525.Az

Putinin Çin səfəri: bu "yol" hara aparır?


 

Putinin Çin səfəri: bu "yol" hara aparır?<b style="color:red"></b>

Rusiya dövlət başçısının Şanxayda apardığı danışıqlar dünya kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. Siyasətçilər və ekspertlər də ona xüsusi diqqət yetiriblər. Moskva ilə Pekinin qlobal geosiyasi mühitdə ciddi dəyişiklik etdikləri haqqında fikirlər bildirilir. Bir sıra ekspertlər hətta yeni dünya nizamının formalaşmaqda olduğunu proqnozlaşdırırlar. Tərəflər arasında əldə olunan razılaşmalar reallıqda maraqlıdır. Qaz müqaviləsinin imzalanması isə ayrıca rezonans yaradıb. Lakin onu da demək lazımdır ki, bu hadisəni fərqli qiymətləndirirlər. Bəs əslində nələr baş verir?

Qərb düşünür: Moskva ilə Pekinin "at gedişi"?

Rusiya prezidenti Vladimir Putinin Çinə son səfərini tarixi səfər adlandırırlar. Ona bütövlükdə dünya nizamında yeni mərhələnin başlanğıcı kimi də qiymət verənlər vardır. BRİKS ölkələri və Rusiya-Çin münasibətləri üzrə mütəxəssis olan Çju Szinsenin fikrinə görə, "iki dövlət başçısının görüşü rəmzi xarakter daşıyır və yeni dünya nizamı ilə əlaqəlidir" (bax: Poutine va discuter en Chine un "nouvel ordre mondial" / "Le Figaro", 20 may 2014).

Rusiya prezidenti iki ölkə arasında tarixdə görünməmiş bir əməkdaşlıq səviyyəsinin yarandığını vurğulayıb. Qaz sahəsində analoji sazişin imzalanmadığını deyən V.Putin, həm də onun geosiyasi əhəmiyyətinə işarə verib (bax: Андрей Колесников. Контракт многогазового использования / "Коммерсантъ", 22 may 2014).

Qərb mətbuatının hadisəyə reaksiyası da çox maraqlı və bir sıra məqamlarda təzadlıdır. Faktiki olaraq bütün KİV Rusiya-Çin münasibətlərinə yer ayırıb. Müxtəlif aspektlərdən təhlillər aparılıb. Fərqli nəticələr ifadə edilib. Ancaq Almaniyanın "Die Welt" qəzetinin vurğuladığı bir fikir ümumilikdə Qərbdə qəbul edilən mövqeni ifadə edir. Qəzet yazır: "Rusiya prezidenti Vladimir Putin və ÇXR-in sədri Si Szinpinin görüşü nə vaxtsa geosiyasi və iqtisadi nöqteyi-nəzərdən tarixi adlandırılacaq nəticələr verə bilər" (bax: Von Christoph B. Schiltz. Putin schmiedet sich ein antiwestliches Bündnis / www.welt.de, 20 may 2014).

Etiraf etmək lazımdır ki, artıq Qərb siyasi və ekspert dairələri Putin-Szinpin görüşünü iki aspektdə tarixi hesab edirlər. Birincisi, son yüz ildə ilk dəfə aralarında ciddi ziddiyyətlər olan Rusiya və Çin çox yaxınlaşırlar. İkincisi, onlar Avro-Atlantik ölkələrin formalaşdırdığı dünya nizamının bir hissəsində öz oyun qaydalarını tətbiq edə bilərlər. Bunlar özlüyündə Qərb üçün ciddi siqnallardır. Şübhəsiz, dünya liderliyi iddiasında olanlar odan narahatlıq keçirə bilərlər. Lakin real fakt obyektivliyi əks etdirir və bundan heç kəs qaça bilmir.

Bütün bunlar, təbii ki, qlobal geosiyasi dinamikanın dəyişməsi kontekstində çox maraqlıdır. Ancaq daha əhəmiyyətlisi iki ölkə başçısının konkret olaraq hansı sahələrdə razılığa gəlməsindən ibarətdir. Məsələ ondan ibarətdir ki, bir sıra ekspertlərin qənaətinə görə, Rusiya ilə Çin arasında strateji əməkdaşlığın qarşısında duran məqamlar vardır. Mark Adomanis yazır: "...hələ Rusiyanın böyük uğur qazandığı və ya Çinin onu axmaq yerinə qoyduğu aydın deyil" (bax: Mark Adomanis. The Russia-China Gas Deal Matters But Its Ultimate Significance Is Unclear / "Forbes", 21 may 2014).

