525.Az

Ata məktəbi, ata dərsləri (İsfəndiyar Vahabzadənin xatirələri)


 

Ata məktəbi, ata dərsləri<b style="color:red"> (İsfəndiyar Vahabzadənin xatirələri)</b>

“Zülmün üzünə haqq deyilən şilləni vursan
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah”.
Bəxtiyar Vahabzadə

Məlum meydan hadisələrinin ən qızğın, ən həyəcanlı, əsəblərin ən tarıma çəkilmiş vaxtları idi. Demək olar ki, bütün Azərbaycan, ən uzaq bölgələrdən belə axışıb Azadlıq meydanına gəlir, Qarabağ, Qarabağ deyə qışqırır, “Biz ölərik, Qarabağı vermərik” deyirdilər. Sən demə... Nəhayət ki, uzun və uzun illərdən bəri:

“Bu qapazlı baş dikələ bilibsə,

Öz-özünə baş yanırmış içində”   (Musa Yaqub)

Bəli, Musa Yaqubun sözü olmasın: uzun illər qapazlı olan bizim bu baş artıq dikəlmişdi, özü də yaman dikəlmişdi. Qoca rus imperiyası isə bununla barışmaq istəmirdi. O zamanlar bizə elə gəlirdi ki, biz bu dünyanın ən qəhrəman, ən məğlubedilməz, ən döyüşkən bir xalqıyıq. Atam gecə, gündüz meydandan çıxmırdı. Meydana yığışan yüz minlərlə adam atamı uzaqdan görən kimi “Bəx-ti-yar, Bəx-ti-yar” deyə qışqırıb, qucaqlarına alıb tribunaya qaldırırdılar. Elə o günlərdə demək olar ki, hər gün atamla bir yerdə olur, bu barədə söhbət edir, baş verən və gələcəkdə baş verə biləcək, intuitiv hiss etdiyimiz hadisələrin nə ilə nəticələnəcəyini müzakirə edir, nəyin necə olacağını isə bilmirdik. Atam deyirdi ki:

– Ay oğul, əgər bu torpağın uğrunda, bu millətin yolunda hamımız bir nəfər kimi ölməsək, bir millət kimi məhv olarıq, yox olarıq. Məhv olmamaq üçün isə, hamımız bu torpağın, bu millətin yolunda ölməliyik. Ölməliyik ki, bu milləti yaşadaq, yaşamalıyıq ki, bu millətin yolunda ölək. Elə yaşamalı və elə yaşatmalıyıq ki, bizdən sonra gələn gələcək nəsillər daha ölü doğulmasın, diri doğulsun, yaşaya bilsin, ayaq üstə durmağı bacarsın. Ölək, ki məhv olmayaq. Həm yaşayaq, həm də yaşada bilək. Yox... əgər ölməsək, bu canavar dünyada bir millət kimi yaşaya bilmərik. Məhv edərlər bizi. Silərlər bizi yer üzündən, yeyərlər bizi. Əgər yem olmaq istəmirsənsə, özün yeməlisən. Bu dünya ölməyəni, ölməyi bacarmayanları sevmir, onları məhv edir. Məhv olmaq istəmirsənsə, özün məhv etməlisən. Hə... bu, həyatın, dünyanın qanunudur. Bunun isə ancaq bir yolu var. Amalın yolunda, imanın yolunda ölmək, ölməyi bacarmaq. Bunu bacardınsa, sən udacaqsan, səninki gətirəcək. Yox, əgər bacarmasan, hm... .onda heç, biz batacağıq. Bunu isə biz bacarmalıyıq, hökmən bacarmalıyıq, vəssalam.

– Eh... Ay ata, axı nə qədər ölmək olar? Öldük daha ölməkdən, bezdik daha ölməkdən. Bu qədər də ölmək olar? Bəs nə zaman yaşayacağıq başqa millətlər kimi, Avropa xalqları kimi olacağıq?

