525.Az

“Laçında amerikalı həmsədrə hücum Ermənistan rəhbərliyi tərəfindən təşkil edilib”


 

“Laçında amerikalı həmsədrə hücum Ermənistan rəhbərliyi tərəfindən təşkil edilib”<b style="color:red"></b>

“Hər dəfə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədlər qəbul olunur, yığılır, amma hələ ki nəticə yoxdur. Ancaq Ermənistan tərəfi bilməlidir ki, vaxt gələcək, bütün sənədlər öz təsirini göstərəcək”.


APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda səfərdə olan BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə birgə keçirilən mətbuat konfransında deyib.

 

Ə.Həsənov qeyd edib ki, Azərbaycanda məcburi köçkünlərin ölkə ərazisinə hərəkəti tam sərbəstdir və heç bir məhdudiyyət yoxdur: “Çaloka Beyanı ilə qarşılıqlı etimad məsələsi müzakirə olunub. Azərbaycanın qarşılıqlı etimad problemi heç zaman olmayıb və olmayacaq. Ermənilərlə 200 il birlikdə yaşamışıq. Dağlıq Qarabağ münaqişəsi öz həllini tapandan sonra əvvəlki qaydada ermənilərlə həmin yerlərdə birgəyaşayış davam edəcək. Əgər qarşılıqlı etimad pozulacaqsa, bu, yalnız ermənilər tərəfindən baş verə bilər. Azərbaycan tərəfindən heç zaman belə hal olmayıb və olmayacaq da”.

 

Ə.Həsənov xatırladıb ki, bu günlərdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana səfər zamanı Laçına gedərkən orada Ermənistan rəhbərliyi tərəfindən amerikalı həmsədrə qarşı hücum təşkil edilib: “Mən nəyə görə deyirəm ki, Ermənistan rəhbərliyi? Çünki bu başqa cür də mümkün deyil. Bu pozuntular həmişə Ermənistan tərəfindən olub və bu gün də var. Bunu da beynəlxalq aləm və dövlətlər gördü”.

 

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan dövləti Dağlıq Qarabağın bir qarışını da Ermənistana güzəştə getməyəcək. Onun sözlərinə görə, bu, Azərbaycan prezidenti, hökuməti və xalqının birmənalı, dönməz mövqeyidir: “Ermənilər nə qədər bunu tez başa düşsələr, düz yola, konstruktiv yola gəlsələr, daha yaxşıdır. Hələ ki, itirən onlardır. Bu problem öz həllini tapacaq. Ermənilər son anda görəcəklər ki, uduzan özləridir”.

 





23.05.2014    çap et  çap et