525.Az

İnzibati Xətalar və Cinayət məcəllələrinə də dəyişikliklər ediləcək


 

"...Bunun nəticəsidir ki, bu günlərdə gənc bir qızı döyən vətəndaşı həbsdən azad ediblər"

İnzibati Xətalar və Cinayət məcəllələrinə də dəyişikliklər ediləcək<b style="color:red"></b>

İcazəsiz aksiyalara çıxanların daha böyük miqdarda cərimələnməsi ilə bağlı “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna , İnzibati Xətalar və Cinayət məcəllələrinə əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihələri oktyabrın 23-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının müzakirəsinə çıxarılıb.

525.az-ın məlumatına görə, adıçəkilən komitənin sədri Əli Hüseynli bildirib ki, bu məsələ mətbuatda geniş səs-küyə səbəb olduğundan millət vəkili Rafael Cəbrayılovun hazırladığı təkliflərin tezliklə müzakirələrə çıxarılması məqsədəuyğun sayılıb və bugünkü müzakirələr də məhz bununla bağlıdır.

Təkliflərin məllifi R.Cəbrayılov isə qeyd edib ki, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna və bu qanunun tətbiqi ilə bağlı İnzibati xətalar və Cinayət məcəllələrinə əlavə və dəyişikliklərin edilməsi sosial sifarişdir. Millət vəkilinin sözlərinə görə, qanunvericiliyin köhnəlmiş müddəaları müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır: “Əsas maraq doğuran dəyişiklik razılaşdırılmamış aksiyalara çıxan vətəndaşların və aksiyaların təşkilatçılarının inzibati qaydada cəzalandırılması ilə bağlı müddalara təklif olunan yeniliklərdir”. R.Cəbrayılov deyib ki, bu təklifləri hazırlayarkən dünyanın 30-dan artıq ölkəsinin qanunvericilik təcrübəsi öyrənilib: “Amma ümumilikdə heç bir ölkənin təcrübəsi model kimi götürülməyib. Əsas diqqət Azərbaycanın maraqlarının və reallıqlarının nəzərə alınmasına yönəldilib. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər vətəndaşların tənbeh tədbiri kimi ictimai işlərə cəlb olunması nəzərdə tutulur. Əvvəllər bu cəza Cinayət Məcəlləsində yer alırdı. Vətəndaşların 60 saatdan 240 saata qədər ictimai əməyə cəlb olunması mümkün idi. İndii bu müddəa İnzibati Xətalar Məcəlləsinə daxil edilir. Cinayət Məcəlləsində isə ictimai işlərə cəlb olunma müddəti 240 saatdan 480 saata qaldırılır”.

Millət vəkilinin dediyinə görə, indiki qanunvericilikdə inzibati tənbeh tədbiri kimi nəzərdə tutulan cərimələrin ödənilməməsi zamanı hansı tədbirlərin görüləcəyi ilə bağlı boşluq var: “Buna görə də təklif olunur ki, cərimələri ödəməyən vətəndaşlar 15 gün müddətinə inzibati həbsə məhkum olunsunlar”.

R. Cəbrayılov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsinə təklif olunan dəyişikliklərdə isə razılaşdırılmamış aksiyaların təşkilatçıları ilə iştirakçıları arasında məsuliyyət fərqi müəyyənləşdirilir: “İndiyədək yalnız icazəsiz aksiyaların təşkilatçıları hərəkətlərinə görə məsuliyyət daşıyırdılar. İştirakçılar isə yalnız ictimai asayişi pozmağa yönəlik hərəkətlərə cəhd etdikdə cərimələnirdilər. İndii isə qanunvericilikdəki bu hüquqi disbalans aradan qaldırılır. İndiyədək icazəsiz aksiyalarda iştirak edənlər 7 manatdan 13 manatadək cərimələnirdilər. Millət vəkili bu rəqəmin çox cüzi olduğunu bildirərək dedi ki, əslində cərimə qanunu pozan şəxsin maliyyə durumuna zərbə vurmalıdır. Amma indiki halda vətəndaş dəfələrlə qanunu pozsa belə nəzərdə tutulan cərimə onun maddi durumuna təsir etmir. Nəticədə insanlar sonsuza qədər qanunu pozmaq imkanı əldə edirlər. Buna görə də təklif olunur ki, həm razılaşdırılmamış aksiyaların təşkilatçıları, həm də iştirakçıları üçün nəzərdə tutulan cərimənin məbləği artırılsın. Təkliflərə əsasən razılaşdırılmamış aksiyanın təşkilatçıları fiziki şəxs olduqda 1500-3000 manat, vəzifəli şəxs 3000-6000 manat, hüquqi şəxs 15000-30000 manat məbləğində cərimələnəcək”.