– Əsl vətənpərvər, əsl millətsevər ölən gününə qədər xalqı yolunda ölməlidir, ölməyi bacarmalıdır, yaşamamalıdır. Milləti, xalqı darda ikən yediyini, içdiyini özünə haram bilməlidir. Məni ancaq bir millət kimi özümüzün necə yaşamağı maraqlandırır. Mən indi bilmirəm sənin o dediyin başqa millətlər, başqa xalqlar necə yaşayır? Bu məni maraqlandırmır. Hərçənd ki Vyetnamdan və Monqolustandan başqa dünyanın hər bir ölkəsində dəfələrlə olmuşam. Bütün dünyanı qarış-qarış gəzmişəm. Ölən millətlərdən, qalan millətlərdən, yaşayan millətlərdən, sürünən millətlərdən də az-çox xəbərdaram. Və bütün bunları müşahidə edəndən sonra bir qənaətə gəlmişəm ki, əgər yaşamaq istəyirsənsə, ölməyi bacarmalısan. Mən səni bunun üçün dünyaya gətirmişəm. Bacar öl, amma məhv olma. Bu dünyada ən şərəfli yaşamaq imanın yolunda, amalın uğrunda ölməyi bacarmaqdır. Əgər bunu bacarsan, məhv olmazsan. O ki qaldı sənin dediyin və həsəd aparıb, qibtə etdiyin digər millətlərə, Avropa xalqlarına, hə... onlar öz zamanında ölməyi bacarıblar. Ölüblər ki, məhv olmayıblar. İndi də asudə yaşayıb, ölməyi bacarmayanları məhv edirlər. Ölməyi bacarmayanlara yalandan xoşbəxt gələcək, şirin vədlər verib, aldadıb, məhv edirlər, mənliyini əlindən alırlar. Elə bütün bəlalar da ondadır ki, hər millət də ölməyi bacarmır, ölmək istəmir. Sürünməyi ölməkdən üstün tutur. Bizim indi bu saat ən böyük amalımız, ən böyük imanımız, fikrimiz-zikrimiz ancaq elə millət kəlməsi olmalıdır. Bu hiss bizi yandırmalıdır. Yandırıb yaxmalıdır. Cızdağımızı çıxarmalıdır. Bizi göynətməlidir. Göynətməlidir ki, ağrı hiss edək. Ağrı hiss edək ki, yaşaya bilək. Göynəməsən, ağrı hiss etməsən, yaşaya bilməzsən ki... Yoxsa yaşaya bilmərik. Bu dünyada iki cür millət var: biri ölmək istəməyib, get-gedə, məhv ola-ola sürünüb məhv olanlar, digəri isə məhv olmaq istəməyib, ölməyi məhv olmaqdan üstün tutub, ölə-ölə yaşayıb, ölüb, məhv olmayanlar. Əgər məsləksiz, amalsız, təkcə elə yaşamaq arzusu ilə gün keçiririksə, bu yaşamaq deyil, vallah yaşamaq deyil. Bu nədirsə ayrı şeydir, sürünməkdir. Yaşamağı bacarmayıb, təkcə elə arzulayırıqsa, məhv olmağımız yaşamağımızdan daha üstündür, daha şərəflidir. (Sözsüz ki burada ölmək sözü cismani və bioloji ölüm mənasında yox, ölənə qədər nəyinsə naminə mübarizə aparmaq, mübarizədən də qat-qat artıq olan qələbə əldə etmək uğrunda ölümə qədər getmək mənasında işlənilir.)         

(1991-1992 illər. Atamla olan söhbətlərimizdən. Bəzi cümlələr atamın gündəliyindən götürülmüşdür.)

“Billah, yaşamaq yerdə sürüklənməyə dəyməz”.

(Tofiq Fikrət)

Əlbəttə, ilk oxunuşda bütün bu sözlər bəlkə də ən adi bir söz oynatması kimi başa düşülə bilər. Necə yəni ölmək, sonra yaşamaq. Məhv olmaq, sonra yenə də dirilib yaşamaq. İlk oxunuşda bu iki söz bir-birlərinin eyni olan iki məfhumdur. Amma əlbəttə ilk oxunuşda. Əslində isə bu belə deyil, heç belə deyil. Əksinə, bu iki söz bir-birlərini tam inkar edən fikirlərdir. Atam demişkən, əgər bir millət kimi yaşamaq istəyiriksə, məhv olmaq istəmiriksə, hökmən ölməliyik, bunu bacarmalıyıq. Əlbəttə, yaşamaq üçün ölməyi bacarmaq lazımdır. Ölməyi bacarmasan, məhv olarsan, heçə çevrilərsən. Ölməsən yaşaya bilməzsən ki...

