525.Az

Böyük maarif ocağı haqqında xatirələr və qeydlər - Əsgər Əsgərov yazır


 

VƏ YAXUD İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASI İLƏ BAĞLI "AZƏRBAYCAN TƏHSİL TARİXİNİN ŞƏRƏFLİ SƏHİFƏSİ" ADLI MƏQALƏYƏ SÖZARDI

Böyük maarif ocağı haqqında xatirələr və qeydlər -<b style="color:red"> Əsgər Əsgərov yazır</b>

Dərc olunanlara qayıdırıq

Son zamanlar şəxsən mənim üçün də mətbuat aləmində ən doğma ünvanlardan birinə çevrilmiş "525-ci qəzet"in oxucu görüşünə hər gəlişi xüsusi maraq və sevinc doğurur. Qəzetin 28 avqust 2021-ci il tarixli nömrəsi də əlamətdar sayıla bilər. Həmin nömrədə həm mənim diqqətimi xüsusilə cəlb edən, həm də yəqin ki, əksər ziyalı oxucularda maraq oyadan məqalələrdən biri barəsində, gec də olsa, söhbət açmaq istərdim. Bu, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevlə birlikdə işləyib təqdim etdikləri "Azərbaycan təhsil tarixinin şərəfli səhifəsi" adlı irihəcmli məqalədir. Məqalə "İrəvan Müəllimlər Seminariyası-140" rubrikası ilə dərc olunub. Alim-müəlliflər qədim oğuz yurdu Qərbi Azərbaycanda təlim-tərbiyə işinin təxminən iki əsrlik dövrünə nəzər salaraq, mütərəqqi təhsil sisteminin ilk qaranquşlarından hesab olunan İrəvanın ilk qəza məktəbi (1832), sonradan onun progimnaziyaya (1869), 31 mart 1881-ci ildən isə 5 sinifli gimnaziyaya çevrilməsi barədə məlumat verirlər. Onlar iftixar hissi ilə bildirirlər ki, bu məktəblərdə digər millətlərin övladları ilə birlikdə azərbaycanlı uşaqlar da təhsilə cəlb olunmuş, elmlərə yiyələnmişlər.

Yazıda "gimnazistlərin" davamçısı olan "İrəvan Müəllimlər Seminariyasının" fəaliyyəti (8 noyabr 1881) nisbətən geniş işıqlandırılır. Burada da azərbaycanlı balaları təhsildə yaxşı təmsil olunurlar. Gimnaziyanın müəllim, tələbə və məzunlarının fəaliyyəti həmin yazıda dolğun işıqlandırılır, məzunların sonrakı işi, taleyi geniş verilir. 

Növbəti mərhələ təhsil sahəsində İrəvan Türk Pedaqoji Texnikumunun fəaliyyəti ilə bağlıdır. Tədqiqatdan da göründüyü kimi, əsrin 20-ci illərində Ermənistanda rəhbər vəzifədə çalışan ziyalılar: EK(b)P MK nəzdində fəaliyyət göstərən "Azsaylı xalqlar şöbəsinin" müdiri Bala Əfəndiyev, Maarif Komissarlığı nəzdində "Azlıqda qalan millətlər" bürosunun rəhbəri Mehdi Kazımov, "Zəngi" qəzetinin məsul redaktoru Mustafa Hüseynov və başqa azərbaycanlı ziyalıların qeyrəti, dönməz iradəsi sayəsində Müəllimlər Seminariyasının xələfi - Türk Pedaqoji Texnikumu açılır (15 oktyabr 1924). Ancaq bu tədris ocağına ayrıca yer, bina ayrılmır, o, erməni pedaqoji texnikumunun bir sinif və iki yataq otağında "qərar tutur"...

