525.Az

Əbədiyyət yolçuları haqqında poetik hekayətlər


 

Əbədiyyət yolçuları haqqında poetik hekayətlər<b style="color:red"></b>

Bu kitabda toplanan şeirləri nə həyəcansız oxumaq olur, nə də dinləmək. Bir tərəfdən şairin yüksək sənətkarlıqla qələmə aldığı  və 44 günlük müharibə dövründə həsr etdikləri elegiyalar ürək parçalayır, şəhid balaların gözlərini qırpmadan vətən yolunda həlak olmaları, cavan canlarına qıymaları, hər cür qana-qadağaya, savaşa lənətlər doğurur, digər tərəfdən mərd anaların dünyaya yalnız qəhrəmanlıq, şücaət göstərmək üçün gətirdikləri cavanların döyüş yolunu heyranlıqla  müşahidə edir, ürəyində hər əsgərə, zabitə, çavuşa əhsən deyirsən, əmdiyiniz süd halalınız olsun, pıçıldayırsan.

Elşad Barat təmkinlə hər kəsin qısa  tərcümeyi-halını "Ölümsüzlər" kitabında verir. Beləliklə, oxucu qəhrəmanını doğru-dürüst öyrənir, avtobioqrafiyasına  bələd olur. Əlbəttə, bu real faktlar çox lazımdır və kitabın müəllifi səhifələrə səliqə ilə yerləşdirib. Hamı bilir ki, döyüşçü şəhadətə qovuşandan sonra ikinci tərcümeyi- halı yazılır və başlanır. Şair məhz sevib-seçdiyi qəhrəmanının - igid əsgərin və ya cəsur şəhidin yeni tərcümeyi-halını şeirə gətirir, ona bədii don biçir. Toplanan onlarla nümunədə biz bunun şahidi olduq və gənc qələm adamının ustalığına, səriştəsinə məftunluğumuzu gizlədə bilmədik. Bir də çox istərdik ki, bu kitab təkcə şəhid ailələrinin məxsusi kitabı olmasın, bütün Azərbaycanımızda oxunsun, sevilsin, təbliğ edilsin. 

"Ölümsüzlər" əgər yazılan ön sözləri (Sabir Rüstəmxanlı, Adil Əliyev, Ağacəfər Həsənli) nəzərə almasaq, Elşad Baratın "Şəhid analarına" və "Körpə şəhid qızlarına" şeirləri ilə açılır. O qadınları vəsf elmək azdır, onların önündə səcdə eləmək gərəkdir. O balaca qızlara təskinlik vermək, ovundurmaq bir yana, onları öpüb bağrımıza basmalıyıq. Yetimliklərini heç zaman hiss etdirməməliyik ki, qəddi-qamətləri əyilməsin, üzləri solmasın. O anaların səbri, təmkini xalqımızı böyütdü.

Ey şəhid doğan ana,
Əbədi ucalmısan,
Günəşə, Aya qədər.
Sənin balan apardı,
Bizi Şuşaya qədər.

Cəmi beş bənddən ibarət  "Körpə şəhid qızlarına" şeiri çox təsirlidir. Oxucu göz yaşlarını saxlaya bilmir. Müəllif gah atasının çərçivədəki şəklinə baxıb kövrələn kiçicik qızcığazın duyğularını ifadə edir, gah yuxuda atalı günlərinin rəsmini çəkir, danışdırır, gah da hadisələrə özü kənardan müdaxilə edir, bənzətmələrlə, obrazlarla vətən müharibəsi iştirakçısının surətini canlandırır. 

Görüşüb yuxuda söhbət edirlər,
Çatmayır ümidim, xəyalım sənə.
Az qala kövrələ şəhid balası,
Ata dillənir ki, nə alım sənə?

Şəhid Xansu Qurbanov əslən Babək rayonunun Cəhri kəndindəndir. Birinci Qarabağ savaşında qohumlarından iştirak edib və o, hər dəfə veteranların, qazilərin söhbətlərinə həyəcanla qulaq asır, sanki özünü ön cəbhədə görüb. Ən nəhayət, balaca Xansu boy atıb əsgərlik yaşına çatıb, əvvəl Naxçıvanda N saylı hərbi hissədə xidmətə başlayıb. Kəşfiyyatçı kimi hərbi təlim keçib. Müəllim bacısı Xanım Elsevər qızının söylədiyinə görə mənfur ermənilərlə İkinci Qarabağ savaşı başlayandan Xansunun rahatlığı qeybə çəkilmişdi, döyüşlərə can atırdı və tezliklə arzusuna çatdı. Hadrutdan Qırmızı Bazara qədər irəlilədi, Şuşanın həndəvərində mərdliklə vuruşdu. Bir axşamüstü xain düşmənin gülləsinə tuş gəldi.

Salam, ey gedən adam,
Salam, ey qalan şəhid!
Sən iyirmi yaşında 
Şuşanı alan şəhid!

Anan ilə danışdım,
Dərdi üyüdən anam.
Hamımızın anası,
Səni böyüdən ana.