Əslində bir millətin ölməsi heç də faciə deyil. Əlbəttə, yox. Faciə millətin məhv olmasıdır. Onun başına gələn bəlaların və başına gətirilən zülmlərin, zorla xoşbəxtlik kimi ona qəbul etdirilməsidir. Və millətin də bunu kor-koranə qəbul etməsidir. Tarixini unutmasıdır. Unutqanlığıdır, yaddaşsızlığıdır, dəyişməsidir, başqa bir şeyə çevrilməsidir və nəhayət simasızlaşmasıdır.

Və sonralar yaşa dolduqca onu da başa düşdüm ki, bu dünyada heç bir millət öz əqli keyfiyyətlərinin azlığından itib yox olmur, məhv olmur. Millət fəaliyyətsizlikdən, hərəkətsizlikdən məhv olur. İtir yox olur, başqa bir şeyə çevrilir. Əlbəttə mən iqtisadi fəaliyyəti, iqtisadi hərəkəti nəzərdə tutmuram. İqtisadi hərəkət, iqtisadi fəaliyyət, ticarətdir, alverdir, biznesdir, alqı-satqıdır, bazardır. Bir sözlə maddiyyatdır. Və bunun millətsevərliyə, vətənpərvərliyə heç bir dəxli yoxdur, qətiyyən yoxdur. Söhbət ideoloji fəaliyyətdən, ideoloji hərəkətdən gedir. İdeoloji cəhətdən hərəkət etməsən, inkişaf edə bilməzsən, özünü unudarsan. Millətlər içində itib, batarsan, yox olarsan, əriyərsən.

lll

Uşaq vaxtı lap elə ağlım kəsəndən, bu günə qədər, bir fikir, bir qorxu həmişə mənə hakim kəsilib. Mənə rahatlıq verməyib. Yuxularımı əlimdən alıb – nə zamansa bir millət kimi yox olmaq, qurtarmaq qorxusu, bitmək və tükənmək qorxusu. Və birdə bilirəm ki, bu qorxu, bu narahatçılıq, ömrümün ən son gününə qədər də mənə rahatlıq verməyəcək, məni qorxu işində saxlayacaq, içimi gəmirəcək. Uşaq vaxtı kiminsə ölməyini eşidəndə lap heç tanımadığım adam olsa belə, kədərlənirdim ki, ay aman azərbaycanlıların biri də azaldı. Biz get-gedə azalırıq. Axı biz niyə belə azıq? – deyə düşünürdüm. Sonralar bildim ki, bu hiss, bu qorxu, tək elə bircə mənə yox, bizim o dövrkü uşaq vaxtı yaşadığımız Hüsü Hacıyev küçəsi 19 saylı, Yazıçılar Binasının bütün elə mən yaşda olan uşaqlarına da hakim kəsilibmiş. Bu hiss heç onlara da rahatlıq vermirmiş. Bu hiss, bu qorxu həmən o uşaqlara da öz valideynlərindən keçmişdi. Ax...  İlahi Pərvərdigara... O nə gözəl qorxu, nə gözəl həyəcan və nə gözəl rahatsızlıq hissi idi ki biz keçirirdik. Bütün bunlar ən müqəddəs, ən saf hisslər idi... Eşq olsun o qorxu hissinə... Amma indi çox-çox təəssüflər ki...  Amma nədənsə, son vaxtlar mənə belə gəlir ki, get-gedə o qorxu hissi, o təlaş məni tərk edir. Mən o qorxu hissini birdə yaşamaq istəyirəm. Nədənsə yaşa dolduqca, hər şeyə qarşı laqeydləşdikcə, bu qorxu hissi məndən qaçaq düşür.

– Ata, Türklər neçə milyondur?

Bu sualı ayda ən azı iki, üç dəfə atama verərdim, ondan soruşardım. O da deyərdi ki, otuz milyon (1960-cı illərdə).

– Ay ata, axı bəs on gün bundan əvvəl də otuz milyon idilər, elə indi də? Bəs artmadılar? Atam da gülərdi:

– Ə... köpəy oğlu, sən nə yaman Türkçüsən – deyərdi.

Hətta bu barədə mərhum şairimiz Xəlil Rza Ulutürk də öz xatirələrinin birində yazmışdı. “Ata,  türklər neçə milyondur? Bəs artmadılar?” Bu sözlər İsfəndiyarı ən çox maraqlandıran suallardır”.

– Ay ata, bəs bizə niyə Türk demirlər, azərbaycanlı deyirlər? Ay aman, Türk olmaq nə böyük xoşbəxtlik imiş. Bəs niyə türklər otuz milyon, ruslar isə yüz milyondur (niyə məhz ruslar?). Atam da mənim belə ritorik suallarıma fərəhlə gülərdi:

– Ay oğul, səninki də elə ruslarnandır. Ə... bəsdir, gedib bunu orda-burda danışıb eləməyəsən.