***

Məni daha çox maraqlandıran bu texnikumun işi, fəaliyyəti, müəllim və tələbə kontingenti, sonradan isə məzunlar dəstəsini tamamlayanların taleyi olduğundan alim-müəlliflərin yazısına "əks-səda" formasında "səs" verməyi qərara aldım. Bunun səbəbləri isə həm çox, həm də müxtəlifdir. Ən əvvəl İrəvan Türk Pedaqoji Texnikumunun müəllimləri, tələbə və məzunlarından bir çoxu ilə tanışlığımız olub, bəzilərinə imzadan bələdəm, bir hissəsi ilə birgə işləmişik, bəziləri də bizə ali məktəbdə dərs demişlər. Daha bir səbəb də var (Bu "daha"nı bilərəkdən sona saxlayıram, ona qayıdacağam).

***

Hörmətli alimlərin məqaləsinə "sözardı" şəklində bir fikir, rəy söyləmək elə bilirəm ki, yersiz çıxmazdı. Yaxşı yadımdadır, məzunlardan Göyçə elinin sakini (Krasnoselo), tarix-elmləri doktoru Həmid Əliyev bizə APİ-də (sonradan ADPU) ən yeni tarixdən mühazirə oxuyurdu. Hər gəlişini "birləşməmiz" böyük sevinc və fərəh hissi ilə qarşılayırdı. Həmid müəllimin dərin savadı, aydın nitqi, yüksək intellektual səviyyəsi hamımızın ürəyindən xəbər verirdi...

Fəlsəfə dərsini yenə göyçəli elmlər namizədi Həmid Əfəndiyev (Bala Əfəndiyevin əmioğlusu) deyirdi. Nisbətən yaşlı idi, ayağının birini çəkirdi, özü də əməlli-başlı axsayırdı. Tələbkar və obyektiv müəllim idi. Onunla bağlı institutda tələbələr arasında bir lətifəsayağı əhvalat dolaşırdı. Deyirdilər ki, riyaziyyat fakültəsinin boylu-buxunlu, şux geyimli tələbələrindən birisi imtahan vaxtı bilet çəkir, ancaq suallardan heç birinə cavab verə bilmir. Müəllim yardımçı suallarla onu bir növ vəziyyətdən çıxarmağa çalışır. Yenə heç nə alınmır. Əsəbiləşən Həmid müəllim onu başdan-ayağa süzüb sözünü deyir: "Heyif o bədənə ki, bu başı üstündə gəzdirir". Özünü itirməyən gənc də cavabında: "Müəllim, heyif sizdəki o başa ki, bu ayaqların üstündədir", - deyib bayıra çıxmaq istəyəndə, müəllim onu dayandırıb deyir: "Bu cəsarətinə görə sənə qiymət yazıram, ver "zaçot" kitabçanı..."
Texnikum məzunlarından məqalədə adı çəkilən akademik Budaq Budaqov və xanımı, AMEA-nın müxbir üzvü Zərifə Budaqova, professor Süleyman Məmmədov, filoloq alim, ictimai xadim Məhərrəm Bayramov, elmlər namizədi, dosent Qasım Mustafayev, filosof alim Sabir Səfərov, Əməkdar rəssam Cabbar Quliyev, filoloq Kövsər Tarverdiyeva, ictimai xadimlər Həbib Həsənov, Qəşəm Aslanov, Tapdıq Əmiraslanov, təlim-tərbiyə sahəsində tanınıb-seçilən Cumayıl Mərdanov, Məmmədalı və xanımı, Əməkdar müəllim Şəfiqə Məhərrəmovlar və neçə-neçə başqaları ilə tanışlığım olub, ünsiyyət qurmuşuq, bəziləri ilə iş yoldaşı olmuşuq. Amasiyada komsomol katibi işləyərkən raykomun işçisi Məmmədalı müəllimlə neçə-neçə kəndə qışın qarlı-boranlı günlərində birgə səfər etmiş, vacib tapşırıqları yerinə yetirmişik...

