525.Az

Sabahın xeyir, professor!


 

Sabahın xeyir, professor!<b style="color:red"></b>

FİLOLOGİYA ELMLƏRİ DOKTORU, PROFESSOR QARA MƏŞƏDİYEVİN 75 YAŞI TAMAM OLUR 

...Dağlarla əhatə olunmuş bu yerlər yazın əvvəlindən payızın axırlarınadək yaşıl libasını soyunmur. Göz işlədikcə uzanan nəhəng xalçada yaşıl ilmələrlə toxunmamış bir qarış da yer tapmaq mümkün deyil. Qayaların, daşların arasından keçib gələn bulaqlar gömgöy otların arasında üzə çıxır.  Zirvədən üzü aşağı süzülən  duman qatı əlçim-əlçim dərələrə, yarğanlara çökərək əsrarəngiz bir mənzərə yaradır. Yaşıl dərələrin arası ilə axan Axınçı çayı bu yerlərə əbədi bir nəğmə çalır...

Gədəbəyin şimal-şərqində yerləşən Şınıx bölgəsi təbiətin gözəl bir guşəsində yerləşir.  Bir-birinə söykək duran 28 kənddə 10 mindən artıq  əhali  yaşayır. İndi həmin  kəndlərdə 9 icra nümayəndəliyi 11 orta  məktəb fəaliyyət göstərir. Amma keçən əsrin 40- illərində bölgədə yeganə orta məktəb Çayrəsullu kəndində yerləşirdi. Oxumaq, təhsil almaq arzusunda olan hər kəs həmin məktəbə üz tuturdu. Sinəsi oxumaq arzusu ilə alışıb-yananlardan biri Göyəmli kəndindən olan Qara Məşədiyev idi.

... Bir əlcə kənd uşağı təhsil almaq üçün  hər səhər kitab-dəftərini  anası Əzət xanımın çit parçadan tikdiyi torbaya yığıb Göyəmlidən Zamanlı kəndindəki yeddillik məktəbə  gedib. Qışda bu yolları getmək xüsusilə çətin idi. Məktəbə yetişmək üçün  qılınc kimi kəsən soyuğunda buzla örtülən  dağ keçidlərini, sürüşkən sıldırımlı yamacları, vahiməli meşələri keçərək 15 kilometr məsafə qət etmək lazım idi: Murğuz dağı, Ləzgiqaya, Keçəlqaya, Sümüklü yal, Axınçı çayı... Amma buna baxmayaraq o, bircə gün dərsdən qalmayıb. Qarlı qış günündə məktəbdən qayıdandan sonra  evdə sobanın istisi dəydikcə  dondan qızarmış ayaqları gizildəməyə başlayanda atası İbrahim "çan, ay bala" deməkdən özünü saxlaya bilməyib. Amma oğlunun oxuyub öyrənmək arzusunun qarşısını kəsməyib. Məktəbdə hamı hiss edib ki, bu  çəlimsiz, zirək gözüaçıq uşağın qəlbində oxumağa, öyrənməyə çox böyük  maraq var.  Elə bu öyrənmək istəyi, oxumaq həvəsi Zamanlı kəndində yeddinci sinfi bitirdikdən sonra onu Çayrəsullu kəndindəki orta məktəbə aparıb.

Eyni qayda ilə orda da  davam edib. Hətta məktəbdə çox tələbkar müəllimlərdən sayılan Mirzə müəllim Qaranın hazırlıq səviyyəsinə heyranlığını gizlədə bilməyərək  deyirmiş: "Bu uşağın yiyəsi olsa, gələcəyin alimidir".

Məktəbdən evə qayıdan Qara ata-anasına kömək edər, meşədən odun yığıb gətirəndən sonra dərslərini oxuyardı. Meşədən gətirdiyi odun şələsi bəzən onun özündən böyük olardı. Onunla meşəyə odun gətirməyə gedən uşaqların bir  çoxunun gələcəyi həmin o ağır şələlərin altında qaldı. Amma Qara öz gələcəyini odun şələsi  altında qalmağa qoymadı...

