525.Az

"Bilinsin ki, mənəm baxan..."


 

"Bilinsin ki, mənəm baxan..."<b style="color:red"></b>

61 il ömür sürmüş Nazim Hikmətin Vətən həsrətini onun mavi gözlərində, titrək dodaqlarında görənlərdən biri mənəm. Moskvada, 1961-ci ildə Nazim Hikmətin "Qəribə adam" pyesinin 250-ci tamaşasından sonra, onun dediyi: "pyeslərimi sevgili İstanbulumda görə biləydim" sözləri indi qulaqlarımda səslənir Nazim Hikmətin heykəltəraş Münəvvər Rzayevaya vəsiyyətini dönə-dönə xatırlayıram: "Heykəlimi mən öləndən sonra yaradarsan. Özü bilirsən necə? Yalnız iki gözlərimi verərsən. Bilinsin ki, mənəm baxan. Bilinsin ki, bu şəffaf damcılar ömrünün sonuna qədər Vətən həsrəti ilə yanan bir insanın gözləridir".

N.Hikmətin bir şeiri var. Ölümlə, onun dəhşəti ilə bağlıdır. Şair yazırdı: "Güneye götürmeyin beni, ölmek istemiyorum. Ölmek istemiyorum, Kuzeye götürmeyin beni. Doğuya götürmeyin beni, ölmek istemiyorum. Batıya götürmeyin beni. Beni burda burakmayın, götürün bir yerlere. Ölmek istemiyorum, ölmek istemiyorum." ("Nerden gelip nereye gidiyoruz." 22.11.1962)

Həmişə bu misraları oxuyanda əli hər yerdən üzülmüş, əlacsızlıq içərisində çabalayan, ömrü çırpıntılı, səksəkəli bir yuxuya bənzəyən Nazim Hikmətin taleyini düşünürəm...

Son dəfə həmişəlik gəldiyi Moskvadan geriyə - Türkiyəyə yolu bağlı idi. Sovetlərdə yaşadığı mühit onu alqışlara, gül-çiçək dəstələrinə bürüsə , sonralar o, bu zahiri dəbdəbənin arxasında cəmiyyətin eybəcərliklərini apaydın görə bilmişdi. Sadəlövh, günahsız türk inqilabçılarının, o cümlədən Nazimin dostu Affan İkmekin Azərbaycanda yaşadığı dövrdə Sibirə sürgün edilməsinin, Müşfiqin, Cavidin faciəsinin köklərini araşdırır, araşdırdıqca da dəhşətə gəlirdi. Belə müdhiş duyğularla yaşayır, səbr edirdi. Günlərin birində bu səbr daşı çat-çat oldu... Nazim Hikmətin son şeirindəki "Gelsene dedi bana. Kalsana dedi bana. Gülsene dedi bana. Ölsene dedi bana. Geldim. Kaldım. Güldüm. Öldüm" misraları, sanki arvadı Veraya yox,  bütün Sovet Rusiyasına müraciətlə deyilmişdi.

Gənclik illərində Moskvaya məftun olmuş Nazim Hikmət 50-ci illərin sonunda bağlandığı ideala inamını itirmişdi. İnamı itirmək isə onun üçün bütün faciələrin ən dəhşətlisi idi.

Anlamağa çalışıyorum inanmayı

yitirmenin pahasına.

Bir söz söyleyecektim sana

söyleyemedim.

Dünyamda sabahleyin karına

içilen cıgaramın tadı,

ölüm kendinden önce

bana yalnızlığını yolladı...

 ("Kocalmağa alışıyorum," 12. I. 1963)

Nazim sosializm cəmiyyətinin eybəcərliklərini gördükdən sonra buna dözə bilmirdi. Bir yandan da məmləkət həsrəti. Oğluna göndərdiyi oyuncaqların geri qayıtması acısı. Varnadan oğluna səslənməsi, tək-tənha, hər əzaba qatlaşan Münəvvərini xatırlayarkən çəkdiyi vicdan əzabı, dərin peşimançılıq hissi, əsərlərinin Türkiyədə işıq üzü görməməsi, Nazimi sevənlərin təqib edilməsi,-bütün bunlar Nazimi sarsıtdı şairin gənclik dostu Vala Nurəddinin sözləri ilə desək: "Bu dünyadan Nazim keçdi".

Bu yerdə, Moskvada yaşayan həmyerlimiz, görkəmli türkşünas, professor Tofiq Məliklinin məşhur türk şairi Fazıl Hüsnü Dağlarcaya həsr etdiyi yenicə çapdan çıxmış çox dəyərli kitabındakı bir məqamı oxucuların nəzərinə çatdırmaq istəyirəm. Tofiq Məliklinin "Siz Nazim Hikmətlə görüşdünüzmü?" sualına F.H.Dağlarca belə cavab vermişdi: "Təəssüf ki, yox. Mən orduda xidmət edirdim. İstanbulda nadir hallarda olurdum. Onunla çox görüşmək istəyirdim, ancaq alınmırdı. 1937-ci ildə onu həbs etdilər. Bundan sonra hökumət Nazimin bütün kitablarını yasaq etdi. tez bir vaxtda bizə təcili olaraq Nazimin bütün kitablarını toplayıb təhvil vermək əmri verildi. Ancaq mən Nazimin kitablarını əldən vermək istəmirdim. Hərbi hissədə saxlaya bilməzdim, evə poçtla göndərmək təhlükəli idi. Bax, o vaxt mənim Nazimlə dəhşətli bir "vidalaşmam" oldu. Mən səhərəcən onun bütün kitablarını bir daha oxudum, sonra... yandırdım. Bu mənim heç vaxt unutmayacağım müdhiş, əzablı bir günahım oldu". Nazim Hikmət ilk şeirini qələmə alan gündən özünü təsdiq edən şairlərdən olub həmin andan etibarən yaradıcılığı birmənalı qarşılanmayıb. İstər məfkurəsinə görə, istərsə türk poeziyasına yeni ideya, yeni vəzn gətirdiyinə görə. Amma bu bir həqiqətdir ki, dövrünün Əbdülhəqq Hamid kimi nəhəng sənətkarı Nazim Hikməti bəyənmişdi. Özü təkcə Əbdülhəqq Hamid yox, yaşadığı dövrün əksər qüdrətli ədəbi simaları Nazim Hikmətin sənətini yüksək qiymətləndirmişdi. Amma şairin kommunist ideyalarına sədaqətini bəyənməyib onu tənqid, hətta təhqir etmişdilər.

