525.Az

Bəxtiyar Sadıqov: "Bunun hamısı dili sevməməkdən irəli gəlir"


 

Bəxtiyar Sadıqov:  "Bunun hamısı dili sevməməkdən irəli gəlir"

“ÇIXIRSAN ŞƏHƏRİN MƏRKƏZİNƏ, BİLMİRSƏN BAKIDASAN, YA XARİCDƏ – MƏNASINI BİLMƏDİKLƏRİ SÖZLƏRİ GÖTÜRÜB QOYUBLAR OBYEKTLƏRİN ÜSTÜNƏ. A KİŞİ, NƏ XƏBƏRDİ AXI?”  

Millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun 525.az-a müsahibəsi

– Bəxtiyar müəllim, bu gün Azərbaycan dilinin mövcud durumunu necə qiymətləndirirsiniz, bir qələm əhli kimi bu  vəziyyət sizi qane edirmi? Bir neçə ay öncə ölkə Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı, yəni,  “Azərbaycan dilinin qloballaşma şəraitində  zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam imzalayıb. Şəxsən özünüzün bu yöndə  konkret təklifləriniz varmı? Nələr edilməlidir, hansı işlər görülməlidir ?

– Mən “Azərbaycan” qəzetinin builki 8 avqust tarixli sayında “Fikrə həyat verən dil” adlı bir yazı yazmışdım. O məqaləmdə mən bu məsələyə bütün genişliyi ilə toxunmuşdum.  Deməli, təkliflərim nədən ibarətdir? Hamısı praktiki təkliflərdir. Bax siz özünüz də jurnalistsiniz, gündəlik qəzetdə, xəbər portalında çalışırsınız. Deyək ki, dil bir canlı orqanizmdir, o daim inkişafda olmalıdır, yeni sözlər daxil olmalıdır. Çünki  biz dünya ilə əlaqəliyik. Azərbaycan dünyaya açıq dövlətdir, ikincisi, yeni-yeni məfhumlar gəlir, yeni-yeni terminlər kəşf olunur, yeni-yeni anlayışlar yaranır dünyanın hər yerində. Biz də dünya ilə təmasdayıq və istəsək də, istəməsək də onları  qəbul etməliyik. Tutaq ki, dünənə qədər biz “araba” sözündən istifadə edirdik, sonra onu “avtomobil”lə əvəzlədik. Hələ dahi Sabirin belə bir misrası da var, o deyir ki : “Əcnəbi göydə balonlarla gəzir, Hələ biz avtomobil minməyiriz”.  Yəni, “avtomobil” gəldi bizim həyatımıza, o da xaricdən gəldi. Bu predmet xaricdən gəldiyi üçün  biz o sözü də xaricdən götürməliyik. İndi burada durub deyəsən ki, hər şey mənim dilimdə var, yox, bu düzgün olmaz. O məfhum, anlayış, termin ki, səndə yoxdur, o məfhumu ifadə edən söz də sənin dilində ola bilməz. Üçüncüsü,  dünənə qədər biz dünya ilə Rusiya, keçmiş SSRİ vasitəsilə əlaqə saxlayırdıq.  Tərcümələr də oradan gəlirdi, dünyaya çıxış oradan idi. Bu gün isə artıq bizim rus dili ilə yox, böyük türk dünyası, türk dili ilə əlaqəmiz var. İngilis dili dünya dili sayılır, çox aktiv işləri dünya dövlətlərinin çoxu onun vasitəsilə yoluna qoyurlar. Demək istəyirəm ki,  artıq dilimizə bir mənbədən yox, üç-dörd mənbədən çoxlu sözlər daxil olub, olur. Bu gün  eyni zamanda, dilin zənginləşməsi ilə bərabər dilin “çirklənməsi” prosesi də gedir. Biz  bəzən dilimizdə ola-ola elə sözlər götürürük ki, məncə bu, düzgün deyil. Görünür, bu da ondan irəli gəlir ki, bir az həvəskarıq, həvəsiyirik ki, elə biz ingilis sözü işlədək, ondan sonra nə bilim Türkiyə türkcəsində olan sözü işlədək, rusa da ki, bizim həvəsimiz əvvəldən var. Bu baxımdan, dilin qorunması indi daha aktuallıq, daha böyük zərurət kəsb edir. Mətbuat çox çevik bir qurumdur. Dünyada dünən, bu gün nə baş verirsə, biz dərhal çalışırıq ki, onu axşama qədər oxucuya çatdıraq. İndi sayta qoyulur, televiziyada deyilir, səhərisi gün qəzetdə olur. Yeni anlayış, yeni ifadədir. İndi jurnalistlərin hamısı universal deyil ki, həm rus dilini təmiz bilə, həm ingilis dilini təmiz bilə, həm türk dilini təmiz bilə.  Misal üçün deyirəm,  bəzi  sözlər olur  ki, biz rastlaşırıq,  o dili bilmədiyimizə görə, onu dırnaqarasında götürüb olduğu kimi yazırıq. Beləliklə,  dilin “çirklənməsində” istər-istəməz  biz də iştirak edirik. Ona görə də hökmən bir qurum yaranmalıdır, çox nüfuzlu, çevik olmalıdır...

