525.Az

Uorlikin "prinsipləri": ikili standart müstəvisində məlumun təkrarı


 

Uorlikin "prinsipləri": ikili standart müstəvisində məlumun təkrarı<b style="color:red"></b>

ATƏT-in Minsk qrupu həmsədrlərinin passivliyi yenilik deyil. Onlar bir neçə ildir ki, faktiki olaraq münaqişənin həllində real irəliləyişə nail ola bilmirlər. Ukraynada geosiyasi vəziyyətin gərginləşməsi fonunda məsələnin bu tərəfi daha çox aktuallıq kəsb etməyə başlayıb. Həmin aspektdə amerikalı həmsədr C.Uorlikin Karnegi fondunda Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərindən danışması maraq doğurub. Müxtəlif izahlar vardır. Geosiyasi xarakterli bir sıra problemlərin mövcudluğu dilə gətirilir. Ancaq bütün bunların nəticəsinin nələrdən ibarət ola biləcəyi elə də aydın deyil.

Həmsədrin "fəallığı": Twitter və gerçəklik

ATƏT-in Minsk qrupu həmsədrlərinin son aylardakı fəaliyyətinə ümumi nəzər salsaq, onlardan Amerika təmsilçisi Ceyms Uorlik daha aktiv təsir bağışlayır. Burada bir qəribəlik var. Cənab Uorlik sanki Twitter fəalıdır. Orada bir fikir yazır və aləm bir-birinə dəyir. Çünki işlətdiyi cümlələrlə reallıq arasında fərq çox olur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olanlar belə onu anlaya bilmirlər.

Cənab C.Uorlik ictimaiyyətin diqqətini yenə cəlb etdi. Bu dəfə vətənində Beynəlxalq sülh uğrunda Karnegi fondundakı çıxışı zamanı söylədiyi fikirlərlə gündəmə gəldi. Əslində, o, qeyri-adi bir şey də deməyib. Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin 6 prinsipini vurğulayıb. Həmin punktlar Akvil, Muskoka, Dovil, Los-Kabos və başqa məkanlarda olan müzakirələrdə ifadə olunublar. Helsinki Yekun Aktı və Madrid prinsiplərinə uyğundur. Bir sözlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olanlara məlum olan məqamlardır. Analitik və ekspertlər üçün də bir yenilik deyil.

Belə isə C.Uorlik nəyə görə həmin prinsiplər haqqında bir daha danışıb və onları az qala özünün təklifləri formasında dilə gətirib? İndi ekspertlər üçün bu sual maraqlıdır. Etiraf edək ki, ABŞ Dövlət Departamenti bəyanat verərək C.Uorlikin rəsmi Vaşinqtonun mövqeyini ifadə etdiyini bildirib. Həmsədr də çıxışında bunu vurğulayıb. Ancaq onun bir sıra məqamları önə çəkdiyi məlumdur.

Amerikalı həmsədr ilk dəfədir ki, açıq şəkildə Dağlıq Qarabağın inzibati sərhədləri xaricində olan və Ermənistan tərəfindən işğal altında saxlanan Azərbaycan rayonlarının azad edilməsi şərtini zərurət kimi təqdim edib. Bununla yanaşı, o, yalnız həmin prosesdən sonra Dağlıq Qarabağın müvəqqəti statusunun müəyyənləşməsindən danışmağın mümkünlüyünü qeyd edib.

Onu deyək ki, ermənilər bu iki şərtə mənfi reaksiya veriblər. Hətta bəzi erməni KİV orqanı "Ermənistana ultimatum verildi"kimi radikal cümlələr yazıblar (bax: məs., Акоп Бадалян. Ультиматум Арцаху / "Lragir.am", 12 may 2014). Bir sıra ekspert isə amerikalıların "Qarabağı ikiyə böldüyü"kimi cəfəng fikirlər irəli sürüb (bax: Хефферн разделил Карабах / "Lragir.am", 8 may 2014). ABŞ-ın Ermənistandakı səfiri Con Heffern açıq bildirib ki, Dağlıq Qarabağın inzibati sərhədi daxilində olan ərazi ilə ondan kənarda qalan və işğal edilən ərazilərin statusu eyni ola bilməz. Reallıqda cənab səfir həqiqətin yarısını deyib, çünki Dağlıq Qarabağin özü də işğal edilib və ora Azərbaycan torpağıdır. Ermənilər isə hətta "yarıhəqiqətlə" barışmaq istəmirlər.

