525.Az

BANM Texas Universitetləri ilə əlaqələr qurub


 

BANM Texas Universitetləri ilə əlaqələr qurub<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən Hyuston Universitetinə səfər edib.

BANM-dan Lent.az-a verilən xəbərə görə, hər iki təhsil ocağı arasında mütəxəssis hazırlığında əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb.

Görüş çərçivəsində tərəflərin birgə əməkdaşlıq proqramları vasitəsi ilə ABŞ- Azərbaycan, hər iki ali təhsil müəssisəsi arasındakı əlaqələrin inkişafına töhfələr verilməsi, elmi-tədqiqat və peşəkar inkişaf sahələrində akademik proqramların həyata keçirilməsi, təhsil, elmi-tədqiqat, professor-müəllim heyəti və tələbə mübadiləsi istiqamətlərində beynəlxalq təcrübənin zənginləşdirilməsi məsələləri müzakirə olunub. Müəyyən ixtisaslar üzrə birgə mütəxəssis hazırlığının konkret istiqamətlərinin müəyyənləşdirilməsi haqqında qərar qəbul edilib.

Müzakirələrin nəticəsində BANM ilə Hyuston Universiteti arasında gələcək birgə əməkdaşlığın inkişafı üçün əsas rol oynayacaq Anlaşma Memorandumu imzalanıb.

Nümayəndə heyəti Hyuston şəhərinin universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.

Nümayəndə heyəti Hyuston şəhərində fəaliyyət göstərən, ABŞ-ın 100 qabaqcıl universiteti sırasında 18-ci yeri tutan özəl Rays Universitetində də görüş keçirib.

Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin yaranma tarixi, əldə etdiyi uğurlar və fəaliyyətinin əsas hədəfləri haqqında məlumat verərək beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet təşkil etdiyini bildirib.

Daha sonra görüş iştirakçıları hər iki ali təhsil müəssisənin magistr hazırlığı, doktorantura təhsili, ixtisasartırma və yenidənhazırlama kurslarının birgə həyata keçirilməsi ilə bağlı bir sıra məsələlər ətrafında müzakirələr aparıb.

 





08.05.2014    çap et  çap et