525.Az

Lermontovun "ilham mənbəyi", "beşiyi" və "poetik vətəni"


 

Eyvaz Borçalıya açıq məktub

Lermontovun "ilham mənbəyi", "beşiyi" və "poetik vətəni"<b style="color:red"></b>

Xalq şairi 

Əzizim Eyvaz!

Lermontovdan tərcümələrin əlyazmasını məmnuniyyətlə oxudum. Dilin, ruhun, təşbehlərin gözəldi. Hamısı təzə-tərdi. Puşkinin Qnediçə məktubu xatırladım.

"İliada"nın rus dilini zənginləşdirdiyini yazırdı. Təsəvvür edirsənmi? Tərcümə dilini necə dəyərləndirir. Bu sözləri Puşkin deyir - rus dilinin yaradıcısı. Bu gün bütün millət onun dilində danışır.

Bu o deməkdi ki, əsər hansı dilə tərcümə olunursa, gərək o dilin qanun-qaydalarını nəzərə alsın. Özün yaxşı bilirsən, qrammatik qanun-qaydaları demirəm. Dilin - süddən-sümükdən gələn, bir az laylalardan, bir az  bayatılardan, bir az da ağılardan gələn  mənəvi, ruhi aləmini nəzərdə tuturam.

Dilin - tərcümə zamanı, tərcümə olunmayan idiomatik təbiətini demək istəyirəm.

Lermontov sənin tərcüməndə sadə, aydın, bulaq suyu kimi duru, musiqili bir dildə danışır.

Sənin şair ilhamını, tərcüməçi istedadını mən həmişə alqışlamışam. Hamısı gözümün qabağında olub: Bakıda Axundov adına rus dilləri institutuna qəbul olduğun gündən, Moskvanın Qorki institutuna getdiyin günə qədər. Elə sonralar da.

Bu tərcümələrin özü - şairin xatirəsinə bir abidədir.

Lermontov mənim mütaliə etdiyim şairlərdəndi. Onun şəxsiyyəti - yaradıcılığını, yaradıcılığı da - şəxsiyyətini tamamlayır. Nadir təbiət hadisəsidi.

Maraqlıdır ki, Belinski onu Bayrona, Göteyə, Puşkinə bənzədir; "O məhz Lermontov olacaqdır... Lermontov tamamilə başqa bir şairdir" - deyirdi.

Hələ ilk gəncliyində yazdığı şeirlərindən birində şairin özü bunu hiss edirdi.

 

Mən Bayron deyiləm, özgə bir kəsəm,

Hələlik kül altda  bəlirsiz közəm.

Olsam da onun tək cəlayi-vətən,

Xalis, rus ürəkli didərginəm mən.

Çox az yaradacaq ağlım dünyada,

Erkən alışmışam, erkən sönnəm.

Sınıq ümidlərlə yüklənib yatan,

Bir ümman uyudub alovlu sinəm.

Sən ey tutqun ümman, o sirlərini,

Kim aşkar eyləyər, kim öyrənər bəs?

Kim açar kütləyə fikirlərini?

Özümmü? Allahmı? Yoxsa ki heç kəs!

(1832)

 

Lermontovun ilk şeirlərini yüksək qiymətləndirən Belinski sonradan onun  başqa görkəmli rus şairlərinin Qafqaza, eləcə qafqazlılara olan böyük məhəbbətini özünə xas olan sonsuz ehtirasla qələmə alırdı: "... təbiət təsvirləri şairin böyük sənətkar fırçasına sahib olduğunu göstərir: bunlar əfsanəvi Qafqazın əzəmətilə, zəngin parıltısı ilə doludur... Qəribə işdir! Puşkinin ilk poemalarından biri - "Qafqaz əsiri", son poemalarından birisi olan "Qalub" da Qafqaza həsr olunmuşdur; onun son dərəcə gözəl olan bir neçə lirik şeiri Qafqaza aiddir. Qriboyedov öz "Ağıldan bəla" komediyasını Qafqazda yaratmışdır...