– Onun müsbət bir təsiri olacaqmı?

– Hesab edirəm ki, mütləq olacaq. Özü də  bu dil qurumu vaxtaşırı yığışaraq, orada bütün mətbuat orqanları-istər qəzetlər olsun, istər jurnallar olsun, istər xəbər portalları, agentliklər olsun, iştirak etsinlər. Həmçinin, bu qurumun özünün  qəzeti, ayda bir dəfə buraxılan jurnalı olsun. Bax bu cür proseslərə, dilimizə gələn yeni sözlərə münasibət bildirilsin və bilinsin ki, o sözləri biz necə işlətməliyik. Yəni, bu çox vacibdir, mən bunu zəruri hesab edirəm. Ona görə də belə bir qurum yaranmalı və mətbuatla sıx əlaqədə olmalıdır. Çünki yenə qeyd edirəm, dilin ən çevik, ən operativ işləndiyi sahə mətbuatdır, xüsusən çap mediasıdır. 

– Azərbaycan dilindən söz düşmüşkən, xüsusilə,  paytaxt Bakıda aparılan araşdırmalar nəticəsində məlum olub ki, özəl uşaq bağçalarında bir dənə olsun belə  Azərbaycan bölməsi , hamısı rus və ingilisdilli bölmələrdir. Eyni vəziyyət məktəbəqədər  hazırlıq kurslarında da aşkarlanıb. Siz bu, təhlükəli tendensiyaya necə yanaşırsınız?

