525.Az

Qan qoxuyan tarix. ASALA-çi qatil İrəvana necə təhvil verildi...


 

Qan qoxuyan tarix.  ASALA-çi qatil İrəvana necə təhvil verildi...

Erməni terrorunun “xaç atası”nın hekayətini Lent.az-a Anar Yusifoğlu yazır

Erməni terror təşkilatı olan ASALA-nın Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşlarını ölümlə hədələyən məktub göndərməsi erməni terror təşkilatlarını və bu təşkilatlar içərisində ASALA-nın mövqeyini bir daha gündəmə gətirdi.

Bütün dünya xalqlarının (və dövlətlərinin) əziyyət çəkdiyi, hücumuna məruz qaldığı ASALA nədir?

«Ermənistanın azadlığı uğrunda…»

ASALA - «Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu» adının ingiliscə yazılışının abreviaturasıdır. 1975-ci ildə yaradılıb, qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Türkiyə, İran və Azərbaycan əraziləri hesabına «Böyük Ermənistan» dövləti yaratmaqdır, hədəfi isə 1915-ci ildəki «soyqırım saxtakarlığını» həqiqət kimi qəbul etdirməkdir.

ASALA yarandığı gündən soyqırıma məruz qalan soydaşlarının qisasını aldığını bəyan edir və əsasən, türk diplomatlarını və Azərbaycan əsilli şəxsləri hədəf seçir.

«Erməni terror təşkilatları 1915-ci ildə Türkiyədə baş verdiyi iddiası ilə ortaya atılan «soyqırımın» qisasını almaq üçün yaradılıb» sualına cavab verməzdən öncə erməni terror təşkilatlarının tarixinə nəzər salmaq lazımdır.

Erməni terror təşkilatları

Ermənilərin yaratdığı ilk terror təşkilatı «soyqırım» dedikləri 1915-ci ildən 30 il əvvəl yaradılıb. O illərdə ki, türk və erməni millətləri arasında hər hansı qarşıdurmanın mümkünlüyü barədə təsəvvür belə yox idi. Ancaq…

1885-ci ildə ermənilərin siyasi partiya adı ilə yaratdıqları «Armenakan» terror təşkilatı Osmanlı imperiyası daxilində terror hadisələri törətməyə başlayır. Van, Muş, Bitlis, Trabzon və İstanbulda törədilən terror aktlarında onlarla türk ziyalısı və dövlət xadimi qətlə yetirilir.

1887-ci ildə isə ermənilər daha bir terror qrupunu – «Hnçak»ı yaradırlar. Cenevrədə yaradılan bu partiyanın proqramının 4-cü bəndində yazılır: «Məqsədə çatmaq üçün… terrorçu və dağıdıcı təşkilat yaradılması metodu seçilir».

1890-cı ildə Tiflisdə yaradılan «Daşnaksütyun» partiyası isə iki ildən sonra – 1992-ci ildə keçirdiyi qurultayında türklərə qarşı sui-qəsdlərin təşkil edilməsi barədə rəsmi qərar qəbul edir. «Daşnaksütyun» partiyası qurultaydan sonra üzvlərinə müraciətlə bir əmr göndərir: «Türkü, kürdü hər yerdə, hər şəraitdə öldür…»

Təkcə «Daşnaksütyun» 14-dən artıq müxtəlif terror qruplarını yaratmaqla, 1893-cü ildən başlayaraq türklərə qarşı terrora başlamışdır.

Göründüyü kimi, ermənilərin terror təşkilatları yaratmasında «erməni soyqırımı» saxtakarlığından istifadə etmələri, sadəcə, bir bəhanədir.

Yeni əsrin erməni terrorçuları

Ötən əsrin ikinci yarısından sonra ermənilərin yaratdığı terror təşkilatlarının tam olmayan siyahısı bunlardır:

1. «Erməni soyqırımı ədalət komandosları» (1972-ci ildə «Daşnaksütyun»un Vyana qurultayında yaradılıb);
2. «Erməni Azadlıq Cəbhəsi» (1979);
3. «Orli qrupu» (1981, Fransa);
4. «Erməni birliyi» (1988, Moskva);
5. «Gənc ermənilər ittifaqı» (1990, Fransa);
6. «9 iyun qrupu» (1991, İsveçrə);
7. «İçveçrə qrupu» (1991);
8. «İntiharçılar eskadronu» (1981, Fransa),
9. «Apostol» (2001);
10.«Geqaron» (2001);
11.«Erməni azadlıq hərəkatı» (1991, Fransa) və s.

Bu terror təşkilatlarının içində ASALA-nın adı isə xüsusilə məşhurdur.