Çox təəssüf ki, Lermontovun başqa bir poeması çap olunmamışdır; bu poemada da hadisələr Qafqazda cərəyan edir... Biz "İblis" haqqında danışırıq";

"... biz Lermontovu Bayron adlandıracağıq, Göte, Puşkin. Lakin zənnimizcə "Su pərisi", "Üç palma" "Terekin hədiyyələri" kimi şeirləri yalnız Bayron, Göte Puşkin kimi şairlərdə tapmaq olar, desək, heç bir mübaliğəyə yol vermiş olmarıq";

"... böyük şair özü haqqında, öz mənliyi haqqında danışarkən, ümumilik haqqında danışır, çünki bəşəriyyət ilə yaşayırsa, bunlar hamısı onun təbiətindədir. Məhz buna görə onun qüssəsində hamı öz qüssəsini görüb tanıyır, onun qəlbində ruhunda hamı öz qəlbini ruhunu görür onu yalnız bir şair deyil, eyni zamanda bir insan, bəşəri qohumluq nöqteyi-nəzərdən öz qardaşı hesab edir. Biz onun simasında sözün ən yüksək ən nəcib mənasında bir xalq şairini, rus şairini görürük, rus cəmiyyətinin tarixi dövrünü ifadə edən bir şairi görürük".

Lermontov dünyaya tək gəlməmişdi; şair - taleyi ilə birlikdə doğulmuşdu. Sənətkar taleyinin olduğunu, necə olduğunu hələ vaxtilə Füzuli öz həyatından gətirdiyi misallarla ümumiləşdirirdi:

 

Məhvəşimdən, dustlar, dövran cüda istər məni,

Düşmənimdir, heç bilməm, netmişəm dövran ilə.

 

Yaxud:

 

Dust bipərva, fələk birəhm, dövran bisükun,

Dərd çox, həmdərd yox, düşmən qəvi, taleh zəbun.

 

A.İ.Gertsen Rusiyada "Taleyi zəbun" olanların siyahısını tutmuşdu.

Nizami Gəncəvi dünyanı ona görə "ifritə" adlandırır bağışlaya bilmirdi ki, həyatda hünər, istedad yox, hər şeyi tale həll edir. Qədim dünya filosofu Aristotel isə taleyin - insanla bərabər, əkiz doğulduğunu yazır, mövqeyindən asılı olmayaraq, insanların azad, yaxud qul təbiətli olmalarının səbəbini izah edirdi.

Böyük Balkar türk şairi Kayson Quliyev Lermontovu çox sevirdi. Moskvada, tələbəlik illərimdə mən ondan eşitmişdim ki, rus şairi Nobel mükafatı laureatı Boris Pasternak da Lermontovun yaradıcılığını şəxsiyyətini yüksək qiymətləndirirdi. Kayson deyirdi ki, şairlərin bir-birilə tale qohumluğu var.

Qədim roma şairi Ovididən bəri Nəsimi , Puşkin , Lermontov da, Pasternak da, Cavid , öz əsrinin tuncdan tökülən poetik abidəsi kimi ucalsalar da, hikkəli taxt-tac sahiblərinin qurbanı oldular.

"Şairin ölümü"- "rus poeziyasında ən güclü şeir" (M.Qorki) kimi əsrin elə bir fəryadı idi ki, o səs çar I Nikolayın qulağına çatan kimi müəllifini həbs etdirdi; Puşkini - məzara, Lermontovu da Qafqaza - qafqazlılarla müharibəyə yola saldı. Bununla da, qətlin təşkilatçısı olduğunu etiraf etdi. Çünki şair, hədəfi düz seçmişdi.

Burada hər iki şairin xatirəsinə hörmətlə bütün şeiri misal çəkmək istəyirəm. Həm istəyirəm ki, sənin bu qədər sərrast tərcüməni o ağırlı hissləri yenidən yaşadığını görüb oxucu düzgün qiymətləndirsin.

"Öldü böyük şair - qeyrəti həssas,

Ömrü şəhid oldu şayəli şərə.

Sinədə qurğuşun, ürəkdə qisas,

Əyilməz başını əydi son kərə.

Xırda təhqirlərin ağır daşına,

Dözmədi şairin köksündə ürək.

Kübar aləmində, o, təkbaşına

Rədd edib rəyləri həmişəki tək.

