525.Az

"Bu dünyada bizə vətən olmadı" - Asif Hacılı yazır


 

AHISKALI ŞAİR ZEYNUL YEKTAYIN SÜRGÜN POEZİYASI

"Bu dünyada bizə vətən olmadı" -<b style="color:red"> Asif Hacılı yazır</b>

Ahıska türklərinin el şairlərindən Zeynul Yektay (Zeynul Fəxri oğlu Fəxriyev) 1934-cü ildə Ahıska mahalının dağ kəndlərindən olan Uraveldə anadan olub. Doğulub dünyaya gəldiyi və on yaşınadək yaşadığı doğma yurdu Uravel Xero, Adıgün, Varxan, Qomoro, Toloş, Cağsman, Aqara obaları ilə yanaşı yuxarı kəndlərdən sayılır. Elə də böyük yaşayış məskəni olmayan, sürgünə qədər 200-ə qədər türk ailəsinin yaşadığı Uravel etnoqrafik özəlliklərlə yanaşı, qədim türk və islam inanclarının, türk folklorunun da məskəni olub. Folklor-etnoqrafik ekspedisiyaları zamanı uravellilər qədim inanclar, hal arvadı, cəməcürə, mataur və sairə ilə bağlı rəvayətlər, xalq təbabəti ilə bağlı məlumat söyləmişdilər. Doğma yurdda Uravelin sakinləri bir çox folklor örnəklərini qoruyub saxlayıbmış. Lakin sürgün onların da xoş güzaranına son qoyub, indiyədək doğma yurduna buraxılmayan əhali müxtəlif ölkələrə yayılıb, el-obanın ənənəvi düzəni pozulub, ana yurdda evlər, məzarlar sahibsiz qalıb, yaşlıların dünyadan getməyi ilə müəyyən adətlər, folklor əsərləri unudulub. Sürgündən sonra doğma yurda gedərək bir sıra kəndlərə, o cümlədən, Uravelə baş çəkib gördüyü acı mənzərədən sarsılan şair Şimşək Sürgün Kaxaretli öz təəssüratını ürək ağrısıyla belə təsvir edib:

Gəzdim Uraveli köşəbəköşə, 
Qələmi-qüdrətdən çəkmişim tağinan-taş. 
Bir yani güneydür, bir yani meşə, 
Taşi taş üstünə düzülmiş gördüm.   

Kimsə bilməz bu dünyanın işini, 
Neçələr tökmiş gözün yaşıni, 
Dəryəyə atmişlər məzər taşıni, 
Yıxılmış qəbristan bozulmuş gördüm.

Şair Zeynul Yektay Uravelin belə zəngin milli mühitində yetişib - yeddinci sinfə qədər doğma kəndində ana dilində təhsil alıb, doğma yurdunun mənəvi dəyərlərini və folklorunu mənimsəyib. Zeynulun atası Fəxri Aslan oğlu 1942-ci ildə İkinci Dünya müharibəsinə gedib, cəbhədə qəhrəmanlıqla döyüşərək şəhid olmuşdur. Lakin uğrunda canını verib şəhid olduğu sovet hökuməti onun  soydaşlarını, eloğlularını, ailəsini, körpə övladlarını 1944-cü ilin şaxtalı qış gecəsi amansızlıqla isti ocaqlarından qoparıb, Türküstanın uzaq bozqırlarına sürgün edib. Həmvətənləri ilə birgə Özbəkistana sürgün edilən Zeynul burada həm vətənsizlik, həm də atasızlıq acısı yaşayıb, ancaq əzm və qətiyyəti sarsılmayıb. 1954-cü ildə orta məktəbi qurtarıb, Namanqan Tibb Məktəbinə qəbul olunub, iki il burada oxuyub və feldşer sənətinə yiyələnib. 1957-ci ildə hökumətin məlum reabilitasiya qərarından sonra onlar da sovetlərin humanizminə inanıb və Gürcüstana qayıdıblar. Lakin soydaşları kimi doğma kəndlərinə buraxılmayıblar və üç ildən sonra ölkədən çıxmağa məcbur qalıb, ailəliklə Azərbaycana köçüblər, Gürcüstana yaxın Şəmkir rayonunda yerləşiblər. Uzun illər bu rayonun Kür qəsəbəsində yaşayan və burada tibb sahəsində işləyən Zeynul Yektay sonradan Türkiyəyə köçüb və 2018-ci ildə Bursada, Gürsü qəsəbəsində vəfat edib.