Bunu Ermənistan XİN-in verdiyi bəyanatdan da hiss etmək mümkündür. Həmin sənəddə Azərbaycan münaqişənin həll edilməməsində birbaşa ittiham olunur. Guya indiyə qədər həmsədr dövlətlərin gəldiyi qərarların yerinə yetirilməməsində günahkar Bakıdır və bunun səbəbi onun Dağlıq Qarabağa iddialı olmasındadır (bax: МИД Армении прокомментировал заявление Дж. Уорлика и указал на причины, тормозящие успех в урегулировании карабахского конфликта / "Panorama.am", 10 may 2014).

Rəsmi Bakı C.Uorlikin ifadə etdiyi prinsiplərin Madrid sənədində əks edildiyini vurğulayıb və onlar üzərində işləməyə hazır olduğunu bildirib (bax: Глава МИД АР: Шесть элементов Уорлика лежат в основе Мадридских принципов и Азербайджан готов над ними работать / "1news.az", 8 may 2014). Konkret desək, Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə çalışdığını və yalnız həmin aspektdə amerikalı həmsədrin təkliflərini qiymətləndirdiyini göstərib.

Bunlarla yanaşı, demək lazımdır ki, ekspertlər C.Uorlikin söylədiklərinə tənqidi yanaşırlar. Onlar cənab həmsədrin fikirlərində ardıcıl olmadığını, Twitter-də fərqli şeylər yazdığını vurğulayırlar.

Regional geosiyasət: yeni çalarlar meydana gəlir?

Bu müqayisələr geosiyasi aspektdə maraqlı məqamların mövcudluğundan xəbər verir. C.Uorlik haqqında danışılan çıxışı ilə bir növ özünə haqq qazandrımağa çalışıb. O, rəsmi Vaşinqtonun mövqeyini ifadə etməklə isə ABŞ-ın problemə olan baxışını bir daha bəyan edib. Hiss edilir ki, Amerika Cənubi Qafqazda münaqişələrin həll edilməməsindən narahatdır.

Ermənilər bu məqamdan istifadə edərək ABŞ-la Rusiyanı regionda üz-üzə qoymaq istəyirlər. Ekspertlər Amerikanın Cənubi Qafqazda hegemonluğa can atdığını deyirlər (bax: Заявление Дж.Уорлика говорит о стремлении США к гегемонии на Южном Кавказе / "Panorama.am", 10 may 2014). Bir başqaları Vaşinqtonun İranı da bu proseslərə qatmağa cəhd etdiyindən dəm vururlar. Lakin bütün bunların arxasında bir səbəb durur: Ermənistan münaqişənin ədalətli həll edilməsini istəmir. Bütün vasitələrdən istifadə edərək pozitiv məqamları olan təkliflərdən qaçır, Azərbaycanı ittiham edir, böyük dövlətlərə iradlar bildirir.

Bunun son nümunələrindən birini bu günlərdə Azərbaycanın işğal altında olan ərazilərinə səfər edən həmsədrlərə ermənilərin göstərdiyi münasibətdə aydın gördük. Laçın və Kəlbəcərdə onlar separatçıların təşkil etdiyi etiraz aksiyası ilə qarşılaşıblar. Əsasən gənclərdən ibarət olan bir kiçik qrup amerikalı həmsədr C.Uorlikdən Karnegi fondunda açıqladığı prinsipləri izah etməsini və nəyə görə "işğal edilmiş ərazilər"ifadəsini işlətdiyini aydınlaşdırmağı tələb ediblər (bax: Уорлик: Это стало для меня сюрпризом / "Lragir.am", 19 may 2014).

