525.Az

Yubiley yaşın mübarək, Səyyad Aran! - Tehran Əlişanoğlu yazır


 

Yubiley yaşın mübarək, Səyyad Aran! -<b style="color:red"> Tehran Əlişanoğlu yazır</b>

Deyirlər, Səyyad Aranın 70 yaşı tamam olur. Yazıçı, publisist, Əməkdar jurnalist, ictimai-siyasi xadim Səyyad Aran. Gözəl insan, ziyalı vətəndaş, ədəbiyyat və elm adamı Səyyad Aran. Nə demək olar, şair sözüdür, bir Örnək-nümunə var bizdən qabaqda. Yubiley yaşın mübarək, Səyyad Aran! 

Səyyad Aran ədəbiyyat aləmində yeri, sözü, mövqeyi olan yazıçıdır. Bunu bizə onun az qala beş onillik yaradıcılıq əzmi: mənəvi gözəlliyini, estetik təravətini, ictimai kəsərini heç zaman itirməyən yaradıcılıq dünyası deyir; hekayələri, povestləri, romanları, publisist əsərləri, elmi və ədəbi tənqid yazıları deyir; zamanları aşıb-gələn kitabları: "Körpü" (1983), "Soyuq günəş" (1996), "Xaosdan sabitliyə" (1999), "Təmizlik kağızı" (İstanbul, 2010), "Sandıqda qalan muştuluq" (2012), "Sazaq" (2016), "Başdaşı" (2020), "İrəvana gedən yollar" (2021) xəbər verir. 

Səyyad Aran elə şeylərdən yazır, daima elə mətləblərə toxunur ki, cəmiyyətdə, mühitdə, ətraf aləmdə məhz insan ağrılarının mənbəyidir, insanı insan olmağa qoymayan, mənəvi əzablara, sarsıntılara düçar edən səbəblərdir. Bu növ nəsnələrə toxunan əsərlərə bir zamanlar mənəvi-əxlaqi mövzuda nəsr deyirdilər; bugün bu yaşamlar az qala laqeydcəsinə içimizdən, ətrafımızdan çəkilirsə də, Səyyad Aran nəsrində yenə də qalır. Səyyad Aran elə yazmağı bacarır ki, yazdıqları ilə büsbütün oxucunun qəlbinə girir, məhz onu (Oxucunu) ifadə etdiyinə inandırır; onu ağrıdır, sevindirir, düşündürə bilir... 

Səyyad Aran yaxşı hekayəçidir; hekayələrini ədəbi mətbuatda, "525-ci qəzet"də, "Ədəbiyyat qəzeti"ndə ardıcıl dərc etdirməklə yanaşı, "Körpü" (1983), "Sandıqda qalan muştuluq" (2012), "Sazaq" (2017) kitablarında toplamışdır. Səyyad Aranın hekayəçiliyindən vaxtilə iki yazı yazmışam (2013 və 2017-də); sadəcə yubiley günüdür deyə təkrar yada gətirirəm. Həyatdan zövq və şövq duyan qəhrəmanlar, ağlayan qəhrəmanlar, halal qəhrəmanlar, sosial aktuallanmış qəhrəmanlar, mənəviyyat sahibi qəhrəmanlar, müdrik qəhrəmanlar... - yazıçı hekayələrində Azərbaycan insanını ən müxtəlif sosial-psixoloji situasiyalarda, sərt həyat həqiqətləri ilə üz-üzə təqdim-təsbit-kəşf edir; mənəvi varlığını ortaya qoyur, şərh edir. Zamanlar dəyişsə də, sosial qaydalar - oyun şərtləri bir-birini əvəzləsə də, mühit amansız boz sifətini daha da göstərsə də, Səyyad Aran nəsrində onu anidən tanıyırsan: o, bizimkidir, Azərbaycan insanı!; mental saflığına, sadəzəmirliyinə, türk sayalığına sığınıb yaşamağına yenə davam edir...
Səyyad Aran həm də gözəl, təsirli, sirayətedici povestlər - uzun hekayələr ustasıdır. Povestlərini yazıçı "Soyuq günəş" (1996) və "Sazaq" (2017) kitablarında toplamışdır: "Təmizlik kağızı", "Soyuq günəş" və "Balıq günü". Səyyad Aran uzun hekayələrində elə bir ölçülü-biçili, ardıcıl, amansız süjet gərginliyi yaradır ki, sözün yeri yox, finalda, oturub sadəcə baş verənlərə ağlamaq istəyirsən; bərk ağlamaq istəyirsən - qəhrəmanın halına və daha da çox öz məcmu (ictimai) halımıza. Yazıçının hər bir qəhrəmanının uzun hekayəsi - katarsis əhvalatlarıdır. Repressiya hadisələrini bizə yaşadıb, atasının bəraətinə belə doyunca sevinə bilməyən balaca qəhrəmanın qəfil ölümü ilə də ("Təmizlik kağızı"); milis idarəsinə düşmüş ziyalı qəhrəmanı - müəllimin sosial gərginlik, basqı və istintaq içrə "rüsvayçılıq" ağrıları ilə də ("Soyuq günəş"); balıqçı qəhrəmanın ailə deyingənliyiylə başlanıb, kənd dəyərlərini çözələyib, Qarabağ müharibəsinə baş vurub, zəhmət halallığı üzərində qərar tutmuş dünyasının bir şəhər məhəlləsində "qonşu dava"sında çiliklənməsi ilə də ("Balıq günü")... - yazıçı bizi bir daha, bir daha "ictimai təmizlənmə" ritualına dəvət edir... 

