525.Az

Allah dəlicəsinə sevənlərin yanındadı


 

Rəşad Məcidin "Dəlicəsinə" kitabını oxuyarkən

Allah dəlicəsinə sevənlərin yanındadı<b style="color:red"></b>

Tanınmış publisist-yazıçı Rəşad Məcidin yenicə çapdan çıxmış "Dəlicəsinə" kitabını birnəfəsə oxudum. Səmimi olaraq deyirəm ki, son illər oxuduğum ən gözəl publisist əsərlər siyahısında "Dəlicəsinə" birincilərdəndir. Bunun səbəbləri isə çox sadədir. Əvvəla, indiyədək az sayda kitabların ("Hələ ki, vaxt var", "10 sentyabr", "Əlvida və salam" və s.) müəllifi olan Rəşad Məcid ədəbi mühitdə çox tanınan, çox sevilən, çox oxunan, fikir və mülahizələrinə hörmət bəslənilən müəlliflərdən biridir. Bunlar heç də hamıya müyəssər olan amillər deyil və bu amillərin arxasında gərgin zəhmət, ciddi mütaliə, həyata, ətrafdakı hadisələrin dəyişkənliyinə çevik və obyektiv baxış, eyni zamanda torpağa, insanlara, ürəkdən gələn məhəbbət, sevgi cəsarət dayanır. Bunlar, sadəcə pafoslu sözlər yığınağı deyil, Rəşad Məcidin ədəbi-bədii yaradıcılığının, ictimai-siyasi, mədəni həyatının xüsusiyyətləridir.

Kitaba ön söz yazan professor Cahangir Məmmədlinin bir fikri xüsusilə ürəyimcə oldu. Cahangir müəllim qeyd edir ki, bu gün klassik publisistik irsimizin H.Zərdabi, C.Məmmədquluzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ü.Hacıbəyli, M.Rəsulzadə və digər neçə-neçə istedad sahibləri haqqında düşünəndə "Bu gün də belələri varmı" sualı ilə təkbətək qalanda ilk növbədə Anar və onun "Qobustan"ını, Y.Səmədoğlunun və onun "Ulduz"unu, Rəşad Məcidi və onun "525-ci qəzeti"ni göz önünə gətirirəm, belə qərara gəlirəm ki, yaradıcılıq sahəsində istedad olmadan iş görmək mümkün deyil. Bu istedad Vətən sevgisi və milli təəssübkeşlik ilə üst-üstə düşərsə, dağı yerindən oynadar.

Vətən sevgisi! Milli təəssübkeşlik!

Hamımızın müəllimi və sevimlisi olan Cahangir müəllim fikirlərində nə qədər dürüst və haqlıdır. Rəşad Məcidlə bu iki hiss o qədər güclü və təbiidir ki, onu yaxından tanıyanlar, söhbətlərinə, çıxışlarına diqqət kəsənlər, eləcə də "525-ci qəzet"i oxuyanlar bunun əyani şahidi olarlar. Elə "Dəlicəsinə" kitabının hər səhifəsi, səhifədəki cümlələrin hər birindən Qarabağ həsrəti, müstəqil Azərbaycan bayrağının dünyanın ən mötəbər məclislərində dalğalanması, xalqımızın ululuğu, böyüklüyü, qəhrəmanlığı öz əksini tapır. Elə yeri gəlmişkən, uzun illərin qəzetçilik təcrübəmə əsaslanıb onu deməliyəm ki, redaktor qəzetin simasıdır. Məhz buna görədir ki, ilk nüsxələrindən oxucu rəğbəti, oxucu məhəbbəti və inamı qazanan "525-ci qəzet" Rəşadın adı ilə qoşa çəkilir. Dövlətimiz, dövlətçiliyimiz, ədəbiyyatımız, mədəniyyətimiz, tariximiz haqqında tribuna istəyənlər bu qəzeti çoxlarından daha üstün və şərəfli tuturlar. Əlbəttə, bu çox sevindirici və R.Məcidin uğurudur. Nəzərə alsaq ki, qəzetin hər sayı yeni bir əsərin səhnə təcəssümüdür, onda Rəşadın redaktor kimi neçə əsərə ustalıqla qulluq etdiyini görərik.

