525.Az

Şadlıq sarayına qadağa qoyuldu


 

 Şadlıq sarayına qadağa qoyuldu <b style="color:red"></b>

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Rüstəmov küçəsi-34 ünvanında fəaliyyət göstərən fiziki şəxs Sadiq Seyidova məxsus “Nilufər” şadlıq sarayında dövlət nəzarəti həyata keçirilib.

Komitədən 525.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, şadlıq sarayında sanitar norma və qaydalara lazımi səviyyədə riayət olunmur, mətbəxdə işçi personal papaq, xalat və əlcəklər olmadan işləyir, işçilərin vəzifə, hüquq və məsuliyyətini əks etdirən təsdiq olunmuş vəzifə təlimatları mövcud deyil.

Müəssisəyə baxış zamanı mənşəyi məlum olmayan və üzərində heç bir məlumat əks olunmayan 500 qramlıq bankada süni balıq kürüsü aşkar edilib. Həmçinin istehlakçılara təqdim olunan kulinariya məmulatlarının (müxtəlif növ salatlar, yeməklər, ət yarımfabrikatları və s.) QOST 30390-95 və AZS 126-2005 standartlarının tələblərinə zidd olaraq müvafiq qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlandığı, yeməklərin hazırlanmasında istifadə olunan ərzaq məhsullarının gigiyenik və uyğunluq sertifikatlarının, istifadə olunan toyuq, mal və quzu ətinin baytarlıq müayinəsindən keçdiyini təsdiq edən şəhadətnamənin olmadığı, soyuducu kameralarda tempratur rejiminin məhsulların saxlanma rejiminə uyğun gəlmədiyi müəyyən olunub.

Müəssisə tərəfindən hazırlanmış “mimoza” və “paytaxt” salatlarından götürülmüş nümunələrin Komitənin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) sınaqlarının nəticələrinə əsasən hər iki məhsulda bağırsaq çöpləri qrupundan olan bakteriyalar və “e.coli” mikroorqanizmləri müəyyən olunub.

Faktla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib, fiziki şəxs Sadiq Seyidova məxsus “Nilufər” şadlıq sarayında “mimoza” və “paytaxt” salatlarının hazırlanmasına və satışına qadağa qoyulub.

 





22.10.2012    çap et  çap et