Atasını İkinci Dünya müharibəsi cəbhələrində itirən Zeynul Yektay öz övladlarını da türklük və vətənpərvərlik ruhunda böyüdüb. Onun 20 yaşlı böyük oğlu Ələddin Qarabağ savaşında erməni faşistləri ilə döyüşüb və 1994-cü ildə qəhrəmancasına şəhid olub. İkinci oğlu Veysəl Qarabağ müharibəsi qazisidir.

El ağsaqqalı, Ahıska Türkləri Yazarlar Birliyinin üzvü olan Zeynul Yektay gənc yaşlarından bədii yaradıcılıqla məşğuldur. Şəhid oğlu və şəhid atası olan Zeynul Yektayın yaradıcılığında Ahıska həsrəti, yurd sevgisi və Qarabağ savaşı, Azərbaycanın haqq davası əsas mövzudur. 2003-cü ildə "Qürbətdə qalan Vətən" adlı şeirlər kitabı dərc olunmuşdur. Poetik yaradıcılığında klassik şeir ənənəsinə əsaslanır,  divani, təcnis, dodaqdəyməz, qoşma, qıfılbənd, deyişmə janrlarından, folklor üslubundan geniş istifadə edir. Əsərlərində qürbət ellərdə yaşayan soydaşlarının acıları, eyni zamanda fəlsəfi-mənəvi, nəsihətamiz, didaktik motivlər mühüm yer tutur. Şair canlı şahidi olduğu, cəfasını çəkdiyi sürgünü öz uşaqlıq xatirələri əsasında, ilk növbədə doğma yurdunda yaşayan, kəndlərindəki sovet məktəbində oxuyan körpə uşaq gözü və duyumu ilə təsvir edir. "Dedilər" şeirində dünyaya gəldiyi gündən sürgünə qədər həyatının ilk on ilini canlandırır, onu gözləyən acı aqibəti bilmədən, həvəslə məktəbdə oxuduğunu deyir.

Atası sovet dövləti yolunda şəhid olan bu məktəbli çocuğun xoş günləri tez bitir, yolu, qolları bağlanır, ailəliklə evdən çıxıb gedər-gəlməzə yollanırlar və onun bütün varlığını saran bu sürgün bağları illər keçsə də açılmaz olaraq qalır:

Yeddinci sinifdə bağlandi yolum, 
Açılmaz ilinən hər iki qolum. 
Gözlərim önündə oynadı zülüm, 
"Çıx əvindən, yesir oldun" dedilər...

..Suda-bekir maşinələr gəldilər, 
Hər birini yeddi əvə verdilər. 
Yüklədilər tamaşaya durdilər, 
"Siz gedərsiz qürbət elə" dedilər.

Sovet məktəblilərinin partiya, Stalin, sovet quruluşu haqqında yazdıqları saxta inşalar müqabilində, ahıskalı çocuq, müharibəyə həyatını vermiş sovet əsgərinin oğlu, yeddinci sinif şagirdi Zeynulun bu uşaqlıq dramı həm onun soydaşlarının faciəsini, həm də bolşevik ideyalarının puçluğunu və sovet dövlətinin insanlığa zidd siyasətini ortaya qoyan ümumiləşmiş ittihamnamədir.

