525.Az

Susmaq qızıl deyil


 

Susmaq qızıl deyil <b style="color:red"></b>

Hər kəs kədərlənər bu həyatda ... Ən çox da itirəndə . Hər kəs ağlar . Ən çox da kədərlənəndə. Ani xoşbəxtliklər dəqiqələrə sığan sevinclərlə doludur yaşantımız. Amma qəmimiz qəlbimizin elə bir yerində olar ki, onu dodaqlar, qucaqlar qollarımız daşıya bilər.  Sadəcə, gözlərimizin ən dərinində susqunluğumuzdadır .

Susmaq qızıl deyil,  səbr etməkdir.  Olanlara, qalanlara,  ya da əlimizdən gedənlərə ...  Susmaq söz tapmamaqdır. Deyilənlərə , ya da gizlədilənlərə. Susmaq dayanmaqdır.  Məsələn, yollarda... Gözlərinin çəkdiyi yollarda ... Susmaq qızıl  deyil. Əgər belə olsaydı, lal olub zənginliyə yelkən açardıq. Əgər belə olsaydı, dilimiz qızıldan  ibarət idi indi, səslərdən  sözlərdən yox. Heç sevincdən susan gördünüzmü?  Kədərdir susmaq kədər qızıl deyil.  Susmaq qorxmaqdır. İtirməkdən, səhv etməkdən, hətta əfv etməkdən qorxmaq. Susmaq yaşamaqdır, sadəcə nəfəs alaraq ...  Yaşlanmaqdır, sadəcə vaxt öldürərək. Susmaq məhv olmaqdır. Arzularını dilinin altında basdırmaqdır. Sitəmləri istəklərindən üstün tutmaqdır. Susmaq qızıl deyil!    Ac -yalavac canavar yalnızlıqdan ulayar. Susmaq üsyanlarını boğmaqdır.

Sükut deyilən bir məhfum yoxdur əslində. Sadəcə eşidə bilmədiyimiz səslər var. Susmaq içimizdəki vicdanın səsini dinləməkdir dinməməkdir. Susmaq cavab gözləməkdir, verdiyin, ya da vermədiyin suallara bəzən cavabın özüdür susmaq. 

Susmasan özün-özünlə dialoq qura bilmərsən. Susmasan yorularsan. Susmasan ölərsən!  Susmaq qızıl deyil, amma... ya əksinə sussan  etiraf edə bilməzsən, sussan ifadə edə bilməzsən, sussan bir susa bilməzsən.... Burda qızıl hanı? 

Özümü lap qızılaxtaran  kimi hiss elədim. Daha doğrusu, qızıl axtarıb tapmayanlar kimi . Susmaq qızıl deyil. Susmaq sakitləşməkdir. Susmaq  danışmağa susamaq üçündür...  Danışmaq isə  gümüşdür?  Əlbəttə ,yox!

Susmaq  səssiz qalmaq deyil.  Çıxış edənlər, nitq söyləyənlər var susaraq. Susmaq üstündən keçməkdir. Susmaq kor olmaqdır, ya da görməməzlikdən gəlmək. Məsələn , elə qızılın özünü. Susmaq sınmaqdır,bəzən. Riyanın həqiqət üzərində qələbəsi kimi. Susmaq öyrənməkdir.  Həyatın ən yaxşı tələbəsi kimi ...

Susmaq razılıq əlamətidir deyirlər.  Bəlkə elə ona görə daha çox susur  insan övladı.  Etiraz əlaməti haqqında düşünmək üçün. Məni heç kəs inandıra bilməz ki, susmaq qızıldır. Özünə haqsızlıq etməkdir susmaq.

Məsələn qardaş Türkiyəmizdə  baş verən Soma faciəsində ölənlər susanlardır.  Şəraitsizlik, təhlükə, ağır rejimi həyatın bahalılığına  susanlar. Susdular həyatları bahasına dərs verdilər hamıya. "Susmaq qızıl deyil" dərsini.    

Sakit adamların  qəzəbi daha kəskin olur, deyirlər. Bu çox normaldır. Çünki danışmağı öyrənəndən  susanlar daha çox içlərini yeyərlər. Nəticədə isə daha çox əsəblərini tar-mar edər , daha çox danışmağa, dalaşmağa , hayqırmağa ehtiyac duyarlar. Dalğalanmaq onlar üçün deyil artıq, sunamiyə çevrilərlər beləliklə.

Susmaq məhrum olmaqdır, gözəl cümlələr qurmaqdan. Xoş təsir etməkdən, təsəlli verməkdən, sevinc, ümid bəxş etməkdən məhrum olmaq .   Susmaq qızıl deyil, danışmaqdır azadlıq. Azadlıq isə xoşbəxtlikdir.  Azadlıq əxlaqsızlıq deyil, amma... Soyunmaq, ya da söymək deyil.  Azadlıq  doğrularını bilmək buna görə yaşamaqdır. O  doğrular ki,  özündə dəyəri ehtiva edir. O doğrular ki,  dəyərli olduqları üçün doğrudular ya əksinə....  Hər kəsin bir susmaq haqqı var, amma susmaq haqq deyil.  

 

 





23.05.2014    çap et  çap et