525.Az

"Yayım" Assosiasiyası yeni işlərini təqdim edib


 

"Yayım" Assosiasiyası yeni işlərini təqdim edib <b style="color:red"></b>

Ötən gün "Yayım" Assosiasiyasının ofisində "Müasir Azərbaycan ədəbiyyatında gənc yazarların təbliğinə yardım" layihəsi çərçivəsində "Yeni nəşrlər" kataloq-jurnalın yayım.org saytının təkmilləşdirilmiş variantının təqdimatı keçirilib.

Tədbiri açan Assosiasiya prezidenti, sözügedən layihənin rəhbəri Yaşar Zeynalov müasir Azərbaycan ədəbiyyatının inkişafında gənclərin rolunu vurğulayıb: "Müstəqilliyimizi əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, ədəbiyyat , oxu sahəsində yeniliklər qaçılmaz oldu. Prezident İlham Əliyevin Azərbaycan dünya klassiklərinin əsərlərinin latın qrafikası ilə nəşr edilməsi barədə verdiyi sərəncam bu kitabların çap olunaraq kitabxanalara paylanılması insanların oxu səviyyəsinin tədricən yüksəlməsinə təkan verdi. Bu zaman Azərbaycanın gənc yazarları da püxtələşdi, inkişaf etdi. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan ədəbi mühiti kontingentinin 50 faizdən çoxunu gənclər təşkil edir. Gənc yazarların kitablarının sayı da sürətlə artmaqdadır. "Yayım" Assosiasiyasının müşahidələrinə görə, 2013- ildə işıq üzü görən bədii əsərlərin ən azı yarısının müəllifi gənclərdir". Assosiasiyanın rəhbəri qeyd edib ki, gənc yazarların əsərlərini təbliğ etmək, oxuculara tanıtmaq məsələləri öz həllini tapmalıdır: " "Yayım" Assosiasiyası olaraq biz bu istiqamətdə bəzi işlər görmüşük. Tanınmış yazıçılarla oxucuların görüşünü təşkil edəndə gənc yazarları da dəvət edirik. Hesab edirəm ki, onlar bu görüşlərdən kifayət qədər yararlanırlar. Gələcəkdə yalnız gənclərlə görüşlərin keçirilməsini nəzərdə tuturuq. Bütün bu işləri görməkdə məqsədimiz gənc yazarları, onların əsərlərini cəmiyyətə tanıtmaq, potensialını artırmaq, onlara yaradıcılıq stimulu verməkdir".

Assosiasiyanın əməkdaşı, jurnal-kataloqun redaktoru Fazil Kərimov jurnalın bu sayının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr edildiyini vurğulayıb: "Dərgidə 150-dən artıq gənc şair yazıçının kitabları haqqında məlumat verilib. Bu kitabları onların haqqında məlumatı biz cəmi iki ay ərzində toplamışıq. Bundan əlavə "Yayım" Assosiasiyasının yenidən hazırlanmış təkmilləşdirilmiş saytında da yeni yazarlar, onların əsərləri haqqında mütəmadi olaraq məlumat əldə edə biləcəksiniz. Bundan sonra "Yeni-nəşrlər" kataloq jurnalının hər sayında Assosiasiyanın saytında gənc yazarların yeni kitabları haqqında məlumat veriləcək". F.Kərimov gənc yazarları "Yayım" Assosiasiyası ilə fəal əməkdaşlığa dəvət edib.

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rza gənc yazıçı şairlərin yaradıcılığının təbliğatı məqsədilə bölgələrdə, ali məktəblərdə görüşlərin keçirilməsinin vacibliyini qeyd edib. Mətbuat katibi son zamanlar aktiv fəaliyyət göstərən Ayb.az saytı ilə "Yayım" Assosiasiyasının birgə layihələr həyata keçirməsinin mümkünlüyündən danışıb. 

Tədbirdə iştirak edən yazarlar Qəşəm Nəcəfzadə, Elşad Ərşadoğlu, Sevinc Mürvətqızı, Vüsal Nuru, Hafiz Təmirov, Nuranə Nur, Xanım Aydın, Müşfiq Xan, Məlahət Mikayılqızı gənc yazarların yaradıcılığı ilə bağlı Assosiasiyanın işini təqdir ediblər, gələcəkdə fəal əməkdaşlıq edəcəklərini bildiriblər.

Sevinc MÜRVƏTQIZI

 





23.05.2014    çap et  çap et