525.Az

Milli Kitabxanada "Cəfər Cabbarlının tərcümələri"nin təqdimatı olub


 

Milli Kitabxanada "Cəfər Cabbarlının  tərcümələri"nin təqdimatı olub<b style="color:red"></b>

Ötən gün M.F.Axundzadə adına Milli Kitabxanada görkəmli ədib Cəfər Cabbarlının tərcümələr kitabının təqdimatı keçirilib.
 
Cəfər Cabbarlının ev muzeyi Milli Kitabxananın birgə təşkil etdiyi təqdimat mərasimini Milli Kitabxananın direktoru Kərim Tahirov açıb: "Cəfər Cabbarlı qısa ömür yaşamasına baxmayaraq, bir neçə tam ömrün məhsuldarlığı ilə çalışıb. Qısa zaman kəsiyində indi teatrımızın inciləri  hesab olunan dramlar, pyeslər qələmə alıb. Mədəniyyət Turizm Nazirliyinə təşəkkür edirik ki, görkəmli dramaturqun 115 illik yubileyinə belə bir kitabla öz töhfəsini verib. İnanıram ki, indi Cəfər Cabbarlının ruhu burdadır yaradıcılığına bir daha yüksək qiymət verildiyi üçün şaddır".

Professor Asif Rüstəmli "Cəfər Cabbarlının  tərcümələri" kitabı haqqında ətraflı söhbət açıb: "Cəfər Cabbarlı Avropa rus yazıçılarından Vilyam Şekspirin "Hamlet", "Otello", Şillerin "Qaçaqlar", Karon de-Bomarşenin "Fiqaronun toyu", Corc Uelsin "Yeraltı dünya", Qoqolun "Müfəttiş", Tolstoyun "Çocuqluq", "Hacı Murad" kimi məşhur əsərlərini böyük peşəkarlıqla dilimizə çevirib. Kino sahəsində ciddi yaradıcılıq işləri olduğu üçün onun kinofilmlərin doğma dilimizə tərcümə edilməsindəki xidmətləri az deyil. Bütövlükdə Cəfər Cabbarlının tərcüməçililk fəaliyyəti, bədii tərcümə yaradıcılığı, nəzəri düşüncələri bu sahədə yeni ənənələrin mötəbər təməlini yaradan, aktuallığını qoruyub saxlayan təcrübə məktəbi, metodik vəsait olmaqla yanaşı, müstəqilliyimizin müasir mərhələsində Avropaya inteqrasiya yolunu seçən xalqımızın milli mədəniyyəti üçün dəyərli mənəvi sərvətidir".

Tədbirdə çıxış edənlər təqdim olunan kitabın əhəmiyyətindən söz açıblar: "Azərbaycanda bədii tərcümə sənətinin inkişafında yeni yüksəliş dövrü XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə bu sənətin yaranması inkişafında böyük rol oynayan şəxsiyyətlərdən biri Cəfər Cabbarlı olub. Onun bu sahədəki xidmətləri, ədəbiyyatımıza bəxş etdiyi gözəl tərcümə nümunələri indi öz bədii gözəlliyi ilə seçilir".

Mərasimdə çıxış edən Cəfər Cabbarlının ev muzeyinin direktoru Qəmər Seyfəddinqızı kitabın nəşrinə görə Mədəniyyət Turizm Nazirliyinə minnətdarlığını bildirib.

S.MÜRVƏTQIZI 

 





23.05.2014    çap et  çap et