*** 

Texnikum öz çoxsaylı məzunları ilə həm də, Ermənistanda çap olunan Azərbaycan dilində yeganə mətbu orqanın bir növ "baza", kadr ehtiyatı obyekti hesab olunurdu. "Zəngi", "Qızıl Şəfəq", "Kommunist", 1939-cu ildən isə "Sovet Ermənistanı" adı ilə çıxan qəzetdə çalışanlar arasında texnikum təhsilli gənclər də az olmayıb.

Bu sətirlərin müəllifinə adıçəkilən mətbu orqanda 20 il çalışmaq xoşbəxtliyi (fevral 1967 - sentyabr 1986) nəsib olub. Məmnunluq hissi ilə qeyd edirəm ki, yüksək səviyyəli, təmiz əqidəli, pak məslək sahibi Həbib Həsənovun baş redaktor olduğu qəzetdə şöbə müdiri kimi fəaliyyət göstərmişəm. Sonradan filoloq alim, partiya işçisi Məhərrəm Bayramovun baş redaktorluğu dövründə redaksiyanın məsul katibi işləmişəm. Qəzetimizin 50 illik yubileyi 1971-ci ildə Həbib müəllimin vaxtında geniş bayram edildi: əməkdaşlardan 5 nəfərə əməkdar jurnalist fəxri adı verildi, 10 nəfər Ali Sovetin Fəxri Fərmanı ilə təltif olundu. Yubiley tədbirində Zaqafqaziya respublikaları mərkəzi qəzetlərinin redaktorları iştirak etdilər. 
Heç cür xəyalıma gətirməzdim ki, hələ ikinci-üçüncü siniflərdə oxuyarkən (1945-1947-ci illər) o zaman hər bir evə daxil olan "Sovet Ermənistanı"nı vərəqləyib şəkil və yazılarına maraq göstərən uşaq (mən) nə vaxtsa bu mətbu orqanın yaradıcı heyəti cərgəsinə qoşulub bu kollektiv işin aparıcıları arasında çalışacağam... 

Amma zaman həmişə öz "konturlarını" da yaradır. O illərdə "Sovet Ermənistanı"nda çalışan bəzi işçilər, onların fəaliyyəti də yadımda qalıb. O vaxt qəzeti ələ götürənlər bir müəllifin ad-familiyasını dərhal axtarardılar, bilmək istəyərdilər ki, bu nömrədə felyeton varmı? 

Adətən felyetonu qələmə alan "Atey" imzalı bir müəllif olardı. Atey - Abbas Tahirin, texnikumun məzununun inisialının baş hərflərindən düzəldilmiş imza idi. Özgə bir qəribəlik (yaxşı mənada) bunda idi ki, Atey felyetonlarını nəzmlə yazırdı, özü də kəskin və arqumentlərlə zəngin şəkildə.

O da yadımdadır ki, gərək 1946-nın, ya 1947-nin qışı idi (dəqiqləşdirə bilmədim), Atey Göyçədən, görkəmli sənətkar Aşıq Ələsgərin kəndindən - Ağkilsədən bir mənzum felyeton yazıb çap etdirmişdi. Bir bəndi yaddaşımda qalıb, qışda məktəblərin lazımınca qızdırılmamasından söhbət salırdı: 

Ağkilsə məktəbində bir borudur, bir soba, 
Görəsən, bu işləri kim alacaq hesaba ...

Burada onu da əlavə edərdim ki, bəndənizdə qəzetə, mətbuata maraq oyadan, onu bu sahəyə istiqamətləndirən əsas şəxs atamın əmioğlusu, mənim ilk müəllimim Kərim Qələndər oğlu Əsgərov olu. Ruhu şad olsun hamının hörmət bəslədiyi o ziyalının, o dəyərli müəllimin...

