525.Az

Rusiyanı silkələyən təklif - Xaqani Cəfərlinin siyasi şərhi


 

Rusiyanı silkələyən təklif -<b style="color:red"> Xaqani Cəfərlinin siyasi şərhi</b>

Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının 9 dekabr tarixli iclasında rejissor Aleksandr Sokurovun çıxışı atom bombasının partlayışı təsiri doğurdu. Heç kim prezident Vladimir Putinin iştirak etdiyi iclasda Rusiyanın tərkibində yaşamaq istəməyən ölkələrin azad edilməsi təklifinin səslənəcəyini təsəvvürünə belə gətirə bilməzdi.

Rejissor Aleksandr Sokurovun bu çıxışı üç dəfə Sosialist Əməyi Qəhrəmanı, Lenin və Stalin mükafatları laureatı, akademik Andrey Saxarovun 1968-ci ildə Çexoslovakiyaya ordu yeridilməsini pisləyən, Sovet İttifaqının xarici siyasətini pisləyən, ölkədə insan hüquqlarının pozulmasından bəhs edən "Tərəqqi, dinc birgəyaşayış və intellektual azadlıq haqqında düşüncələr" məqaləsinin doğurduğu çaşqınlığa bənzəyir. O zaman heç kimsə akademik A.Saxarovun belə bir məqalə yazacağını gözləmədiyi kimi, rejissor A.Sokurovun prezident Vladimir Putin qarşısında Rusiyadan ayrılmaq istəyənlərə "yaşıl işıq" yandırılmasını təklif etməsini də gözləmirdi. Bu hadisə prezident Putin üçün tamamilə gözlənilməz oldu. Buna görə hazırcavablığı ilə fərqlənən prezident Vladimir Putin rejissora məntiqli cavab verə bilmədi.

Qeyd etmək lazımdır ki, rejissor A.Sokurovun çıxışı ilə akademik A.Saxarovun 43 il əvəl yazdığı məqalə arasında oxşar məqamlar var. Akademik A.Saxarov məqaləsində Sovet İttifaqının xarici siyasətinin səhv olduğunu qeyd edirdisə, rejissor A.Sokurov da Rusiyanın "çox mürəkkəb" xarici siyasət yürütdüyünü, bunun "belə kasıb ölkə üçün çox baha başa gəldiyini"  vurğuladı. Belarus, Cənubi Osetiya və Abxaziya, eləcə də Suriyanın təminatının Rusiyanın üzərində olduğunu bəyan edən rejissor A.Sokurov bu siyasətə son qoymağa çağırdı.

Şimali Qafqazda baş verənləri böyük "siyasi, mədəni, iqtisadi və emosional" problem adlandıran rejissor A.Sokurov bu regionda hakimiyyətin yerli xalqların əlində olduğunu, bu respublikalarda rusların artıq sevilmədiyini və ayrılmaq istədiyini bəyan etdi. Rejissor A.Sokurov 15 dəqiqəlik nitqinin sonunda dedi ki, bizimlə yaşamaq istəməyən hər kəsi azad edək.

Rejissor A.Sokurovun çıxışını cavablandırarkən prezident Vladimir Putinin dəqiq ifadələr tapmaqda çətinlik çəkdiyi aşkar hiss olunurdu. "Bu, çıxış deyil, manifestdir. Vətəndaşlarımızın müəyyən hissəsinin yaşadığı problemlər və qorxular toplusudur.  Siz dediniz ki, indi respublikalar milli xüsusiyyət kəsb ediblər. Bəyəm əvvəllər fərqli idi? Sovet dövründə fərqli idi? Bizimlə yaşamaq istəməyən hər kəsi azad edək" dedin. Sən hardan bilirsən ki, kim bizimlə yaşamaq istəyir, kim istəmir?"

Cavab olaraq rejissor A.Sokurov prezident Putinin sözlərini kəsdi və dedi ki, gəlin yoxlayaq. Ümumiyyətlə, rejissor prezidentin sözünü bir neçə dəfə kəsdi və onunla mübahisə etdi. Bu, Rusiyanın son 10 illik tarixində rast gəlinməmiş bir haldır. Prezident Vladimir Putin rejissor A.Sokurova sual ünvanlaraq dedi ki, siz Rusiya ərazisində Yuqoslaviyanın təkrarlanmasını istəyirsinizmi?

Prezident V.Putin rejissor A.Sokurovun çıxışına hazır olmadığı kimi, Rusiya cəmiyyətinin də bu hadisəyə hazır olmadığı aşkar görünür. Çünki rejissorun çıxışına verilən reaksiyalar göstərir ki, Rusiya cəmiyyəti belə bir inqialbi çıxışa hazır deyilmiş. Müxalif fikirlərin susdurulduğu, Rusiyanın ərazi bütövlüyünü şübhə altına alan fikirlərin cinayət hesab olunduğu bir zamanda ruslarla birgə yaşamaq istəməyənləri azad etmək təklifi rejissor A.Sokurovun adını tarixə yazdı.  

Akademik Andrey Saxarovun 43 il əvvəl yazdığı məqalə Sovet İttifaqının dayaqlarının titrədiyini göstərdiyi kimi, rejissor Aleksandr Sokurovun prezident Vladimir Putin qarşısında çıxışı da Rusiyanın təməllərinin tədricən sarsıldığını göstərir. Belə görünür ki, Rusiyada şüurlarda artıq ciddi dəyişiklik baş verib.

Jurnalist Aleksandr Xots yazır ki, Çeçenistan və bütöv Qafqaz Rusiyanın digər hissəsinin seçiminə hazır deyil. A.Xots eyni zamanda yazır ki, Rusiyanın indiki sərhədləri daxilində mövcud qalması polis rejiminin mövcudluğu ilə bağlıdır. Polis rejimi aradan qalxan kimi İmperiyanın parçalanması prosesinin "donu" açılacaq.

Rusiyanın milli respublikalarının ayrılaraq öz müstəqilliklərini elan etmə haqlarının tanınmasını rus müxaliflər də fəal şəkildə müzakirə edirlər. Hətta Rusiya müxalifəti Putinə qarşı mübarizədə milli hərəkatlarla birgə hərəkət etməyi müzakirə etməyə başlayıb. Bütün bunlar Rusiyanın ictimai-siyasi dairələrində ucqarların ayrılmaq hüququnu və imkanlarını müzakirə edildiyini göstərir. Bu prosesin nə qədər dərinə işlədiyini isə müxalifətlə heç bir bağlantısı olmayan rejissor Aleksandr Sokurovun çıxışı da təsdiqləyir. Aydın görünür ki, Rusiya çox nəhəng və təlatümlü proseslər ərəfəsindədir. Rejissor Aleksandr Sokurovun çıxışı bu prosesin dərin qatlardan gələn tərpəniş səsidir. 

 





15.12.2021    çap et  çap et