İlk baxışda kitabın adına diqqət yetirəndə, mənə elə gəldi ki, bu, qələm dostumun yeni şeirlər kitabıdır, ancaq elə ilk səhifədəki kiçik həcmli "Dəlicəsinə" yazısını oxuyanda fikrimdəki qeyri-müəyyənlik yox oldu, iri həcmli romandan aldığım təəssüratdan da çox hadisənin şahidi oldum. Dünya çempionatında Uruqvay-Qana oyunu dramatizmi ilə futbolistlərin yaddaşındadır. Heç-heçə başa çatmaqda olan oyunun son dəqiqələrində uruqvaylı Suares məcburiyyət qarşısında qapıdan keçməkdə olan topu əli ilə qaytardı, qırmızı vərəqə alıb komanda yoldaşlarını azlıqda qoydu və qapılarına 11 metrlik zərbə ilə cəzalandırıldı. Lakin qonaqlar bu zərbəni dəqiq yerinə yetirə bilmədilər və nəticədə məğlub oldular.

Çoxlarına adi görünəcək bu hadisə Rəşad Məcidin qələmində, qeyri-adi forma alıb. O oyunda uruqvaylıların dəlicəsinə istəkləri onları qalib etdi. Eləcə də Ağdamın işğal gününə təsadüf edən "Qarabağ-Russenborq" oyununda ağdamlıların özündən çox-çox güclü rəqibə qalib gəlməsi həddən artıq "dəlicəsinə bir sevginin, istəyin nəticəsidir.

-- "Dəlicəsinə istəsən, istəyinə çatacaqsan! Allah dəlicəsinə istəyənlərin yanındadı! Dəlicəsinə sevin!"

Çox gözəl deyimdir! İllər uzunu süzgəcdən süzülərək son nəticəyə gəlmiş real həyat həqiqəti, yaşamaq və qalib gəlmək, mübarizə eşqi! Bu yerdə gözəl şairimiz Məmməd Arazın misralarını xatırlamamaq olmur.

Həyatı ürəklə yaşayanların

Elə ölümü də ürəkdən olur!

"Sizin Qarabağ" yazısı da Rəşad Məcidin qeyd etdiyimiz fikirlərinin davamıdır. Londonda taksi sürücüsü müsafirinin azərbaycanlı olduğu biləndə deyib ki, "Sizin Qarabağ" "Rusenborq"u yendi. Bizim "Çelsi" isə onunla bərabərə qaldı.

Lakin müəllifin bu yazıda məqsədi təkcə "Qarabağ"ın qələbəsini nümayiş etdirmək deyil, həm də futbolumuzda hamını narahat edən problemlərin aradan qaldırılmasıdır. Bəli, "Qarabağ" Azərbaycanın milli komandasıdır, orada top qovanlar təkcə Azərbaycan çempionatında yox, Avroliqa oyunlarında gözəl oyun sərgiləyir, ən titullu komandalarla az qala bərabər mübarizə aparır, milyonlarla azərbaycanlıya sevinc bəxş edirlər. Hətta milli komandanın əsas oyunçularından Vaqif Cavadovun, Əfran İsmayılovun, Rauf Əliyevin komandanı tərk etməsinə baxmayaraq "Qarabağ" yerli futbolçuların hesabına bu gün çempionatın vahid lideridir və komanda stabil oyunu ilə hamının diqqətini çəkir. Öz ölkələrində heç kimə lazım olmayan, yaşı 30-40 arasında olan legionerlərə komandada yer yoxdur. Ötən illərdə mən Bakının iki komandasının oyununa baxdım. Hər iki komandanın heyətində cəmi 4-5 yerli oyunçu vardı. Sönük, maraqsız oyundan sonra stadiona getmək həvəsim öldü. Əgər iki tanınmış paytaxt komandasında yerli oyunçuların sayı cüzidirsə, Azərbaycanın milli komandasının aqibətini təsəvvür etmək çətin deyil. Hadisələri ümumiləşdirmək, ictimailəşdirmək, bununla hamının istəyinə uyğun nəticə çıxarmaq, problemin düzgün həllini tapmaq bacarığı Rəşad Məcidin yaradıcılığına xas olan cəhətdir. Sözün qədir-qiymətini bilmək, ondan zərgər dəqiqliyi ilə istifadə etmək. Milli dəyərlərə üstünlük vermək və Azərbaycanı, azərbaycançılığı məhəbbətlə tərənnüm etmək... Bu meyarlar "Dəlicəsinə"nin "Yaşadıqlarım", "Gördüklərim", "Tanıdıqlarım", "Dediklərim" bölmələrindəki bütün yazılarda öz parlaq əksini tapmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binanın açılış mərasimindəki, Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatının təqdim olunması münasibətilə keçirilən tədbirdəki çıxışlarında necə hissiz, həyəcansız, emosiyalardan uzaq danışa bilmirsə, Xalq yazıçısı Anarla, professor Cahangir Məmmədli ilə, millət vəkili, yazıçı Aqil Abbasla, Əsəd bəyi tədqiq edən yazıçı-publisist Nuridə Atəşi ilə, gənc yazıçılar Pərvin, Cavid Zeynallı, Zərdüşt Şəfi ilə və sair onlarca yazılarında da eyni hissləri yaşamaqla təbir və səmimi olur. Dünyanın müxtəlif ölkələrinə -Türkiyə, Kıbrısa, İrana, Rusiyaya, Almaniyaya səfər təəssüratları həmin ölkələrin bütöv tarixi, mədəni, siyasi, etnoqrafik məlumatlarla zəngindir.

