525.Az

Vaqif Bayatlı Odərin şeirləri


 

Vaqif Bayatlı Odərin <b style="color:red">şeirləri</b>

 

Şeirtənhalıqdan əzab çəkən sözlərin ən gözəl qurtuluşu,

Sözün ən məğrur, ən eşqli şəkildə Tanrıya doğru uçuşu...

 

Vaqif Bayatlı Odərin yeniBəy atlı şeirlərkitabı çapa hazırlanır.

Kitabdan bir neçə şeiri təqdim edirik.

 

Min illər ötər, amma

Tanrım, yenə, yenə

bütün qadın barmaqları

tikiş tikən anlar

onlara göylərdən kiminsə

baxdığını duyar, anlar

 

Harda tikiş tikən qadın, qız görəndə

mən uşağa dönmək,

onların ayaqları altına yıxılmaq istəyirəm,

onların iynə batan barmaqlarını, 

hətta iynələrini min illərin analarının

min illərdi ağrıyan barmaqlarıtək

üfürüb  ovutmaq istəyirəm.

 

Min illərdi tikiş tikmək qədər,

qırılmış düyməni tikmək qədər,

nəyisə nəyəsə bərkitmək,

birləşdirmək qədər doğma duyğu yox,

min illərdi qızların bəyləriyçün ilk hədiyyəsi

onların qırılmış düymələrini tikmək,

onları daha çox dimdik, şahanə görmək,

həm heç vaxt ayrılmayan o düymələrlə

özlərinə, evlərinə daha çox bağlamaq olub.

 

Bilirəm, sevgili iynəm, düyməm mənim,

min illərdi elə sevəndə kişilər

xəncərlə, gülləylə,hayla, küylə,

qadınlarsa daha çox  tikdikləri iynəylə,

bərkitdikləri düyməylə,

üzlərini qoyduqları göylə sevərlər.

 

Min illər ötər, amma yenə, yenə

bütün qadın barmaqları tikiş tikən anlar

onlara iynələrin, düymələrin,

həm göylərin baxdığını duyar, anlar.

 

Napoleonun qlobusları

 

O hələ Alp dağlarını yəhərtək

Avropanın belinə basıb

çapan kozır tuzikən,

bütün kozır dövlətlərin

kozır krallarını fərələşdirən

lovğa fransız xoruzuykən,

həm güzgü xəstəliyinə tutulmamışkən

yəni qarnının aşağılarını döngəsiz, tinsiz,

atının belindənsə bütün dünyanı

teleskopsuz,  durbinsiz görürkən,

dəli Rusiya qarışıq bütün Avropanı

bir böyük toyuq hini sayır,

dövlətləri bir hinin toyuqlarıtək

qabağına qatır,hala gətirirdi.

 

Ancaq qarnı qlobuslaşdıqca,

dünya qlobusu şəklində

ancaq öz qarnını görür,

qarnını qucaqladıqca

tutduğu torpaqları

qucaqladığı dünya qlobusunu itirirdi.

 

Tanrım, əzabı qıymırsan

heç bir fikrə, heç bir sözə

 

Tanrım, özün duydurdun bu sirri, –

hər alın yazısı bir Tanrı şeiri,

hər alın yazısı bir Tanrı şeiri,

 

Həm duydurdun,

bəndələrə yazdırdığın sevincə

bəndədən çox sevinirsən özün,

bilirəm, İlahi sevinci belə ola bilər ancaq

sevindirdiyi bəndədən

daha çox sevinir Tanrı özü,

Duyuram, qazandığımız əzab da yenə

bizdən çox əzab verir Sənin özünə,

 

Həm sözlərə əzab verəndə duyuram,

o an sözdən çox, əzab veririk Sənin özünə,

duyuram, sən tək insanlara yox,

əzabı qıymırsan, hətta heç bir fikrə, sözə,

həm o fikirləri, sözləri

dünyanın ən gözəl, ən dadlı əzablarıyla

əzabsız yazdıra-yazdıra bizə.

Yaşamaq çox kiçik hərflərlə

 

Bəzən hər yerdə idarə edənlər sözünü

çox kiçik hərflərlə yazmaq,

hərdən hətta bu sözü asmaq istəyirəm.

Ancaq sözü necə asmaq olar?!

Həm görürəm bunu yazarkən,

bütün sözlər qəmli-qəmli baxırlar mənə

dostumuzun beyni dəbərib yenə.

 

Məni bağışlayın, sözlər,dostlar,

Sizi çox incitdim ömrüm boyu,

əslində, adam özünü öldürməkdən yazanda da,

hətta özünü asanda da tək özünü asmır,

özünün həm hökm verəni,həm tamaşaçısı,

həm cəlladı, həm qurbanı olur,

həm hətta ölümü düşünərkən sözlərə əzab verir,

ancaq özünü asıb, özünə ölüm fərmanı vermək,

həm özünün cəlladı olub günaha batmaq,

üstəlik sözlərə əzab vermək,

həm kimlərinsə hökmüylə asılıb

hökm verənləri , asanları da cəllad eləmək,

günaha batırmaq hamısı zor, hətta günah,

elə ona görə özünü öldürməyin

bircə əbədi yolu qalır həmişə ancaq

yaşamaq hələ,

         yaşamaq çox kiçik hərflərlə.

 

"Eheyy! Göyüzünün o üzündəkilər! Kimsiniz?"

Göyüzünün o üzünə qonub göyüzünün bu yüzünü dinləyən şair

Vaqif Bayatlı Odər.

 





26.05.2014    çap et  çap et