525.Az

Forpostun Gömrük İttifaqındakı boş yeri: Minsk fiaskosu


 

Forpostun Gömrük İttifaqındakı boş yeri: Minsk fiaskosu<b style="color:red"></b>

Serj Sarkisyan Gömrük İttifaqına üzv olan dövlətlərin Minsk sammitinə getmədi. Ekspertlər bunun səbəbini müxtəlif amillərlə izah edirlər. Bir sıra erməni ekspertlər hesab edir ki, Ermənistanın xarici siyasətinin səmərəsizliyi ölkəni çətin vəziyyətə salıb. İndi rəsmi Yerevan tamamilə Kremlin göstərişləri ilə oturub-durur. Bu cür vəziyyət Ermənistanı getdikcə daha böyük miqyasda xarici dairələrdən asılı hala sürükləyəcək. Bunlar ölkənin Avrasiya İqtisadi İttifaqından imtina etməsi anlamına gəlmir. Onu Gömrük İttifaqına da daxil edəcəklər. Lakin əsas məsələ ondan ibarətdir ki, həmin prosesdə Ermənistan tam asılı vəziyyətə düşəcək.

Minskə aparan yolun bağlanması

Rusiya, Belarus və Qazaxıstan dövlət başçılarının Minsk görüşünə Ermənistan iqtidarı müəyyən ümidlər bəsləyirdi. Ölkənin Gömrük İttifaqına qəbul edilməsi prosesində bu, mühüm addımlardan biri olmalı idi. Belarusun paytaxtında Avrasiya İqtisadi İttifaqı (Aİİ) adlandırılan yeni təşkilatın yaranma tarixi də dəqiqləşməli idi. Ancaq bütün bu nikbin proqnozları Aleksandr Lukaşenko şübhə altına atdı.

Əslində, Ermənistana münasibətdə problemin mürəkkəbliyində yalnız Gömrük İttifaqını yaradan dövlətlərin öz aralarındakı fikir ayrılığından çox geosiyasi dinamikanın konkret əlamətləri rol oynayır. Yerevan üçün vəziyyəti çətinləşdirən, hər şeydən əvvəl, özünün yeritdiyi qeyri-müəyyən və tərəddüdlü xarici siyasətdir. Bunu erməni ekspertlər açıq etiraf edirlər (bax: məs., Саргис Арутюнян. В неучастии Армении в минском саммите "нет ничего странного" / "Радио Азатутюн", 29 aprel 2014).

Daha sərt mövqe tutan ekspertlər isə S.Sarkisyanı faktiki olaraq ölkəni çıxılmaz vəziyyətə saldığına görə kəskin tənqid edirlər. Q.Qriqoryan bu kontekstdə yazır: "Serj Sarkisyan indi bütün bu dolaşıqlıqdan çıxmağa məcburdur. Axı, məhz o, açıqca avropalılara "atdı" (ifadə Q.Qriqoryanındır – Newtimes.az). Putinlə məhrəm söhbətdən sonra Gömrük İttifaqına daxil olmaq üçün hazır olduğunu və hətta sinov getdiyini bəyan etdi. Axı, məhz onun təlimatı ilə Ermənistan Gömrük İttifaqına daxil olmaq üçün elə canfəşanlıq göstərdi ki, Rusiya diplomatları və siyasətçiləri heyrətlə təəccübləndilər" (bax: Галуст Григорян. Минский закат путинской России / "Armenian Report", 30 aprel 2014).

Ermənistanın keçən ilin payızında xarici siyasətdə bu cür kəskin dəyişiklik etməsi V.Putini razı salsa da, Yerevanın etibarsızlığı imicini möhkəmlətdi. A.Lukaşenko və N.Nazarbayev çox yaxşı dərk edirlər ki, Brüsseli aldadan erməni onlara da sadiq olmayacaq. Digər tərəfdən, Moskva, Minsk və Astana Yerevanın nəyə görə belə hərəkət etdiyini gözəl bilirlər. Ermənistan bununla Dağlıq Qarabağ problemini uzatmaq üçün manevr edir. Eyni zamanda, Azərbaycanla Gömrük İttifaqına üzv olan ölkələr arasına nifaq salmağa çalışır. Bu vəziyyətdə Yerevan üçün problemin ədalətli həllini uzatmaq üçün əlavə fürsət yaranır.

