525.Az

Ocaqdakı günlər - Almaz Ərgünəş Bəyazid yazır


 

Ocaqdakı günlər -<b style="color:red"> Almaz Ərgünəş Bəyazid yazır</b>

İyirmi beş il öncə "Allaha yaxın insanlar" adlı bir məqalə yazmışdım. Bu məqalədə adətən deyildiyi kimi, şair və yazıçıların yox, məhz həkimlərin Allaha yaxın adamlar olduqlarından bəhs etmişdim.

Amma indi deyirəm ki, həkimlər nəinki Allaha yaxın insanlardır, onlar insanın həyata qaytarılması zamanı ölümlə savaşanda elə Allahın sağ əli olurlar.

Sağlam bədəndə sağlam ruh olur. Bu, həmən ruhdur ki, insan onun sayəsində həyatın gözəlliklərini görə bilir. İnsanlara, təbiətə qarşı sevgi duya bilir. Bu ruhla böyük əsərlər yaranır, ixtiralar edilir. Bu ruhun diktəsi ilə dünyanın sirrini öyrənməyə can atır insan. Yarandığı andan onunla birgə doğulan sirrini bir kimsəyə verməyən insan əsrlərlə baş verən müharibələrə, təbiətin gətirdiyi zəlzələ, qasırğa və s. fəlakətlətlərə meydan oxuyaraq yaşamağa davam edir. Əslində, ölüm deyilən yaşamağın davamı kimi həyatın qanunudur. Amma yenə də həyatın ölüm adlı davamına gec çatmaq istəyirik. 

Dünyanın "Korona" adlı virusun gücü çata bildiyi qədər insanı məhv etdiyi bir çağında yaşayırıq. İnsanların başına eyni bəla gəlib, dinindən, dilindən, irqindən asılı olmayaraq, insanların başına eyni bəla gəlib. Sanki sizə xas olanlar sizi başqalaşdırmır, hər kəs fərqli hər kəs bərabərdir mesajı alırıq. 

Əlac elmdədir. "Göydə Allah, yerdə həkim" deyirik bircə quru nəfəsə möhtac qalanda, boğulanda... Bəli, Allahın sağ əlidir həkim. 

Mən koronanın ağır forması ilə 18 gün "Yeni Klinika"da yatmalı oldum.

İstəməzdim insanların şəfa tapdıqları yer "Klinika", "Xəstəxana" adlansın. Mən o yerlərə insanların şəfa tapdığı Ocaq kimi baxıram. Tarixən Şərqdə xəstəxanalara belə də deyiblər - şəfaxanalar. 

Havasızlıqdan boğulmağa başladığım dəqiqələrdə "Yeni Klinika"nın təcili yardım həkimi evə girdi. Oksigen balonunun üzümə pərçimlənmiş maskası ilə nəfəs dərə-dərə dənizkənarı yolla Ocağa doğru getdim.

Ölüm lap yaxında idi. Minlərlə can alan korona boğazımdan yapışmışdı, məni boğmağa çalışırdı. Ən maraqlısı bu idi ki, mən çox sakit idim. Mən qətiyyən ölümdən qorxmurdum. Doğuluşunu qəbul edən ölümünü xoş qarşılamalıdır. "Ölüm yaşamağın davamıdır", - deyə düşünürdüm. Və məni xilas edən elə bu oldu. Ölümlə dalaşmaq istəməməyim. 

Bircə... Bircə qapıdan çıxanda nəvəm Bəyazidin məni yola salan yaşlı gözlərini xatırlayıb "İstəsən, ona görə yaşat məni", - deyə Yaradanla qısaca danışdım.

