525.Az

Akademik Vasim Məmmədəliyevə yubiley məktubu


 

Akademik Vasim Məmmədəliyevə yubiley məktubu<b style="color:red"></b>

Əziz dostum, böyük qardaşım!

Hər şeydən öncə Sizi – görkəmli şərqşünas alimi, akademiki, dilçi və ilahiyyatçını anadan olmanızın şərəfli 70 illiyi mocibincə kiçik qardaş məhəbbəti ilə təbrik edir, bağrıma basıram. Sizin adınız zəmanəmizin şərəf səhifəsində səri tumarə yazılıb. Əvəzolunmaz akademik Ziya Bünyadovla birgə tərcümə etdiyiniz Quranın hər səhifəsində Sizin işıqlı obrazınız görünür. Sizin mənalı ömrünüz dəyəri bilinməyən zərqiymət toplanmış qızıl sənduqəyə bənzəyir. Onun qapağını qaldıran kimi Xorasan qızılgüllərinin ətri aləmə yayılır, Şərqin üç böyük qəzəl ustasından biri – Hafiz Şirazinin sevgi dolu beytləri dilə gəlir. Siz ərəb dili üzrə nadir mütəxəssis, ilahiyyat adamısınız. Mən sevinirəm ki, Sizinlə bir epoxada yaşayır, ünsiyyət saxlayır, az-az da olsa səfərə çıxır, mərhəmanə söhbətlər edirəm. Şükürlər olsun İlahiyə ki, bizə Sizin kimi bir elm, əxlaq, şəxsiyyət və mənəviyyat zirvəsi bəxş edib, o zirvəyə baxıb papağımızı düzəldirik.

Siz yarım əsrə yaxındır ki, təmənnasız olaraq zəkanızın imkanlarını, qəlbinizin enerjisini əsirgəmədən, sovet rejiminin bütün totalitar ideoloji təzyiqlərinə baxmayaraq Şərq ruhunu Azərbaycan mənəviyyatının arsenalına gətirirsiniz. Əziz Vasim müəllim! Həmişə bu fani dünyadan gileylənən insanın ömrü əslində çox böyükdür. Ömür illərin sayı ilə yox, əməllərin sanbalı ilə ölçülür. Ömür bir anı əbədiyyət kimi yaşayanlar üçün mənalıdır. Ömrə ülviyyət gətirən üç şey var: Eşq, Dua və Səmimiyyət! Ömrə əşya toplamaq imkanı kimi baxanların bu üç şeydən xəbəri yoxdur. Yazıqlar olsun onlara! Möhtərəm ustad, ustadi-müəzzəm! Zəmanəmizin böyük alimi olan bəndənizi səmimi qəlbdən təbrik edir, rifahınız üçün Ulu Tanrıya dualar edir, millətimiz və dövlətimiz yanında uca başınızın səlamətliyini arzulayıram. Ən səmimi sevgilərim və sayqılarımla

Nizaməddin ŞƏMSİZADƏ,
Azərbaycan  Respublikasının Dövlət  Mükafatı laureatı,
filologiya üzrə elmlər doktoru, professor

 





23.10.2012    çap et  çap et