Axı biz niyə bu qədər azıq, niyə çoxalmırıq, niyə artmırıq? Eh... cəmisi üç milyonuq (1960-cı illər). Axı biz qurtara bilərik. O dövrdə 7-8 yaşlarında olan bütün həyət dostlarımızla bu barədə demək olar ki, hər gün danışır, az qala qəm dəryasına qərq olurduq. Bir dəfə mərhum şairimiz Hüseyn Arifin bu dünyadan vaxtsız köçmüş oğlu Arif dedi ki:

– Nə olsun ki, biz üç milyonuq. Ermənilər bizdən də azdırlar, cəmisi iki milyondurlar. Onlar bizdən əvvəl qurtaracaqlar (indi fikir verin, axı niyə digər millətlər yox, məhz elə ermənilər?). Elə əsas məsələ də bu idi ki, həyətimizdən kənarda olan bütün sovet şüarları, plakatları, məktəbdə keçirilən xalqlar dostluğu dərsləri, nə bilim böyük qardaş məsələsi, bizim öz valideynlərimiz tərəfindən əxz edilən milli dərslərə qətiyyən təsir edə bilmirdi. Atalarımızın dediklərini, bizə keçdiyi dərsləri, beynimizə həkk etdiklərini poza bilmirdi. “Bəli, ruslar bizi işğal edib, ermənilər bizim düşmənimizdir, biz Türkük”. Birdə atalarımız tərəfindən Hüseyn Nihal Atsızın oğlu Yağmura yazdığı məktub (əsl məktub, daha rus türkşünası Alkova tərəfindən təhrif olunmuş halda yox) bizim ən Müqəddəs kitabımız idi, vəssalam. Bizim əsas dərslərimiz bunlar idi. Sən demə, ən böyük və ən əsas məktəb elə ata məktəbi imiş. Sən demə əsas müəllim də elə ata özü imiş. Elə bu Müqəddəs dərslərə görə də ilk növbədə mən atama borcluyam. Bu yoluxdurduğu, xoş  “xəstəliyə” görə də onun müqəddəs ruhu qarşısında baş əyirəm. Məktəbdə keçirilən bütün o beynəlmiləl, qardaşlıq təbliğatı, internasionalizm (bu kəlmə ən zəhləm gedən sözdür) şüarlarına baxmayaraq, bütün bunlar bizim həyətimizin o dövrkü uşaqlarını assimilyasiya edə bilməmişdi.

Əliağa Kürçaylının oğlu, mənim yaxın dostum Ülfət isə dedi ki, atam deyir, biz heç bir vaxt qurtaran deyilik. Nə olsun ki, üç milyonuq, zato (elə belə də demişdi – zato) İranda yeddi milyondan artıq azərbaycanlı yaşayır (1960-cı illər). Biz lap çoxuq. Sonralar bunun həqiqət olduğunu biləndə sevincimdən hətta ağlamışdım da... Ay aman, biz ermənidən beş dəfə çoxuq ki... Amma nə biləydik ki...

Biz hələ o zaman həyatı tam başa düşmürdük. Axı həyatda nə görmüşdük ki, nə də başa düşəydik. Amma nə biləydik ki, elə görüb-götürdüyümüz, dərdimiz, qəmimiz, ağrımız, acımız elə uşaq vaxtında valideynlərimizdən bizə keçmiş milli dərdlər, milli ağrılar olacaqmış. Və bu dərd bizi heç bir vaxt tərk etməyəcək.

Bu sözlər, bu düşüncələr başqalarına qəribə gələ bilər. Fikirləşərlər ki, işləri-gücləri qurtarıb, gör bir nəyi düşünürlər. Daha başqa işləri-gücləri yox idi, dərdləri qəmləri yox idi?

Yox, bir də yox. 1960-cı ilin əvvəllərindən bu günə kimi bizim ancaq elə bir dərdimiz, bir ağrımız olub. Və o dərd bu günə qədər də davam edir, bizi qorxudur, bizi narahat edir. Məhv olmaq qorxusu, qurtarmaq, itmək, yer üzündən silinmək qorxusu.