Nazim Hikmət ilk dəfə Moskvaya gəldiyi vaxt sovet cəmiyyətini ideal bir quruluş kimi görmüşdü. 1937-1950-ci illərdə Türkiyədə həbsxanada yatdığı vaxtlarda "Zoya", "Moskva simfoniyası" kimi əsərlərində Sovetlər ölkəsini, faşizmə qarşı sovet xalqlarının mübarizəsini gur səslə vəsf etmişdi. Sovet yazıçıları da Nazimin müdafiəsinə qalxmışdılar. Azərbaycanın söz ustaları da Nazim Hikmətin məhbəsdən azad edilməsi uğrunda öz səslərini dünyanın mütərəqqi insanlarının səsinə qatmış, şairin zindandan azad olunmasını tələb etmişdilər.

Ömrünün son illərində Nazim Hikmət kommunizm ideyalarının, sosializm cəmiyyətinin mahiyyətini başa düşmüşdü. Onun hər addımının izlənilməsi, Sovet bürokratizmini ifşa edən "İvan İvanıç varmıydı, yoxmuydu" pyesinin repertuardan çıxarılması şairdə xəyal qırıqlığı yaratmışdı.

Moskvada yaşadığı illərdə şairin ümid yeri ancaq Azərbaycan idi. Mikayıl Rəfili, Süleyman Rüstəm, Rəsul Rza kimi şairlərlə, Əkbər Babayev kimi tədqiqatçılarla olan dostluğu ona dayaq idi. Bu dostluq qardaşlıq zirvəsində idi. Xüsusən sabahın şairi olan ( N.Hikmətin sözləridir) Rəsul Rza ilə olan dostluğu onun üçün aman eviydi .

Nazim məmləkətinə bütün varlığı ilə bağlı idi. Şeirlərinin ana vətənində nəşr olunmaması onu çox üzürdü. Şair deyirdi ki, mən bilirəm ölümümdən sonra əsərlərim Türkiyədə işıq üzü görəcək. Ona görə "ölmək zorundayım."

Əgər bir gün Nazimin Vətən həsrətinə həsr olunmuş şeirləri ayrıca kitab şəklində nəşr olunsa, o zaman şairin çəkdiyi iztirablar daha aydın şəkildə gözlərimiz önündə canlanar. Həmin şeirlər bir deyil, beş deyil. "Ağcaqayın meşəsində", "Yeni il", "Gəmi", "Balkon", "Ceviz ağacı", "Mavi liman", "Münəvvərə məktub yazdım, dedim ki...", "Sağ əlim", "Sebastyan Baxın bir nömrəli Dominor konserti", "Dunay çayı", "Məmləkətim haqqında", "Bir Üsküdar balkonunda", "Faustun evi" s. sənət nümunələri buna sübutdur. Bu şeirlərdə qürbət eldə yaşayan Nazimin böyük həsrəti, ürək ağrısı bütün incəliklərinə qədər duyulur.

Nazimin bir gün, yəqin ki, "Məmləkətim" adlı bir kitabı çapdan çıxar. o kitabda Nazimin təkcə şeirləri deyil, Türkiyə haqqında düşüncələri, uca kürsülərdən Türkiyə, Türk xalqı, Türk dili haqqında dediyi dəyərli sözlər, dostlarına, yaxınlarına yana-yana açıb söylədiyi ürək duyğuları da öz əksini tapar... Məsələn bu sözləri: "Dünyanın ən yaxşı insanlarından olan türk xalqının dünyanın ən gözəl dillərindən biri bəlkə ən başda gələnlərindən olan türk dilinin yabançı diyarlarda tanınmasına vəsilə ola bilmək, ömrümün ən böyük sevinci şərəfi olur. Bir kəndli torpağını öküzünü, bir dülgər taxtasını rəndəsini necə sevirsə, mən türk dilini elə sevirəm".

3 iyun 1963- il. Nazimin qəfil ölümü onu tanıyanları, sevənləri qəlbən sarsıtdı. Onun ölümünə ağılar deyildi, şeirlər yazıldı. Bu ağıların, şeirlərin böyük bir qismi Nazimi həmişə yaşadan, heç zaman unutmayan Azərbaycanın payına düşdü. "Bakıya gəldim, dünyalar mənim oldu" deyirdi şair. Nazim Hikmət həmişə Bakıdadır, Azərbaycandadır, xatirəmizdədir, ürəyimizdədir.

Aqşin BABAYEV

Filologiya elmləri doktoru, professor

 





22.05.2014    çap et  çap et