525.Az

Bir az dəli, bir az dolu- sənət yolu


 

Bir az dəli, bir az dolu- sənət yolu<b style="color:red"></b>

Sonuncu səhifəni aşıranda ağlıma gələn ilk suallar bunlar oldu: ədəbi sənəti konkret şəkildə səciyyələndirən, hamı tərəfindən qəbul edilmiş etalon ölçü vahidi varmı? Varsa, nədir o? Bəs sənət yolu necə? Sənətkar bu yolu əvvəlcədən görür, bilir, onunla adım -addım sənətə gəlir, yoxsa sənətə gəlib çatdıqdan, sahib olduqdan sonra bura hansı yollarla gəldiyinin fərqinə varır, yaxud özünün yollarını müəyyən edir?

İkinci hala deyəsən daha çox təsadüf olunur. Yəni potensial istedad sahibi imkanları hesabına sənətə gəlir, özünün yollarını axtarır və fərdiliklərini tapır, daxilən tapındığı fərdiliklər çox keçmədən onun yaradıcılıq istiqamətlərini müəyyən edir. Bu cür orijinal fərdi sənət yolu bəzən ədəbi məktəb səviyyəsinə yüksəlir, bəzən isə müəllifin özü ilə çevrələnmiş olur.

"Dəlicəsinə" kitabı artıq, sənətə gələn, xeyli dərəcədə özünün fərdiliklərini müəyyən edən və bu istiqamətdə inamla, inadla çalışan müəllifin məhsuludur.Erkən yazda işıq üzü görmüş bu kitab təzəcə yarpaqlamış dörd budaqlı ağac kimi göründü mənə. Hamılıqla bir kökdən qidalanan, bir gövdə üstündə duran budaqların yarpaqları da, çiçəkləri də ayrı-ayrı rəngdədir. Baxmayaraq ki,onların demək olar hamısının meyvəsi də bir rəngdə, bir görkəmdə və eyni tamdadır...

Necə deyərlər, bağban torpağına da, əkdiyi ağaca da qədərincə bələddir. Ona görə də yarpaqlar kifayət qədər günəş işığı ala bilir, kökləri ağacı torpaq qidası ilə tam təmin etməyi bacarır, gövdə budaqların ağırlığına dözür. Hər halda sıradan bir əyalət oxucusu kimi mən belə qənaətə gəldim.

Biz hamımız harda gəldi deyirik ki, kitab oxunmur. Niyə demirik elə kitab yazın ki, oxunsun, oxusunlar! Adamların gözünü bər-bəzəklə nə qədər aldatmaq olar görən? Deyəsən, zaman əmi bu bulanıq suları da yavaş-yavaş duruldur axı...

Kitabın zahiri görkəmindən, üstündəki bər-bəzəkdən oxucunun xoflandığı bir vaxtda publisistlər oxunmaq problemini daha dərindən nəzərə almaq məcburiyyətindədirlər.

Yəni gərək yazı əvvəlcə oxunsun ki, sonra da onun daşıdığı yükün mənzilə çatıb çatmaması barədə düşünəsən. Zənnimizcə, burada istər zahiri görkəm, istərsə də daxili maraq baxımından hər şey nəzərə alınmışdır. Adından tutmuş bölmələrinə qədər oxucunu cəlb etmək gücü bəs deyincədir: "Dəlicəsinə", dəli kimi yox, dəlicəsinə!..

"Yaşadıqlarım", "Gördüklərim", "Tanıdıqlarım" və "Dediklərim". Bunlar kitabın bölmələridir. Maraqlıdır, yaşayan, görən, tanıyan və deyən müəllifin gəldiyi qənaətlər nədən ibarətdir? Bu ardıcıllıq elə özü adama nəyisə, nələrisə diktə etmirmi?!.

Sözün gücü, təbii ki, müqayisəli, obrazlı deyilməsindədir. Publisistikada obrazlı deyim poeziyadan da, nəsrdən də fərqlidir. Publisistikada müəllifin demək istədikləri çox zaman hadisənin, epizodun, müəyyən təsvirin nəticəsi kimi meydana çıxır.

Rəşad Məcidin publisist qənaəti belədir ki, yaşadığını gərək dəlicəsinə yaşayasan. Həyata bağlılığın, sevgin, arzularına çatmaq inadın dəlicəsinə coşqunluqdan keçmirsə, sən qalib deyilsən, heç nəyə nail ola bilməyəcəksən.