Çox-çox illər sonra, dost tanışlardan kimin övladı olurdusa, həmin məclisdə mərhum şairimiz Cabir Novruzun o məşhur şeirini deyirdim

”Ay ellər, dilimdə danışanların, biri də çoxaldı, biri də artdı”.

İndi dəqiq yadımda deyil, 1-ci və ya 2-ci sinifdə oxuyarkən atamın məsləhəti ilə Fenimor Kuperin “Sonuncu Mogikan” əsərini oxuyub, uzun müddət təsirindən çıxa bilməmişdim. Elə bu əsəri oxumaqla da, sanki mənim uşaqlığım bitmişdi. Uşaqlığıma son qoyulmuşdu. Əsərin təsirindən çıxa bilmirdim. Çox güman ki indi bu saat bizim müasir gənclik bu əsəri oxusa nəinki təsirlənər, mənim uşaqlıq və ilk gənclik illərimdəki kimi heyrətə gəlib, içini çəkər. Bəlkə də əsərin qəhrəmanı olan sonuncu Mogikanın həyat tərzinə seçdiyi yola gülər, mənasız bir şey kimi baxar. Axmaq adamdır – deyə düşünər.

Oxuduğum bu əsər Amerikada Hudzon gölünün sahilində yaşayan Mogikan adlı bir hindu qəbiləsinə həsr olunub. Bu hindu qəbiləsi olduqca mərd, döyüşkən, öz sözündən dönməyən, iradəli, ən başlıcası dözümlü bir qəbilədir. Digər hindu qəbilələrindən bu hindu qəbiləsinin fərqi ondadır ki, gəlmələr bu qəbilənin yaşadığı əraziyə nə qədər hücum, nə qədər basqın edirlərsə, onlar öz yerlərini, dədə-baba torpaqlarını qoyub qaçmırlar. Düşmənə təslim etmirlər, döyüşürlər. Döyüşə-döyüşə qırılır, qırıla-qırıla döyüşür, qırır, amma nə döyüşməkdən, nə qırılmaqdan, nə də ki qırmaqdan yorulmurlar. Gəlmələrə qarşı uşaq da döyüşür, qoca da. Qadın da döyüşür, kişi də. Hətta xəstələr belə döyüşürlər. Düşmən qabağından qaçmamaq, ölməyi qaçmaqdan üstün tutmaq, təslim olmamaq, bu qəbilənin xislətində, xarakterindədir. Bu qəbilədə müasir dildə desək belə bir ideologiya formalaşıb ki, “əgər mən öz dədə-baba torpağımı düşmənə təslim edib, onun qarşısından qaçsam, demək onda mən Mogikan deyiləm, başqa bir qəbilənin nümayəndəsiyəm. Mən isə başqa bir qəbilənin nümayəndəsi olmaq istəmirəm”. Mogikanlar döyüşür, daha torpaq uğrunda verdikləri şəhidləri saymırlar. Əksinə, öldürdükləri düşmənləri sayırlar. Fəxrlə deyirlər ki, kəmərlərimizdən o qədər skalp asılıb ki, artıq asmağa yer də yoxdur. (Hindu adətinə görə, öldürdükləri düşmənin baş dərisinin skalpını soyub, kəmərlərindən asırlar). Bu qəbilə elə bu keyfiyyətlərinə görə də özlərini digər hindu qəbilələrindən üstün tuturlar. Əgər mən bu dünyaya Mogikan kimi qəlib, Mogikan kimi doğulmuşamsa, elə Mogikan kimi də ölməliyəm. Mogikan ya ovda ailəsi üçün yemək əldə etdiyi zaman, ya da ki, torpağını qoruyarkən ölər. Mogikan yataqda ölməz. Mən Mogikan kimi yaşayıb, elə Mogikan kimi də ölməliyəm. Başqa birisi kimi ölmək istəmirəm – deyə düşünürlər. Bu qəbilə öz azadlıqlarını hər bir şeydən üstün tutur, öz torpaqlarına, yaşadıqları əraziyə, ən müqəddəs torpaq kimi baxırlar. Uzun illərdir ki gəlmə fransızlara qarşı yorulmadan olüm-dirim mübarizəsi aparırlar. Bu uzun sürən döyüşlərdə, demək olar ki, bütün Mogikan qəbiləsi qırılır, məhv olur. Nəhayət bu qəbilədən bir nəfər sağ qalır. Yəni bu qəbilənin yeganə nümayəndəsi. Sonuncu Mogikan. Sabah isə döyüşdür. Sevdiyi qız, sonuncu Mogikanı dilə tutmağa çalışır. Yalvarır ki, sabahkı döyüşə getməsin, döyüşdən qaçsın. Bununla da nəsil verə biləcək Mogikanların davamçısı, sonuncu Mogikan sağ qalsın, yaşasın. Onsuzda bu mənasız bir döyüşdür, düşüncəsizlikdir. Beş min fransız döyüşçüsünə qarşı bir nəfərin çıxması əlbəttə mənasızlıqdır.