  M. F. Axundov adına Azərbaycan Pedaqoji Xarici  Dillər İnstitutunu bitirdikdən sonra təyinatla  Gədəbəy rayonunun Maarif kəndində göndərildi.  Üç il müəllimlik etdikdən sonra onu Bakıya dəvət edərək  həm  Xarici Dillər İnstitutunda, həm Milli Elmlər Akademiyanın Dilçilik İnstitutunda təklif olundu. Qara müəllim  elmi işlə məşğul olmaq üçün akademiyanı seçdi. 1968-ci ildə institutun Müasir Azərbaycan dili şöbəsinə laborant qəbul edildi, bir il sonra kiçik, sonra böyük elmi işçi oldu. 

1974- ildə EA-nın müxbir üzvü, mərhum Zərifə Budaqovanın rəhbərliyi ilə "Müasir Azərbaycan ədəbi dilində adlıq cümlə" mövzusunda namizədlik dissertasiyası müdafiə etdi.

"Azərbaycan dili ən saf, ən oynaq, musiqili ən asan başa düşülən, tərcümə olunan dildir", -  deyən Qara Məşədiyevin elmi axtarışları getdikcə dilçiliyin yeni sahəsi olan onomastikaya yönəlir. O, bir-birinin ardınca onomastikaya dair məqalələr yazır, xalqımızın tarixi yer-yurd adları, onların öyrənilməsi sahəsində çox vacib gərəkli məsələlər qaldırır.

1979-cu ildə ona "Qafqaz ərazi tayfalarının təsviri materialları məcmuəsi"ndə (SMOMK) qeydə alınmış Azərbaycan (türk) mənşəli toponimlərin tarixi-linqvistik təhlili mövzusunda doktorluq dissertasiyası üərində işə başlayır. Qara müəllim çox geniş, çətin əhatəli bir mövzuda elmi axtarışlar aparır. Uzun illər Moskva, Sankt-Peterburq, Tiflis Mahaç-qala şəhərlərindəki arxivlərdə, elmi kitabxanalarda toz basmış kitabları, köhnə arxiv sənədlərini araşdırır. 1991-ci ildə 17 illik tədqiqatlardan sonra Qara Məşədiyev doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru dərəcəsinə layiq  görülür. Onun doktorluq dissertasiyası "Zaqafqaziyanın Azərbaycan toponimləri" monoqrafiyası dilçilik eimində ən mükəmməl dəyərli əsərlərdən biri kimi qiymətləndirilir.

Qara Məşədiyev 1989-cu ildən Nəsimi adına Ədəbiyyat İnstitutunun  onomastika  şöbəsinə rəhbərlik edib. 1992-ci ildə professor dərəcəsinə layiq görülüb. Bu müddət ərzində filoloq-alim elmin bu sahəsinə çoxlu töhfələr verib.  Müəllifin "Müasir Azərbaycan dilində nitq hissələrinin semantikası" (ocerklər) kitabı ali məktəblərin filologiya fakültəsinin tələbələri, aspirantları, müəllimləri, habelə dilçilik, dilin semantikası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. Heç təsadüfi deyildir ki, 1991-ci ildə professor Ağamusa Axundov həmin  əsəri "ilin ən yaxşı kitabı" kimi dəyərləndirib. Qara Məşədiyevin müəllifi olduğu "Müasir Azərbaycan dili", "Azərbaycan dilinin semasiologiyası" "Azərbaycan dilinin onomastikası" kitabları da elmin  bu sahəsində çox  qiymətli mənbə rolu oynayır.

Onun  Türkiyə, Gürcüstan Özbəkistanda keçirilən simpozium elmi yığıncaqlardakı çıxışları  bu sahədə çalışan alimlərin çox böyük marağına səbəb olub.

