525.Az

Tapacağam səni (Lirik poema)


 

Tapacağam səni <b style="color:red">(Lirik poema)</b>

Əkrəm Qaflanoğlu

 

                                  

Bu, xahiş deyildi,

Bu, minnət deyildi,

Ərşə dirənən

Körpə  nidası idı.

Vıyıldayan güllə səsi,

Tankların tırtıl vahiməsi

"Şuşanın başı dumanlı"

Olan bir vaxtda

Can harayında, 

Can həşirində olan insanlar,

Vahimə burulğanında

Çapalayan, əl-qol atan

                     zavallılar

Pərən-pərən  düşdülər...

Bir körpə unuduldu -

Atamı unutdu, anamı unutdu,

Söyləmək çətin.

Özlərinə gələndə,

Ananın fəryadı dirəndi ərşə,

Atanın ürəyi parça-parça oldu.

Ahları pərcimlədi

Yerləri göylərə -

O zaman  körpə

Can hayında idi;

Çarpayının altında

Göz yaşı yox,

Qan ağlayırdı...

Qəfil evə soxulan,

Züriyyəti olmayan

Bir ailənin " övladı" oldu.

Əsirlik yazıldı

tərcümeyi-halına...

Gör necə sitəm,

Gör necə taledi-

Öz torpağında  doğulan,

Azadlığı boğulan

Körpəyə bir gün

Ana dilini bilən -

 biri rast oldu.

Yer-göy onun idi!

Ana dilinin şirinliyi

Canına axanda

Sanki bəxtəvəriydi dünyanın.

Dil-dil ötdü,

Qarşısındakının dizindən öpdü,

Naçar qaldığını görüb,

Uzatdı kuklasını ona:

-Əmi, götür bu kuklanı,

Qoy sənin olsun.

Ata-anama apar məni!!!

Qubar könülləri, şad olsun...

O körpənin qolları

Uzana qaldı.

Ata-ana boynuna  həsrət qollar

Dolandı  kukla boynuna...

...Bağlayıb qapı-bacamı

hönkür-hönkür ağladım

Sənin taleyinə.

Allahdan arzu dilərəm,

Min sitəmə dözərəm

Qanım axsa belə,

Canım çıxsa belə,

Son nəfəsimdə

Qolundan tutub

Səni çatdıracağam

Həsrətlilərinə.

Əlinə qurban  balam,

Dilinə qurban  balam...

Nəfəsisən bu gün Şuşanın,

Ürəyisən bu gün Şuşanın

Oxuyan bülbülüsən,

Həm gülüsən Şuşanın.

Bir laylanın qanadında,

Titrək gülün ləçəyində,

"40 pilləkən"

ətəyində

Nisgilin  töküləcək...

Atan-anan yanında,

Sevınc yaşı kirpiyində

Bir gün uzanacaq

 Qolların

atlı oğlana sarı.

Göydən alma yox,

Azadlıq düşəcək!

Azadlığın gələcək!

 





07.05.2014    çap et  çap et