*** 

Çox şeydən danışdım, ancaq bir məqam qalıb, yuxarıda "söz vermişdim", gərək yerinə yetirəm indi. Dediyim odur ki, İrəvan türk, sonradan azərbaycanlı Pedaqoji Texnikumunda təhsil alanlar arasında mənim atam da olub, əmim də. Ancaq qeyd etdiyim məqalədə atamın adı ayrı "aspekt"də verilib. Məqalədə yazılıb: "...Bütün bunlara baxmayaraq, Azərbaycan məktəblərində müəllim kadrlara böyük tələbat olduğu halda, yüzlərlə azərbaycanlı müəllim və tələbələrə "bəy", "xan", "mülkədar"... damğası vurulur və onlar təhsil müəssisələrindən xaric edilirdilər... "İctimai mənşəyi təşkilata uyğun gəlmir" adı ilə texnikumun tələbələri Mikayıl Əliyev, Fəraməz Kazımbəyov... Fərhad Əsgərov, Fəridə İsmayılova... (cəmi 17 nəfərin adı göstərilir) texnikumdan xaric edilmişdilər". Bu "hökm"dəki qeyri-dəqiqlik budur ki, Fərhad Əsgərov texnikumun üçüncü buraxılış məzunu olub (1931). Attestatı, təhsillə, ordu xidməti ilə bağlı sənədləri ortadadır və onları da yazıya əlavə edirəm. 

 

Texnikumun 1931-ci il məzunu atam Fərhad Əsgərovun attestatı və keçilmiş fənlərin siyahısını göstərən şəhadətnamə vərəqəsi

 

Bəli, Fərhad Rəcəb oğlu Əsgərov mənim atamdır. Görünür, o illərdə "təmizləmə" aparılarkən səhvən, ya tələm-tələsik texnikumdan "xaric olunanlar siyahısı"na daxil edilənlər siyahısına düşüb...

Lakin... məsəl var ki, deyərlər, od yanmasa, tüstü çıxmaz. Babam Rəcəb Əşrəf oğlu Əsgərov danışırdı ki, kənddən (Qaraçantadan) İrəvana gedən bir nəfərlə, Fərhada istədiyi kitabı və xərclik göndərmişdim. O adam texnikuma çatan kimi uşağı gur səslə çağırıb ki, Fərhad bəyə xəbər verin, kənddən gələn var, bura buyursun!..

Deməli, elə bu zarafatyana "bəy" sözünə görə atamı bir neçə dəfə sorğu-suala çəkirlər, məsələ təsdiqini tapmır. Əslində isə, nə yalan deyim, bizim nəsildə rəncbər, maldar, tərəvəzçi (babam Rəcəb kişi) olub, ancaq bəylik olmayıb.

Atam Fərhad Rəcəb oğlu 1932-ci ildə Təpəköy məktəbinə müəllim göndərilib, məktəb açıb, kəndin ilk müəllimi olub, oradan evlənib, ayrı-ayrı kəndlərdə, bir də Dərələyəzdə (Herher kəndində, 1937) gənc nəsilə savad öyrədib. Qiyabi təhsil alıb, 1939-cu ildə institutun üçüncü kursunu bitirib. Fevral ayının 3-də orduya (hərbi hazırlığa yiyələnmək üçün) çağırılıb. 

Şəkildə: oturanların sırasında, ortada - atam Fərhad Əsgərov (Qızıl Ordu sıralarında siyasi biliklərə yiyələnərkən, 1940), ondan solda həmkəndlisi, müəllim Hümbət Əliyev

 

Bədxah adamların fitvası ilə atam Amasiya beynəlmiləl orta məktəbi ilə vidalaşıb Qızıl Ordu sıralarına yola düşüb, 1941-ci ilin dekabrında döyüşlərdə həlak olub. Halbuki o vaxt ailəmiz 5 nəfərdən ibarət olub və bu şəraitdə, sülh dövründə belələrini orduya aparmazlarmış.

Ailəmizdə ikinci bir texnikum məzunu (demişdim bayaq) da var idi: atamın bir yaş kiçik olan qardaşı - əmim Əsgərov Bayram Rəcəb oğlu. O, texnikumun 1939/40-cı dərs ili məzunu olub. Rayonun maarif müdiri Müseyib Həsənovla birlikdə.