ABŞ-ın "Bloomberg Businessweek" jurnalının Moskva ilə Pekin arasında imzalanan qaz müqaviləsinə yanaşması daha düşündürücüdür. Həmin nəşr sual edir: "qaz haqqındakı saziş reallıqdır, yaxud piar-tələdir"? (bax: Matthew Philips. Is the Russia-China Gas Deal for Real – or Just Fumes? / www.businessweek.com, 21 may 2014).

Bu kontekstdə ekspertlər Çinin iddialarının böyük olması və bu səbəbdən iqtisadi cəhətdən ondan zəif olan Rusiyanın "kiçik tərəfdaş" vəziyyətinə düşməsi ehtimalının mövcudluğunu xüsusi vurğulayırlar. Onlar arqument kimi iki böyük dövlət arasındakı münasibətlərin "reallıqları ilə ritorika arasında" müşahidə edilən ziddiyyətləri göstərirlər (bax: Nikolas K. Gvosdev. Get Ready World: China and Russia Are Getting Closer / "The National Interest", 20 may 2014).

Qaz müqaviləsi: qazanclar və geosiyasi ziddiyyətlər

Belə görünür ki, bütün hallarda dünya siyasi dairələri, ekspertlər və kütləvi informasiya vasitələri Rusiya dövlət başçısının Çinə səfərinin çox mühüm qlobal və regional məsələlərə təsir edəcəyinə əmindirlər. Əldə olunan razılıqların fərqli qiymətləndirilməsi bu qənaəti bir daha təsdiq edir. Həmin kontekstdə səfərin əsas nəticəsi hesab edilən qaz müqaviləsi üzərində bir qədər geniş dayanmağa ehtiyac vardır.

Rəsmi mənbələrin verdiyi məlumatlara əsasən, saziş 30 illiyinə bağlanıb. Həcmi 400 milyard ABŞ dolları civarındadır. Çinə qaz Sibirdəki yataqlardan verilməlidir. Bunun üçün yeni boru kəməri çəkilməlidir. Pekin bəri başdan 25 milyard ABŞ dolları həcmində avans verir. Qazın alışı 2018-ci ildən başlamalıdır.

Onu deyək ki, Rusiya rəsmiləri müqavilə haqqında informasiya verərkən çox sevincək görünüblər. Lakin bir sıra ekspertlər burada çoxlu sualların yarandığını qeyd edirlər. Hər şeydən əvvəl, Çinin Sibirdə daha fəal olması üçün imkan əldə etdiyi vurğulanır. Oksford energetik tədqiqatlar institutunun böyük elmi işçisi Ceyms Hendersonun sözlərinə görə, "Çinin əlində Rusiyaya qarşı kifayət qədər güclü kartlar var. Şərqi Sibirdəki qaz tələyə düşmüşdü və onu Çindən başqa ölkəyə satmaq şansı yox idi" (bax: Wayne Ma. Why China is Driving a Hard Bargain with Russia Over Gas / "The Wall Street Journal", 19 may 2014).

Daha düşündürücü sualları "Bloomberg Businessweek" nəşri verir. Asiya iqtisadiyyatı üzrə mütəxəssis Derek Sissors hesab edir ki, tərəflər yalnız qazın həcmi ilə bağlı razılıq əldə ediblər. Onların qiymət haqqında verdikləri məlumatlar isə çox ziddiyyətlidir. Çünki qazın bir ay bundan sonra qiymətinin necə olacağı məlum deyilsə, onu necə tənzimləmək olar? Rəsmi şəxslər isə 30 il müddətində qazın min kubmetrinin qiymətinin dəyişəcəyini deyirlər. O halda isə ümumi həcmin 400 milyard dollar olması haradan alınır?

