525.Az

“Qeyrət bərbəri” azadlıqda!


 

“Qeyrət bərbəri” azadlıqda!<b style="color:red"> </b>

Bu kadrlarda kimsə ya öz sevgilisini, ya qadınını cəzalandırır və bunu telefonuna çəkir. Yəqin ki, kiməsə göstərmək məqsədilə. Amma kimə və niyə? Üstəlik başını qırxdığı qızcığazın ağlar səsinə, yalvarışına məhəl qoymadan ona əl, ayaq qaldıran qaqaş görəsən bu çəklişdən bir qədər sonra necə istifadə etməyi düşünür? Görəsən bu çəkilişin kökündə şantaj niyyəti nə qədərdir?

Bilirəm, bu saat yəqin ki, məni iki həftə bundan qabaq baş vermiş, guya Azərbaycan üçün o qədər də böyük əhəmiyyət kəsb etməyən, bəlkə də kiminsə öz aləmində lokal bir fakt kimi dəyərləndirdiyi bu hadisəyə yer ayırmaqda qınayanlar var. Amma iş də elə burasındadır ki, biz bu hadisəni lokal, əlahiddə götürülmüş sıravi bir olay saymırıq. Bu, azərbaycanlı mənəivyyatının, milli dəyərlər sistemimizin uğradığı ağır mənəvi, əyri yol qəzasının daha bir şəklidir. İlk baxışda bərabər hüquqlara malik iki insandan biri o birisini, kişi adlanan kəs qadın adlanan kəsi döyür, sındırır, alçaldır, tüpürür, öz aləmində bəlkə də haqqına etdiyini düşünür. Və cəmiyyət də bu hadisəyə sadəcə “dejurnı “ah”” effekti ilə baxıb keçir. Bu qadının üzünü biz bağlamışıq. Tanımasınlar deyə. Amma axı bu qadın, mozaiklaşdırılmış şəkildə də olsa özü-özünü və ona bu işgəncəni verən kəsi yaxşı tanıyır. Döyərək alçaldan şəxsin isə onu telefonuna məqsədsiz çəkmədiyinə əminəm. Bir neçə il əvvəl ali məktəblərdən birində yarmazın birinin tələbə bir qızı içirib sonra başına min oyun açması və bütün bunları telefonla çəkməsi onunla nəticələnmşdi ki, həmin zavallı qızcığaz intihar etmişdi. Bu hadisənin ondan nəyi fərqlidir ki? Biri öz sevgilisini elə cəzalandırır. Bir başqası belə. Üçüncü bir dırqanarası kişi isə sevdiyini dostunun maşınına basaraq Xocasən yoluna aparır, ona olmazın işgəncələr verir. Hamısı da cəmiyyətin yekdil və razılaşdırılmış sükutu altında.

Bu reportajı əslində mən ötən “Hesabat” üçün hazırlamışdım. İş elə gətirdi ki, efirə verməyi lazım bilmədim. Deyəsən səbəb səbəbkarın həbs edilməsi idi. Amma 3 gün əvvəl eşitdiyim xəbər məni mövzuya yenidən qaytardı. Cib telefonuma zəng vuran xanım zərərçəkmiş qızın bacısı idi. Həyəcandan titrəyən səsindən onun necə qorxduğu aydın idi. Xanım qız həmin hadisəni işıqlandırdığımıza görə təşəkkür etdi və mən elə borcumuz, hər bir vicdanlı adamın, televiziya kanalının bu hadisəyə biganə qalmamalı olduğu barədə danışmağa standart cavaba hazırlaşırdım ki, qulaqlarıma inanmadım. Qız dedi ki, polis həmin bu şəxsi yaxalayaraq Binəqədi prokurorluğuna təhvil verib. Amma ən dəhşətlisi də elə bundan sonra baş verib. Həmin qeyrət bərbərini prokurorluq kifayət qədər səbəb tapmadığından buraxmalı olub. Bu da hələ hamısı deyil. Həmin qeyrət bərbəri buraxılandan sonra yenidən həmin nömrəyə zəng vuraraq qızı, onun bacısını hədələyib və hətta yeni tənbeh növlərinə əl atacağını deyib. Biz bu müraciətdən sonra xəbərin doğru olduğunu öyrəndik. Ardınca Baş Prokurorluğa müraciət etdik və mənim bildiyimə görə artıq bir sıra tədbirlər görülüb, amma bizdə həmin qeryət bərbərinin həbsdə olduğu barədə hər hansı məlumat yoxdur. İnanmaq istəyirəm ki, axtarılır.

Hüquqşünas deyiləm və ona görə də hadisənin qanunla cəzasının nə olacağını dəqiq bilmirəm. Amma çox istərdim ki, bu kişi qırığının qurduğu Linç məhkəməsinin özünü sərt bir şəkildə mühakimə etsinlər. Sərt və ədalətlə. Bu qadının keçirdiyi psixoloji sarsıntın sadəcə təsəvvür etmək lazımdır. Baxın: dənizin sahilində tək, kimsəsiz qadın. Döyülür, təhqir olunur, başı dibindən qırxılır, bəlkə də öldürüləcəyini təxmin edir… qaqaş isə səhv üstündə tutduğu qadının başına min bir oyun açandan sonra şəstlə geri qayıdır. Hətta onun həbsi üçün alibi belə tapılmır. Bu hadisədə ən pis olanı odur ki, ayrı-ayrı insanlar xuliqanlıq maddəsinə görə həbs cəzasının cinayət məcəlləsindən çıxarılması faktından sui istifadə edirlər. Onlar arasında həm cinayəti törədənlər, həm də cinayəti cinayət saymağa alibisi çatışmayanlar var. İlk baxışdan adi görünən, ola bilsin ki, HESABAT həftəsi üçün kimlərəsə xırda görünə biləcək bir hadisə barədə danışdım. Bəlkə də haqları var. Bəlkə də adti hadisədir. Bəlkə də elə belə olmalıdır. Bəlkə də dəyərlər dəyişib. Amma sizi bilmirəm, kim olursa olsun, bu qızın saçının qırxıldığı kadrlara baxanda mən utandım. Elə bil ki, mən, tək mən yox, biz, bütün kişilər nə vaxtsa axı belə bir söz vermişdik: Balam, qızım, bacım, anam, sevgilim söz verirəm ki, sənin başından bir tük əskik olmayacaq… Yadımızdan çıxıb deyəsən…

ANS Press
Mirşahin Ağayev



 





22.10.2012    çap et  çap et