525.Az

Ərdoğan Türkdilli ölkələrin yazıçıları ilə görüşüb


 

Ərdoğan Türkdilli ölkələrin yazıçıları ilə görüşüb<b style="color:red"></b>

Xəbər verildiyi kimi, mayın 5-də Əskişəhərdə Türkdilli ölkə  yazıçılarının toplantısı keçirilib. Mayın 7-də İstanbulun ən böyük Mədəniyyət mərkəzi olan Arena Meqada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan toplantında  iştirak edən yazarlarla görüşüb. Qonaqları salamayan Baş nazir Türkdilli Ölkələrin Yazarlar Birliyinin yaranmasının əhəmiyyətini vurğulayıb, xalqların yaxınlaşmasında ədəbiyyatın böyük önəm daşıdığını bildirib.

Görüşdə Əskişəhər valisi Güngör Azim Tuna, Təhsil naziri Nabi Avçı, Avrasiya Yazarlar Birliyi sədri Yaqub Öməroğlu,  Türkdilli Ölkələrin Yazarlar Birliyinin başqanı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış ediblər.

Xalq yazıçısı Anar çıxışında deyib:

- Sayın Başbakan, gərgin çalışma gündəminizə rəğmən vaxt tapıb bizlərlə görüşdüyünüz üçün şəxsən öz adımdan və yazar arkadaşlarım adından Sizə təşəkkür edirəm. Bildiyiniz kimi, bu ilin fevral ayında Avrasiya Yazarlar Birliyinin, Azərbaycan, Qazaxıstan və Qırğızıstan Yazıçılar birliklərinin təşəbbüsüylə, TÜRKSOY-un yardımıyla, Əskişəhər valiliyinin dəstəyi və zati alinizin himayəsiylə Türkdilli Ölkələrin Yazarlar Birliyini yaratdıq və mən bu birliyin Başqanı seçilməklə şərəfləndirildim.

Məqsədimiz türkdilli xalqların ədəbiyyatlarını biri-birinə daha yaxşı tanıtmaqla xalqlarımızı bir-birlərinə daha da yaxınlaşdırmaqdır. Xalqlarımızın öz Ana dillərinin özəlliklərini qoruyub-saxlamaqla  Türkiyə türkcəsinin aramızda ünsiyyət və rabitə dili kimi təsdiq olunması təklif və qəbul edilib.

Sayın Başbakan, bu günlərdə Praqada Türkiyənin iştirak etmədiyi bir toplantıda Türkiyəyə böhtan atılanda Hörmətli Prezidentimiz İlham Əliyev “Mən burdayam” deyib və böhtançıya layiqli cavab verib. Prezidentimizin bu hərəkətindən və çıxışından qürur duyuruq. «Mən burdayam» artıq bir şüar kimi səslənir. İnanıram ki, bundan sonra da hər hansı səbəbdən Türkiyənin iştirak etmədiyi bir toplantıda Azərbaycan “Mən burdayam” deyib Türkiyəmizin haqqını müdafiə edəcək və hər hansı səbəbdən Azərbaycanın qatılmadığı bir toplantıda Türkiyə “Mən burdayam” deyib bizim haqq işimizi müdafiə edəcək. Və bu qardaşlıq, bir-birinə arxa durmaq sonsuza qədər davam edəcək.

Sayın Başbakan, böyük şairimiz Nazim Hikmətin Sovetlər Birliyində ən yaxın dostlarından biri atam Rəsul Rza idi. Mən də ilk gənclik yaşlarımdan  Nazimi şəxsən tanımış, söhbətlərini eşitmiş, şeirlərini öz dilindən, öz səsiylə dinləmişəm. Nazim haqqında anılarım və düşüncələrim əsasında «Kərəm kimi» adlı kitab yazdım və  bu kitab Azərbaycandan öncə Türkiyədə nəşr olundu. Bu kitabda Nazim Hikmətin haqqını qaytardığınız, Türkiyə vətəndaşlığını bərpa etdiyiniz üçün Sizə yazdığım məktub – şəxsən Sizə və başçılıq etdiyiniz hökumətə minnətdarlığımı ifadə edən məktub da çap olunub. Böyük məmnuniyyətlə həmin kitabı Sizə təqdim edirəm.

Sonra xalq yazıçısı Anar  «Kərəm kimi» kitabını Baş nazir R.T.Ərdoğana təqdim edib.

Daha sonra Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Dağıstan, Qaraçay, Kərkük türkmənələri ədəbiyyatlarını təmsil edən yazıçılar da çıxış ediblər.

Azərbaycan Milli Məclisinin deputatı, yazıçı Aqil Abbas  Ərdoğanı onun lideri olduğu partiyanın bələdiyyə seçkilərində qələbəsi münasibətilə ilə təbrik edib və Prezident seçkilərində ona uğurlar arzulayıb.

Sonda Ərdoğan yazıçılarla xatirə şəkli çəkdirib.

 





12.05.2014    çap et  çap et