Çox geniş, səliqəli, müasir texniki avadanlıqlarla təchiz edilmiş otaq. Mən düz on səkkiz gün bu otağın sakini oldum. Burda mənim qan doğmalarım yox idi, can doğmalarım vardı. Onlar həyatlarını riskə atan həkimlər, tibb bacıları, xəstə baxıcıları idilər. İlk gördüyüm həkim hündürboylu gənc həkim İbrahim Rufullayev oldu. "Yaxşı olacaqsınız", - dedi. O qədər sakit, özünə arxayıncasına dedi ki... Əslində, sakit olan mən daha da ruhlandım. Bəlkə də bu sakitlik həkimlərə olan inamımdan irəli gəlirdi.

- Necəsiz, Almaz xanım?

Çox nikbin, qayğıkeş bir səs eşidib dikəldim.

Bu, koronanın boğazından yapışıb xəstələrini boğmağa qoymayan həkimlərdən birinin - Emil Qasımovun səsidir.

- Beş günə irəliləyişi hiss edəcəksiniz, - dedi.

Bir neçə gündən sonra palataya gəldi və məndə doğrudan da irəliləyiş vardı. Palatadakı boş çarpayıda oturdu, bir qədər söhbət etdik. Artıq çətinliklə olsa da, söhbət edə bilirdim. Dirilirdim... 

Xəstələri inamı, istiqanlılığı ilə ruhlandıran Ağayeva Pərvanə əsl fədakardır. Oğlu əsgərdir. Oğlunun qayıtmasını səbirsizliklə gözləyir. Gecələr tez-tez mənə baş çəkib ehtiyacım olanda dərhal köməyimə qaçdı. Səhərə kimi göz qırpmayan xəstə baxıcıları səslənən kimi xəstələrin yanında olurdular. 

Asta yerişi, sakit danışığı ilə yadımda qalan Zaur həkim də xatirimdədir. 

Ora da döyüş meydanıdır. Amansız xəstəliklə döyüşən baş həkim Musa Abbasov və komandası məsuliyyətli, çox yüklü bir işin öhdəsindən gəlir. Sözün birbaşa mənasında ölümlə savaşırlar.   

- Necəsiz, Almaz xanım? Mən xəstəxananın baş həkimiyəm.  

Gülən gözləri, xoş səsi xəstəliyimi unutdurdu. Mən onda artıq koronanın ağır dönəmini geridə qoymuşdum. Bunu həkimlərin sevindiklərini gördükcə daha yaxşı hiss edirdim.

Xatirimdə qoruyucu mələklər kimi qalmış tibb bacıları Nəzakət, Sevinc, ən gözəl sözlərə layiqsiniz.

Pandemiyanın ilk günlərində "Sevgi vaksini" adlı hekayəm çap edilmişdi. Əgər mən onu indi yazmış olsaydım, daha dolğun, daha gerçək tibb bacısı obrazı yaradardım. Məhz Əhmədova Nərminə, Əhmədova Sevinc, İsmayılova Nəzakət kimi...

Bu ağır dönəmdə bütün mənəvi və fiziki gücünü dəhşətli koronanın məhvinə həsr etmiş həkimlər, siz qəhrəmansınız.

Xəstəxanadan çıxarkən məni yola salan həkim Mirələmova Fərqanə özü kimi həkim həyat yoldaşını səkkiz ay öncə koronadan itirmişdi. Bu itkidən təsirlənmiş həkim xəstələrə qarşı son dərəcə həssas idi.

Budur, mən aylı bir gecədə evimdə oturub bu yazını yazıram. Təbii ki, sizin sayənizdə. Ağ rəngli qoruyucu geyimdə palataları dolaşan həkimlər, tibb bacıları və xəstə baxıcıları, mən sizi heç vaxt unutmayacağam. Sizi mələklər kimi bəyaz xatırlayacağam. 

Bizim taleyimizə insanlığa qənim kəsilmiş iki düşmənlə mübarizə düşdü. Erməni və korona. 

Ölkəmə, xalqıma, bütün dünyaya sağlam ruhlu, sağlam nəfəsli həyat sürmək arzusuyla sizi bağrıma basıram, fədakar həkimlər!

 





15.12.2021    çap et  çap et