525.Az

Millət vəkili: "Reklamlarda dilin qaydalarının pozulmasına görə cərimələr artırılmalıdır"


 

Millət vəkili: "Reklamlarda dilin qaydalarının pozulmasına görə cərimələr artırılmalıdır"<b style="color:red"></b>

“Reklamlarda Azərbaycan dilinin qaydalarının pozulmasına görə cərimə sanksiyalarının həcmi artırılmalıdır”.

525.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Azay Quliyev mətbuata açıqlamasında dilə gətirib. Onun bildirdiyinə görə, hazırda reklam çarxlarında, banerlərdə Azərbaycan dilinin qaydalarının kobud şəkildə pozulması hallarına rast gəlinir. Millət vəkili qeyd edib ki, Azərbaycan dilinin qaydaları bir sıra hallarda pozulur və bununla bağlı qanunvericilikdə təsbit olunmuş müəyyən maddələr, görünür, yetərli deyil. A.Quliyev bu baxımdan, bu qaydaları pozan şəxslərə qarşı inzibati tədbirlərin gücləndirilməsini, cərimə sanksiyalarının artırılmasını vacib hesab edir:

“Biz, ilk növbədə, dilimizin ahəngliyinə fikir verməliyik, onun qaydalarını qorumalıyıq. Bunu pozanlara qarşı ciddi tədbirlər görməliyik, bu da indiki halda cərimələrin artırılmasında özünü göstərir. Qeyd edim ki, bu il hazırlığına başlanılan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul olunandan sonra qanunvericiliyə də dəyişikliklər etmək olar. Dövlət Proqramında da bütün məsələlər öz əksini tapsın, tələblər göstərilsin və sonra da qanunvericilikdə göstərilsin ki, bu qaydalara riayət etməyən şəxslərə qarşı hansı tədbirlər həyata keçiriləcək”.
 
Millət vəkili, həmçinin bildirib ki, bu məsələ təkcə qanunvericiliklə həll olunmalı deyil, eyni zamanda QHT-lər, KİV-lər Azərbaycan dilinin təhrif olunması ilə bağlı məsələləri ictimai qınaq obyektinə çevirməlidir.

Kamil Həmzəoğlu

 





23.10.2012    çap et  çap et