R.Cəbrayılov deyib ki, oxşar maddələr Rusiya, Qazaxıstan, Belarus və Pribaltika ölkələrinin qanunvericiliklərində əksini tapır. Avropa ölkələrində də razılaşdırılmamış aksiyaların keçirilməsinə görə cəzalar nəzərdə tutulur. Məsələn, Böyük Britaniyada razılaşdırılmış aksiyanın marşrutunu dəyişməyə görə 3 aylıq həbs və böyük miqdarda cərimə ödənilir. Almaniyada kütləvi aksiyalarda toplantının məqsədinə uyğun olmayan şüarlar səsləndirildikdə kütləvi aksiya dağıdılır. Fransada polisin «dağılın» əmrinə əməl edilmədikdə iştirakçılar 3 min avrodan 45 min avroya qədər cərimələnirlər.

R.Cəbrayılov bildirib ki, razılaşdırılmamış aksiyalarda iştirak edən şəxslər üçün nəzərdə tutulan cərimələrin məbləğinin də artırılması təklif olunur. Təklifə əsasən, buna cəhd edən vətəndaşlar 500-1000 manat məbləğində cərimələnəcəklər. Vətəndaşların cərimələnməsi ilə bağlı qərar məhkəmə tərəfindən çıxarılacaq. Təklifin müəllifi qeyd etdi ki, məhkəmə vətəndaşın maliyyə imkanları olduğu təqdirdə onu qeyd olunan məbləğdə cərimələyəcək. Əgər vətəndaş cəriməni ödəmə iqtidarında olmayacaqsa, 160 saatdan 200 saatadək müddətdə ictimai işlərə cəlb oluna bilər. O bundan da boyun qaçırsa, 15 sutka inzibati həbsə məhkum ediləcək.

Millət vəkili Cinayət Məcəlləsinə də müəyyən dəyişikliklərin nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, vətəndaşlar kütləvi aksiyalar zamanı ictimai asayişin pozulmasına cəhd göstərərlərsə 5000-8000 manat məbləğində cərimələnəcəklər. Təkliflərin 2013-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Müzakirələrdə iştirak edən millət vəkili Azay Quliyev təkliflərin ilk baxışda cəlbedici olmadığını vurğulayıb: «Amma mahiyyətinə varanda görürük ki, qanunvericiliyə ciddi bir dəyişiklik edilmir. Onsuz da icazəsiz aksiyalarda iştiraka görə cərimələr var idi. İndii sadəcə olaraq onların məbləği artırılır». Millət vəkilinin dediyinə görə, nəzərdə tutulan dəyişikliklər ölkədə sərbəst toplaşmaq azadlığının təmin olunmasına heç bir problem yaratmayacaq. Dəyişikliklər sadəcə vətəndaşların daha məsuliyyətli olmasına yönəlib: «Bu baxımdan bu təkliflərin hüquqi aspektdən qəbul olunmasında heç bir problem görmürəm. Məsələnin siyasi tərəflərinə gəldikdə isə təəssüf ki, son vaxtlar icazəsiz aksiyalar keçirməklə ölkənin imicinin korlanması istiqamətində addımların atıldığının şahidi olmaqdayıq. Uzağa getməyə ehtiyac yoxdur. Biz bunu «Avrovizion» mahnı müsabiqəsi ərəfəsində gördük». Millət vəkili qeyd edib ki, bəziləri razılaşdırılmamış aksiyalara çıxmaqla Azərbaycanda guya sərbəst toplaşmaq azadlığının olmaması barədə rəy formalaşdırmağa çalışırlar. Belə halların isə qarşısı alınmalıdır. «Ümumilikdə təklif olunan dəyişikliklər Azərbaycanın qəbul etdiyi demokratik prinsiplərdən geri çəkilməsi kimi qəbul edilməməlidir» - deyə, millət vəkili vurğulayıb.