“On nəfər döyüşçüyə qarşı, bir nəfər tək döyüşürsə, o artıq döyüşçü deyil, qəhrəmandır”.

(Napoleon)

(Doğrudanmı bu mənasız bir döyüşdür? Məncə yox.) Əlbəttə bu gözgörəti bir ölümdür. Amma ucuz ölüm də deyil. Çox bahalı, qiymətli və şərəfli bir ölümdür. Sonuncu Mogikan bu döyüşdən qaçmır, döyüşür və... şəhid olur. Amma məhv olmur. Və o, bu ölümü ilə Mogikanlığı məhv olmaqdan qurtarır. Atamın vaxtı ilə dediyi kimi, sonuncu Mogikan öldü ki, Mogikanlıq məhv olmasın, yaşasın.

Hə... İndi bilmirəm, Mogikanlar indi də mövcuddur, yaşayırlar ya yox? Yox əgər yoxdurlarsa, yaşamırlarsa, bitib qurtarıblarsa, əvəzində Mogikanlıq ki yaşayır və əbədi olaraq da yaşayacaq. Bəlkə heç belə bir hadisə də olmayıb, bilmirəm. Bəlkə də bütün bu əhvalat Fenimor Kuperin öz yazıçı təxəyyülünün məhsuludur. Bütün bunları özündən uydurub. Ola bilər. Amma hər nədirsə, gözəl əsərdir. Məncə bu əsər bu gün bizim orta məktəb dərsliyinə salınmalıdır.

Hə... o da yadıma gəlir ki, bu əsəri oxuyub, tamamlayıb, gözlərim yaşla dolmuş halda atamın yanına gəlib, soruşdum ki: – Ay ata, o... o da, o... – Danışa bilmirdim, qəhər məni boğurdu. – Axı o niyə öldü? Ay ata, Mogikanlar qırılıb qurtardılar? Bir də daha olmayacaqlar? Sonuncu Mogikan düzgün hərəkət edib, yoxsa yox?..  

Atam gördü ki gözlərim dolub, o necə deyərlər, bir himə bəndəm ki, sonuncu Mogikanın ölümünə hönkür-hönkür ağlayım, məni qucaqlayıb, öpdü. Başımı sinəsinə sıxıb, könlümü almaq üçün, gülə-gülə dedi ki, ay oğul, bu bir romandır da... İndi belə bir şey olub, ya olmayıb, mən deyə bilmərəm. Amma... – azacıq pauzadan sonra – mən bilmirəm, sən özün fikirləş, ay oğul, gör o düzgün hərəkət edib, yoxsa yox? Bəs sən özün necə? Sonuncu Mogikanın yerində olsaydın, necə hərəkət edərdin? Sonra birdən ciddiləşdi, bir siqaret yandıraraq:

– Mən bilmirəm, səni düzgün tərbiyə edirəm, yoxsa yox? Bəlkə də sənə düzgün tərbiyə vermirəm. Bəlkə də sənə düzgün istiqamət vermirəm, sənə düzgün yol göstərmirəm, bəlkə də səhv edirəm. Ola bilər. Amma həmişə çalışmışam ki, övladlarımın içində məhz elə səni millətsevər, Türkçü bir adam kimi böyüdüm, yetişdirim. Çünki hər sənə baxanda, elə bilirəm ki öz uşaqlığımı, öz ilk gənclik illərimi görürəm. İndi bilmirəm, səni bu cür tərbiyə etməklə düzgün iş tuturam, yoxsa yox?