Lakin Belarus və Qazaxıstan rəhbərliyi ehtiyatlı davranırlar. Onlar Azərbaycanla münasibətləri korlamaq niyyətində deyillər. Bu səbəbdən, Ermənistanın Gömrük İttifaqına hansı şərtlərlə və çərçivədə qəbul ediləcəyi məlum deyil. Minsk sammiti ərəfəsi tərəflərin 111 maddə üzrə razılıq əldə etdiyi bildirilirdi. Qalan 25 maddə sazişə əlavə ediləcək. Bunun iyunun 1-də baş verəcəyi gözlənilir. Lakin ekspertlər bir sıra məqamları nəzərə almağı tövsiyə edirlər.

Məsələ ondan ibarətdir ki, Avropa İttifaqı Ermənistanla assosiativ sazişin siyasi hissəsini imzalamağın mümkünlüyü haqqında fikir söyləyib. Konkret olaraq, Qərb Ermənistanın siyasi suverenliyinə təminat almaq arzusundadır. Yerevan isə buna hələlik cavab verməyib. Kremlin ona bu imkanı verəcəyi gözlənilmir. Buna baxmayaraq, Ukrayna hadisələrində Moskvanın tutduğu mövqe erməni rəhbərliyində müəyyən ehtiyatlılıq yaradıb. Bu səbəbdən, Minskdə Ermənistanın yüksək səviyyəli məmurla təmsil olunmaması təsadüfi görünmür. A.Lukaşenkonun iradları kontekstində bu, maraqlı təsir bağışlayır (bax: Геворг Мирзаян. Мужской разговор / "Эксперт Online", 30 aprel 2014).

Belarus prezidenti Rusiyanı Gömrük İttifaqında birtərəfli mövqe tutmaqda açıq ittiham edib. Belə ki, Moskva Belarusa verdiyi xam neftə görə gömrük haqqı alır, ancaq ondan aldığı neft məhsullarına görə gömrük haqqı ödəmir. Aprelin 22-də Belarus xalqına və Milli Məclisə müraciətdə A.Lukaşenko həmin kontekstdə deyib: "Gəlin, hər bir məhdudiyyəti aradan qaldıraq. Ancaq əgər bu gün yalnız müqaviləni imzalamağa hazırıqsa, məhdudiyyətləri isə 10-15 ildən sonra ləğv etmək istəyiriksə, onda sazişi də həmin vaxt imzalayarıq" (bax: Союз в пользу бедных / "Gazeta.ru", 28 aprel 2014.).

Geosiyasi risk mənbəyi: erməni siyasətinin mahiyyəti

Bunlar kifayət qədər ciddi iradlardır. Onu deyək ki, yalnız belaruslar etiraz etmirlər. Keçən ilin oktyabrında N.Nazarbayev Gömrük İttifaqına üzv olduqdan sonra ölkənin ixracının 7 milyard ABŞ dolları həcmində azalması fonunda idxalın 17 milyard dollar artdığını narahatlıqla bildirib. Elektrik enerjisi və qaz nəqli sahəsində Moskva ilə ümumi dil tapılmadığı qeyd edilib. Qazaxıstan ərzaq məhsullarının Rusiya bazarına aparılması üçün də çətinliklərin olduğunu vurğulayan qazax lider bu vəziyyətin onları düşündürdüyünü açıq bildirib (bax: əvvəlki mənbəyə).

Bu "alovun" üstünə V.Jirinovskinin bir fikri yanacaq atıb. O, Mərkəzi Asiya ölkələrinin müstəqilliyini ləğv etmək haqqında danışıb. Doğrudur, xarici işlər naziri S.Lavrov dərhal belə şeylərə fikir verməməyi məsləhət görmüşdü. Ancaq həm bəzi rusiyalı siyasətçilərin Qazaxıstanın şimal əyalətlərində yaşayan rusdillilərin hüquqlarının qorunmasından danışması, həm də Ukrayna hadisələri rəsmi Astananı ehtiyatlandırıb (bax: əvvəlki mənbəyə).