– Mən buna çox mənfi yanaşıram. Yeri gəlmişkən, bir müddət öncə Milli Elmlər Akademiyasında dil məsələsi ilə bir neçə görüş oldu. Akademik  Kamal Abdulla da məlum sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı yaradılan İşçi Qrupunun rəhbəridir. Şəxsən mən özüm də  həmin İşçi Qrupunun təşkil etdiyi görüşün ikisində iştirak etdim. Bir Milli Məclisin deputatları ilə, yəni, dil sahəsində çalışan, humanitar təmayüllü millət vəkilləri, bir də kütləvi informasiya vasitələrinin redaktorları, o sahədə çalışanlarla.  Orada da belə bir fikir səsləndi, mən də o fikrin tərəfdarıyam. Mən də elə hesab edirəm ki, biz öz dilimizi kifayət qədər sevmirik. Onu sevməməyimizin bariz səbəblərindən biri odur ki, biz dilimizi uşaq yaşlarından, yeniyetmə yaşlarından, gənc yaşlarından insanlara sevdirə bilmirik. Dili ifadə etmək, ondan sonra ana dili haqqında gözəl şeirlər əzbərləyib demək azdır. Dili həqiqətən sevmək lazımdır. Onun isə sevdirməyin ilkin mərhələsi uşaq bağçalarıdır.  Görürsünüz, bizim millət elə bilir ki, onun övladı Azərbaycan dilində təmiz bilir, yaxşı bilir, əgər azərbaycanlıdırsa, yaxşı bilir. A kişi, dil ünsiyyətdə inkişaf edir, axı. Bu gün kimlərsə aparıb öz uşağını  uşaq bağçasında rus qruplarına qoyurlar, ingilis qrupuna qoyurlar ki, qoy elə körpəlikdən bu dili öyrənsinlər. Amma heç bilmirlər bu uşaq böyüyəndə nə olacaq, bu dili bilmək ona bu qədər, bu dərəcədə  vacibdir, ya yox. Orta məktəb şagirdidir, bağça uşağıdır ingilis dilini, rus dilini bilib nə edəcək, onun nəyinə lazımdır? Əslində öz dilimizi, onu  sevdirməyi  elmi-metodiki cəhətdən işləyib hazırlamaq lazımdır. Psixoloqlar işləməlidir, pedaqoqlar işləməlidir ki, dili sevdirmək üçün nə etmək lazımdır. Sən öz dilini sevsən daim onu qoruyacaqsan, onun “çirklənməyi” ilə daim mübarizə aparacaqsan, çalışacaqsan ki, sənin dilin inkişaf etsin, dünyaya daha zəngin söz ehtiyatı olan dilləri ilə, ən yaxşı dilləri ilə bir səviyyəyə yüksəlsin. Biz bunu etmirik. Bunun da nəticəsində, yəni, artıq müstəqilliyimizin bu, son illərində dilimizə həddindən çox, belə deyək, gərəksiz, lüzumsuz sözlər daxil olub. Bu gün çıxırsan Bakının mərkəzinə, bilmirsən sən Bakıdasan, ya hansısa xarici bir dövlətdə. Mənasını bilmədiyi sözlərin götürüb hamısını qoyublar özlərinin obyektlərinin üstünə. Bu dükan sözünün nəyi pisdir, mağaza sözünün nəyi pisdir? Hamısı olub market, super-market. A kişi, mağaza deyirdin, başa düşürdük də. İndi, nə xəbərdi? Harada bir yaxşı obyekt varsa, kim nəsə bilirsə, dərhal götürüb onu qoyur, nə bilim, plaza qoyurlar, otel qoyurlar. A kişi, saraydı da, saraydan gözəl nə var? Bu sözü hamı başa düşür və hamı bilir də. Xaricdən də bir ingilis gələndə görsün ki, saray sözü və onun mənası ilə maraqlansın, niyə plaza olmalıdır, niyə otel olmalıdır? Mehmanxana məgər aydın deyil, otel olanda nə olur ki? Kasıb itinin adını gümüş qoyan kimi, nə olub ki? Yəni, bunun hamısı dili sevməməkdən irəli gəlir. Biz dilimizi sevsək, bizdə o qısqanclıq yaranar ki,  o binanı ifadə edən söz var, özü də çox möhtəşəmdi, gözəldi. Məsələn, Şah sarayı. Dünyada şahın sarayından, kralın sarayından, böyük əzəmətli arxitekturadan gözəl nə olub? Saray deyirik, niyə plaza olmalıdır? Ya holl olmalıdır, nə bilim nə olmalıdır, bilmirəm heç. Bax ona görə də həmin o dediyiniz bağçadakı məsələ adi məsələ deyil. Bağçada hökmən həm dilin öyrənilməsi üçün bizim gözəl şairlərimizin, klassik şairlərimizin gözəl uşaq şeirləri var, yaxşı hekayələri var, detaktiv hekayələri var, onlar keçilməlidir. Bu, həm onların tərbiyəsinə, həm də dünyagörüşünün inkişafına kömək edər. Bu baxımdan, dil öyrətməyə hələ tələsmək lazım deyil. Dili sevdirməyə tələsmək lazımdır. Ən vacibi odur.

– Özəl uşaq bağçaları və məktəbə hazırlıq kursları qarşısında Azərbaycan bölmələrinin olması məsələsini bu qurumlara lisenziya verən aidiyyəti təşkilatların özləri  heç olmasa, mütləq şərt kimi qoya bilərlərmi?
 
–  Bilirsiniz, lisenziyanın özünün tələbləri var, yəni, lisenziya verəndə bəzən o bağçanın daxili işinə xırdalığına qədər qarışmaq olmur, çünki özəl qurumdur. Orada əsas prinsip qoyulur, bir də burada uşaqların normal inkişafı, sağlam böyümələri, o məsələlər vacibdir. Ancaq hökmən bu məsələlərə də baxılmalıdır. Təhsil Nazirliyi baxmalıdır, yoxlamalar keçirməlidir və tamamilə doğru deyirsiniz ki, o tələb də qoyulmalıdır ki, burada uşaqlar birinci sinfə hazırlanarkən təkcə hesab, say öyrədilməsinə yox, dil məsələlərinə də, onun dilinin və təfəkkürünün paralel inkişafına da diqqət yetirilsin.  Bunun hamısının, yenə deyirəm, kökü oradan gəlir ki, biz dilimizi sevmirik. Dilimizi sevsək, o lisenziyanın tələblərindən biri də o olar ki, Azərbaycan dili təmiz öyrədilsin, Azərbaycan dilinin sevdirilməsi ilə bağlı xüsusi məşğələlər hazırlansın və keçirilsin. Yəni, mütəxəssislər yaxşı bilirlər, bağçada müxtəlif əyani vasitələr var, detaktiv məşğələlər var, müxtəlif üsullarla o uşaqlara onlar onu təlqin edirlər. Odur ki,  bunu hökmən etmək lazımdır. Mən də o fikrə şərikəm və hesab edirəm ki, belə də olmalıdır.

Kamil HƏMZƏOĞLU


 

 





06.09.2012    çap et  çap et