Bu təkid özlüyündə bizim milli düşüncəmizdən qidalanır. "Niyyətin hara-mənzilin ora", "Səndən hərəkət - məndən bərəkət" kimi misalları yada salmaq kifayətdir. İdeyanın milli dəyərlərdən qidalanması özlüyündə müsbət haldır. Digər tərəfdən, müəllif bu sızqanı gur bir axın halına gətirir. Qəti qənaətə gəlir ki, "Allah dəlicəsinə istəyənlərin yanındadır".

Müəllif fikrini əsaslandırmaq üçün bir az da irəli gedir. Elə yerdən yapışır ki, məntiq qarşısında çubuq kimi durmalı olursan: Biz arzuladığımız torpağa "ona görə çatmırıq ki, dəlicəsinə istəmirik..." Yalandı bəlkə? Dəlicəsinə istəsəydik torpağı, yeri-yurdu qoyub hara qaçırdıq? Heç qaça bilərdikmi?!.

Bu, artıq müəllifin "yaşadıqlarının" məğzi-mayası, başqa sözlə, yaşamaq prinsipidir. Bu prinsipin kökündə də Qarabağ dərdi, bölünmüş Vətən ağrıları durur.

Elə bu məqamdaca problemin başqa bir tərəfi qabardılır: millət onda yetişir, onda bar verir, bəhrə görür ki, bir olur, birləşməyi bacarır. Biz ona görə Qarabağsız, Vətəndə vətənsiz qalmışıq ki, bir deyilik, hələ bir millət olaraq yetişməmişik. Bu səbəbdəndir ki, yaşamağımız da birtərəflidir. Bu məntiqin daha da qabardılması naminə "Qarabağ" futbol klubu ilə Qarabağ bölgəsi arasında paralellər aparılması xüsusilə yerinə düşür. Elliklə dəstək görmədikdə "Qarabağ"ın uduzması, yaxud da əksinə, kütləvi dəstək gördükdə özündən qat-qat güclülərə də qalib gəlməsi nə qədər sadə olsa da kifayət qədər ibrətamiz deyilmi?!.
Görüşlər, söhbətlər, səfərlər "Yaşadıqlarım"ın əsasını təşkil edir. Müəllif bu gün bəlkə də çoxları üçün adiləşmiş belə görüşlərdən, səfərlərdən, söhbətlərdən elə məqamları, faktları, hadisələri seçir ki, onlar hər kəsdə maraq doğurur. Özünün daxili duyğularını-düşüncələrini elə istiqamətlərdə kökləyir ki, onlar hardasa oxucunun da bir növ dünyaya baxışını, daxili aləmini zənginləşdirir. Elə buna görə də yazıları rahatca, könül xoşluğu ilə oxuyursan.

Publisistin bir növ fərdi üstünlüklərini sərgiləyən belə misallar istənilən qədərdir. Nümunə üçün: Sabir poeziya günlərində yazarların sevgilisi Brikin onunla barışması üçün Mayakovskidən bir şərt kimi Blokdan avtoqraflı kitab alıb gətirməsini irəli sürməsi söhbətində "indikilər maşın, ev istəyər" kimi replikaya diqqət yetirməsi təsadüfi xarakter daşımır. Yenə elə oradaca "Liliya Brik bilirsən necə qadın olub?! Səksən yaşında sevgisinə qarşılıq almadığına görə intihar edib! "Belə misallar təbii ki, Mayakovskinin sevgilisinin təbliğindən daha çox faktın oxuyanlar üçün örnək olması məqsədi daşıyır.

Eynilə Gəncə səfəri zamanı Ağdamın xatırlanması, Gəncədə dolaşan ruhlarla bağlı musiqimiz, sazımız, muğamımız barədə düşüncələr, "Böyük Şəhriyarı molla rejiminə xidmətdə suçlayanlara", "Bəxtiyar Vahabzadəni sovetlərdən mükafat almaqda" təqsirləndirənlərə, mənəviyyatını çərçivəyə salmaqla kodlaşdırmağı həyat amalına çevirənlərə... göstərilən münasibət yol qeydlərinə bir dolğunluq, məzmunluluq gətirir.

"Yaşadıqlarım" bölməsində verilmiş yazılar bir insan, publisist həyatını təmin edəcək qədər zəngin sayıla bilər. Mahiyyət etibarı ilə bu on-on bir yığcam yazılarda müəllifin aktual məsələlərə münasibət bildirilməsi kifayət qədər səciyyəvidir. Bütöv halda onlar bir qələm əhlinin duyğularını, düşüncələrini, daxili dünyasını əks etdirən real görüntülərdir.

