525.Az

“Azəriqaz”dan çıxarılan işçilər qurumu məhkəməyə verir


 

“Azəriqaz”dan çıxarılan işçilər qurumu məhkəməyə verir<b style="color:red"></b>  “Azəriqaz” İstehsalat Birliyindən işdən çıxarılan qadınlar mətbuat konfransı keçiriblər.
 
“APA-Economics”in məlumatına görə, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib ki, “Azəriqaz”dan işdən çıxarılanların çoxu qadındır: “Bu insanların arasında ailə başçıları da var və bunu gender problemi kimi təqdim etmək olar”.
 
Şikayətçi Dilarə Ağamalıyeva bildirib ki, mart ayında onlara bildirişlər paylanılıb: “Dedilər ki, bizi yeni işlə təmin edəcəklər. Amma o gündən bu günə qədər bizə heç bir cavab verilmir. Dəfələrlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində müxtəlif şəxslərin qəbulunda olmuşuq, amma görüşlər heç bir nəticə verməyib”.
 
D. Ağamalıyeva deyib ki, onların tələbi eyni maaşla işlə təmin olunmaqdır.
 
Ailə başçısını itirdiyini deyən Nəcməddinova Sədaqət isə bildirib ki, ali təhsilli neftçidir: “Necə olur ki, ixtisası olmayan işçilər öz işində qalıb, ali təhsilli neftçi olan mən isə səbəbsiz yerə işdən çıxarılmışam”.
 
Şikayətçilər deyiblər ki, onlara maaşlarının 5 mislində təzminatın ödənilməsi söz verilsə də, bu günə qədər heç bir təzminat ödənilməyib: “Aramızda xəstə uşağı olan, ailə başçısını itirənlər var. Martın 19-da “Azəriqaz”ın Əməyin mühafizəsi üzrə rəis müavini Ruslan Əliyev və qurumun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Araz Ağayevlə görüşmüşük. Bizə deyiblər ki, artıq quruma yeni avadanlıqlar gətirilib və bu qədər işçinin saxlanılmasına ehtiyac yoxdur”.
 
Sonda şikayətçilər bildiriblər ki, tələbləri yerinə yetirilməsə, məhkəməyə müraciət edəcəklər.
 
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr üzrə rəhbəri Araz Ağayev isə APA-ya bildirib ki, işdən çıxarılanlara 2 ay öncədən bildirişlər paylanıb. O, həmçinin qeyd edib ki, bu gün təzminatla bağlı müraciət etmək üçün son gündür: “İki ay öncə bildirişlər paylanıb. Təzminat yalnız ərizə yazanlara verilir. Müraciət üçün son gün mayın 27-dir. Bu müddətə qədər müraciət edənlərin işinə baxılır. Bu müddətdən sonra təqdim olunan müraciətlərə baxıla bilməz”.
 
“Azəriqaz”dan son günlər 900 nəfərin işdən çıxarılması ilə bağlı iddialara cavab verən A. Ağayev bildirib ki, bu məlumatın heç bir əsası yoxdur.
 
“Azəriqaz”ın məhkəməyə verilməsinə gəlincə, A. Ağayev bunun şikayətçilərin hüququ olduğunu qeyd edib.
 





27.05.2014    çap et  çap et