525.Az

“Gürcüstan, Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyini də təmin edəcək”


 

“Gürcüstan, Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyini də təmin edəcək”<b style="color:red"></b> Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri arasında gələcək əməkdaşlıqla bağlı çox geniş fikir mübadiləsi aparılıb.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev üç ölkənin dövlət başçılarının Tiflisdə keçirilən zirvə toplantısının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
 
Prezident İlham Əliyevin fikrincə, zirvə görüşünün əsas nəticəsi ondan ibarətdir ki, Gürcüstan, Türkiyə və Azərbaycan bir daha üçtərəfli formatda dostluq, qardaşlıq əlaqələrini təsdiqlədilər: “Bu, çox önəmlidir. Çünki bizi birləşdirən layihələr həm ölkələrimiz, xalqlarımız, həm də qonşularımız və qitə üçün əhəmiyyətlidir. Vaxtilə uğurla icra edilmiş neft-qaz, nəqliyyat, investisiya layihələri bizim ölkələrimizi daha sıx birləşdirir. Onu da deyə bilərəm ki, bu üçtərəfli format artıq dünya miqyasında böyük maraq doğurur. Bu, əslində unikal formatdır. Çünki burada üç müstəqil dövlət qarşılıqlı maraq və hörmət əsasında xalqlarımızın maraqlarına cavab verən müasir, mədəni, bərabərhüquqlu münasibətlər qurub. Bizim münasibətlərimiz əməkdaşlıq üzərində qurulub. Bu əməkdaşlıqdan hər bir ölkə böyük fayda götürür”.
 
Azərbaycan prezidenti qeyd edib ki, bu gün dünyada enerji məsələsi ən vacib məsələdir: “Bu üç ölkə öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir. Bu da bizim əməkdaşlığımızın gözəl nəticəsidir. Gələcəkdə bu üç ölkə Avropanın enerji təhlükəsizliyini də təmin edəcək. Yəni bu gün burada aparılan danışıqlar və müzakirələr Avropa üçün böyük əhəmiyyət daşıyır. “Şahdəniz 2” layihəsinə start verilib. “Şahdəniz 2”, Trans Anadolu və Trans Adriatik qaz kəmərlərinin inşası Avropanın bir nömrəli infrastruktur layihələridir. Bu layihələrə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollar olacaq. Bu vəsaiti də biz qoyacağıq ki, maraqlarımızı təmin edək və Avropanın enerji təhlükəsizliyinə də öz töhfəmizi verək. Bu layihələrin icrası nəticəsində 10 minlərlə yeni iş yerləri açılacaq, biznes imkanları yaranacaq. Bu gün fikir mübadiləsi apardıq ki, bizim biznes strukturlarımız bu layihələrdə fəal iştirak etsinlər və buna hazır olsunlar. İnvestisiya imkanlarımızı daha da genişləndirəcəyik. Yəni bizim ölkələr xarici sərmayədarlar üçün daha da böyük məna daşıyacaq. Bu da hər bir ölkənin marağındadır. Azərbaycan ən böyük investisiyaları Türkiyə və Gürcüstana edir. Bu da bizim birliyimizin təzahürüdür. Bütün təşəbbüslərimizin təməlində xalqlarımızın iradəsi, güclü siyasi iradə dayanır. Əsas şərt budur. Bu təməl üzərində də biz münasibətlərimizi qururuq”.
 





06.05.2014    çap et  çap et