavabı heç vaxt konkret şəkildə verilmir. 

Reallıq budur ki, nə tarixdə, nə də günümüzdə, istər ən geridə qalmış, istərsə də ən çox inkişaf etmiş olsun, heç bir xalq dinsiz deyil. Minilliklər keçsə, nəsillər dəyişsə də, insanlar daima hər hansı bir dindən bərk-bərk yapışıblar. Bunun da xalqların tarixində siyasi, iqtisadi, düşüncə və sənət kimi bir çox sahələrdə necə böyük təsirləri olduğuna şahid oluruq.

Dinlər ilk və yeganə bəşəri fenomenlərdir

Yer üzündə öz varlığından xəbərdar, doğulmaq və ölmək anlayışlarının fərqində olan tək canlı insandır. Bir çox elm adamı deyir ki, insan məhz bu varlıq halını anlamaq üçün dinə ehtiyac duyur. Beləcə, dinlər insanların doğuşdan və yaradılışdan bəri mövcud ilk və tək bəşəri fenomeninə çevrilib. Bunu İsveçrədə, Almaniyada Dussendorf yaxınlığında, Cənubi və Orta Avropanın fərqli yerlərində eramızdan 100-150 min il əvvəl yaşamış insanlara aid mağaralarda tapılan bəzi insan sümükləri, tanrılara qurban verilən canlıların qalıqları üzərində aparılan araşdırmalar da təsdiqləyir.

Din insanların ilham qaynağıdır

Dinin ayrı-ayrı fərdlərə və cəmiyyətlərə təsirinin nə qədər böyük olduğunu anlamaq üçün tarixdən bizə gəlib çatan əsərlər və hadisələr haqqında düşünmək kifayət edir. Təkcə qədim Misirdə yerləşən ən böyük mühəndislik qurğuları və memarlıq abidələri olan piramidaların, obelisklərin və məbədlərin inşa edilmə səbəblərini araşdırmaq bəs edir ki, insanların həyatında dinin rolunu anlaya bilək. Bu əsərlər təkcə maddi gücün yox, həm də insanların sənət, din kimi mənəvi ehtiyaclarının və dəyərlərinin sübutudur.

Din cəfəngiyyatdırmı?    

Din problemi həmişə bəşəriyyətin fundamental problemlərindən biri olub. Dinlər insanları fəzilətli olmağa təşviq edən əmrlər və pisliklərdən çəkindirmək üçün qadağalar qoyur. Əgər din cəfəngiyyatdırsa, o zaman dini kitablarda buyurulan minlərlə tövsiyələr də cəfəngiyyat sayılmazmı? Bununla yanaşı, yuxarıda qeyd etdiyimiz kimi, tarixdə uğurlu sivilizasiyalar və mədəniyyətlər yaratmış hər bir xalqın mənəvi dünyasında müəyyən bir dinin inanc sistemlərinin möhürü var. İnanc təkcə insanın daxili aləmində yaşanan bir hiss deyil. Dini həyat tərzinin həm də insanların ibadətlərində, əxlaqi davranışlarında, sənət əsərlərində əks olunan sosial və mənəvi dinamizmləri var. Əslində, elmin, texnikanın, iqtisadiyyatın daha da yüksəldilməsi ancaq o zaman reallaşa bilər ki, cəmiyyətin idarəçilərindən tutmuş idarə olunanlara qədər bütün fərdlər gördükləri işin maddi və mənəvi dəyərinə inansınlar. Həmrəy, bir-birinə sıx bağlı olan xalqlar daha güclü olurlar. Bu baxımdan din insanları birləşdirən ən güclü fenomendir. Amma təəssüf ki, bir çox səbəbdən o, həm də tarix boyu olduğu kimi, günümüzdə və gələcəkdə də ən böyük problem olmağa davam edəcək. 

Din elmin inkişafına mane olurmu?

