525.Az

Adlarda yaşayan Laçın


 

Adlarda yaşayan Laçın<b style="color:red"></b>

Qonşuluqda bir ailə yaşayır. Bu ailənin yaraşıqlı bir oğlu var. Çox dəcəldir. Səhərdən axşama qədər yaşıdları ilə oynayır. Uşaqlar onu "Laçın" deyə çağırırlar. Bir gün həyətdə oturmuşdum. Uşaq yanıma gəldi. Ondan soruşdum: - Sənin adını niyə Laçın qoyublar? - Atam laçınlıdır, ona görə, - dedi.
 
Dedim, gəl otur, sənə Laçından danışım: "Laçın qədim Oğuz torpağının bir hissəsi olan Zəngəzurun bir parçasıdır. Bu torpağın can dərmanı olan gülü-çiçəyi, saf, təmiz havası, şəfalı bulaqları, sıldırım dağları, faydalı qazıntıları həmişə burda yaşayan insanların saf, təmiz, igid, qeyrətli, namuslu yetişməsinə səbəb olub. Təbiətin saflığı insanlarına da keçib. Ulu Tanrı bu yerlərdən heç nəyi əsirgəməmişdi. Laçın qədim tarixə malik olan, yaşı XV-XVIII əsrlərə gedib çıxan tarixi abidələr məskənidir. Şimaldan Kəlbəcər rayonu ilə, şərqdən Xocalı, Şuşa Xocavənd rayonları ilə, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun böyük ərazisi var.1924- ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasındakı ərazidə coğrafi mövqeyi cəhətdən strateji nöqtədə mərkəz rolu oynayacaq bir şəhərin salınması haqqında qərar verilib. Müstəqil inzibati bölgə kimi təsdiq olunana qədər Qarabağ xanlığının, Zəngəzur qəzasının tərkibində olan bu ərazinin gözəl bir guşəsində bu şəhərin əsası qoyulub.

1924-
ilin əvvəllərində rayonun Abdallar adlanan yaşayış məntəqəsi Laçın adlandırılmışdı. Bu adı ona yazıçı Tağı Şahbazi Simurq verib. Bu şəhər gündən-günə gözəlləşirdi, inkişaf edirdi, əhalisi çox yaxşı - firavan yaşayırdı. Amma bir gün hər şey alt-üst oldu. Xain qonşularımız sinəmizə dağ çəkdilər. Havadarlarının köməyi ilə Laçınımızı işğal etdilər. Laçınlılar dolu ev-eşiklərindən, əzizlərinin uyuduğu torpaqdan məhrum oldular. Buz bulaqlarımız, Tanrının laçınlılara bəxş etdiyi İstisudan, mineral sulardan, saf-təmiz havadan uzaq düşdük, onların həsrəti ilə yaşadıq. Laçınlılar respublikamızın 59 rayon şəhərlərinə səpələndilər. Qonum-qonşu bir-birindən aralı düşdülər. Vətən-torpaq həsrəti ilə yaşadılar. Çoxları dözmədi bu dərdə, vaxtsız köç etdilər bu dünyadan. Torpaq dərdi, heç bir dərdə bənzəməz, bala, çox böyük itkidir torpaq itkisi. Qız, gəlinlər vaxtsız qocaldılar Vətən həsrəti ilə, nənələrimiz sinədəftər oldular Vətən həsrəti ilə. Ağılarda adı çəkildi Laçının, bayatılarda oxşandı Laçın. Şəhidlərimizin ruhu narahat qaldı Laçınsız. Uşaqlarımız böyüdü Laçınsız, ailə qurdular Laçınsız, ata-ana oldular Laçınsız, yeni doğulan körpələrə Laçın adı verildi - Laçınsız. Bununla təsəlli tapdılar laçınlılar, adlarda yaşadı Laçın. Sənin adını da atan ona görə Laçın qoyub. Mənfur qonşularımız Laçının keçmişini, tarixini dəyişdirməyə, abidələrini özününküləşdirməyə çalışsalar da, bu torpaqda yaşaya bilməyəcəklər. Bu torpaq bizi çağıracaq, mütləq çağıracaq. Bizim nəslə qismət olmasa da, siz böyüyüb o çağırsa, səs verəcəksiz. Möhtərəm prezidentimizin apardığı böyük siyasi diplomatik siyasəti nəticəsində bu torpaqlar özümüzə qayıdacaq. Ona görə ki, möhtərəm prezidentimiz ulu öndərimiz Heydər Əliyevin davamçısıdır. Torpaqlarımız düşməndən azad olacaq, qaçqınlar, köçkünlər öz ata-baba yurduna qayıdacaq, balalarımız o torpaqları görəcək, elə sən o torpaqlara qayıdacaqsan. Laçın balam, Laçına qayıdacaq. Mən buna inanıram". 

R.MƏHƏMMƏDOVA

 





17.05.2014    çap et  çap et