525.Az

“Təmas xəttində insan hüquqları ilə bağlı monitorinq keçirə bilərik”


 

“Təmas xəttində insan hüquqları ilə bağlı monitorinq keçirə bilərik”<b style="color:red"></b>

 “Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməyə hazırdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Avropa Şurasının (AŞ) baş katibi Tyorbörn Yaqland deyib.
 
O, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu xatırladıb: “Bu çox çətin münaqişədir. Bildiyiniz kimi, münaqişənin həlli ilə ATƏT Minsk Qrupu məşğul olur. Bizim hal-hazırda bu məsələdə bir rolumuz yoxdur. Ancaq ciddi və bizim həll edə biləcəyimiz məsələlərlə bağlı münaqişə tərəfləri bizə müraciət edə bilər. Biz münaqişə tərəfləri arasında yaxın əməkdaşlıq əlaqələri yaratmalıyıq. Bu, çox həssas mövzudur. Çünki biz daha çox insan hüquqlarına diqqət yetiririk. Məsələn biz təmas xəttində insan hüquqları ilə bağlı monitorinq keçirə bilərik”.
 
Baş katib Azərbaycana səfərinin məqsədi barədə də danışıb: “Mən buraya ilk növbədə hakimiyyət nümayəndələri ilə birgə Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planını müzakirə etmək üçün gəlmişəm. Azərbaycanda çox yaxşı şeylərin baş verdiyinin şahidi oldum. Din və mədəniyyət müxtəliflik sahəsində münasibətləri yüksək qiymətləndirirəm və düşünürəm ki, bu, Avropa üçün yaxşı siqnaldır. Eyni zamanda biz söz və mətbuat, toplaşmaq azadlığı, hüquq sahəsində vəziyyətinin daha da yaxşılaşdırılması üçün hakimiyyət nümayəndələri ilə işləmək istəyirik. Düşünürəm ki, məhkəmə sisteminin müstəqil fəaliyyət göstərməsini işini də təkmilləşdirmək lazımdır”.
 
Qeyd edək ki, səfər çərçivəsində Torbyorn Yaqland Azərbaycan prezidenti İlham Əliyev və bir sıra rəsmi şəxslərlə görüşüb.

 





22.05.2014    çap et  çap et