525.Az

9 illik bazadan kolleclərə 11483 abituriyent sənəd verib


 

9 illik bazadan kolleclərə 11483 abituriyent sənəd verib<b style="color:red"></b> Mayın 23-ü saat 10.00-dək ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə sənəd verən 11483 abituriyent ərizəsini təsdiq edib.
 

Lent.az-ın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, 9 illik bazadan kolleclərə ərizə qəbulu mayın 12-dən başlayıb. Qəbul haqqında elan, qəbul qaydaları, qəbul aparılan ixtisasların siyahısı, müsabiqə şərtləri və digər məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
 
Abituriyentlər göstərilən müddət ərzində TQDK-nın internet saytının müvafiq səhifəsində (www.eservices.tqdk.gov.az/erizetex) şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasına daxil olur, onu doldurur və təsdiqini təmin edirlər.
 
 
Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində 2013-cü və 2014-cü illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər.
 
 
Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya ölkə hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə müvafiq  SQK-larda təsdiq etdirirlər.
 





23.05.2014    çap et  çap et