525.Az

Gənc İslamənin böyük səhnədə ilk addımları


 

Gənc İslamənin böyük səhnədə ilk addımları<b style="color:red"></b>

Ötən həftənin cümə günü "Kapellhaus" da vokal musiqi axşamı keçirildi.

Tədbir Niyazi adına 22 saylı uşaq musiqi məkləbinin kollektivi tərəfindən təşkil edilmişdi. Məktəb hər dərs ilinin sonunda ənənəvi olaraq hesabat konserti təşkil edir. Bu dəfəki musiqili axşamı ənənəvi hesabat konsertlərindən fərqli olaraq məktəbin gənc istedadlarından biri, yeddinci sinif şagirdi, 15 yaşlı İslamə Abdullayevanın solo çıxışından ibarət idi. Musiqi axşamını məktəbin drektoru, əməkdar müəllim Natiq Vəliyev açdı.

O,  ilk öncə tədbir iştirakçılarını salamladı, İslamə Abdullayevanın məktəbdəki fəaliyyətindən söz açdı. Vokal sənətinə böyük həvəsi olan istedadlı şagirdin parlaq gələcəyinə inandığını vurğulayıb bir neçə ildən sonra səhnəmizdə öz layiqli yerini tutacağına əminliyini bildirdi: "İfaçının formalaşması üçün əsas üç şərt olmalıdır”:

Allah tərəfindən verilmiş fitri istedad, yaxşı müəllim valideynin uşaq üçün yaratdığı mühit. Allah İslaməyə böyük istedad verib, onun Tamella Səlimova kimi yaxşı müəllimi var eyni zamanda başda İslamənin babası Akif Rəfiyev olmaqla, ailəsinin gənc istedada yaratdığı şərait hamıya məlumdur"- deyən N. Vəliyev İslamənin püxtələşməsində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirdi.

Sonra söz gənc istedad İslamə Abdullayevanın sənətinə, daha doğrusu səsinə verildi. İslaməni royalda müəllimi Leyla Əliyeva müşayiət edirdi. Onun ifasında T.Quliyevin "İlk Bahar","Qızıl üzük","Tez gəl", "Ağacda leylək", Cezarinin "Florensiya gecələri", xalq mahnıları "Dağlarda çiçək", "bu gün ayın üçüdür", S. Rüstəmovun "Şeir deyilmi", A. Zeynallının "Ölkəm", V. Adıgözəlovun "Bakı", Ciaranın "La Spagnola" s.  kimi bir-birindən çətin rəngarəng əsərlər səsləndirildi. İfa sona çatdıqdan sonra İslamənin istedadına dair fikir bildirmək üçün söz sənətkarlara verildi.

İlk olaraq, İslamənin müəllimi Tamella Səlimova çıxış etdi. Şagirdinin uğurlarına sevinən müəllim onun işinə necə çalışqan həvəslə yanaşdığını dilə gətirdi. Gələcəkdə yüksək zirvələri fəth edəcəyinə inandığı bu istedadın ilk olaraq ondan dərs aldığına şad olduğunu bildirdi. S. Tamella öz hisslərini belə ifadə etdi: " Əgər bu gün sizin qarşınızda çıxış edən qızcığaz alqışlarınızı ala bildisə, mən sadəcə xoşbəxtəm. O yalnız mahnını oxumur, eyni zamanda hiss edir. İslamənin səhnədə laiqli yer tutacağına inanıram. Məşhur olduqdan sonra, bir vaxtlar mənim Tamella adlı müəlliməm olub desə, bəsimdir. Ona gələcək fəaliyyətində uğurlar arzulayıram".        

Sonra söz Xalq artisti, “Şöhrətordenli Xuraman Qasımovaya verildi. "Bura işdən çıxıb gəlmişəm. Çox yorğun idim, İslamənin ifasından sonra bütün yorğunluğum çıxdı. Səhnəmiz bu cür ifaçılar tələb edir. Oxumaq hər kəsin işi deyil, qabiliyyət, istedad lazımdır. Sözün açığı bu cür gəncləri görmək məni çox sevindirir. Saf, təmiz səslərə xalqın həqiqətən ehtiyacı var. Arzu edirəm ki, İslamə məktəbi bitirdikdən sonra musiqi təhsilini davam etdirsin. Kaş bu cür istedadlı gənclərimizin sayı günü-gündən artsın. Mən sadəcə böyük sevinc hissi keçirirəm. İslamə bizim səhnəyə çox yaraşacaq. Onun yetişməsində əməyi keçən müəllimlərinə, valideynlərinə dərin təşəkkürümü bildirirəm".

Xalq artisti Natavan Şeyxova heyrətini gizlədə bilmədi. "Siz bir görün bu qızcığaz auditoriyanı necə ələ ala bildi. Onun böyük potensialı var.  Bu cür talantlı ifaçının konsertində olmaq məni həqiqətən çox məmnun etdi. O, hərtərəfli gözəldir- istər xarici görünüşcə, istərsə istedad baxımından. Onun böyük ürəyi var. Ürək olmasa o bu cür istedad nümayiş etdirə bilməz. Mən çox sevindim ki, İslamə kimi talantlı bir gənc böyük səhnəyə qədəm qoyur".

Azərbaycan caz musiqisinin veteranı, "Humay" milli mükafatı laureatı Rafiq Seyidzadə İslamənin Allah tərəfindən verilən istedadına şahid olmaqdan məmnunluğunu bildirdi. Gələcək konsertində öz saksafonu ilə ona müşayiət edəcəyini dedi. "Xoşbəxtəm ki, cəmiyyətimizdə bu cür zövqlü gənclər yetişir. Onun ritm duyumu, düzgün oxu qaydası məni heyran etdi. Seçdiyi mahnılar səs tonuna imkanlarına uyğun gəlirdi. Bu cür zövqlü xanım böyütdükləri üçün başda Akif müəllim olmaqla, ailəsinə təşəkkürümü bildirirəm".

Sonda söz İslamənin babası, tanınmış hüquqşünas Akif Rəfiyevə verildi. A.Rəfiyev səslənən fikirlərə görə sənətkarlara, İslamənin formalaşmasında əməyi keçən müəllimlərin hər birinə təşəkkürünü bildirdi o da  İslamənin gələcəyinə böyük ümidlər bəslədiyini qeyd etdi.

Tədbirdə çıxış edən digər musiqişünaslar da İslaməni təbrik edib, ona sənət uğurları dilədilər.

Məhəbbət HACIYEVA

 





20.05.2014    çap et  çap et