Bir çox illər sonra mən bildim ki, atam bu dediklərini tək elə bircə mənə yox, dərs dediyi universitetdə tələbələrinin də qarşısında deyir, heç nədən çəkinməyərək deyir, qorxmadan deyir. “Millət, a vətəndaşlar, qeyrət, a vətəndaşlar” deyir. Sözünün elə əvvəli-axırı millət kəlməsidir, vətəndir, torpaqdır, dildir. Və onu da bilirdim ki, onun mühazirələrinə başqa fakültələrdən də, digər başqa ali məktəblərdən də tələbələr axışıb gəlir, qulaq asırdılar. Hətta bir dəfə universitetə təyin olunmuş prorektor, KQB polkovniki, atamı yanına çağıraraq, əsəbiliklə deyir:

– Bəxtiyar, qurtar bütün bunları. Sən yetişməkdə olan bütöv bir gənc nəsli millətçilik azarı ilə zəhərləyirsən. Onları korlayırsan. Elə bilirsən xəbərimiz yoxdur? Bəsdir. Hər şeydən xəbərimiz var. Elə bilirsən ki, səni tutub içəri salmaq bizim üçün çətin məsələdir? Əlbəttə yox. Su içməkdən də asandır. Əgər əlimdə imkan olsaydı, səni elə bu dəqiqə həbs edərdim... Hə... Amma neyləyim ki, səni qoruyan qoruyur. (O, Heydər Əliyevi nəzərdə tuturdu. Çünki bilirdi ki, özündən rütbəcə qat-qat böyük olan, əsl vətənpərvər, millətsevər, o vaxtkı KQB-nin məsul əməkdaşı Heydər Əliyev atamı və atam kimi düşünən digər vətənpərvərləri, millətsevərləri Moskvadan, KQB-dən qoruyurdu).

Atam da dilini dinc qoymur:

– Ay filankəs, əgər sən buna, mənim mühazirələrimə həqiqətən zəhər deyirsənsə, qoy onda bütün millət, bu azarla zəhərlənsin. Amma sən arxayın ol, bu xəstəlik tək bircə sənə təsir etməz, sənə yoluxmaz. Çünki sən özün elə başdan-ayağa mikrobsan. Zəhər mikroba təsir edə bilməz. Həm də bu ağrılı olduğu qədər də, xoş bir azardır.

 lll   

Bir də atam mənə tez-tez deyərdi ki,

– Oğul, mən bu dünyada olmayanda, əgər yaxından, uzaqdan eşidib bilsən ki, kimsə mənim qaramca, pisliyimə, nəsə xoşagəlməz bir söz deyir, nəsə hədyan danışır, məbadə fikir verəsən, qətiyyən əhəmiyyət vermə, cılızlaşarsan. Bu, həyatdır oğul, həyatda belə-belə işlər çox olur. Bilirəm ki, sən mənim dəlimsən. Bilirəm ki, məni bir ata kimi yox, müqəddəs bir varlıq kimi sevirsən, az qala mənə səcdə edirsən. Bütün bu yerli-yersiz mübahisələrimizə baxmayaraq, mən sənin üçün həyatda hər şeyəm. Elə sən də mənim üçün ən əvəzsiz bir varlıqsan. Amma dəxili yoxdur, oğul, belə cılız məsələlərə əhəmiyyət vermə. Yox, mən demirəm ki, mən bu həyatda olmayanda, atanın adını qorumayasan. Yox, əlbəttə yox, qorumalısan. Və qoruyacaqsan da... Bir övlad kimi atanın adını hər bir şeydən üstün tutmalısan, onu qorumalısan. Bu sənin borcundur. Amma... Bir məsələni də yaddan çıxarma ki, hamı məni sevə bilməz. Kimsə məni sevə bilər, kimsə yox. Kimsə tərifləyər, kimsə pisləyər. Yazdığım şeirlərlə kiminsə xoşuna gələ bilərəm, bir başqasının nifrətini qazana bilərəm. Bu o adamların, oxucuların öz işidir. Bu o adamların zövqündən asılıdır. Amma mən, heç bir zaman çalışmamışam ki, yazdıqlarıma görə kiminsə xoşuna gəlim və məni tərifləsinlər. Yox, heç bir zaman belə bir fikrim olmayıb. Əksinə, yazdıqlarıma görə çox vaxt tənqid olunmuşam. Hər yazımı zərrə-binlə yoxlayıb, olan-olmaz yerə yozublar. Amma onu da deyim ki, çox vaxt haqlı yerə danlanmışam, haqlı yerə töhmətlər almışam. Çünki məni tənqid edənlər Sovet rejiminin rus imperiyasının nökərləri olub. Mən də o nökərlərin ağalarına sataşmışam. Onların bostanlarına daş atmışam. Onlar da bir nökər kimi, bir qul kimi öz ağalarına sadiq olublar deyə, məni tənqid edib, töhmətləyiblər. Amma mən öz sözümü həmişə demişəm. Heç kimin qabağından da qaçmamışam. Çünki ağlım kəsəndən bu sistemə, rus imperiyasına nifrət etmişəm, edəcəyəm də. Heç kim mənim bu rus imperiyasına qarşı olan hədsiz nifrətimi əlimdən ala bilməz. Bilə-bilə ki, bu yazdıqlarıma görə başım ağrıyacaq, mənə söz gələcək, əhəmiyyət verməmişəm. Öz sözümü demişəm də, yazmışam da. Ürəyimi boşaltmışam. Ona görə də söyülmüşəm. İndi belə yazılarıma görə mən bu dünyada olmayanda, əgər yenə də kimlərsə haqqımda xoşagəlməz nəsə desələr, yerli-yersiz böhtanlar atsalar, əhəmiyyət vermə, belə məsələlərdə laqeyd ol. Artıq yaşlaşırsan, yaşa dolursan, uşaq deyilsən ki... Başa düşürəm, sən təbiət etibarı ilə eynən mənsən, mənim özümsən. Heç azan yerin belə yoxdur. Dözümsüzsən, haqsızlığa dözə bilmirsən. (Eh, ay ata, indi hər şeyə elə dözürəm ki... Hər şeyi udub elə içəri verirəm ki...