ASALA-nın qurucuları

Akop Akopyan. 1951-ci ildə əhalisi, əsasən, Azərbaycan türklərindən ibarət olan Mosul (İraq) şəhərində anadan olub. «Fələstin Azadlıq Cəbhəsi»nin sıralarında vuruşan A.Akopyan 1975-ci ildə erməni ideoloqların yardımı ilə ASALA terror təşkilatını yaradıb. ASALA-nın 2012-ci il sentyabrın 3-də Azərbaycanın Macarıstandakı səfirliyinə göndərilən məktubunda «sionistlərə» nifrət ifadə etməsi təsadüfü deyil. A.Akopyan hələ ASALA-nı qurmazdan öncə – 1972-ci ildə Münhen olimpiya oyunları zamanı israilli idmançılara qarşı keçirilən terror hadisəsinin aparıcı siması olub.

Gevorq Acemyan. Yazıçıdır. 1932-ci ildə Suriyada anadan olub, Beyrutda çalışıb, kitab dükanı işlədib. Erməni və ingilis dillərində yazdığı əsərləri bir sıra ölkələrdə dərc olunub. ASALA-nın yaradılmasında və yönətimində xüsusi rol oynayıb. 1978-89-cu illərdə Livanda dərc olunan «Spürk» jurnalının redaktoru kimi terroru, terrorçu erməniləri müdafiə etməsi və Naxçıvan və Qarabağ ermənilərinin silaha sarılmasını «əsaslandırması» ilə məşhurdur.

Simon Simonyan. 1914-cü ildə anadan olub, yazıçı, publisist və müəllimliklə məşğul olub. ASALA terror təşkilatının ən məşhur ideoloqlarından sayılır. 1958-ci ildə «Spürk» jurnalını yaradıb və erməni terrorizminin təbliğinə başlayıb.

Monte Melkonyan. 1979-cu ildə ASALA-ya qoşulanlar arasında ən məşhur terrorçular Alex Yenikomşyan və Monte Melkonyandır.

1983-cü ildə ASALA iki yerə parçalanıb: Akop Akopyanın başçılığı ilə Yunanıstan və Fələstin ərazisində yerləşən qrup və Monte Melkonyanın başçılığı ilə Qərbi Avropada fəaliyyət göstərən «ASALA İnqilab Hərəkatı». Melkonyanın ölümündən sonra təşkilata Ara Torayan rəhbərlik edir.

ASALA-nın törəmə terror təşkilatları:

1. Geqaron
2. Erməni Azadlıq Hərəkatı
3. Erməni Azadlıq Cəbhəsi

ASALA-nın müttəfiqləri

«Erməni Birliyi» və Hnçaq Partiyasından əlavə ASALA-nın əməkdaşlıq etdiyi ən nüfuzlu terror təşkilatları Hizbullah, Həmas və PKK-dır.

PKK ilə ASALA arasında 1987-ci ildə ilk razılaşma imzalanıb. Şərtlər:

1. Ermənilər PKK düşərgələrində təlim keçə bilərlər;
2. Hər bir təlimçi üçün ASALA PKK-ya ildə 5 min dollar ödəməlidir;
3. Ermənilər lokal terror əməliyyatlarında iştirak edirlər;

ASALA ilə PKK arasında 1990-cı il aprelin 18-də ikinci saziş imzalanır. Sazişə görə:

1. PKK və ASALA birgə idarə edilir (Akop Akopyanın 1988-ci ildə ölümündən sonra idarəçiliyin ağırlığı PKK-ya verilir);
2. Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı keçirilən terrorda kəşfiyyat əməliyyatlarını ermənilər aparır;
3. Aparılan mübarizənin nəticəsi olaraq əldə olunan torpaqlar ASALA və PKK arasında bərabər bölünür;
4. Təlim bazalarının xərclərinin 70 faizini ASALA çəkir;
5. Türkiyənin böyük şəhərlərində terror aktları birgə həyata keçirilir;
6. Qarabağda terror əməliyyatlarında PKK da canlı qüvvə ilə iştirak edir…

“Van əməliyyatı”

ASALA başda olmaqla erməni terror qruplaşmaları 42 türk diplomatını qətlə yetirib, saysız-hesabsız günahsız insanın ölümünə bais olublar. ASALA-nın təkbaşına keçirdiyi ən məşhur əməliyyat isə «Van əməliyyatı» adı verdiyi terror hadisəsidir.

1981-ci ilin 24 sentyabrında Parisdəki Türkiyə konsulluğuna girən Livan erməniləri konsul Kaya İnalı və təhlükəsizlik xidmətinin əməkdaşı Camal Özəni ağır yaralayaraq, 56 nəfəri girov götürmüşlər. Yeganə tələb Türkiyədə həbsdə olan erməni və kürd terrorçularının azadlığa buraxılması idi.

Türkiyə bu tələbi yerinə yetirməkdən imtina etdikdən sonra əməliyyat keçirildi və terrorçular – Vazgen Sislyan, Gevork Güzelyan, Akop Culfayan, Aram Basmacyan təslim oldular.

Parisdə qurulan məhkəmədə müttəhimləri sonradan Fransa Senatının üzvü və sənaye naziri olan Lekler müdafiə edir.

