525.Az

İkinci Qarabağ müharibəsi Türkiyə mətbuatında - Akif Rüstəmov yazır


 

İkinci Qarabağ müharibəsi Türkiyə mətbuatında -<b style="color:red"> Akif Rüstəmov yazır</b>

Ötən il Azərbaycan tarixində 44 günlük şanlı Vətən müharibəsi ili kimi yadda qaldı. Birinci Qarabağ müharibəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan 30 ildən sonra "Dəmir yumruq" əməliyyatı ilə erməni işğalına son qoydu, Azərbaycan ordusu  nəyə qadir olduğunu dünyaya göstərdi, düşməni darmadağın edərək  tarix yazdı. Elə bir tarix ki, fəxr etməyə, qürur duymağa dəyər.

İkinci Qarabağ müharibəsində Xalq-Hakimiyyət-Ordu həmrəyliyi ən yüksək səviyyədə özünü göstərdi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq, bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir ".

Böyük qələbəmizlə başa çatan Vətən müharibəsində Azərbaycan tək deyildi, qardaş Türkiyə yanımızda idi. Dünya iki qardaş ölkənin dostluğuna, qələbəsinə şahidlik etdi. Bu, "Bir millət-iki dövlət "in  həmrəylik təliminin əyani nümunəsi idi.

Vətən müharibəsində hərbçilərimizin fədakarlığının işıqlandırılmasında Türkiyə mətbuatının əvəzsiz xidmətləri oldu. Müharibə başladığı günlərdən "Sabah",  "Vatan", "Yeni Şafak", " Star ",  "Hürriyet", "Habertürk", "Axşam",  "Yeni söz " və digər qəzetlərdə Ermənistanın işğalçılıq siyasətini pisləyən məqalələr dərc edilir, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizəsi təbliğ olunurdu.

Müharəbə başlayanın səhərisi günü, sentyabrın 28-də "Habertürk " qəzeti Prezident Rəcəb Tayyib Ərdoğanın "Türk milləti bu gün olduğu kimi bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır" mesajını dərc etməklə düşmənə xəbərdarlıq etdi. "Star" qəzeti isə müharibənin ikinci günü Türkiyə Böyük Millət Məclisində təmsil olunan dörd siyasi partiyanın düşmənin Azərbaycana qarşı hərbi hücumunu qınayan bəyanatına yer verdi. Bəyanatda deyilirdi: "Ermənistan 27 sentyabr 2020-ci il tarixində Dağlıq Qarabağda atəşkəsi və beynəlxalq hüququ pozaraq ağır silahlarla Azərbaycanın mülki yaşayış məntəqələrini və hərbçiləri hədəf alan hücumlarını ən sərt şəkildə qınayırıq... Biz beynəlxalq hüquqdan qaynaqlanan özünümüdafiə haqqı çərçivəsində öz xalqını qorumaq və ərazi bütövlüyünü təmin etmək məqsədilə Azərbaycanın həyata keçirdiyi müdafiə tədbirlərini dəstəkləyirik". 

Vətən müharibəsinə qədər Ermənistanda təkcə siyasətçilər yox, sıravi vətəndaşlar da "Artsax (Qarabağ-A.R.) heç vaxt Azərbaycanın tərkibində ola bilməz" fikrini həyasızcasına bütün dünyaya car çəkirdilər. İndi isə hər yerdən əli üzülən ermənilər ümidlərinin həyata keçməsində fəaliyyətsiz Minsk qrupunu arzulayırlar. Türkiyənin dövlət başçısı Minsk üçlüyünü Qarabağ problemini həll etməmək üçün əlindən gələni etdiyini, "Artıq hesab vaxtı gəldi" deyərək bu problemi Azərbaycanın həll etmək məcburiyyətində qaldığını bildirdi.

Ermənilər nə qədər hay-küy salsalar da, xeyri yox idi.  "Yeni Şafak " ( 2 oktyabr 2020) qəzetinin yazdığı kimi, "Bu regionda davamlı sülhün yolu ermənilərin işğal etdikləri hər qarış  Azərbaycan torpağından geri çəkilmələrindən keçir".