“Atamı səslədim dara düşəndə,
gördüm ki, arada qəbir dayanıb”.
(Vaqif Səmədoğlu)   

Özü də elə bir atanı, çox şeyə qadir olan bir atanı...) 

Amma bir az müdrik ol, təmkinli ol. Məgər sən özün tez-tez mənə vurğunu, dəlisi olduğun Nitşedən, Şopenhauerdən, Spinozadan, onların müxtəlif həyat hadisələrinə qarşı laqeydləşmək, elə laqeydləşməyin özünün də müdriklik olması demələrini demirdinmi? Onlardan misallar çəkmirdinmi? Amma özün belə deyilsən axı. Bir az emosionallığı kənara qoy, heç kəsi heç nəyə inandırmağa çalışma. Mənim qatı millətçiliyim hər yerdə başıma qaxınc olub. Amma gələcək nəsillərin dövründə bunun necə olacağını isə bilmirəm. Bəlkə elə gələcək nəsillər də məni millətçi olduğuma görə, millətçilik ruhunda yazdığım şeirlərə görə qınadı, tənqid etdi. Mənə yenə də elə yerli-yersiz böhtanlar atıldı. Hm... Ola bilər. Sən isə bütün bunlara hazır olmalısan. Yazdıqlarım, bildiklərim həmişə başıma bəla olub. Amma öz əqidəmdən də dönməmişəm. Özümlə bacara bilmirəm. Nifrət edirəm rus imperiyasına da, bu mənfur quruluşa da. Mənim qaramca danışan, onsuz da danışacaq. Sən hamının ağzını yuma bilməzsən ki... Heç buna çalışma da... Sənin hələ 32 yaşın var (1985-ci il). Sən hələ uzun, keşməkeşli, çətin bir ömür yaşayacaqsan, çətinliklərin çox olacaq. Belə əqidənin, belə savadın, belə düşüncənin, belə tərbiyənin sahibi olduğuna görə başın çox ağrıyacaq. Mən bunu indidən bilirəm, hiss edirəm. Vaxtı ilə mənə gücləri çatmayanlar, ola bilsin ki, məndən sonra sənə hücum etsinlər və edəcəklər də. Çünki mənim oğlumsan. Mən bu dünyada olmayanda, vaxtı ilə nəyin düz, nəyin səhv etdiyimi isə səndən soruşacaqlar. Sən də istər-istəməz bütün bunlara cavab verməli olacaqsan. Amma məndən sənə əmanət, heç kimə, heç nəyi sübut etməyə çalışma, cılızlaşarsan. Bildiklərin də ürəyində qalsın. Vallah yalan sözdür ki, deyirlər, guya övlad düşmən çəpəridir. Yox, övlad atanın ən zəif, ən kövrək yeridir. Atanı əymək, sındırmaq istəyənlər, bunu bacarmayanda, ataya gücləri çatmayanda, övladına hücum edərlər ki, onu əysinlər, ata da sınsın.

Atam bunu ona görə deyirdi ki...

(Ardı var)

 

 





19.05.2014    çap et  çap et