... Axır öldürüldü!.. Daha lazım,

Gərəksiz təriflər, boş hönkürtülər.

Qurtarın haqq deyən miskin avazı,

Hökmünü bitirib qəzavü-qədər!

Sizlər deyildimi elə qərəzlə,

Ötkəm bir talantı perikləyənlər?

Sizlər deyildimi zövqü-həvəslə

O gizli yanğını körükləyənlər?

olar? Əylənin... Gülün gir daha,

Bitdi əzablarla sonuncu cəngi.

Söndü çıraq kimi munis bir düha,

Soldu təntənəli zəfər çələngi!

 

Mərhumun qatili laqeyd, zirəng,

Zərbəsi amansız oldu yamanca.

Aramla vurarmış duyğusuz ürək,

Zərrəcə əsmədi əldə tapança.

Bu möcüzədir?.. Tale göndərib,

Baxmayıb yurdunun soyu-sovuna.

Başlayıb - necə ki, yüzlərcə qərib -

Səadət ovuna, rütbə ovuna,

Gülüb, layiq bilib sonsuz nifrətə.

Yabançı adəti, dili o qansız;

Acıya bilməyib bizim şöhrətə,

Anlaya bilməyib qan tökən vədə

Nəyə əl qaldırdı belə amansız!..

 

Şair öldürüldü - amansız, nahaq,

Böyük bir ilhamla özü vəsf edən;

Özütək qısqanclıq badına gedən

O məchul, o əziz nəğmələr sayaq

Onu da qoynuna apardı torpaq.

 

Niyə o pak dostlardan ayrı düşüb bihudə,

Ayaq açdı bu paxıl, bu xəfəli mühitə.

Azad, alovlu qəlbi gündə elnən, qanayan?

Niyə əl verdi belə böhtançı rəzillərə,

Niyə inandı görən, yağlı, şirin dillərə

O uşaq vaxtlarından adamları tanıyan?

 

Çələngini götürüb təzəsini hördülər,

Bir dəfnəli göyəmi alnı üstə sərdilər.

Amma pünhan tikanlar,

Onun şanlı alnına ağı süzdü o ki, var.

Zəhərləndi anbaan,

O, təlxək cahillərin hiyləli pıçıltısından.

O, öldü - qisas eşqi qaynasa da qanında,

Aldanmış ümidlərin təəssüfü canında.

 

Susdu şaqraq nəğmələr,

Qalxıb oxumaz bir ,

Kip qapandı dodaqlar,

Ensiz, kəsif qəbirdə.

Siz ey rəzilliyə əyilənlərin

Dikbaş xələfləri, məğrur əyanlar,

Tale qırmacıyla döyülənləri

Kölə dabanıyla tapdalayanlar!

 

O ac gözləriniz niyə doymadı,

Bu taxt ətrafına daraşan yığın:

Sizsiniz qatili, əcəl cəlladı,

Dühanın, Şöhrətin Azadlığın!

Sizlərə pərdədir qanun cahanda,

Susur qarşınızda haqq da, divan da...

Bu pozğun əxlaqa sirdaş olanlar,

Bilin, tanrının da öz divanı var.

Görür qabaqcadan fikri, əməli,

Ona yetməyəcək altunun əli!

Onda bir ağızdan sizin hamınız

Nahaq söysəniz o haqq qanunu,

Yuya bilməyəcək qara qanınız.

Təptəzə, dupduru şair qanını!

         (1837)

 

Bu sadəlikdə (adilikdə yox!) sənin tərcümə dilində dilimizin fəlsəfi, ləngərli intonasiyasını siqlətini duyduqca razılıq hissi ilə sevinirdim.

"Qeyrəti həssas", "şayəli şər", "miskin avaz", "rütbə ovu", badına gedən" , "kölə dabanı", "daraşan yığın", "əcəl cəlladı" kimi söz ifadə tərzi əsərin özünə xüsusi məna çaları verir.

Hələ onu demirəm ki, bu tarixi şeirə dilimizdə olan bir çox tərkibləri, bakirə sözləri gətirməklə onu daha oxunaqlı bizimki eləmisən.

Rus poetikası (onun yamba ilə, hekzametrlə b. ölçülərlə yazılan nümunələri) bizim heca vəzninin 13, 11, 8, 7, 5 b. ölçülərində aydın rəvandır.