*** 

Yaddaşı təzələdikcə bir daha əmin oluruq ki, İrəvan Türk Pedaqoji Texnikumunun fəaliyyəti təhsilimizin, təlim-tərbiyəmizin ibtidasının formalaşmasında bütöv bir mərhələ təşkil edib. Məqalədə deyildiyi kimi, bu təhsil ocağı respublika maarifinə 1370 nəfər orta ixtisas təhsilli müəllim verib, gənclərin ali savada yiyələnməsində güclü bir tramplin rolu oynayıb. Lakin onun da bəxtinə 1947-1948-ci illərdə bir qara səhifə yazıldı, köç etməli, fəaliyyətini dayandırmalı oldu. Bu qara səhifənin başlanğıcı Stalinin imzası ilə təsdiqlənmiş hökumət qərarı ilə qoyuldu: "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarla...

Bu qərar həm də bir millətin (bədnam ermənilərin) xatirinə yerli azərbaycanlıların hüquqlarını tapdalamaq, açıq-açığına onlara zülm etmək idi. Qərarda göstərilirdi ki, qarşıdakı illərdə Ermənistandan Azərbaycana yüz min nəfər köçürülməlidir və illər üzrə köçürülənlərin siyahısı verilirdi. Bununla da Ermənistanda yaşayan köklü xalqın varlığı şübhə altına alınırdı...

Qərarın icrasına yeni-yeni başlayanadək respublikada millətin istinad etdiyi dayaqlar, köklər kəsildi: X.Abovyan adına Pedaqoji İnstitutun Azərbaycan şöbəsi bağlandı, fakültələr, eləcə də qiyabi bölmələr, burada ali təhsilə cəlb olunmuş 600-dən artıq tələbəsi ilə Bakıya göndərildi, C.Cabbarlı adına İrəvan Dram Teatrı fəaliyyətini dayandırdı, başıbəlalı İrəvan Pedaqoji Texnikumu Xanlar (indiki Göygöl) rayonuna göndərildi...

*** 

O ağır günlərin canlı şahidiyəm mən. Köçürmə xəbərini eşitcək çoxumuz romantik hisslərə qatılaraq nə vaxt yola çıxacağımızı qəlbimizdə götür-qoy edirdik. Yaşlılar, valideynlər yatağı, ev əşyalarını yerləşdirmək üçün yeşiklər, farmaşlar hazırlayırdılar. Az sonra məlum oldu ki, bizim Əzizbəyov (Qaraçanta) kəndini siyahıdan çıxarıb, 3 kəndin adını daxil ediblər: Daşkörpü, Şurabad, Qızılkilsə. Onları da hamı kimi yük vaqonlarında oktyabrda Ucar, Göyçay istiqamətinə yola saldılar. Millət böyük əzab çəkdi, ciddi çətinliklərlə qarşılaşdı. Necə də olsa, əzəli yurddan çox fərqlənən yeni yurda alışa bilmədilər, xəstələndilər. Yaxın dostumuz Seyfulla geri qayıdıb gələndə "bir dəri, bir sümük" qalmışdı, qızdırma onu əldən salmışdı... 

***

Sonda bunu da qeyd edim ki, İrəvan Müəllimlər Semnariyası haqqında "525"dəki məqalə məndə ciddi maraqla yanaşı, həm keçmişə təkrar baxış istəyi, nostalji duyğusu oyatdığı üçün ona məhz ənənəvi bir rubrika altında münasibət bildirməyi qərarlaşdırdım. Qısaca götür-qoydan sonra bu rubrikanın üzərində dayandım: "Dərc olunanlara qayıdırıq". Düşündüm ki, zamanında sınaqdan çıxmış bu qədimi rubrikaya yeni həyat  verməyə dəyər...

 





09.12.2021    çap et  çap et