Erməni diasporu terrorçuların azadlığa çıxması üçün təzyiqlərə başlayır: mitinqlər keçirir, təbliğat aparır. Beləliklə, təşkilatçı Vazgen Sislyan da daxil olmaqla 3 terrorçu 1986-cı ildə azadlığa buraxılır.

A.Basmacyan isə həbsxanada ikən özünə qəsd etmişdi.

«Orli əməliyyatı»

ASALA-nın bu tapşırığını 1954-cü ildə Suriyanın Qamışlı şəhərində anadan olmuş məşhur terrorçu Varujan Karapetyan və digərləri həyata keçirmişlər.

1983-cü il iyulun 15-də Parisin Orli hava limanında Türk Hava Yollarının kassasında yerləşdirilən bombanın partlaması nəticəsində 4 fransız, 2 türk, 1 amerikan və 1 isveç olmaqla, 8 nəfər ölmüşdü.

Ömürlük həbs cəzasına məhkum edilən Karapetyan 2001-ci ildə Ermənistana təhvil verilib və azadlığa çıxıb. Ermənistanda qəhrəman kimi qarşılanan Karapetyanı baş nazir təbrik edib, Yerevanda ona ev verilib və işlə təmin olunub.

Hazırda Dilicanda yaşayan Karapetyan terrorla bağlı açıqlama da verib: «Bomba türk təyyarəsi havaya qalxandan sonra partlamalı və türklər qırılmalıydı. Ancaq gözlədiyimizdən tez partladı».

Ümumilikdə keçirdiyi terror hadisələri zamanı ölənlər barədə də Karapetyan məlumat verib: «10 nəfər türkü qətlə yetirmiş və 60 nəfər yaralamışam».

Monte Melkonyan

Təkrarən bu ada qayıtmağımızın səbəbi var: Melkonyan «Orli əməliyyatı»nın təşkilatçısı kimi həbs ediləndən sonra daha 4 terror aktını törətməkdə suçlu bilinərək, 1985-ci ildə Fransada həbs edilib. Ancaq cəmi 4 ildən sonra – 1989-cu ildə «göstərilməyən səbəbdən» azadlığa buraxılıb və Livana deportasiya edilib. Qısa müddətdən sonra yenidən Fransaya qayıtmağa müyəssər olan Melkonyan 1990-cı ildə Dağlıq Qarabağa gəlib və burada azərbaycanlılara qarşı əməliyyatlarda fəallıq göstərib.

1993-cü ildə Ağdamın Mərzili kəndi yaxınlığında gedən döyüşlərdə öldürülüb. Artıq hamının yaxşı tanıdığı azərbaycanlı əsgər İbad Hüseynovun döyüşdə öldürdüyü Melkonyanın adına Ermənistanda universitet, məktəb, körpü və xeyriyyə fondu fəaliyyət göstərir.

ASALA-nın media təbliğatı

Bu terror təşkilatı öz media şəbəkəsi var:

1. «Hayastan» - ASALA-nın rəsmi qəzetidir.
2. «Hay-Baykar»
3. «Armenial»
4. «Kaytzer» jurnalı (Londonda çap olunur)
5. «Livanlı ermənilərin səsi» (radio, Livanda yayımlanır)
6. hayastan.com və s.

ASALA-nın Azərbaycandakı terror izləri

1990-cı ildən başlayaraq Qarabağda, daha sonra isə Bakıda dəfələrlə terror hadisəsi törədən ASALA-nın ən qanlı qırğını Xocalı qətliamında iştirakıdır.

Xocalı qətliamı barədə xarici mətbuatın yazdıqlarını bir daha salaq:

Fransanın “Krua İ-Evenaman” jurnalı (29 fevral 1992-ci il): “…Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər”.

İngiltərənin “Sandi-tayms” qəzeti (1 mart 1992-ci il): “Erməni əsgərləri minlərlə azərbaycanlı ailəsini məhv etmişlər”.

İngiltərənin “Faynenşl tayms” qəzeti (9 mart 1992-ci il): “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar... Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir”.

İngiltərənin “Tayms” qəzeti (4 mart 1992-ci il): “Azərbaycanlıların çoxunun meyiti eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”.

Rusiyanın “İzvestiya” qəzeti (4 mart 1992-ci il): “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir, kişilərin skalpları götürülmüşdür”.

Fransanın “Le Mond” qəzeti: (14 mart 1992-ci il): “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır”.

Rusiyanın “İzvestiya” qəzeti (13 mart 1992-ci il): Mayor Leonid Kravets: “Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.

İngiltərənin “Valer aktuel” jurnalı (14 mart 1992-ci il): “Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları var. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər...”

Bunlar ASALA başda olmaqla erməni terrorizminin türk cocuğunun qanı ilə yazılmış və yazılmaqda davam edən vəhşət dolu tarixindən bir parçadır…

 





06.09.2012    çap et  çap et