Yeri gəlmişkən M.F. Axundovun "Səbuhi" təxəllüsü ilə Puşkinin ölümünə həsr etdiyi əsərini xatırlamaq istərdim.

Lermontovun tədqiqatçıları "Puşkinin ölümünə Şərq poeması" yüksək dəyərləndirir onun Moskva jurnallarının birində çap olunduğunu yazırlar.

Lermontovun şeiri həmin nömrədə getmişdi. Amma biri imzalı, o biri imzasız.

Axundov əsərində çar I Nikolaya, onun taxt-tacına eyhamla, sətiraltı işarə edirdisə, Lermontov onları birbaşa ittiham edir. Mütləq məhşər gününün gələcəyini bildirirdi. Buna görə onun əsəri imzasız verilmişdi.

Lermontov Tiflisdə Axundovla görüşür ondan "Tatar" (Azərbaycan) dilini öyrənir. O, dostu Rayevskiyə göndərdiyi məktubda yazırdı ki, "Tatar dilini öyrənməyə başlamışam. Təəssüf ki, daha öyrənə bilməyəcəyəm. Sonralar lazım ola bilərdi. Mən artıq Məkkəyə getmək barədə plan tutmuşam..."

Lermontovun Tiflisdə Axundovla görüşü, Azərbaycan dilini öyrənmək üçün ondan dərs alması iki şairin dostluğuna səbəb olmuşdu.

Rusiyada yaşamağa yer tapa bilməyən bu gənc üsyankar şair, üsyankar Qafqazı sevirdi. Ona könül verir, Azərbaycan dilini öyrənir, əsərlərində çoxlu Azərbaycan sözləri işlədir; azərbaycanlıların "Aşıq Qərib" dastanı əsasında əsər üzərində işləyirdi. Folklorumuzu öyrənir, Azərbaycan dilini fransız dili ilə müqayisə edir yüksək qiymətləndirirdi.

Çarın siyasəti eləydi ki, Sibirə - məğrur Azərbaycan oğulları, Qafqaza da ("İsti Sibirə") - Rusiyanın düşünən başları sürgün edilirdi.

Puşkin Qafqaza - rus-türk müharibəsinə "könüllü" göndərilmişdi. Burada tarixçi Bakıxanovla tanış oldu, yolda Fazil xan Şeyda ilə rastlaşdı. Səngərdə, rus qoşunlarının sırasında Qarabağ atlıları ilə, Şirvan polkunun döyüşçülərilə görüşdü. Fərəculla bəyin, Fərhad bəyin şəkillərini çəkdi.

Puşkin müharibədən (Tiflis səfərindən) yarımçıq qayıtmasının səbəblərindən danışarkən yazırdı ki, "... Paskeyeviçin yedəyində gəzmək məni lap cana gətirmişdi. Mən istəyirdim ki, bizim doğma epopeyanın şərəfli bir hissəsi olan bizim Qafqazlı hünərpərvərlərin qəhrəmanlıq şücaətini tərənnüm edim. Ancaq o məni başa düşmürdü çalışırdı ki, məni ordudan uzaqlaşdırsın. Mən çıxıb gəldim".

Altı cildlik "Qafqaz müharibəsi" kitabının müəllifi Paskeyeviç ordusunun tarixçisi general-leytenant Vasili Potto etiraf edirdi ki, bir şair kimi "Puşkin Qafqaza məxsusdur".

Belə olmasaydı, böyük rus şairi "Qalub" poemasında Qafqazda çöllərə səpələnən baş daşlarını "vəhşi ata-babalardan vəhşi nəvələrə yadigar" kimi real boyalarla mənalandırıb, çar qoşunlarının cinayətkar xislətini açıb göstərməzdi.

Lermontov da Puşkin kimi Qafqazın füsunkar təbiətini sevdi, insanlarına qaynayıb-qarışdı. Dağlı xalqların tarixini, adət-ənənəsini, dilini öyrənməyə başladı. O da Puşkin kimi bir-birinin ardınca Qafqaz həyatından gözəl əsərlər yazdı.