O da maraqlıdır ki, otuz illik müharibə dönəmində Səyyad Aran heç zaman birbaşa Qarabağ mövzusunda yazmamışdır; həmişə də müharibənin tərs üzündən, mənəvi təlatümlərindən, cəmiyyət həyatındakı sərgüzəştlərindən yazmışdır. Lakin son illərdə yazıçı bir-birinin ardınca Qarabağ müharibəsindən iki roman yazdı: "Başdaşı" (2013-2019), "İrəvana gedən yollar" (2020) və uğurla özünü romançılıqda da təsdiq etdi. Sanki yazıçı intuisiyası Vətən müharibəsini xəbər verirdi. Real faktlar və bir qədər qrotesk ifadə tərzində qələmə alınmış "Başdaşı" romanı Birinci Qarabağ savaşının acı nəticələrindən, cəmiyyətdə yaratdığı çıxılmazlıq durumu və şok effektindən söz açır. Romanın sonluğu sanki yeni müharibənin qaçılmazlığını, xalqın onu bəlalardan qurtaracaq xilaskar amacı, intizarında olduğunu qeydə alırdı.

Səyyad Aranın "İrəvanın yolları" romanı isə (kitab variantından fərqli olaraq, əsərin ilk adı belə idi və mən bu adı daha uğurlu hesab edirəm) bilavasitə Vətən müharibəsi gedişində "Ədəbiyyat qəzeti"nin 2020-ci il oktyabr-dekabr saylarında dərc olunmuş, Ali Baş Komandan ətrafında bir yumruq kimi birləşən xalqı, cəmiyyəti şəksiz qələbəyə inam hissilə daha da ruhlandırmışdır. Romanda ilk qələbə sevinclərini müjdələyən 2016-cı ilin dörd günlük Aprel döyüşləri təsvir predmetidir və Lələtəpənin alınması uğrunda uğurla bitən zəfər döyüşləri ilə birgə, həm də ilk Qələbədən doymazlıq, tam Qələbə ehtirası və intizarı, Qələbə draması və nikbin faciə notları, əhvalı, fakturasını da təcəssüm etdirir. "İrəvanın yolları" romanı II Qarabağ müharibəsinin proloqu, habelə döyüş təsvirlərinin, qələbə addımlarının, o cümlədən, xalqın, cəmiyyətin və ordunun mənəvi birliyi, qələbə əzmi və Qələbəsinin öncəgörümü baxımından Vətən müharibəsinin təntənəli üvertürası kimi səslənir...

