525.Az

Şanxaydan verilən mesajlar: dünya yeniləşirmi?


 

Şanxaydan verilən mesajlar: dünya yeniləşirmi?<b style="color:red"></b>

Asiya qitəsində geosiyasi dinamika artır. Bu günlərdə dünyanın 3-cü meqapolisi sayılan Şanxay şəhərində çoxlu sayda ölkənin nümayəndələrinin iştirak etdiyi mötəbər təbdir keçirilib.

Onun əsas mövzusu təhlükəsizlik sisteminin yaradılması olub. ÇXR-in sədri Si Szinpin yeni konsepsiya təklif edib. Qərb bu toplantını ciddi surətdə izləyib, ona ekspertlər münasibət bildiriblər. Hiss olunur ki, dünya miqyasında əks-sədası ola biləcək hadisələr baş verir. Bütün bunlar yeni geosiyasi mənzərə yarada bilərmi? Fərqli təhlükəsizlik modelini formalaşdırmağa ehtiyac çoxdurmu?

Asiyada böyük toplantı: alternativ model axtarışı

Şanxay zirvəsi sözün həqiqi mənasında dünyanın diqqətini cəlb etdi. Asiyada qarşılıqlı fəaliyyət və etimada həsr edilmiş tədbirdə 47 ölkə və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdi. O, iki xüsusiyyəti ilə ekspertlərin marağına səbəb oldu. Birincisi, son dörd əsrdə Asiya qitəsini əhatə edən ən böyük tədbir keçirilirdi. İkincisi, zirvə toplantısında qlobal geosiyasətin dinamikasını dəyişə biləcək məsələlər müzakirə edilirdi. Onu da deyək ki, Qərb üçün də həmin tədbirin böyük əhəmiyyəti vardı. Çünki faktiki olaraq mövcud təhlükəsizlik modelinə alternativin formalaşması müzakirə mövzusu idi. Zirvə toplantısında əldə edilən konkret nəticələr bu aspektdə kifayət qədər düşündürücüdür.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin tarixçəsi 22 il bundan əvvələ gedir. 1992-ci ilin oktyabrında BMT Baş Məclisinin 47-ci sessiyasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Asiyada qarşılıqlı fəaliyyəti və etimadı təmin edən bir təşkilatın yaradılması təşəbbüsü ilə çıxış etmişdi. 10 ildən sonra bu təklif həyata keçib. 12-ci ildir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə fəaliyyət göstərir. Lakin sonuncu toplantıya qədər ona böyük diqqət göstərilmirdi. Təşkilatın fəaliyyətinə ciddi geosiyasi marağın yaranmasının səbəbi nədir?

Burada ilk növbədə qlobal miqyasda dərin geosiyasi, maliyyə, hüquqi böhranın mövcudluğunu vurğulamaq lazımdır. Bunun fonunda başda ABŞ olmaqla Qərblə Rusiya və Çin arasında münasibətlərin kəskinləşməsi ciddi problemlər meydana gətirib. Həmin sırada ekspertlər daha çox Yaxın Şərq və Ukraynanı misal göstərirlər (bax: Charles Krauthammer. Who made the pivot to Asia? Putin. / "The Washington Post", 23 may 2014).

Qərb ekspertləri birbaşa Vaşinqton və Brüsseli günahlandırırlar. Onlar Ukraynada böhranın yaranmaması üçün Avropa İttifaqının lazımi addımlar atmadığını deyirlər. Amerika prezidenti yeni qaydalardan danışdığı bir zamanda Rusiya və Çin köhnə anlayışlarla hərəkət edirlər. Nəticədə, "Si Szinpin materik təhlükəsizliyinin tamamilə yeni sistemini təklif edib ki, bura Rusiya və İran daxildir, ancaq ABŞ kənarda qalır. Bu, "soyuq müharibə"dən sonra ABŞ-ın dominantlıq etdiyi dünyaya açıq çağırışdır..." (bax: əvvəlki mənbəyə).

Şübhəsiz, Qərb üçün vəziyyətin bu qədər dramatikləşməsi təsadüfi deyil. Ortada bir zərurət vardır. Çünki uzun müddətdir ki, Qərb ölkələrinin diqtə etdiyi təhlükəsizlik meyarları özünü doğrultmur. İkili standartlar beynəlxalq aləmdə çox təhlükəli situasiyalar yaradır. Bir çox dövlətin hüquqları pozulur. Bəzilərini himayə edirlər. Əksər hallarda böyük ölkələr başqalarının hesabına öz təhlükəsizliklərini təmin etməyə çalışırlar.

Müxtəlif regionlarda meydana gələn münaqişələrin ədalətli həllinə nail olmaq demək olar ki, mümkün olmur. Qərbin aparıcı dövlətləri öz maraqları naminə hərəkət edirlər. Bundan bir sıra kiçik ölkələr yararlanmaqdadırlar. Bu kimi səbəblərdən mövcud təhlükəsizlik konsepsiyası səmərəli işləmir.

Təsadüfi deyil ki, Şanxayda keçirilən son zirvə toplantısında N.Nazarbayev yeni təşəbbüslə çıxış edib. O, Asiyada Əməkdaşlıq və İnkişaf Təşkilatı (AƏİT) yaratmaq haqqında təklif verib. Çinin dövlət başçısı isə qitədə təhlükəsizliyi təmin etməyin yeni konsepsiyasını irəli sürüb (bax: Концепция безопасности в Азии включена в Шанхайскую декларацию / "China.com", 22 may 2014).

