525.Az

Yaxşılıqları ilə ucalan Kişi! - Mina Rəşid yazır


 

HACI ZEYNALABDİN TAĞIYEVİN HEYKƏLİ ÖNÜNDƏ DÜŞÜNCƏLƏR

Yaxşılıqları ilə ucalan Kişi!  -<b style="color:red"> Mina Rəşid yazır</b>

Millətinə böyük yaxşılıqlar edən, xeyir işlərlə adını tarixə yazdıran  milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin adı zaman keçdikcə daha hörmətlə yad edilir. Yazıçı Hüseyn Abbaszadənin dediyi kimi, yaxşı insan qızıl kimidir... 

H.Z.Tağıyev qazandığı pulların çox hissəsini xalqının güzəranına, onun övladlarının maariflənməsinə sərf edib, savab işlər görüb. Su kəməri,  Toxuculuq fabriki, Teatr binası, müsəlman Şərqində ilk Qızlar məktəbi və çətinliklə başa gələn bir çox xeyir əməlləri onun adını tarixin yaddaşına həkk edib. Açdığı məktəbdə təhsil alan imkansız uşaqların bütün ehtiyaclarını qarşılayıb. Naxçıvanda, Gəncədə, Şamaxıda, Tiflisdə və başqa yerlərdə olan məktəblərə yardımlar edib. Onun Bakı Dövlət Universitetinin yaradılmasında da xidmətləri böyükdür. O vaxt dövlətin xarici ölkələrdə oxutdurduğu tələbələri də unutmayıb. Vətəni, milləti yolunda böyük xeyriyyəçilik işləri, soydaşlarına etdiyi yaxşılıqları saymaqla bitməz. Hələ onun kitab nəşrinə, mətbuata verdiyi töhfələrdən danışmırıq... Elə buna görə də, H.Z.Tağıyev cəmiyyətdə "El atası" kimi hörmət qazanmışdı. 

Ancaq milyonlar xərcləyərək milləti üçün bir çox xeyir işləri həyata keçirməyə başlayarkən ona çox maneələr törədilib. Yoluna daş atanların çoxu elə öz millətinin qaraguruhçuları olan ədabaz bəylər, savadsız dindarlar və avam adamlar olub. Elə bu adamlar Qızlar məktəbinin açılmasında onu və tərəfdarlarını ölümlə hədələyir, camaat arasında onun xeyirxah işlərinə kölgə salmağa çalışırdılar. Nəhayət, bir gün bütün təhdidləri, təhlükəni gözəalan Hacı məscidə gedib ruhanilər qarşısında çıxış etməyə başlayır:"...Təzə məktəblərdə qızlara ehkami-şəriyyət, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman (Azərbaycan) və rus dilində oxuyub-yazmaq, elm-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda nə pis iş var? Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzüaçıq olmağa çağırmıram. Srağagün gecə iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı yoxladı, dava-dərman elədi, qız ölümdən qurtardı. İndi de görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur. O məktəbi mən bizə padşahlıqdan vəhşi deyiləndən sonra qərara gəldim, açdırdım. Ətək dolusu pul töküb bu məqsədlə bina tikdirmişəm. Dərs deyənlər zənən xeylağı olacaq..."Bax bu parçanı oxuduqdan sonra heç unuda bilmirəm. Gör bu işıqlı insan necə bir qaranlıqları aydınladıb. Görəsən o "qaragüruhçu iri əmmaməli, qara əbalı ruhanilər, yekəqarın, enliqurşaq, saqqalı hənalı hacılar"a bundan da tutarlı bir cavab olardımı? 
Elə buna görə də, bu gün dövlətimiz tərəfindən H.Z.Tağıyevin xatirəsi əbədiləşdirilərək Bakının mərkəzində, "İçərişəhər" metrostansiyasının qarşısında heykəlinin ucaldılması milyonlardan biri kimi məni də çox sevindirdi...

Sonda H.Z.Tağıyevin bir kəlamını da yada salmaq istərdim: "Pul qazan, amma şərəfini itirmə. Pul bir gün gedər, nə vaxtsa gələr. Amma şərəf gedər, gəlməz!" Deyirəm, H.Z.Tağıyev kimi milləti düşünən işıqlı insanlara hər zaman  ehtiyac var. Necə ki, Peyğəmbərimiz (s) buyurub: "Həmişə xeyir işlərdə yarışın!"

Allah Hacı Zeynalabdin Tağıyevə rəhmət eləsin, məzarı nurla dolsun!
 

 





21.01.2022    çap et  çap et