Bu suala birmənalı yanaşmaq, tarixi danmaq deməkdir. Tarix boyu dinlər astronomiya, xronologiya, yazı, tibb, incəsənət, hüquq, əxlaq kimi elmlərin ilk elementlərini formalaşdırıb. Əslində, hər sivilizasiyanın təməlində bir din var. Çin sivilizasiyası Konfutsi və Buddizm, Hindistan sivilizasiyası Brahmanizm və Hinduizm, Yunan-Roma sivilizasiyası Politeizm, Xristian Avropa sivilizasiyası Xristianlıq, İslam sivilizasiyası İslama əsaslanır. Dinin yüksəlişə mane olması tezisi bu sivilizasiyaların mövcudluğu ilə təkzib olunur. Bu da bir həqiqətdir ki, mövhumat və xurafatçı inanclar tərəfindən din adına törədilən qətllər də tarixdə az deyil. Ən faydalı şeylər belə, sui-istifadə nəticəsində faydasız hala gətirilir və saysız-hesabsız zərərlərə səbəb olur.

Dinin ayıran və birləşdirən gücü

Din tarix boyu insanların mənəvi ehtiyaclarını qarşılayan ən böyük güc olub. Bununla yanaşı, onun birləşdirici gücü də böyük əhəmiyyət kəsb edir. Xüsusilə ictimai fəaliyyətlərdə din qədər insanları birləşdirən və həmrəy edən daha güclü bir fenomen yoxdur desək, yalan olmaz. Bu xüsusiyyəti də onu cəmiyyətin ən güclü zincirinə çevirir.

Dövlətlər tərəfindən qurulan sistemlərin heç biri din qədər insanların iliyinə işləyə bilməyib. Odur ki, dini inkar etmək və ya ona etinasız yanaşmaq heç bir idari sistem üçün düzgün addım hesab edilmir.

Dövlətlərin tərkibində müxtəlif etnik quruplar var ki, tarix boyu hər birinin öz inanc şəkli formalaşıb. Bir ölkədə nə qədər çox etnik qrup varsa, din fenomeni də o qədər fərqli ola bilər. Bu inanc sistemlərinin bir-birindən fərqli olması çox vaxt insanlar arasında quruplaşmalara, qarşıdurmalara gətirib çıxarır. Bəzi qüvvələr ölkədəki sabitliyi pozmaq, daxili ixtişaşlar yaratmaq üçün zaman-zaman bu etnik qrupların dini inanclarından istifadə edir, onları yerli hakimiyyətə qarşı qızışdırırlar.

Demokratik dövlətlərdə dini siyasətdən ayırmaq bu baxımdan böyük əhəmiyyət kəsb edir. Nə mövcud dinləri qadağan etmək, nə də bir qrup şəxsin öz inanc sistemini başqalarına təbliğ edib onları təsir altına salmasına imkan vermək olar. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi siyasətini izləmək bu baxımdan ölkədəki sabitliyi qorumaq üçün ən optimal çıxış yoludur.

Din təbliğinin təhlükəsi

Qatı mühafizəkar, cahil və şəriətçi şəxslərin dini təbliğ etməsi cəmiyyətləri hər zaman böyük fəlakətlərə sürükləyib. Onların insanlar arasında nifaq salmağa, din adı ilə onları təsir altında saxlayıb radikal davranışlara sürükləməyə meyilli olduqlarına ölkəmizdə də zaman-zaman şahid olmuşuq.  Din fenomeni bütün xalqlar üçün böyük mənəvi əhəmiyyət kəsb edən reallıq olduğuna görə, onu təbliğ edən şəxslərin ən azından institut səviyyəsində biliyə sahib olması və hər zaman mövcud hakimiyyətə sadiq qalması sabitlik üçün vacibdir. Cəmiyyətdə elmin, texnologiyanın, iqtisadiyyatın inkişafı üçün dini təmsil edən şəxslərin savadlı olması mühüm faktordur. Din sahəsində fəaliyyət göstərəcək insanları yetişdirən qurumlar elmi zehniyyət daxilində bilik və fikir səviyyəsini yüksəltməli, azad düşüncəyə imkan verməlidir. 

 





09.12.2021    çap et  çap et