Si Szinpin köhnə təhlükəsizlik konsepsiyasından tamamilə imtina etmək zərurətini vurğulayıb. Birgə, kompleksli, kooperativ və davamlı konsepsiya yaratmaq lazım gəldiyini deyib. Açıq, bərabərhüquqlu, şəffaf, qarşılıqlı faydalı təhlükəsizlik strukturu yaratmağın zamanı çatdığını vurğulayıb (bax: əvvəlki mənbəyə). Rusiya prezidenti də "istənilən qapalı və dar sistemlər və ya blokların istisna edilməsi"nin şərt olduğunu söyləyib (bax: Нурсултан Назарбаев в Шанхае предложил создать азиатский аналог ОБСЕ / "Centrasia.ru", 22 may 2014).

Yeni konsepsiya və köhnə ziddiyyətlər: nəticə məlum deyil

Buradan görünür ki, Şanxayda faktiki olaraq Qərbdən fərqli təhlükəsizlik sistemi yaratmaqdan bəhs edilib. AƏİT reallıqda ATƏT-in bacarmadığı işləri görməlidir. Məsələn, deyək ki, münaqişələrin ədalətli və səmərəli həllinə nail olmalıdır. İdeya kimi, təbii, pozitiv adımdır. Həqiqətən də, dünyanın ikili standartları olmayan, hər bir situasiyada obyektiv davranan və çevik fəaliyyət göstərən beynəlxalq təşkilata ehtiyac vardır. Ancaq bu ideyanı reallaşdırmaq imkanı nə dərəcədədir?

Deyək ki, Əfqanıstandan təhlükələrin mövcud olduğu bir şəraitdə yeni model işləyə bilərmi? Bunun qarşısını necə almağın üsulunu bilən varmı? Məsələ ondan ibarətdir ki, asiyalılar Qərbin daxil olmadığı təhlükəsizlik modeli yaradırlarsa, buna qarşı çıxanlar tapılacaq. O halda mürəkkəb bir vəziyyətin yaranmayacağına təminat vermək mümkün deyil.

Amerikanın bu prosesə seyrçi qalacağını düşünmək sadəlövhlük olardı. Vaşinqton Rusiya və Çinin təşəbbüslərinin qarşısını almağa, heç şübhəsiz cəhd edəcək. Artıq Pekin ABŞ-ın Asiya-Sakit okean hövzəsinə çoxlu sayda hərbi qüvvə toplamasından narahatdır. İstənilən an Vyetnam, Yaponiya və ya bir başqası Çinlə ixtilafa başlaya bilər. O zaman Amerikanın hərbi və iqtisadi təzyiqlərinin qarşısı hansı yolla alınacaq? Məlum deyil.

Qafqazın yeni təklifə münasibəti necə olmalıdır? Məsələn, AƏİT Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail ola bilərmi? Burada neçə illərdir ki, ABŞ, Fransa və Rusiya vasitəçilik edirlər. Real bir nəticə isə yoxdur. Rusiya AƏİT çərçivəsində Ermənistanı işğal etdiyi ərazilərdən çəkilməyə məcbur edəcəkmi? O halda ABŞ və Fransanın reaksiyası necə olacaq? Şübhə yoxdur ki, Ermənistan yaranmış qeyri-müəyyənlikdən istifadə edərək, aranı yenə qarışdıracaq. O, daha güclü olan tərəfə reverans edib, prosesin qarşını kəsəcək.

Bu kimi sualların sayını artırmaq olar. Belə görünür ki, ideya yaxşı olsa da, hazırkı şərtlər daxilində onun gerçəkləşmə şansı yüksək deyil. Həmin proses dünyanın böyük dövlətləri arasında rəqabəti daha da gücləndirə bilər. Bəlkə də bunun nəticəsində qlobal geosiyasətin ağırlıq mərkəzi Asiyaya keçər. Ancaq bu vəziyyət ümumi mənzərəni dəyişmir. Gərginlik, qarşıdurma və toqquşmaların ünvanları yeniləşə bilər.

Başqa bir məqamı unutmaq olmaz. Söhbət Rusiya və Çinin Mərkəzi Asiyada nüfuz uğrunda mübarizə aparmasından gedir (bax: Айданбек Акмат уулу. Геополитическое меню стран Центральной Азии / Радио "Азаттык", 21 may 2014). Pekin regionun bütün dövlətləri ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. İndi Çin Mərkəzi Asiyaya böyük miqdarda sərmayə qoyur. Moskva bunu təbii ki, razılıqla qarşılamır. Bundan başqa, Əfqanıstandan NATO qoşunlarının çıxarılması ilə həmin regionun təhlükəsizliyi daha da aktuallaşacaq.

Bütün bunlar Şanxay zirvəsinin əhəmiyyətini qətiyyən azaltmır. Əksinə, həmin tədbirin dünyanın qlobal gücləri arasında rəqabətin yeni səviyyəyə yüksəldiyini təsdiq etdiyini deyə bilərik. Eyni zamanda, dünya yeni təhlükəsizlik konsepsiyaları axtarışındadır. Bəlkə də məsələnin ən aktual və düşündürücü tərəfi bundan ibarətdir.

Artıq heç kəs şübhə etmir ki, mövcud beynəlxalq hüquqa tam əməl olunmur. O cümlədən, münaqişələrin həlli ilə əlaqədar obyektiv və ədalətli addımlar atılmır. Bu dolayı etiraf yaxın perspektivdə qlobal geosiyasətdə və beynəlxalq hüquqda çox şeylərin dəyişə biləcəyindən xəbər verir. Yalnız o zaman hansı təklifin daha səmərəli olduğunu görmək imkanı yaranacaq. Bəlkə, AƏİT doğrudan real təşkilata çevrilə bilər.

Newtimes.az

 





02.06.2014    çap et  çap et