Lermontov - Qafqazda Puşkinin şəhid varisiydi. Lermontov Qafqazda Puşkinin ədəbi varisi oldu. Daxili intibahıyla yeni bir Lermontov ədəbi mühiti qoyub getdi.

Şair Qafqaza poruçik kimi, əsgər şinelində göndərilsə , əslində ruhu-ruhundan olan azadlıq sevən xalqlar içinə düşmüşdü. Pometeyin vətəninə. Qanlı caynaqlarıyla onun sinəsini deşmək istəyən cütbaşlı qartal Peterburqdaydı, Qafqazda yox.

Lermontov - qafqazlı gülləsinə deyil, Qafqazda rus qatilinin gülləsinə tuş oldu. Məzarı burada ziyarətə çevrildi.

Qədim Roma sərkərdəsi Qney Pompey legionerlərilə Qafqaza gəlmişdi. Ulu babalarımız albanlar (gürcülərlə əl-ələ verərək) romalılarla döyüşdü onların vassalı olmadı. Legionerlər Muğandan Mildən geri qayıtmağa məcbur oldular. Bu da bizim tariximizdi.

Əzizim Eyvaz, sən təkcə tərcüməçilik istedadını yox, Lermontovu dilimizə çevirəndə, həm şairliyini həsr etmisən. Yanılmamısan. Mən bunu bütün küllüyyatı oxuyanda bir daha hiss etdim.

Bir dəfə səndən, belə razılıq etmişdim. Başqırd Xalq şairi Mustay Kərimin əsərlərini demək olar ki, azərbaycanlaşdırmışdın. Sual da verdim sənə: özün mənzum pyes yazmısanmı? Yox, - dedin.

İndi, Mustay Kərimin əsərlərinin tərcümələri ilə Lermantovun əsərlərinin tərcümələri arasında xeyli vaxt keçib.

Lermontovu - onun əzəmətini olduğu kimi belə yaradıcı eşqlə, azərbaycanlı oxuculara çatdırmaq (ədəbi maneraları, poetik rəngləri, boyaları saxlamaqla) özü bir hünərdi, ruslar "podviq" deyirlər. Mən "hünər" sözünü elə o mənada işlədirəm.

Sənin ilham dolu ürəyini alqışlayıram, Eyvaz. Bu günkü ədəbi prosesdə ədəbi mühitdə tanınan görkəmli qələm dostum kimi bu ədəbi nailiyyətinə mən sevinirəm.

Sən həmişə şair tərcüməçi nüfuzunu qorumaqla, yaradıcılıq yollarında mübariz olmusan.

Hələ vaxtilə sənin ağlınla, fəaliyyətinlə, həm şəxsi cəsarətinlə məşhurlaşan "Mozalan" kino "Kirpi" satirik jurnallarının şan-şöhrəti indi yaxşı yadımızdadı. Ən mürəkkəb illərdə hər iki mətbuat orqanının baş redaktoru olmusan.

Mən indi görürəm ki, böyük rus şairi Lermontovun şeirləri, poemaları da sənin kimi şəxsiyyət tanrı vergisi olan Azərbaycan şairinin könül süzgəcindən süzülüb gəlib. Şeirimiz, sözümüz təzələndi.

Bütün bunlar üçün sənə minnətdaram.

Həmişə belə qal!

Bir şeirin, yaxud poemanın yeni tərcüməsi - mütləq yeni məziyyətlərin üzə çıxmasına səbəb olur. Bu təbiidi. Çünki hər şairin yaradıcılıq üslubu olduğu kimi, seçilən tərcüməçilik istedadı da olur ki, bundan yan keçmək olmur.

Vaxtilə, Sovet dövründə ziyalıların dili (xüsusilə vəzifədə olanların) "Kommunist" qəzetinin dilinə oxşayırdı. Çünki yerli qəzet mərkəzdə çıxan "Pravda" qəzetinin materiallarını tələsik tərcümə edib öz səhifələrində verirdi. Dilimizin vəziyyəti, bir para hallarda, o tərcüməçilərin insafına qalırdı.

Dildə dəyişikliklər etmək, islahat aparmaq, yeni söz (neologizmlər) axtarıb tapmaq, əlbəttə, cəmiyyətin istehsal münasibətlərinin müqabilində mümkündür.

