525.Az

“Ermənistan ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb”


 

“Ermənistan ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb”<b style="color:red"></b> Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə.Həsənov Böyük Britaniya parlamentinin nümayəndə heyətinə Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib.

Dövlət Komitəsinin sədri bildirib ki, Ermənistan ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Onun sözlərinə görə, bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb, erməni xalqı münaqişədən heç nə qazanmayıb. Ə.Həsənov qeyd edib ki, Azərbaycan bütün dövrlərdə dözümlülük, tolerantlıq məkanı olub, müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur.

Bu gün müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda dostluq və mehribanlıq şəraitində yaşayırlar.

Görüşdə qaçqın və məcburi köçkünlərin ehtiyaclarının təmin edilməsinə də toxunan Ə.Həsənov deyib ki, Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 180 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb, bu proses davam edir.

K.Pinçer nəzərə çatdırıb ki, 80 nəfər üzvü olan dostluq qrupu ilk dəfədir Azərbaycana belə böyük tərkiblə səfər edir: “Bu da onu göstərir ki, Böyük Britaniyada Azərbaycana getdikcə maraq daha da artmaqdadır.

Böyük Britaniya parlamentində Azərbaycan haqqında fikirlər müxtəlifdir və buna görə də digər deputatlara Azərbaycan ilə bağlı obyektiv məlumat vermək dostluq qrupunun üzvlərinin borcudur”.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Sonda nümayəndə heyətinə “Qaçqın və məcburi köçkünlərə prezident qayğısı” kitabı, Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən disklər təqdim edilib.
 





29.05.2014    çap et  çap et