Ermənilər bununla kifayətlənməyiblər. Onlar Yerevanda da həmsədrə eyni sualı veriblər. C.Uorlik isə bir daha onlara anlatmağa çalışıb ki, başqasının torpağını işğal etmisiniz və oradan çıxmalısınız. Ermənilər bir nəticə çıxarıblarmı? İnanmırıq!

Şübhə yoxdur ki, Yerevanın bu şıltaqlığının əsas səbəbi isə "ikili standart" siyasəti, havadarların və vasitəçilərin birtərəfli, qətiyyətsiz mövqe tutmasıdır. Cənab Uorlikin özü də mövqeyini dəyişən kimi görünür. Twitter-də ermənilərə qarşı ifrat loyallıq göstərir, münaqişənin həllində tam ədalətli mövqe tutmur. Bu kimi amillər Ermənistan rəhbərliyinə heç bir normal məntiqə sığmayan addımlar atmağa imkan yaradır.

Bunlarla yanaşı, bir reallığı etiraf etmək lazımdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli daha da aktuallaşır. Böyük dövlətlərin region uğrunda geosiyasi mübarizəsinin daha da gərginləşməsi ehtimalının mövcudluğu fonunda bunun əhəmiyyətini dərk etmək gərəkdir. Düşündürücüdür ki, Fransa və Rusiyadan olan həmsədrlər fəallıq göstərmirlər.

Əksinə, Fransa prezidentinin Yerevanda "soyqırım"ın 100 illiyində ölkəsinin ən yüksək səviyyədə təmsil olunacağından danışması bəzi şübhələr oyadır. Belə görünür ki, Paris üçün gözümüzün qarşısında baş verən Xocalı soyqırımı, Azərbaycan əhalisinin kütləvi qətlə yetirilməsi deyil, xəyali rəqəmlərə əsaslanan uydurma soyqırım iddiası əsasdır. Belə şəraitdə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən hansı dərəcədə danışmaq mümkündür?

Belə görünür ki, C.Uorlikin son çıxışı faktiki olaraq həmsədrlər arasında məsələyə olan münasibətdə mövqe ayrılıqlarının mövcudluğunu üzə çıxarır. Fransa və Rusiyanın nə düşündüyü aydın deyil. Amerika isə problemin az və ya çox dərəcədə beynəlxalq hüquq çərçivəsində həll olunmasında maraqlıdır. Bu vəziyyət bəzi narahatlıqlara yol açır.

Düşünmək olar ki, bəzi xarici qüvvələr Dağlıq Qarabağ probleminin həll edilməsində maraqlı deyillər və regionda vəziyyəti gərginləşdirməkdə ondan istifadə edə bilərlər. Yaranmış mənzərəni ABŞ-Rusiya qarşıdurması kimi təqdim etmək bu aspektdə çox təhlükəlidir. Burada həqiqət varsa, Cənubi Qafqazda geosiyasi proseslərin hansı istiqamətdə gedəcəyini proqnozlaşdırmaq mürəkkəb işdir.

C.Uorlikin çıxışından görünür ki, Amerikanın əvvəllər nəzərdə tutulduğundan əlavə addım atması gözlənilmir. Eyni zamanda, işğal edilmiş Azərbaycan ərazilərinin azad olunmasının konkret mexanizmləri işlənməyibsə, deməli, vəziyyət daha mürəkkəbdir. Yerevan böyük dövlətlər arasındakı ziddiyyətlərdən yararlanaraq problemi həmişə qeyri-müəyyənliyə doğru sürükləməyə çalışacaq.

Belə çıxır ki, cənab C.Uorlikin söylədikləri hər kəsin bildiklərinin təkrarıdır və kağız üzərində qalması ehtimalı çoxdur. O halda bu çıxışda məqsəd nədən ibarət imiş?

Newtimes.az

 





21.05.2014    çap et  çap et