Səyyad Aranın nəsr yaradıcılığı ilk gündən son əsərlərinəcən daim marağa səbəb olmuş, Xalq yazıçısı Anarın dediyi kimi: "İlk hekayələrindən həyata bələdliyi, insan talelərinə dərindən nüfuz etməsi, dilinin və təhkiyəsinin şirinliyi ilə diqqəti cəlb edib"dir. Yazıçı haqqında ayrı-ayrı zamanlarda tanınmış söz adamları, ədəbi tənqidçilər, yazıçılar: Anar, Yaşar Qarayev, Mövlud Süleymanlı, Akif Hüseynov, Vaqif Yusifli, Tehran Əlişanoğlu, Elnarə Akimova və çox-çox başqaları fikirlər söyləmiş, yazı yazmışlar. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, şöbəmizin əməkdaşı, yazıçı Mənzər Niyarlı hazırda Səyyad Aranın həyat və yaradıcılığı haqqında monoqrafiya üzərində çalışır. 

Səyyad Aranın özü də ədəbi aləmə, yazıçı dostlarının, həmkarlarının yaradıcılığına heç zaman biganə olmamışdır. Bircə onu xatırlatmaq kifayətdir ki, bugünəcən qələmindən yüzdən artıq ədəbi-tənqidi məqalə çıxmışdır. Xalq şairi Rəsul Rza, Xalq yazıçıları Anar, Mövlud Süleymanlı haqqında sanballı məqalələrini ən yaxşılarından sayıram. Mövlud Süleymanlının yaradıcılığına həsr etdiyi monoqrafiya (2005) yazıçı haqqında ilk geniş və dəyərli tədqiqat işidir. Bu tədqiqat əsasında Səyyad Aran AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "1960-1980-ci illər Azərbaycan nəsrində psixologizm (Mövlud Sü-leymanlının yaradıcılığı üzrə)" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. 

Bundan başqa, Səyyad Aranın geniş ictimai-siyasi fəaliyyəti vardır. Rəsmi bioqrafiyasından bilirəm ki, 1992-ci il Yeni Azərbaycan Partiyasının təsis konfransının təşəbbüskarlarından və təsisçilərindən biri, YAP-ın ilk 50 nəfərlik Siyasi Şurasının üzvü, millət vəkili (1995-2005), Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi kimi Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu (2006-2010) olmuş; hazırda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini olaraq fəaliyyətini davam etdirir. 

Ulu öndər Heydər Əliyevi iki tarixi səfərdə - Çində (7-11 mart, 1994) və ABŞ-da (26 iyul-7 avqust, 1997) müşayiət edən nümayəndə heyətinin tərkibində Səyyad Aran da təmsil olunmuş, "Çinə səfər çin olanda" və "Heydər Əliyevin Amerika fəthi" əsərlərini qələmə almışdır. Akademik İsa Həbibbəylinin ideya rəhbərliyi ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Heydər Əliyevin ədəbiyyatda obrazı: tarixi gerçəklikdən ideala" (2018) monoqrafiyasını hazırlarkən bu oçerklərdən şəxsən yararlanmış, doyunca bəhs açmışam.

Əminəm ki, yubiley günlərində yubilyarımızı ən müxtəlif yönlərdən tərif və xarakterizə edən, dəyərləndirən yazılar hələ çox olasıdır. Heç kəsin haqqına girmədən, bu yığcam təbrik yazısında Səyyad Aranın başlıca olaraq nasir və bir qədər də ədəbi-publisist obrazını cızmağa çalışdım. Onu da deyim ki, bu yaxınlarda Səyyad Aranın Azərbaycan Yazıçılar Birliyinin Nəsr bölməsinə rəhbər seçilməsi xəbəri məni çox sevindirdi. Çağdaş ədəbiyyatın sükanı etibarlı əllərdə gərək!

Yazıçı dostuma daha da geniş fəaliyyət üfüqləri, yeni-yeni yaradıcılıq uğurları diləyirəm. 
 

 





12.01.2022    çap et  çap et