İclasa sədrlik edən Ə.Hüseynli də bildirib ki, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna dəyişiklik yox, dəqiqləşdirmə edilir: “1998-ci ildə qəbul edilən bu qanuna 2008-ci ildə əlavə və dəyişikliklər edilib və bu dəyişikliklərə Venesiya Komissiaysı tərəfindən müsbət rəy verilib”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev inzibati və cinayət məsuliyyəti nəzərdə tutan hərəkətlərlə bağlı ciddi dəqiqləşdirmələrə ehtiyac olduğunu bildirin. Partiya sədrinin sözlərinə görə, uzun müddətdir böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılması təklif olunsa da, buna müsbət yanaşılmır. Amma bu yaxınlarda döyülmənin cinayət məsuliyyətinə səbəb olması aradan qaldırılıb və bu hərəkət inzibati xəta kimi tövsif olunub: «Təsəvvür edin ki, indii biz başqasına «qanmaz» deyəni həbs edirik, döyəni isə cərimələyirik. Bunun nəticəsidir ki, bu günlərdə gənc bir qızı dəniz kənarına aparıb döyən, sonra saçlarını kəsən vətəndaşı həbsdən azad ediblər".

Millət vəkili bu təkliflərin bugünlərdə Təhsil Nazirliyinin qarşısındakı aksiyadan sonra hazırlandığını bildirib. Millət vəkilinin dediyinə görə, bir aksiyaya görə cərimələrin sərtləşdirilməsi doğru yol deyil: «Bu addım Azərbaycana qarşı kampaniyanın başlanmasına bəhanə verəcək. Nəzərə almaq lazımdır ki, bizim Qarabağ kimi problemimiz var. Bu problemi isə demokratik dəyərləri təbliğ edən Qərbin köməyilə həll etməyə çalışırıq. Bu baxımdan təklif olunan dəyişikliklər mili maraqlarımıza ziddir».

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı təklifləri dəstəklədiyini, amma nəzərdə tutulan cərimələrin bir qədər azaldılmasını istədiyini bildirib və qeyd edib ki, razılaşdırılmamış aksiyalara görə cərimələr artırılırsa, Bakı şəhər İcra Hakimiyyəti kütləvi aksiyaların keçirilməsi ilə bağlı müraciətlərə daha diqqətlə baxmalıdır: “Çünki sərbəst toplaşma hər bir vətəndaşın konstitusyon hüququdur”.

Millət vəkili Cingiz Qənizadə öz növbəsində dəyişikliklərin müxalifətin deyil, Təhsil Nazirliyinin qarşısında radikal dindarların keçirdiyi aksiya ilə bağlı olduğunu iddia edib. Millət vəkilinin bildirdiyinə görə, dəyişiklikləri qəbul edərkən onların işlək mexanizm idə hazırlanmalıdır: “Elə etmək lazımdır ki, icra məmurları, hüquq-mühafizə orqanları çətin durumda qalmasınlar”.

Müzakirələrdən sonra təkliflər plenar iclasa tövsiyə olunub və qərara alınıb ki, parlamentdəki müzakirələrə qədər komitə iclasında səsləndirilən təkliflər işçi qaydada bir daha nəzərdən keçirilsin.

KAMİL

 





23.10.2012    çap et  çap et