Amma hər şey düşünülmüş olanda yaxşıdı.

Neçə dəfə əlifbamız dəyişdi, eləcə təhsil sistemimiz. Cəmiyyətdə , bir növ dildə "təbəqələşmə" əmələ gəldi. Halbuki dil heç bir bazisə, üstquruma daxil olmayan tarixi milli fenomendi.

Çinli, heroqlif yazı mədəniyyətlə yazıb-yaradır inkişaf edir. Onlarda keçmiş - bu gündü. Tarix - həm müasirlikdi. Yüz il, beş yüz il əvvəl yazılanı tələbə bu gün asan oxuyur. Kulturoloqların fikrincə, tarix - Çində cəmiyyətin inkişaf prosesi, mədəniyyət isə - cəmiyyətin yaşaması üçün vasitədi. Millət - milli mentaletini, zövqünü, adət-ənənəsini nəsil-nəsil saxlaya bilir özündən sonra gələn nəslə rahat ötürə bilir.

Şairlər təqib olursa, qətlə yetirilirsə - bundan qədim Romada Oktavian Avqustinin, Rusiyada çar I Nikolayın, Sovet dönəmində Leninin, Stalinin mütləq xəbəri var. Bütün dövrlərdə - bu mütləq həqiqətdir.

Çünki şairlik - çağırışdır. Onun səsi sonrakı əsrlərdə eşidilir. Necə ki, Rusiyada dövran nəsil-nəsil dəyişsə , Puşkinə, Lermontova atılan güllələrin səsi hələ qulaqlardan getməyib.

İntibah dövrü İtaliyada da F.Petrarkanın lirik yaradıcılığı - çağırışdır. Elə buna görə şairin adı, görkəmli sərkərdə Harribaldi ilə yanaşı çəkilirdi.

Lermontovun bütün yaradıcılığı demək olar ki, çağırış üstə bəstələnmiş "Yox mən Bayron deyiləm" şeirindən tutmuş, "Yelkən"ə, "Kazak laylası"na qədər ittihamdı.

Şair cəmiyyətlə, cəmiyyətin dözülməz əxlaq qanunları ilə üz-üzə gəlmişdi. Yaşadığı mühitin qədər pozulduğunu öz vətənində tənhalığını gördüyü üçün:

 

Ey kirli Rusiya, əlvida artıq!
Əlvida ağalar, qullar ölkəsi.
Ey mavi mundirlər, sizlə qurtardıq,
Siznən ... onların müti köləsi!
Bəlkə can qurtardım hürr Qafqazda mən,
Səndəki paşalar caynaqlarından.
Onların hər şeyi görən gözündən,
Bir darı dələn qulaqlarından, 

-           deyə, çıxış yolu axtarırdı. Şairin zəmanəsi ona duel yolunu göstərdi.

Puşkinin "Boris Qodunov" Qoqolun "Ölü canlar" əsərlərini oxuyandan sonra Belinskinin "bu rus ruhudur, burdan rus ətri gəlir" deməsi adi hal deyildi.

Əzizim Eyvaz! Lermontovdan tərcüməndə sənin azərbaycançılığını mən görürəm. Toxuduğun bu xalının ipi - sapı, rəngi - boyası hamısı rusundu, amma ordan üzümüzə Azərbaycan havası dəyir; Kür çayından qalxan, Borçalıdan əsən səhər mehi ürəyimizi oxşayır.

Böyük Sabir görkəmli əsərləri şikəst eliyən tərcüməçilər haqqında gör necə sözlər işlədirdi:

Öylə bir tərcümə kim, ruhi-Şekspir görcək,
Ağladı ruhi-Otelloyla bərabər özünə.
"Ax, mütərcim!" - deyə bir odlu tüfürcək atdı,
Şübhəsiz, düşdü o da tərcüməkarın gözünə. 

Yaxşı tərcümə artıq, ədəbi materialdır. Tərcüməçi tərcümədə şairin prototipidi.