Yalan üyütmək, həqiqəti danmaq, böyük-böyük danışmaq bu xalqın xəstəliyidir. Ermənistanın baş naziri Nikol Paşinyan da bu xəstəliyin daşıyıcılarındandır. Onun "Tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib" sayıqlaması erməni mətbuatında geniş yayılmışdı. Azərbaycan əsgərlərinin ayaq səslərindən qorxuya düşərək müxtəlif ölkələrin dövlət  başçılarına zəng edib müharibəni dayandırmağı yalvaran baş nazir və onun ətrafı Azərbaycan ordusunun müzəffər yürüşünün qarşısını almaq gücündə deyildi. Çünki düşmən  döyüş meydanında ordusunun  80 faizini itirmişdi. Ermənistanın sabiq baş naziri Qrant Baqratyan jurnalistlərlə  görüşündə etiraf etmişdir ki, bu, məğlubiyyət deyil, bu, darmadağındır.

Noyabrın 8-də, Bayraq günü ərəfəsində Azərbaycanın musiqi beşiyi, Qarabağın döyünən ürəyi Şuşanın işğaldan azad olunması müharibənin taleyini həll etdi və ordumuz strateji üstünlük qazandı. Vəziyyətin çıxılmaz olduğunu görən, döyüşdə xeyli əsgər itirən Ermənistan kapitulyasiya-təslim oldu. Şuşanın işğaldan azad olunduğu gün - 8 Noyabr respublikamızda Zəfər günü kimi qeyd edilərək əbədiləşdirildi. Yeri gəlmişkən, Şuşa ilə bağlı erməni həyasızlığını qeyd etmək  istərdim. Ermənilər Şuşanın, həm də Hadrutun itirilməsini həzm edə bilmirlər. Nəyin bahasına olursa-olsun onları geri qaytarmaq üçün yollar axtarırlar. Xaricdəki havadarlarını da köməyə çağırırlar. Məsələn, Qüdsün erməni patriarxı arxiyepiskop Nurlan Manukyan Rusiya Prezidenti V.Putindən Şuşa və Hadrutun ermənilərə qaytarılmasını xahiş edib. Məğlubiyyətin acısını yaşayan erməni mümkün olmayanı xahiş edir.

Suşanın işğaldan azad olunmasına ən çox sevinənlərdən biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Türkiyə mətbuatı onun Şuşa ilə bağlı aşağıdakı bəyanatını yayımladı: "Türkün qılıncı ilə alınan və şəhidlərin qanı tökülən torpaqlarda düşmənin yaşaması haramdır. Türkün ata qanunu".

2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistanın dövlət başçıları tərəfindən atəşkəs bəyanatı imzalanır.Türkiyə mətbuatı sanki bu günü səbirsizliklə gözləyirdi. Qəzetlərdə atəşkəslə bağlı rəsmi dövlət adamlarının bəyanatları qəzetlərin manşetinə çıxarıldı.

 "Sabah"qəzeti (11 noyabr 2020 ) "Hulusi Akar Azərbaycanla bağlı açıqlama verib " başlıqlı yazıda müdafiə nazirinin ürək sözlərini öz oxucularına çatdırır:  "İşğal altında olan torpaqlarını geri almaq, Ermənistanın barbar hücumlarına son qoymaq üçün haqlı mübarizə aparan və bu mübarizəni üzüağ, alnıaçıq şəkildə başa çatdıran azərbaycanlı qardaşlarımızın zəfərini təbrik edirik. İmzalanan atəşkəs razılaşmasındakı şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və sabitlik mühitinin yenidən təmin olunması müddətində də can azərbaycanlı qardaşlarımızla tək ürək olmağa davam edəcəyik".