Elə belə baxanlar, seyr edənlər yox, baxdığını görənlər, gördüklərini dərk edənlər, özlərinə ibrət götürənlər dünyanı yaşadıqlarına, ömürlərini hədər keçirmədiklərinə əmin ola bilərlər. Bu baxımdan maraq doğurmaya bilməz ki, Rəşad Məcid bir publisist kimi nəyi, nələri görür, gördüklərini necə səciyyələndirir və nələri götürür.

Belə bir müqayisə var: çox gəzən çox bilər, yoxsa çox oxuyan? Köhnə kişilər üstünlüyü birincilərə, yəni çox gəzənlərə verirlər. Yəqin ona görə ki, qədimdə çox gəzənlər hamılıqla təəssüratlarını yazmırdılar, yaza bilmirdilər. Bəlkə əksəriyyətin buna heç qabiliyyəti də çatmırdı. Bəs indi necə? Çox gəzən publisistdirsə, gördüklərini incəliklərinə qədər qələmə alırsa onda necə?

Belə yazıları evində oturub çay içə-içə oxuyan da əslində həmin müəllifin keçdiyi cığırlara düşür, onunla gəzir, görür, nəfəs alır və özü üçün nələrisə götürür. Bircə o şərtlə ki, qələm əhli özünün lüzumsuz fərdi duyğularını, düşüncələrini deyil, sətir-sətir onun ardınca gələnlərin də baxışlarını ifadə etsin, maraqlarını cavablandıra bilsin.

"Dəlicəsinə" də müəllifin gördüklərini tam səmimiyyətlə deyirəm ki, mən də gördüm. Görüşlərdə, söhbətlərdə, hətta sual-cavablarda mən də iştirak etdim. Adını, vəzifəsini ilk dəfə eşitdiyim rəsmilərə, imkan sahiblərinə özlüyümdə mən də suallar verdim, cavablar da aldım. Tehranda, İstanbulda, Moskvada, heç vaxt olmadığım başqa yerlərdə... çox şeylər gördüm, çox adamlarla tanış oldum. Zənnimcə, publisistikadan ən böyük oxucu tələbi elə budur. Qələm sahibinin bütün qabiliyyəti, istedadı məhz burada özünü göstərir.

"Gördüklərim" bölümündəki iki- üç etüd müəllif qələminin qüdrətini əks etdirmək baxımından xarakterikdir. Etüdləri "qaşıq-qaşıq" götürdükcə "qazandakıların" dadı-duzu üzə çıxır. Onlar necə də tamlı, necə də xarakterik və düşündürücüdür!

Hərəsi bir neçə cümlədən ibarət olan bu etüdlər real həyat lövhələridir, obrazları da biri Naxçıvandan, biri Ağcabədidən, biri Krım tatarlarından olan adi insanlardır. Onların hərəsini qürbətə - Rusiyaya bir yol, bir məqsəd gətirdiyi kimi, hərəsi də bir tipdir. Naxçıvandan olanın Azərbaycanca böyük oğlu bir az bilsə də, balacası heç nə bilmir. Ağcabədidən olan isə Aqil Abbası tanımır. Krım tatarına gəlincə, o, rus qızı ilə evlənməyə hazırlaşır..." ....Bəli, Ağ dənizin suyu çox duzludur. Dodağından bircə damcı keçdimi gözün yaşarır. İçimdəki bu hüzn də ondandır bəlkə. Yox? Sizcə?.."

Publisistikanı - dövrün səlnaməsini çağdaş problemlərdən kənarda təsəvvür etmək mümkünsüzdür. Bu baxımdan "Gördüklərim"dəki millətlərarası qan qarışığı problemlərinin çözümü, buradakı ustalıq, səmimiyyət, təbii etiraflar, məntiqi qaynaqlar istənilən oxucuda maraq doğurmaya bilməz. Seçmələr ibrətamizdir! "Son iyirmi ildə iki yüz min türkün rus qızı ilə evlənməsi" və belə calaqların sayının getdikcə artması hansı mətləblərdən xəbər verir? Buyur, oxu və özün nəticə çıxar...