Bir sıra ekspertlər hesab edirlər ki, A.Lukaşenkonun iradları V.Putini fikrindən döndərə bilməyib. Rusiya prezidenti son nəticədə ortaq neft-qaz bazarı yaratmaq haqqında razılıq əldə edə bilib. Bunu 2025-ci ilə qədər həyata keçirmək nəzərdə tutulub. Həmin dövrə qədər mərhələli qaydada müəyyən proqramlar həyata keçməlidir. O cümlədən, 2015-ci il yanvarın 1-də Avrasiya İqtisadi İttifaqı fəaliyyətə başlamalıdır (bax: Андрей Колесников. Баланс президентский / "Коммерсантъ", 30 aprel 2014).

Bunlara baxmayaraq, Gömrük İttifaqı daxilində bəzi prinsipial məsələlərə fərqli yanaşmaların olması şübhə doğurmur. Ermənistan həmin məqamdan yararlanıb, hələlik kənarda dayanır? Bu suala müsbət cavab vermək çətindir. Erməni ekspertlərə görə, S.Sarkisyan Minskə Kremlin göstərişi ilə getməyib. Bununla Rusiya Ukrayna hadisələrinin səngiməsini gözləyir. Hələlik postsovet məkanında bu məsələyə görə müəyyən narahatlıq vardır. Ermənistanın belə bir vəziyyətdə Gömrük İttifaqına daxil olmasından Qərb anti-Rusiya təbliğatı üçün istifadə edə bilər.

Lakin bunlar məsələnin bir tərəfidir. Aydındır ki, Ermənistanın Minskdə Gömrük İttifaqına üzv edilməsi təxirə salınıb. Onu da qəbul etmək lazımdır ki, erməni rəhbərliyi daxildə ola biləcək etirazlardan indiki həssas məqamda ehtiyatlanır. Bunlarla yanaşı, rəsmi Yerevanın təbiətinə xas olan tərəddüdlər də burada rol oynayır. Onların bu günə qədər konkret müəyyənləşmiş xarici siyasət kursu olmayıb. Bütün hərəkətləri təcavüzkarlığa və havadarlarının dəstəyinə hesablanıb. Bu səbəbdən, geosiyasi vəziyyət mürəkkəbləşən kimiErmənistan aciz duruma düşür.

Yerevanın Minsk fiaskosu Ermənistanın Gömrük İttifaqına daxil olmayacağı anlamına gəlmir. Əksinə, fövqəladə bir hadisə baş verməsə, onu iyunun 1-də həmin təşkilata qəbul edəcəklər. Bununla yanaşı, proseslər bir həqiqəti tam təsdiq edir: Ermənistan real olaraq müstəqil ölkə deyil! O, kənardan verilən göstərişlərlə hərəkət edir. Məsələnin də mahiyyəti bundan ibarətdir. Forpost hansı statusla Gömrük İttifaqı və Avrasiya İqtisadi İttifaqına üzv ola bilər?

Bu sual ilk növbədə erməni siyasətçiləri düşündürməlidir. Regionda geosiyasi dinamika aspektində isə bunu narahatedici faktor kimi qiymətləndirmək olar. Çünki qeyri-müəyyənlik və xarici qüvvələrdən asılılıq bütövlükdə bölgənin gələcəyi üçün ciddi təhlükələr yaradır. S.Sarkisyanın Minskə getməməsi bu mülahizələr prizmasından normal görünür. Buna baxmayaraq, zaman Yerevanın qəti geosiyasi seçim etməsini tələb edir. Daxili gərginliyin artması fonunda bunun nə dərəcədə real olduğunu demək çətindir. Görünür, yaxın perspektivdə Ermənistanın xarici siyasətində konkretlik gözləmək əbəsdir.

Newtimes.az

 





07.05.2014    çap et  çap et