Türkiyə İkinci Qarabağ müharibəsində Azərbaycana yalnız siyasi və mənəvi dəstək verib, bu dəstəyi heç vaxt gizlətməyib. Bu dəstək hələ yüz il əvvəl də Qafqaz İslam Ordusunun Bakının işğaldan azad edilməsində özünü göstərdi. Türkiyə mətbuatı müharibənin gedişində baş verən yenilikləri diqqətlə izləyir, hadisələrə operativ reaksiya verirdi. Elə indinin özündə də dünya mətbuatında Qarabağla bağlı yazılardan nümunələr dərc edir. Bunlar əsasən müharibənin müqəddəratını həll edən qəhrəman əsgərlərimizə və Türkiyənin silahlı pilotsuz aparatına həsr olunmuş yazılardı. Bir fakta diqqət edək. Təkcə keçən ilin noyabr ayında "Sabah" qəzetində İngiltərənin "Time", "Gardian", Almaniyanın "Tagesschau" xəbər saytında getmiş yazıların maraqlı xəbər başlıqları yer alıb.

Müharibədə və ideoloji cəbhədə uduzan düşmən ölkənin xarici işlər naziri Zöhrab Mnasakanyan bütün günahları qardaş Türkiyədə görür. 

 "Arka.am "saytına verdiyi müsahibədə nazir: "Biz var gücümüzlə çalışacağıq ki, Türkiyə Cənubi Qafqazda gərginlik yaratmasın" - sayıqlamasını yayıb. Mnasakanyan iki qardaşın yaxınlaşmasından narahatdır.

Prezidentlər İlham Əliyev və R.T.Ərdoğanın "Habertürk"ə verdikləri  müsahibələrdə  "Türkiyə olmadan problemin həllinin qeyri-mümkün olduğunu" və  "Biz haqqın və haqlının yanındayıq" ifadələri Mnasakanyana və onun kimi düşünənlərə tutarlı cavabdır. Bir sözlə, erməni nə düşünür, nə fikirləşir özü bilər, Türkiyə-Azərbaycan qardaşlığı yüksək səviyyədədir və heç kəs bu qardaşlığı poza bilməz.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında uzun illər həsrətlə gözlədiyimiz Qələbəyə  həsr olunmuş Zəfər paradı keçirildi. İki qardaş respublikanın prezidentinin iştirakı ilə keçirilən Qələbə paradını Türkiyə mətbuatı layiqincə işıqlandırdı. Bu yazıların içərisində "Zəfər və qürur günü " ("Yeni Şafak "), "Türkün gücü " ("Sabah"), "Türkün zəfər günü" ( "Axşam"),  "Qürur günü " ("Milliyet"),  "Qardaşların zəfəri" ("Yeni mesaj"), "Türk birliyinin zəfəri" ("Türkiyə"), "Azərbaycan dastan yazmağa davam edəçək" ("Yeni söz"),  "Bakıda zəfər keçdi" ("Yeni çağ") sərlövhəli məqalələri xüsusilə qeyd etmək lazımdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunmuş Zəfər paradında çıxışını bütün türk dünyası üçün qürur kimi dəyərləndirmək olar. Prezident çıxışında Azərbaycanın yanında olduğunu bir daha bütün dünyaya göstərdi. Türkiyə mediası bu tarixi çıxışı geniş işıqlandırdı. Rəcəb Tayyib Ərdoğan çıxışında bunları dedi: "Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün  burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm. Qarabağ Azərbaycandır! Qarabağ artıq ana vətəni ilə qucaqlaşmış, otuz illik həsrət sona çatmışdır. Bundan sonra Türkiyə və Azərbaycan olaraq hədəfimiz bu torpaqları firavan, inkişaf etmiş, övladlarımız üçün yaşana bilən bir yerə çevirmək uğrunda mübarizə aparmaqdır. Türkiyə  və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir ". 

Təəssüf ki, məğlubiyyətdən nəticə çıxarmayan Ermənistandakı separatçı qüvvələr son günlər yeni müharibə çağırışları edirlər. Görünür, böyük qardaşının "humanitar yük" adı altında göndərdiyi hərbi yüklər onları dingildədir. Separatçılara Prezident İlham Əliyevin cavabı çox çəkmədi: "Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, "Dəmir yumruq" yerindədir.

 





16.12.2021    çap et  çap et