525.Az

"Şagirdlərin olimpiadalara və digər bilik yarışlarına hazırlanmasında ciddi nöqsan və çatışmazlıqlar mövcuddur"


 

"Şagirdlərin olimpiadalara və digər bilik yarışlarına hazırlanmasında ciddi nöqsan və çatışmazlıqlar mövcuddur"<b style="color:red"></b> Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü dərs ilində keçirilmiş məktəblilərin fənn olimpiadalarının nəticələri barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrdə qeyd olunur ki, olimpiadanın nəticələrinin Təhsil Nazirliyi tərəfindən geniş təhlili aparılıb. Aparılmış təhlillər zamanı bəzi rayonlar üzrə II mərhələdə yüksək nəticələr göstərmiş şagirdlərin olimpiadanın yekun mərhələsində çox zəif bilik nümayiş etdirdikləri müşahidə edib. Qeyd olunub ki, bu hallar Təhsil Nazirliyi tərəfindən rayon mərhələsində istedadlı şagirdlərin seçimi zamanı obyektivliyin ciddi şəkildə pozulması, respublika turu iştirakçılarının seçimində laqeydlik və səhlənkarlığa yol verilməsi kimi qiymətləndirilir.
 
Respublika fənn olimpiadalarının yekunları göstərib ki, rayon və şəhərlərdə istedadlı uşaqlarla işin təşkilində, texniki və təbiət fənlərinin hazırkı tələblərə uyğun tədrisində, istedadı ilə fərqlənən şagirdlərin olimpiadalara və digər bilik yarışlarına hazırlanmasında ciddi nöqsan və çatışmazlıqlar mövcuddur, əksər yerli təhsili idarəetmə orqanları, məktəb rəhbərləri bu vacib işə səthi və məsuliyyətsiz münasibət bəsləyirlər. Yerlərdə texniki və təbiət fənləri üzrə tədrisin qeyri-qənaətbəxş səviyyədə qurulması, şagirdlərin bilik keyfiyyətinin  xeyli aşağı olması həm də onunla təsdiqlənir ki, olimpiadanın yekun turundakı 849 nəfər iştirakçının 350-si (41,2 faiz) yalnız Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, 499-u isə (58,7 faiz) riyaziyyat, fizika, kimya, biologiya, informatika fənlərini təmsil edib. Olimpiadada mükafata layiq 189 yerin 100-ü (51,9 faiz) bilavasitə humanitar fənlərə aid olub, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə 12 birinci yerdən 10-nu Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin liseylərinin şagirdləri tutub.
 
Qeyd olunub ki, ciddi narahatlıq doğuran vəziyyət respublika turunun 849 iştirakçısından 141 nəfərinin (16,6 faiz) 0-2 arasında ("0" bal - 63 nəfər, 7,4 faiz; "1" bal - 40 nəfər, 4,7 faiz; "2" bal - 38 nəfər, 4,5 faiz) bal toplaması olub. Həmin şagirdlərdən 139-u (98,5 faiz) olimpiadada texniki və təbiət fənləri üzrə iştirak edib. Yerlərdə olimpiada iştirakçılarının seçimi və qiymətləndirmə prosesi bir çox hallarda qeyri-obyektiv aparıldığı üçün yüksək nəticə ilə yekun tura göndərilən şagirdlərin riyaziyyatdan 16-sı "0", 19-u "1", 17-si "2"; fizikadan 12-si "0", 4-ü "1", 4-ü "2"; kimyadan 21-i "0", 19-u "1", 13-ü "2"; biologiyadan 12-si "0", 5-i "1", 4-ü "2"; informatikadan 2-si "0", 1-i "2"; Azərbaycan tarixindən 1-i "0", 1-i "2" balla qiymətləndirilib. Bununla yanaşı, iştirakçılardan 69-nun riyaziyyat (16 nəfər, 16,5 faiz), biologiya (22 nəfər, 14,3 faiz), kimya (20 nəfər, 16,7 faiz), fizika (11 nəfər, 11,3 faiz) fənləri üzrə "3-5" bal toplaması da yerlərdə olimpiadalara, istedadlı şagirdlərlə işin təşkilinə, texniki və təbiət fənlərinin tədrisinə diqqət yetirilməməsini bir daha sübuta yetirir.
 





26.05.2014    çap et  çap et