525.Az

Avropa Şurasında Azərbaycanın Respublika Günü qeyd edilib


 

Avropa Şurasında Azərbaycanın Respublika Günü qeyd edilib<b style="color:red"></b> Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirib.

Avropa-Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Strasburqda keçirilən tədbirdə təxminən 300 qonaq, Avropa Şurasının rəsmləri, Strasburqda akkreditə olunan diplomatik korpusun əməkdaşları və 47 üzv dövlətin nümayəndələri iştirak edib. Avropa-Azərbaycan Cəmiyyətinin Belçika ofisi tərəfindən təşkil olunan qəbul həm də Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin başlamasına həsr olunub.
 
Tədbirdə azərbaycanlı skripka ifaçısı, AAC-ın mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri Sabina Rakçeyeva və “Deco” ansamblı argentinalı bəstəkar Astor Piazzollanın və caz-muğamın banisi Vagif Mustafazadənin əsərlərini ifa ediblər.
 
İştirakçılar həmçinin Heydər Əliyev Fondu tərəfindən təşkil edilən, Azərbaycan xalçaları, musiqi alətləri və arxeoloji tapıntıların nümayiş olunduğu sərgi ilə tanış olublar.
 
Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Emin Eyyubov tədbirdə çıxış edərək bu il Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinə sədrliyə başladığını xatırladıb. O, müsəlman Şərqində 1918-ci ildə ilk dəfə Azərbaycanda müstəqil, demokratik və ilk parlamentli respublikanın yarandığını, cəmi 23 ay fəaliyyət göstərən bu dövlətin 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdiyini diqqətə çatdırıb: “Bu dünyəvi, müasir, Avropa modelli respublika son dərəcə uğur qazanıb. Əldə etdiyi nailiyyətlərdən biri ABŞ, Böyük Britaniya və digər bir sıra qərb ölkələrini qabaqlayaraq qadınlar üçün səsvermə hüququnun tətbiqi olub. Bu, indi də qüvvədə olan dini və etnik tolerantlıq anlayışlarını təcəssüm etdirir. Bu gün Azərbaycan iqtisadi cəhətdən güclü bir dövlətə çevrilib və xalqlar birliyinin bir hissəsini təşkil edir. Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinə sədrliyi onun beynəlxalq aləmdə mövcud mövqeyinin göstəricisidir”.
 
Tədbirdə çıxış edən Avropa Şurası baş katibinin müavini Qabriella Bataini Draqoni (Gabriella Battaini-Dragoni) xatırladıb ki, o Avropa Şurasının Mədəniyyət sektoruna rəhbərlik edəndə Bakıda çoxsaylı konfransların təşkilinə yardımçı olub: “Azərbaycan xalçaları, musiqi alətləri və arxeoloji tapıntılarının nümayiş olunduğu sərgi mənə zövq verdi və anladım ki, Azərbaycan Avropa və Asiyanın kəsişməsində unikal bir mövqe tutur. Azərbaycan incəsənətində ölkə ərazisində yaşamış olan bütün etnik qruplar və xalqların təsiri özünü göstərir. Azərbaycan mədəniyyəti çoxşaxəlidir və coğrafi ölçü baxımından tənəzzülə uğramayıb. Azərbaycanın dünyaya göstəriləsi və fəxr ediləsi hələ çox şeyi var. Bakının içəri şəhərindən başlayaraq Qobustandakı daş dövrünə məxsus arxeoloji abidələr və Bakıdan kənarda yerləşən Atəşgah məbədinə qədər... Müasir cəmiyyətlər bir-birindən təcrid olunmuş şəkildə mövcud ola bilməz. Dialoqa yol xalqlar və cəmiyyətlər arasındakı fərqləri dərk etmək və bir-birinə inteqrasiya etməkdən keçir”.
 





29.05.2014    çap et  çap et