Məni ən çox maraqlandıran və təkrar oxumağa məcbur edən isə "Əsəd bəy və Nuridə xanım" yazısıdır. Bu, ötən əsrin birinci yarısında Azərbaycan nəsrinin nümunələrini yaradan Məhəmməd Əsəd bəyin-Qurban Səid və onu Vətəninə qaytarmaq istəyən Nuridə Atəşinin apardığı inadlı tədqiqatlara həsr olunub. Qurban Səidin "Əli və Nino" əsəri Azərbaycanda çap olunduqdan sonra müəllifin kimliyi məsələsi ortaya çıxdı. Qruban Səid kimdir? Həmin illərdə "Ədəbiyyat qəzeti"ndə çalışdığımdan tanınmış alimlərin, professorların bu əsərin Yusif Vəzir Çəmənzəminliyə məxsus olduğunu iddia edirdilər, bunun üçün əsərin dilinin məhz Yusif Vəzirin əsərlərinə bənzərliyindən misallar gətirdilər. Özü də bu tipli yazılar təkcə "Ədəbiyyat qəzeti" deyil, digər mətbu orqanları da öz səhifələrində dərc edirdilər. Rəşad Məcidin bu məqaləsini ona elmi əsər, nəsr nümunəsi də, demək olar, oxuyandan sonra Nuridə Atəşinin dünyanın müxtəlif ölkələrində apardığı araşdırmalar, Məhəmməd Əsəd bəyin kimliyi, Azərbaycandan uzaq düşməsi, ən əsası onun "Əli və Nino"dan başqa çoxlu sayda əsərlərinin olması aydın olur. "Altunsaç", "Şərqdə neft və qan", "Son peyğəmbər", "Ağ Rusiya" əsərləri filologiya elmləri namizədi Çərkəz Qurbanlının tərcüməsində çap olunmuşdur.

R.Məcidin rəvan, aydın, məntiqli məqaləsi Azərbaycan yazıçısı Qurban Səidin-Məmməd Əsəd bəyin varlığını və əsərlərini təsdiq edir.

Kitabdakı hər bir yazını dəlicəsinə oxumamaq olmur və sevinirəm ki, son illər ərzində ürəyimcə olan publisistik kitab nəşr olundu. İnanıram ki, bu kitabı dəlicəsinə oxumaq istəyənlərin sayı çox olacaq.

P.S. Rəşad Məcidin "Dəlicəsinə" kitabı Təhsil Nəşriyyat-Poliqrafiya Mərkəzində çap olunmuşdur. Görünür, kitabın çapı ilə məşğul olanlar da öz işlərini dəlicəsinə sevərəkdən görmüşlər.

Səhv etmirəmsə, bu il qələm dostum Rəşad Məcidin yubiley ilidir. Onun 50 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.

Müzahim İsmayılzadə

sherg.az

 





27.05.2014    çap et  çap et