525.Az

Bəstəkar Aqşin Əlizadə son mənzilə yola salınıb


 

Bəstəkar Aqşin Əlizadə son mənzilə yola salınıb<b style="color:red"></b> Azərbaycanın xalq artisti, Dövlət Mükafatı Laureatı, tanınmış bəstəkar Aqşin Əlizadə bu gün son mənzilə yola salınıb.
 
APA Tv-nin xəbərinə görə, mərhumla vida mərasiminə ailə üzvləri, yaxınları, həmçinin həmkarları və sənət dostları toplaşıb.
 
Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəstəkarın Azərbaycan mədəniyyətində, musiqisindəki xidmətlərindən danışıb. O, bəstəkara daim dövlətin diqqət və qayğı göstərdiyini, "Şərəf" və “Şöhrət” ordenlərinə layiq görüldüyün xatırladıb.
 
Mərhumun oğlu və sənətinin davamçısı Əli Əlizadə diqqətə görə minnətdarlığını bildirib. O, atasını itirməklə həm müəllimini, həm də hər zaman baxıb örnək aldığı bəstəkarı itirdiyini qeyd edib.
   
Xalq artisti Firəngiz Əlizadə bildirib ki, A. Əlizadənin vəfatı Azərbaycan incəsənətinə, bəstəkarlıq məktəbinə ağır itkidir.
 
Milli Konservatoriyanın rektoru  Səyavuş Kərimi qeyd edib ki, Aqşin Əlizadə Azərbaycan musiqisində çox yeniliklər eləyib.
 
Bəstəkar I Fəxri Xiyabanda dəfn olunub. 
 
Qeyd edək ki, Aqşin Əlizadə 1937-ci il 22 mayda Bakıda anadan olub. Bakı Konservatoriyasını Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib. Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində 1-ci dərəcəli diploma, sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında 1-ci diploma layiq görülüb. Azərbaycanın “Şöhrət” ordeni (1997) və “Şərəf” ordeni (2012) ilə təltif edilib.  Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qаfqаzа səyаhət" baleti, "Ümid vаlsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", Cəngi", "Azərilər" kantatası və s. 50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.
 





05.05.2014    çap et  çap et