Kimdən, nədən, hardan yazılmasından asılı olmayaraq, publisistikanın baş qəhrəmanı öncə müəllif özüdür. O bütün əsəri, hətta kitabı boyunca bircə dəfə də "mən" deməsə belə, hər kəlmədə, hər cümlədə görünür və onun nəfəsi duyulur. Bəzən ötəri bir epizodun diqqətə çəkilməsi, öz fikirlərini demək üçün müxtəlif manevrlərlə zəmin yaradılması fərdi ustalığın bəhrələri kimi dəyərləndirilə bilər.

Rəşad Məcidin bütün yazıları boyunca bahar toxumu kimi səpələnmiş vətən sevgisi qürur doğurur. Krım tatarlarının taleyi, onların milli ağrılardan xilas olmaq, özlərindən xəbərsiz sürüşüb düşdükləri div quyularından xətərsiz çıxmaq problemləri təbii ki, müşkül məsələdir və oxucuda şirin-şirin ağrılar oyadır. Tanış və cəlbedici dərdlərdir!..

Ötən əsrin 60-cı illərinin axırlarında o vaxtki "Kommunist" qəzetində təcrübədə idim. Dedilər ki, Avropanın sosialist ölkələrindən (səhv etmirəmsə, Macarıstandan) jurnalistlər gələcək. Ola bilər ki, bizimlə də görüş keçirilsin. Bununla bağlı həmin jurnalistlərin fəaliyyəti barədə müxtəlif məlumatlar verdilər. Məlum oldu ki, onlar müxtəlif qəzetlərdə çap etdirdikləri yazıları ilin axırında kitab kimi də təqdim edirlər. Hətta bunu bəzən redaksiyalar özləri də həyata keçirirlər.

Mənə maraqlı və qəribə gəlirdi. Yəni qəzetlər bu qədərmi aktual, uzunömürlü yazılar verir, jurnalistlər dövrü mətbuatda bu qədərmi diqqətçəkən materiallar yazırlar ki, sonradan o yazılar kitab kimi də gərəkli olsun?!

"Dəlicəsinə" ni oxuduqca o ölçülər yenidən gözümün qabağına gəlir. Etiraf edək ki, Azərbaycan mətbuatı üçün o vaxt gülüş doğura biləcək reallıqlar mahiyyətini dəyişib. Küll halda olmasa da, fərdlərin, o cümlədən "Dəlicəsinə"nin timsalında bunu qətiyyətlə demək olar.

Bir yamac çəmənlikdə belə diqqəti daha çox cəlb edən tək-tək çiçəklər olur. Publisistikanı aktual, oxunaqlı, uzunömürlü eləyən belə tək-tək "çiçəklər" müəllifin fakta, hadisəyə, qəhrəmanına baxışında sərgilənir. Bunlar həm də yazını kütləviləşdirir. Hər bir oxucu orda özü üçün nəsə tapa bilir. Real yanaşma, təbii və səmimi insan münasibətləri, şişirtmələrdən, sünilikdən qaçma və s. keyfiyyətlər kitabla oxucu arasında körpünün dayaqlarına çevrilir və gediş-gəlişi asanlaşdırır. Cəmiyyətdə kifayət qədər tanınmış adamlar haqqında yazıların da, kitablara xeyir-dua kimi nəzərdə tutulmuş ön sözlərin də, müsahibələrin də dövrü mətbuatdan kitaba gəlib çıxmasına bu səbəbdən haqq qazandırırsan. Baxırsan ki, Rəşad Məcidin "Yaşadıqlarım"ını sənin də yaşamağına, "Gördüklərim"ini görməyinə, "Tanıdıqlarım"ını tanımağına, "Dediklərim"ini sənin də eşitməyinə dəyər və nəyinki dəyər, buna hətta ehtiyac da vardır.

Dövrün taleyüklü ağrıları daha çox publisistikanın çiyninə düşür. Poeziyanın, nəsrin xidmətlərini kiçiltmədən ona görə bu qənaətə gəlmək olur ki, burada əl ilə qələm arasındakı məsafə daha yaxındır. "Dəlicəsinə"nin nümunəsi bütöv halda publisistikamızın intibahından, daha geniş öygülərindən xəbər verir.
Kitabı da qurtardım, qeydlərimi də. Di gəl ki, sübhə kimi hər dəfə gözümü yumduqca eyni səsi eşidir, eyni sözü görürdüm: Lap dəli kimi, lap "D Ə L İ C Ə S İ N Ə ! .."

Xasay Mehdizadə

adalet.az

 





20.05.2014    çap et  çap et