Zeynul Yektay sürgünün ilk günündən başlayaraq baş verən hadisələri öz canlı müşahidə və yaşantıları əsasında lirik-epik janr və üslubda, süjetli şeir mətnində də təsvir etmişdir. Onun 24 bəndlik "Qırx Dördünci Tarıxta" adlı, ahıskalıların "vətən ağıtı" adlandırdığı janrda yazılmış faciəvi lirik-epik şeirində sürgün prosesinin gerçək detalları, amansız və insanlığa zidd mahiyyəti göstərilir. Əsərdə müəllifin şüurlu yaşında şəxsən şahidi olduğu realist detallarla bərabər, klassikadan gələn "əhli-islam", "namrut şah" kimi rəmzi anlayışlardan, yüksək pafos və emosional münasibətdən də istifadə edilir. Bunlar sürgünün həm mahiyyətinə, həm də icra mexanizminə görə qeyri-insani xarakterini aşkarlayır. Şair sovet dövlətinin öz sadiq vətəndaşlarına - ataları, ərləri, qardaşları, oğulları müharibə cəbhələrində qəhrəmancasına döyüşən qadın, çocuq, qocalara qarşı nankor və xəyanətkar sürgün cinayətini bütün detal və mərhələləri ilə yığcam şəkildə göstərir.

Beygafildən əhli-İslam qarışdi, 
Unudulmaz qırx dördünci tarıxta, 
Od düşti vətənimə alışdi, 
Unudulmaz qırx dördünci tarıxta.
On beş əvi bir vagona toldurdi, 
Gül tənimi o yollarda soldurdi, 
Cəllat oldi, bu canımi yandurdi 
Bəxti qara qırx dördünci tarıxta.

Diriykən kəfənə sardilər bizi, 
Yüz cürə ölkəyə sürdilər bizi, 
Cansız cəsət kimi dürttilər bizi 
Baxti qara qırx dördünci tarıxta.

Onu da deyək ki, Zeynul Yektayın şeirlərinin əsas qayəsi olan Vətən anlayışı müəllifin duyumunda yalnız tarixi faciə, keçmişin ağrılı xatirəsi deyil. Vətənsizlik soydaşlarının bugünkü ağrı-acılarının qaynağıdır, onların milli birliyini, özgürlüyünü sarsıdan sərt reallıqdır, soydaşlarının mənəvi varlığını saran sitəmdir:   

Düşdüm qürbət elə, oldum divanə. 
Səbəbini bəndən soran olmadi. 
Ellər ağ geyindi, bən geydim qara, 
Soruşub dərdimi bilən olmadi. 

Şair onu da anlayır ki, soydaşlarının birliyini sarsıdan, elləri-obaları ayıran sürgün, ilk növbədə, xalqın milli varlığına və ana dilinə təhlükədir:

Dil qarışdi, bir-birindən ayrılmaz, 
Nəsil yitdi, el cinsini tanımaz, 
Qomşiluxda qərarlaşub tayanmaz. 
Bizə bir yol düz göstərən olmadi.

Bu cəfalar şairin fərdi taleyindən keçir, onu təbibsiz-davasız dərdə salır və yeganə vəsiyyəti də vətənsizlik sitəmi olur:    

Zeynulam, gəzərim elsiz, obasız, 
Tapılmaz təbibim, qaldım davasız, 
Məhv olsam qəbrimdə belə yazarsız, 
Bu dünyada bizə vətən olmadi.

Sürgün həyatı hələ də davam edən Ahıska türklərinin yeganə təsəllisi hələ keçən əsrin ortalarından pənah gətirdikləri, doğma yurd qədər sevdikləri Azərbaycandır, qardaşları olan Azərbaycan türkləri ilə doğmalıqlarıdır. İkinci Vətəni olan Azərbaycan yolunda bir oğlu şəhid, digəri qazi olmuş şair Zeynul Yektay Vətən müharibəsindəki qələbəmizi görməsə də bu gün onun ruhu şaddır, torpaqlarımız azad olunub, ahıskalıların taleyində faciəli rol oynamış erməni terrorçu-quldur dəstələri məhv edilib, bölgəmizdə yeni durum yaranıb və bu gün Azərbaycan-Gürcüstan-Türkiyə strateji müttəfiqliyi, xalqlarımızın dostluğu və qardaşlığı şair Zeynul Yektayın vətən arzularının gerçəkləşməsinə, ahıskalıların yurd həsrətinin bitməsinə böyük ümidlər yaradır...
 

 





13.01.2022    çap et  çap et