Bunlardan ekspert belə nəticə çıxarır ki, müqavilə faktiki olaraq formal bağlanıb. Qiymət məsələsi razılaşdırılmayıb. Rusiya və Çin rəhbərlərinin özlərini razılıq əldə edilmiş kimi göstərmələri isə geosiyasi vəziyyətlə bağlıdır. Pekin Rusiya prezidentinin B.Obama və A.Merkellə görüşdə mövqeyinin güclü olmasını istəyir. Liderlər "G20" çərçivəsində görüşməlidirlər.

Bu məqamda bir incəliyi vurğulamaq lazımdır. Ekspertlər təsadüfən daha çox qaz məsələsini təhlil etmirlər. Çünki enerji sahəsində əməkdaşlığın birbaşa qlobal geosiyasətə aidiyyəti vardır. Qərb Rusiyanı Ukraynaya görə, sıxışdırır. Moskvaya qarşı tətbiq edilən sanksiyalar artır. Mütəxəssislər hesab edirlər ki, proseslər bu cür davam etsə, Kreml çox çətin vəziyyətə düşə bilər. V.Putin məhz həmin gedişatın qarşısını almağa çalışır. Çinlə əlaqələrin yeni səviyyəyə qaldırılması birbaşa Qərbə mesajdır. Konkret olaraq, Moskva manevr imkanlarının geniş olduğunu nümayiş etdirir. Ancaq burada çox incə iki geosiyasi faktor vardır.

Birincisi, ABŞ prosesləri diqqətlə izləyir. Vaşinqton bir tərəfdən, Asiya-Sakit okean hövzəsində hərbi gücünü artırır. Pekin bundan çox narahatdır. Digər tərəfdən isə, Çinin qonşuları ilə olan ərazi mübahisələrini qızışdırır. Bu günlərdə Vyetnamda anti-Çin aksiyasının keçirilməsi, Pxenyanın ərazi iddialarını bir daha dilə gətirməsi təsadüfi görünmür (bax: Allen R. Carlson. China’s Achilles’ Heel in the South China Sea / "The National Interest", 16 may 2014). Çinin Vyetnamla olan münasibətlərini bir sıra mütəxəssislər Cənubi Çin dənizində Pekinin "Axilles dabanı" (yəni ən zəif nöqtəsi) adlandırırlar. Bura Yaponiya, Koreya, Filippin, Sinqapur və Tayvan məsələlərini də əlavə etmək olar.

Hadisələrin bu cür gedişi günlərin birində Rusiya ilə Çini birləşdirəcək enerji xəttini iflic halına salmayacaq ki? Bu sualın cavabını heç kəs dəqiq bilmir. Çünki Qərbin geosiyasi addımları həmişə konkret zamanın tələblərinə uyğun olur. Hiss edilir ki, Vaşinqton addım-addım Çini "geosiyasi mühasirəyə" alır.

İkincisi, Rusiya və Çinin Mərkəzi Asiyada maraqları toqquşur. Bu haqda ekspertlər kifayət qədər fikir bildiriblər. İndi Çin regionun bütün ölkələri ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb (bax: məs., Joshua Kucera. With Turkmenistan, China Now Has "Strategic Partnerships" With All Five Central Asian States / "EurasiaNet", 13 may 2014).

Moskvanı bu, heç cür qane etmir. Digər səbəblərlə yanaşı, həm də ona görə ki, Çin valyutası rus rublundan güclüdür. Kreml rəqabətə dözə bilməyəcəyindən ehtiyatlanır. İki dövlətin "Şanxay klubu"ndakı münasibətləri bu qənaəti təsdiq edir.

Göründüyü kimi, Rusiya prezidentinin Çinə səfəri doğrudan da tarixi xarakterlidir. Bir tərəfdən, bir neçə yüzildir ki, mövcud olan geosiyasi oyun qaydaları dəyişə bilər. Digər tərəfdən isə Avrasiyanın iki nəhəng gücü – Rusiya ilə Çin arasındakı ziddiyyətlər yeni məzmun kəsb edər. Məhz bunun kimlərə sərf etdiyini demək çətindir. Bəlkə hadisələrin bu cür gedişindən Qərb udacaq? Bəlkə ABŞ və Avropa üçün də V.Putinin Çin səfəri pozitiv tarixi məna daşıyır?

Newtimes.az

 





29.05.2014    çap et  çap et