Onomastika xalqın tarixini, həyat tərzini, məişətini, dilini s. özündə əks etdirən elm sahəsidir. Professor Qara Məşədiyev məhz dilçiliyin bu sahəsində öz məktəbini yaradıb. Azərbaycan mənşəli toponimlər, hidronimlər antroponimlər professorun uzun illər rəhbərlik etdiyi Dilçilik İnstitutunun onomastika şöbəsinin əsas tədqiqat sahəsi olub. Onomastik vahidlər özləri bir neçə qrupa bölünür: zoonimlər, fitonimlər, oronimlər, xtemotonimlər, dronimlər, urbononimlər...

Dilçilik sahəsində 6 kitab 6 kollektiv nəşrdə onomastikaya aid məqalələr...

Ölkəmizdə xaricdə dərc olunan 120-dən artıq elmi məqalə...

31 elmlər namizədi 5 elmlər doktorunun rəhbəri...

Görkəmli alimin göstərdiyi xidmətlər təkcə bunlarla məhdudlaşmır. O, institutda yaradılmış müdafiə şurasının 25 il elmi katibi olub, 2008-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin  toponomika komissiyasının üzvüdür. 45 ildən artıq müddətdə  müxtəlif təhsil ocaqlarında - Azərbaycan Pedaqoji Universiteti, Lənkəran Dövlər Universiteti, Bədən Tərbiyəsi İdman Akademiyası,  Naxçıvan Dövlət Universiteti digər ali məktəblərdə dərs deyib. Həmkarları çox haqlı olaraq onun ölkəmizdə onomastika məktəbi yaratdığını qeyd edirlər.

-Mən çox sevinirəm ki, bu gün Nəsimi adına Dilçilik İnstitutuna  Azərbaycan dilinin ən gözəl bilicilərindən biri, çox görkəmli alim, professor Tofiq Hacıyev rəhbərlik edir. Son vaxtlar dilçiliyin onomastika  sahəsinə   çox  istedadlı perspektivli gənclər üz tutub. Mən onomastikaya  üz tutan  gənclərdən Yadigar Cəfərli, Elşad Abışov, Rübabə Əliyeva Zülfiyyə Əlibəyli kimi gənc yetirmələrimə çox böyük ümidlər bəsləyirəm, - deyə Qara müəllim öz nikbinliyini ifadə edir.

Filologiya elmləri doktoru, professor Qara Məşədiyevin ömür yelkəni 75-ci sahilə yan alır. Ömrün arxada qalan illərinə onun alim  axtarışları, müəllim narahatlığı ata sevgisi hopub.  Hazırda onun rəhbərliyi altında 2 elmlər namizədi 4 aspirant çalışır,  6 nəvəsi müdrik  baba  nəsihətinin xeyir-dualarını eşidə-eşidə böyüyür.  

Hansısa şairin misralarıdır:

Sinifdə o qədər var-gəl edib ki,

Bəlkə yol gedib

Magellan qədər...

Doğrudan da, dərs zamanı sinif otağında,  auditoriyada o baş-bu başa gedib gələn  müəllimin qət etdiyi məsafəni uc-uca düysən, bəlkə ekvator xəttini dolaşmış olar... Elə  alim ömrü ilə səyyah ömrü arasında da bənzəyiş var. Səyyah ömrü   materik, okean    adaların axtarışına, professor  Qara Məşədiyevin ömrü isə onomastik vahidlərin öyrənilməsinə, eləcə ana dilimizin saflıq təmizliyinin qorunmasına yönəlib...

...Hər səhər  Qara müəllim ağır ləngərli addımlarla  hansısa elm mərkəzinə, təhsil ocağına üz tutur.. Onu tanıyan hər kəs üzündə xeyirxahlıq işığı dolaşan bu sadə nurani alimi görəndə ayaq saxlayır, hal-əhval tutur, məsləhət alır. Ömrün müdriklik çağını yaşayan Qara müəllimlə rastlaşan hər kəsin ilk kəlməsi belə olur:

-Sabahın xeyir, professor!

Elə Qara müəllimi ömrün yeni səhərlərinə səsləyən bu"sabahın xeyir"lərdir...

Süleyman QARADAĞLI

 





14.05.2014    çap et  çap et