Bu kitab Azərbaycanın şəhidlik xəritəsidir. Ölkənin elə bölgəsi, rayonu yoxdur ki, vətən uğrunda şəhid verməsin. İsmayıl Nəbi oğlu Qəsəbov Qazaxın Çaylı kəndində doğulub, Elzamin Təhməzov Bərdənin Şirvanlı Köyündə, Cəmil Məmmədli isə İsmayıllı şəhərində. Tərcümeyi-halların rəngarəngliyi bölgələrimizi əks etdirir. O kitabdan öyrənirik ki, şəhid Bayram Qasımov Gədəbydəndir. Səid Rəşidzadə Horadizdən (Füzuli rayonu), Vüqar Quliyev Ağsudan, Ətraf Qənimətov Laçından, Aqşin Ənvərli qədim Qəbələdən, Ağababa Abasov Şabranın Uzunboya obasından, Ayaz Abbasov Cəlilabadın Bəzirəvanından, Tərlan Quliyev Astaranın Ərçivanından, Cəbrayıl Dövlətzadə Sumqayıtdan, Mehrab Niftəliyev Qubadan, Kamil Yusifzadə paytaxt Bakıdan, Tahir Əlizadə Biləsuvardan, Vüqar Ələkbərov Ucardan, Tural Aslanov Yardımlıdan, Arəstə Baxışova Xaçmazdan, Qənbər Qənbərli Tərtərin Kəngərlisindən, Vüsal Kazımov Lənkərandan, Kamal Məmmədov Balakəndən, Sahil Məmmədov Ağcabədidən və s.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə şəhidlərimizin hünər və rəşadətləri qiymətləndirilib, orden və medallarla təltif olunublar. Onlardan Milli Qəhrəman adına yüksələnlər də var.  Bəli, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi hər kəsin arzusu idi. Təəssüf ki, şəhidlərimiz həmin ərazi bütövlüyünə axıtdıqları qanları hesabına çatdılar, əbədiyyətə qovuşdular, behiştlik oldular. Deyir, heç kim unudulmur, heç nə yaddan çıxmır. İndi bu sözlər dillər əzbəridir:

Əbədi qalacaqsan,
Bu Vətənin canında.
Hamımız baş əyirik,
Ruhunun qabağında.

Söz yox ki, onların hər biri bir ailənin övladıydı, dərd çəkəniydi, yük daşınayıydı. Həmin ailələrin sevinci getdi, əvəzində qubarı gəldi, qapıları dərd döydü. Xızı rayonunun Sitalçay kəndindən hərbi xidmətə yollanan Elnur Ağaəhmədov kimi ölümündən sonra 4 medalla təltif olundu subay Elnur. Ona həsr edilən şeir də orijinallığı və poetikliyi ilə seçilir, sanki nakam igidin həyat amalını ifadə edir:

Zəfər yolun uzanır
Cənnətin bağlarına,
Xızının dağlarından
Şuşanın dağlarına.

Rza Məmmədov isə qədim Şirvan torpağında - Şamaxının ən iri yaşayış məskənində - Göylər kəndində dünyaya göz açmışdı. Gözəl səsi, avazı vardı, hərdən yoldaşlarını ətrafına toplayır, pəsdən oxuyur, onları nikbin olmağa çağırırdı. Gözəl boy-buxuna malik bu ortaboy oğlan sifətcə də seçilirdi. Füzuli uğrunda gedən qızğın döyüşlərdə igidliklə həlak oldu, orden və medallarla təltif edildi.

İndi bizim borcumuz,
Onları yaşatmaqdır.
Hər şəhid bir tarixdir,
Hər şəhid uca dağdır.

Şəhid Xalid Hassan beynəlmiləl ailənin övladı. Bu gəncin atası Misir Ərəb Respublikasındandır. Anası Maya Quliyeva Ağdamın Saybalı kəndindəndir. Xalid Sumqayıtda doğulub, on yaşında ikən ailəsi Qazaxıstanın Almatı şəhərinə köçüb. O, bir neçə il Bərdə şəhərində təhsil alıb, orta məktəbi isə Almağıda bitirib. 2020-ci iilin Tovuz hadisələri Xalidə təsir edir, general-mayor Polad Həşimovun ölümü yurdsevər Xalidi daha da hiddətləndirir. Beləliklə, könüllü surətdə savaşa atılır. İgid əsgər Kəlbəcər-Şuşa  yolunun Ağdərə istiqamətində qəhrəmancasına həlak olur. 

Salam, könüllü əsgər, 
Könüllü şəhid, salam.
Bu şeiri sən söylə,
Mən susuram, mən lalam.

Necədir anan üçün,
Yuxu olmaq, səs olmaq. 
Necədir Vətən üçün,
Ölüb, müqəddəs olmaq.

Və yaxud şəhid mayor  Ramiz Ağayevin  qısa ömür yoluna nəzər salaq. O, peşəkar hərbçiydi, hələ Lerik şəhərində orta məktəbdə oxuyarkən arzusu-istəyi müstəqil Azərbaycanın ordu quruculuğuna  dəstək durmaq, zabit kimi fəaliyyət göstərmək idi. Muradı çin oldu. Ramil mükəmməl hərbi təhsil aldı, ancaq alçaq niyyətli mənfur qonşularımızın ölkəmizi savaşa sürükləməsi  fəaliyyətini yarımçıq qoydu. İki qız atası şəhid mayor haqqında şeirini Elşad Barat çox işıqlı misralarla bitirir.

Sənintək qəhrəman, igid oğullar,
Vətəni - müqəddəs yeri qaytardı.
Lerikdən Şuşaya uzanan yollar,
Səni tarix kimi geri qaytardı.

Elşad Baratın "Ölümsüzlər"  şeirlər toplusu şəhidlərimiz haqqında bədii salnamədir. Və nə yaxşı, istedadlı  müəllifin qələmindən süzülən poetik misralar, yığcam bəndlər, parçalar tam mətn kimi kitabda toplanıb, nəşr olunub. Bu kitab təsdiq edir ki, həqiqətən şəhidlər ölmür, ruhları daim bizimlədir, Vətən torpağında dolaşır.
 

 





12.01.2022    çap et  çap et