Şairlər anadan doğulursa, gərək onun tərcüməçisi anadan doğulsun. Çünki o, şairin "astarını" yox, "üzünü üzə" çevirir. İkinci müəllif rolunda birincini - şairin özünü təmsil edir. Mən Lermontovda - səni, səndə - Lermontovu görməliyəm. Puşkin "Rus İlliada" sözü işlədir. O, Qnediçdə Homeri görürdü.

Biz Posternakda, Marşakda - Şekspiri, Rəsul Rzada - Mayakovskini, Səməd Vurğunda - Puşkini, Tofiq Bayramda - Tvardovskini gördüyümüz kimi.

Başqa misallar da gətirmək mümkündü.

Sən qüdrətli rus şeiri üstə işləyərkən ruslaşmamısan. Əksinə, milli ruhunu qoruyub saxlamaqla, rus şeirini azərbaycanlaşdırmısan. Bu da böyük şairin xeyrinə olub.

Lermontov - sənin şəxsində, dueldən sonra Qafqazda doğulub.

Mən indi Azərbaycan sözlərini Lermontovun "öz dilindən" eşidirəm.

O, Qafqazı yalnız sevmirdi. Ona bağlanmışdı. "İzmail bəy" poemasında deyir?

Sənə salam olsun saçlı Qafqaz!
Sənin dağ yollarında mən yad yolçu deyiləm.
O yollarda keçibdi mənim ilk gəncliyim,
Orda sonsuz göylərə baxmağı da,
dağlar öyrətdi mənə.

Tərcümənin ağır əzablarını çəkdiyin zaman, güclü "sel suları" səni aparmadı.

Bu da ədəbi hadisəydi.

Səməd Vurğun yazırdı ki, "Yevgeni Onegin" üzərində işlədiyim zaman "milli ruhdan ayrılmamaq üçün mən həyat yoldaşımdan xahiş edirdim ki, patefonda Azərbaycan havası çaldırsın... Beləliklə, mən Azərbaycan ruhundan ayrılmadım. Mən qorxurdum ki, rus adamına çevriləm. Qorxurdum ki, dilim Azərbaycan dilindən uzaqlaşsın".

Bu sözlər tərcümə zamanı böyük şairin xoşbəxt "mənəvi sıxıntıları" barədə səmimi etirafıydı.

Mən hələ bilmirəm sən hansı musiqi əsərinə qulaq asmısan? Şəhər mühitindən qaçıb, Borçalıya neçə dəfə gedib-gəlmisən? Hansı əzizinlə daim ünsiyyətdə olmusan ki, milli ruhu, dilimizin şəhdi-şirəsini belə saxlaya bilmisən.

Bütün bunlar belə olmalıydı. Böyük ədəbiyyatın başqa yolu yoxdu.

Görəsən rus tənqidçisi Belinskinin özü Qafqazda bizim ulu babaların ocağında qonaq olsaydı, ya adi bir dağlı çuxalı, xançallı bir igidin süfrəsində çörək kəssəydi, yazardı?!

Gəl, hələlik böyük tənqidçinin kəlamlarına ikilikdə bir qulaq asaq:

 "Qafqaz şairlərimizin ilham mənbəyi olmuşdur. Bizim poetik istedadlarımızın beşiyi olmaq... onların poetik vətəni olmaq... Qafqaza nəsib olmuşdur...

Budur, yeni böyük istedad meydana çıxır Qafqaz onun alovlu bir məhəbbətlə sevdiyi poetik vətəninə çevrilir; Qafqazın əbədi qarlarla örtülü, ayaqdəyməz zirvələrində o öz Parnasını tapır..."

Lermontov iddialı şairlərdən deyildi. Lermontovun şairliyi (əsərləri) - iddialıydı. Bəlkə buna görə Belinski onu müqayisə etməyə şair tapmırdı.

Qafqaz - Lermontovun "Poetik vətəni" olan gündən, Lermontov da - Qafqazın poetik abidəsi oldu.

Bu abidənin Azərbaycanda sonuncu müəllifi şairin birinci prototipi sənsən. Şair dostum Eyvaz Borçalı!

Mir Cəlal "təbrik" sözünü işlətməzdi. Mübarək olsun, - deyərdi.

Mən o sözü təkrar edirəm.

 

Bakı. 07.05.2014

 





17.05.2014    çap et  çap et